Yox olan varlıq, var olan yoxluq: Yaradılışın sirri harada gizlənir? ELMİN SONU (XII YAZI)
Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Elçin Bayramlı
əvvəli burada
https://sesqazeti.az/news/mia/1235279.html
İlk canlılar necə və hardan peyda oldu?
“Allah bütün canlını sudan yaratdı; onların bəziləri qarın üstə gəzir; bəziləri 2 ayaq, bəziləri isə 4 ayaq üstündə gəzirlər; Allah istədiyini yaradır. Həqiqətən, Allah hər şeyə qadirdir”. (“Nur” surəsi, 45-cü ayə)
Əvvəlki hissələrdə dünyamızda vacib kimyəvi maddələrin və bioloji həyatın yaranması ilə ilkin təsvirlərə toxunduq. İndi isə canlıların dünyada necə peyda olması haqda danışmaq istəyirik.
İlk baxışdan sadə görünən canlıların belə təsadüfən əmələ gələ bilməyəcək qədər mürəkkəb quruluş və sistemləri var. Buraya qədər kainatın və dünyamızın yaradılışında xüsusi hesablanmış və təyin olunmuş bir balansın möcüzəvi şəkildə saysız-hesabsız imkanlar arasından ən uyğun və ideal dəyərlərlə seçildiyini nəzərdən keçirdik. İndi isə ilkin canlıların necə yarandığına baxaq.
Bəri başdan deyək ki, artıq elmi olaraq tam aydındır ki, ən sadə canlı orqanizm belə təsadüfən əmələ gələ bilməz. Bu mövzuya işıq tutan mühüm araşdırmalardan biri də Nyu York Universitetinin kimya professoru və DNT mütəxəssisi Robert Şapironun apardığı hesablamadır. Darvinist təkamülçü alim sadə bir bakteriyada tapılan 2000 növ zülalın təsadüfən ortaya çıxma ehtimalını hesablamışdır. (Müqayisə üçün deyək ki, insan bədənində təxminən 200.000 növ zülal var.) Əldə edilən rəqəmin adı riyaziyyatda mövcud deyil. Bu ədəd 1 rəqəminə 40 min sıfırın əlavə edilməsi ilə əmələ gəlir və kainatda heç bir qarşılığı yoxdur.)
Sadə bir bakteriyada tapılan 2000 növ zülalın təsadüfən meydana gəlmə ehtimalı belə qeyri-mümkündürsə, insanlarda təxminən 200.000 zülal növü olduğunu nəzərə alsaq, belə bir ehtimalı izah etmək üçün "mümkün deyil" sözü belə kifayət etməyəcək.
Kardiff Universitetinin Tətbiqi Riyaziyyat və Astronomiya professoru Çandra Vickramasinq Şapironun hesablamalarını belə şərh edib:
“Bu rəqəm Darvini və bütün təkamül nəzəriyyəsini dəfn etmək üçün kifayətdir. Bu və ya digər planetdə heç vaxt ilkin şorba (həyatın yarana biləcəyi maddə) olmamışdır və həyatın mənşəyi təsadüfən baş verə bilməyəcəyindən, məqsədyönlü ağlın məhsulu idi”. Fred Hoyle, Chandra Wickramasinghe, Evolution from Space, New York, Simon & Schuster, 1984, səh. 148.
.jpg)
Canlıların tikinti materialı olan zülallar o qədər mürəkkəb molekullardır ki, ən sadə növlər belə təsadüfən əmələ gələ bilməz. Məsələn, 288 amin turşusu və 12 fərqli amin turşusu növü olan orta ölçülü bir zülal molekulunda amin turşuları 10 üstü 300 fərqli şəkildə düzülə bilər. Ancaq bu ardıcıllıqlardan yalnız biri sözügedən zülalı əmələ gətirir. Qalan bütün ardıcıllıqlar heç bir faydası olmayan və hətta bəzən canlılara zərər verə bilən mənasız amin turşusu zəncirləridir. Praktikada bu ehtimalın baş verməsi qeyri-mümkündür. (Riyaziyyatda 10 üstü 50-də 1-dən az olan ehtimallar “sıfır ehtimal” sayılır.)
Üstəlik, 288 amin turşusundan ibarət bir zülal, canlıların strukturlarında olan minlərlə amin turşusundan ibarət nəhəng zülallarla müqayisədə çox sadə bir quruluşdur. Eyni ehtimal hesablamalarını bu nəhəng molekullara tətbiq etdiyimiz zaman “qeyri-mümkün” sözünün belə qeyri-kafi olduğunu görürük.
Həyatın inkişafında bir addım da irəli getsək zülalın tək başına heç nə ifadə etmədiyini görərik. Hətta indiyə qədər məlum olan ən kiçik bakteriyalardan biri olan "Mycoplasma Hominis H 39"da 600 növ zülal olduğu aşkar edilmişdir. Bu vəziyyətdə 600 fərqli zülalın hər biri üçün yuxarıdakı ehtimal hesablamalarını aparmağımız lazım gələcək.
Nə qədər müddət verilsə də, amin turşularının təsadüfən zülal əmələ gətirməsi mümkün deyil. Amerikalı geoloq Uilyam Stoks “Essentials of Earth History” (Yer tarixinin əsasları) kitabında bu həqiqəti qəbul edərək “Milyardlarla planetin səthi milyardlarla il ərzində lazımi amin turşularını ehtiva edən sulu konsentrasiyalı təbəqə ilə örtülsə belə, zülal əmələ gələ bilməzdi”- deyə etiraf edir.
Lazımi zülalın meydana gəlməsi üçün onu meydana gətirən amin turşularının müəyyən sayda, mükəmməl ardıcıllıqla və xüsusi üçölçülü dizayna uyğun birləşmələri belə kifayət etmir. Bütün bunlara əlavə olaraq, bütün bu amin turşularının solaxaylar arasından seçilməsi və aralarında bir dənə də olsun sağ əlli amin turşusunun olmaması lazımdır.
Kimyəvi cəhətdən eyni amin turşusunun 2 fərqli növü var, həm sağ əlli, həm də sol əlli. Onların arasındakı fərq üçölçülü strukturlarının əks istiqamətdə olmasıdır. Eynilə insanın sağ və sol əlləri arasındakı fərq kimi...
Hər iki qrupdan olan amin turşuları bir-biri ilə asanlıqla bağlana bilir. Ancaq araşdırmalar təəccüblü bir həqiqəti üzə çıxardı: Ən sadə orqanizmdən ən inkişaf etmiş canlılara qədər bütün canlılarda zülallar yalnız solaxay amin turşularından ibarətdir. Zülalın quruluşuna əlavə edilən cəmi bir sağ əlli amin turşusu belə, o zülalı yararsız hala gətirir. Bəzi təcrübələrdə bakteriyalara sağ əlli amin turşuları verildi, lakin bakteriyalar dərhal bu amin turşularını parçaladılar, bəzi hallarda isə bu parçalardan özlərinin istifadə edə biləcəkləri solaxay amin turşularını yenidən qurdular.
Zülalların bu xüsusiyyəti Britannica Ensiklopediyasında belə ifadə edilir:
...Yer üzündəki bütün canlı orqanizmlərdə olan, zülallar kimi kompleks polimerlərin tikinti materialları olan amin turşularının hamısı eyni tipli asimmetriyaya malikdir. Onlar demək olar ki, tamamilə solaxaydırlar. Bir növ, bu, milyonlarla dəfə atılan və hər dəfə də yalnız eyni üzünə düşən sikkəyə bənzəyir. Molekulların necə sol və ya sağ əlli ola biləcəyi tamamilə anlaşılmazdır. Bu seçim yer üzündə həyatın mənşəyi ilə ayrılmaz şəkildə bağlıdır. Fabbri Encyclopedia of Science, v. 2, count. 22, p. 519.

Son illərdə bakteriyalar üzərində aparılan müşahidələr, bu təkhüceyrəli orqanizmlərin son dərəcə “ağıllı” davrandıqlarını və ətraflarını qiymətləndirərək qərarlar qəbul etdiklərini göstərdi. Nüfuzlu molekulyar bioloq Maykl Denton bu mövzuda belə yazır:
“Bir toz zərrəsindən də kiçik olmasına baxmayaraq, amöblər daha mürəkkəb orqanizmlərə bənzər həyat strategiyalarına əməl edirlər. Əgər bir amöb götürüb onu pişik ölçüsünə qədər böyüdə bilsək, onun bu məməli heyvanla təxminən eyni zəka səviyyəsinə malik olduğunu görərdik. Bəs bu mikroskopik canlılar necə belə düzgün hesablanmış qərarlar verirlər? Bu davranışları molekulyar səviyyədə izah etmək mümkün deyil”. Michael Denton, The fate of nature (Təbiətin taley), səh. 228.
Bu canlılar şüurlu şəkildə və qərar qəbul edərək hərəkət edirlər. Amma maraqlısı odur ki, onların nə beyinləri, nə də sinir sistemi var. Onlar zülal, yağ və sudan ibarət hüceyrədir.
Son illərdə bakteriyalar üzərində aparılan müşahidələr göstərdi ki, bu təkhüceyrəli orqanizmlər yaşadıqları mühiti qiymətləndirir və qərar verirlər. Fransanın məşhur elmi jurnalı “Science et Vie”-nin 1999-cu ilin iyul nömrəsində dərc olunmuş məqalədə qeyd edildiyi kimi, bakteriyalar bir-biri ilə ünsiyyət qurur və aldıqları məlumatlar əsasında qərarlar qəbul edirlər.
Məqalədə qeyd olunur ki, bu rabitə son dərəcə mürəkkəb bir sistem vasitəsilə işləyir. Bakteriyaların səthində elektrik siqnallarını yayan və aşkar edən mexanizmlər var. Bu şəkildə bakteriyalar bir-birlərinə siqnal göndərir və olduqları mühitin xüsusiyyətləri və bu mühitdəki qidalanma vəziyyəti kimi məlumatları ötürürlər. Bu məlumatlara əsaslanaraq, nə qədər çoxalmalı olduqlarına və nə vaxt çoxalmağı dayandırmalı olduqlarına qərar verirlər.
Bir sözlə, adi gözlə görülməyəcək qədər kiçik canlılar ətrafları haqqında məlumat toplayır, sonra şərh edir, bir-birlərinə ötürür və sonra qərarlar qəbul edərək müəyyən istiqamətdə həyata keçirirlər. Həm də qruplar şəklində!
Yüksək ağıl və şüur tələb edən bu cür rasional, planlı və hesablanmış davranışların nə beyni, nə də sinir sistemi olmayan bir mikroorqanizm tərəfindən həyata keçirilməsi mümükn deyil. Bu vəziyyət açıq-aşkar bir möcüzəni ortaya qoyur: onu ağılla idarə edən başqa bir qüvvə var.

Son dövrlərədək biologiya elmində gedən mübahisələrdən biri də canlıların tədricən, yoxsa birdəfəyə yaranması ilə bağlı olub. Canlıların təsadüfən meydana gəlməsinin bioloji qeyri-mümkünlüyünü bir kənara qoysaq, yerin təbəqələrini və canlı qalıqlarını araşdırdıqda yer üzündə həyatın birdən-birə meydana gəldiyi aydın olur. Mürəkkəb canlıların qalıqlarının tapıldığı ən dərin təbəqə yaşı 520-530 milyon il olduğu təxmin edilən “Kembri” təbəqəsidir.
Kembri süxurlarında tapılan canlı qalıqları ilbizlər, trilobitlər, süngərlər, qurdlar, meduzalar, dəniz ulduzları, üzən xərçəngkimilər və dəniz zanbaqları kimi mürəkkəb onurğasız növlərinə aiddir. Maraqlısı odur ki, bu çox fərqli növlərin hamısı birdən və indiki quruluşlarında ortaya çıxıb, heç bir təkamül baş verməyib. Buna görə də bu möcüzəvi hadisə geoloji ədəbiyyatda “Kembri partlayışı” olaraq adlandırılır.
Bu təbəqədəki canlıların əksəriyyəti müasir analoqlarından heç bir fərqi olmayan mürəkkəb sistemlərə və gözlər, daxili orqanlar və qan dövranı kimi inkişaf etmiş fizioloji quruluşlara malikdir. Məsələn, trilobitlərin iki linzalı pətək göz quruluşu dizayn möcüzəsidir. Çikaqo və Harvard universitetlərinin geologiya professoru David Raup bunu belə müqayisə edib: “Trilobit gözünün dizaynı bu gün yalnız yaxşı təhsil almış və yüksək bacarıqlı optik mühəndis tərəfindən təkmilləşdirilə bilər”. D. Raup, "Conflicts Between Darwin and Paleontology" (Darvin və paleontologiya arasında ziddiyyətlər), Bulletin, Field Museum of Natural History, Volume 50, January 1979, p. 24.
Təxminən 500 milyon il əvvəl yer üzündə birdən-birə peyda olan trilobitlərin gözü müasir arılarda və milçəklərdə olan eyni mürəkkəb göz quruluşudur. Bu faktlar onurğasızların özlərindən əvvəl yer üzündə yeganə canlı olan təkhüceyrəli orqanizmlərlə aralarında heç bir əlaqə və ya keçid forması olmadan birdən-birə və tam təkmil formada ortaya çıxdığını göstərir.

Təkamül ədəbiyyatının məşhur nəşrlərindən biri olan “Earth Sciences” jurnalının redaktoru Riçard Monestarski təkamülçüləri təəccübləndirən bu Kembri partlayışı haqqında aşağıdakı məlumatları verir:
“Bu gün gördüyümüz çox mürəkkəb heyvan formaları birdən ortaya çıxmışdır. Bu, Kembri dövrünün lap başlanğıcına, dənizlərin və yerin ilk kompleks canlılarla dolduğu vaxta təsadüf edir. Hazırda bütün dünyaya yayılmış onurğasız qrupları ilk Kembri dövründə artıq mövcud idi və indiki kimi bir-birlərindən çox fərqli idilər. Riçard Monestarski, “Secrets of the East” (Şərqin sirləri, Discover, aprel 1993, səh. 40.
Dünyanın birdən-birə bu qədər fərqli onurğasız növü ilə necə dolduğu və ortaq əcdadı olmayan fərqli canlı növlərinin necə ortaya çıxdığı təkamülçülərin heç vaxt cavab verə bilmədiyi sualdır. Təkamülçü düşüncənin dünyanın ən qabaqcıl müdafiəçilərindən biri olan İngilis bioloq Riçard Dovkins müdafiə etdiyi tezisləri kökündən etibarsız edən bu həqiqət haqqında belə deyir:
“...Kembri təbəqələri əsas onurğasız qruplarını tapdığımız ən qədim təbəqələrdir. Bunlar ilk ortaya çıxdıqları vaxtdan yüksək inkişaf etmiş formadadırlar. Sanki orada heç bir təkamül tarixi olmadan təsadüfən yaranıblar. Təbii ki, bu qəfil ortaya çıxma kreasionistləri çox sevindirir. Richard Dawkins, The Blind Watchmaker, London: W. W. Norton, 1986, səh. 229.
ardı olacaq
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” istiqaməti çərçivəsində hazırlanıb

