Icma.az
close
up
RU
Yazmaq sağalmaq, sağ qalmaq cəhdi... Şahanə Müşfiq yazır

Yazmaq sağalmaq, sağ qalmaq cəhdi... Şahanə Müşfiq yazır

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

Şahanə MÜŞFİQ

Bəzən bir cümlə bir insanı xilas edir. Bəzən də bir yazı onu yazan adamı. Elə anlar olur ki, dilə gətirə bilmədiyin hər şey klaviatura sətirlərinə, köhnə bir dəftərin arasına, bəlkə də, heç kimə göndərilməyəcək məktubun sonuna hopur. Yazmaq təkcə sözləri düzümə qoymaq deyil, yazmaq içini düzənə salmaqdır. Özünü başa düşmək, özündən sağ çıxmaq cəhdidir.

Kim deyə bilər ki, yazı yalnız oxucu üçündür? Elə yazılar olur ki, onları yazarkən sanki bir psixoloqla söhbət edirsən. Qorxularını, tənhalığını, itkilərini, susqunluğunu danışmağa başlayırsan. Sən danışırsan, kağız dinləyir. Sən duyğularını tökürsən, o, səni daşıyır. Sonda baxırsan ki, içini yeyib bitirən o narahatlıq, o qorxu, o təşviş - hamısı yoxa çıxıb, ruhun hüzura qovuşmuşcasına sakitləşmisən. İçindəki burulğan vərəqin bağrına hopan bir cümləyə çevrilib. Bəzən yalnız içindəkini kağızla bölüşmək kifayət edir.

Deyirlər, insan ən çox susanda yazır. Elə yazılar var ki, onları oxuyanda müəllifin hansı duyğular içində olduğunu hiss etməyə ehtiyac qalmır - cümlələrin nəfəsi var. Sanki hər sətir bir iç çəkiş, hər abzas bir səssiz fəryaddır. Yazmaq bir növ daxili monoloqdur. Ya da səninlə səni anlayan sözlər arasında baş tutan gizli bir söhbət.

Ən böyük yazılar da çox vaxt sükutdan doğur. Danışa bilmədiyimizi yazırıq. Bəzən utandığımızı, bəzən gizlətməyə çalışdığımızı, bəzənsə özümüzə belə etiraf etmədiyimizi. Yazmaq sirr açmaqdır. Amma bu sirr təkcə oxucuya deyil, ən çox da müəllifinə açıqlanır.

Bu dünyada nə qədər insan həyatının müəyyən dövrlərində "dərdinə kağız kəsib?" Gecənin bir yarısı oyaq qalıb kiməsə göndərməyəcəyi məktubu yazanlar, qəlbinə toxunan bir hadisəni hekayəyə çevirənlər, çəkdiyi acını şeirə hopduranlar azdırmı?! Yazmaq çox vaxt şəfa deyil, amma şəfa yoludur. Yaraya məlhəm deyil bəlkə, amma onu tanımağın, qəbul etməyin ilk addımıdır.

Bəzən yazmaq yoxluqdan varlıq yaratmaq cəhdidir. Sözün gücünə inanmaq, sükutu dinlədiyini sübut etməkdir. Ən əsası içindəki həqiqətə toxunmaq arzusudur. Yazı başqasını inandırmaq üçün deyil, özünü tapmaq üçündür.

Ədəbiyyat tarixində bir çox yazıçılar elə bu ehtiyacla - sağalmaq üçün - yazıblar: fransız ekzistensialistləri, rus klassikləri, hətta Azərbaycan ədəbiyyatında Mirzə Cəlil, Hüseyn Cavid və ya çağdaş yazarlarımız... Onların yazdıqları təkcə cəmiyyətə yox, həm də özlərinə ayna olub. Bəzən cəmiyyət dəyişməyib, amma yazıçı dəyişib. Yazmaqla...

Fransız yazıçı Albert Kamyunun sözüdür: "Yazıçı olmaq cəmiyyətin və zamanın qarşısında məsuliyyət daşımaqdır". Amma yazıçının məsuliyyəti yalnız ictimai deyil, həm də şəxsi yükdür. Yazıçı, hər şeydən əvvəl, içindəki xaosu nizama salmağa çalışan adamdır. Yazmaq beynin və qəlbin qeyri-müəyyənliyini idarə etmək cəhdidir.

Məsələn, Fyodor Dostoyevskinin "Cinayət və cəza"sı sadəcə bir cinayət romanı deyil, günah, əzab, vicdan və özünütanımaya aparan çətin bir ruhi səyahətdir. Çexovun hekayələri insanın susqun faciələrinin aynasıdır. Virginia Vulf öz daxili qırılmalarını və psixoloji dərinliklərini yazaraq həm oxucunu sarsıdır, həm də özünə bir az daha yaxınlaşır. Yazmaq onların hamısı üçün bir az sağalma, bir az da sağ qalma yolu idi.

Sabirin satirasında sosial ağrını, Məmməd Arazın şeirlərində isə Vətən yarasının poetik əksini görmək olar. Yazmaq onlar üçün həm müqavimət idi, həm mövcudluq.

Bəzən isə bütün bu cəhdlər boşa çıxar. Yazmaq sağaltmaz, əksinə, daha da dərinləşdirər hiss etdiklərini, yarana duz basırmışcasına göynədər, hətta üstünü qaysaq bağlamış yaraları da amansızcasına qanadar. Qan axar, ağrı artar. Amma bəlkə də sağalmaq məhz bu ağrıdan keçir. Unutmaq deyil, xatırlamağın öhdəsindən gəlməkdir əsas olan? Yazmaq hər zaman sağaltmaz, bəli, amma heç yazmamaq daha ağırdır yazını özünə məlhəm seçən üçün.

Yazmamaq qəlbin karlaşmasıdır. Yazmaq isə heç olmasa, bir pəncərə açmaq cəhdidir. O pəncərədən ya işıq girər, ya külək. Amma nəfəs almaq üçün o pəncərə mütləq ki açılmalıdır. Bu nəfəs bəzən cılız, bəzən çarəsizdir, amma yenə də nəfəsdir. Susmaq boğar, yazmaq, az da olsa, rahatladar. Yazmaq özünü dinləmək, özünü anlamaq, özünü bağışlamaq cəhdidir. Hər kəsin yazısı olmasa da, hər kəsin içində yazılmamış bir kitab var, şübhəsiz. Kimsə onu yazır, kimsə onu ömrü boyunca qəlbinin ən mübhəm yerində daşıyır.

Yazmaq sağalmaqdırmı? Mən də bunu dəqiq bilmirəm. Amma yazmaq sağ qalmaq cəhdidir. Bəlkə də elə bu cəhdin özü yetərlidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://525.az
archiveBu xəbər 21 İyun 2025 20:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri