Yoxsul tələbələr, fağır kişilər, hər dalanda beş altı daxma Şəhərin müşahidə zolaqları
Kulis.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Kulis.az Nərmin Kamalın "Səkilər" essesini təqdim edir.
Günlərin bir günü “Ömür qısadır, 9-6 işləməkdənsə, həyatdan zövq alın” söhbətlərinin güclü dalğası məni də götürüb apardı; ərizə yazıb işdən çıxdım. İt iliydi, – bizlərdə yaddan çıxmış uzaq keçmiş haqda danışanda belə deyirlər, həmin ilsə doğrudan da Çin təqvimiylə sarı it ili idi. May ayının sonlarıydı, Asiyanı leysanlar dağıdır, Avropanı quraqlıq qovururdu. Bakıda isə havalar yaxşı keçirdi, daha da yaxşı olacaqdı, üzü yaya gedirdik. Hələ işdən azad olmaqla həyatdan zövq alacağıma ürəkdən inanırdım.
Yay lap Vivaldinin “Dörd fəsil” konsertlər dəstinin yay fəsli hissəsi kimi başladı; çobanla qoyunları xoş tənbəlliyə daldı, ququ quşu oxudu, qumru quşu cavab verdi, gilavar əsdi. Hərdən milçəklərlə göy gurultusu çobanı az-maz narahat etdi. Bir simli axar çay oldu, bir simli çoban iti olub hürdü ara-sıra. Yayın sonları çoban havaların korlanacağından şübhəyə düşdü. Elə də oldu, qorxduğu gurultulu fırtına qopdu, konsertin on bir dəqiqəlik yay fəsli sona çatıb yerini payıza verdi.
Sentyabrın əvvəlləri həyatdan vəd olunan zövqü almaq əvəzinə gedib köhnə iş yerimin ətrafına bir dövrə vurdum. Məqsədsiz, məramsız, o təhsil məbədinin qarşısında durub gələnə-gedənə baxdım. Bəşəriyyət başına gələnlərə məhəl qoymadan dünyaya yeni nəsillər gətirmişdi, insanı yaşamağa, nəsil artırmağa vadar edən o sirli güc, o həyat eşqi, o élan vital öz işini görmüşdü. Müəllimlər və müəllimələr də yeni nəsillərə doğru yolu öyrətməkdən ötrü can-başla işə girişmişdilər. Uzaq-uzaq tarlalarda, bağlarda da kəndlilər indi belə işləyirlər, gah yürüyür, gah yıxılır, gah dururlar, məhsul biçir, bəhər toplayırlar. Təkcə mən bu əmək bayramından kənarda qalmışdım.
Günün bu gündüz vaxtı evdə də otura bilməzdim, ruslarda bir məsəl var, deyirlər, özgə ailə - zülmət meşə. Bu meşəyə bir balaca fənər tutsam, deyə bilərəm ki, anam neçə illərdir adətən bu saatlarda boş olan evimə gəlir, küçə pişikləri üçün yemək bişirirdi, axşamüstü bizlər işdən-gücdən qayıdanda yeməyi heyvanlara paylamağa yollanır, onların qarnını doyurandan sonra öz evinə gedirdi. Yemək bişəndə evə elə bir üfunət yayılırdı ki, burnumu tutub deyirdim, ay mama, qoy bu saat gedib bir torba yem alım, payla heyvanlara, təki sən bu yeməyi bişirmə. O isə əlində çömçə cavab verirdi: “Hazır yeməklər ziyanlı olur, küçə heyvanının da sənin kimi isti ev xörəyi yeməyə haqqı var.” Deyirlər, nəyəsə adət etmək insanın ikinci təbiətidir. Xüsusən ahıl bir adamda bu ikinci təbiəti dəyişdirmək mənim üçün mümkünsüz idi. Bir yolum qalırdı, - azad həyatdan zövq almaq.
Hər səhər iş saatında çantamı götürüb evdən çıxırdım, bir səkini tutub binalara, adamlara, avtobuslara baxa-baxa gəzirdim, cürbəcür məhəllələrə girirdim, skamya görsəm otururdum, eyvanlara, ağaclara tamaşa edirdim. Bəzən maraq ayaqlarıma güc gəlirdi, qarşımdakı köhnə binanın ixtiyari girəcəyini seçib yuxarı mərtəbələrinə qədər qalxırdım, insan hənirtisi gələn yad qapılarda ayaq saxlayırdım, qorxub eləmədən köhnə Sovet liftiylə aşağı enirdim, yola çıxıb şəhəri gəzməyə davam edirdim. Sanki həyatda başqa işim-gücüm yox idi.
Bəzən məni yaxalayırdılar. “Nə lazımdı? Kimisə axtarırsız?” – Ceyhun Hacıbəyli küçəsiylə Vladislav Plotnikov küçəsinin kəsişməsindən bir az içəri, xarabalığa oxşayan ikimərtəbə binanın qarşısında bir qadın məni tutdu.
“Heç, binaya baxıram, belə köhnə binalar Bakıda az qalıb,” – təcrübəli flanör kimi danışmağımdan özüm də şad oldum.
“Hə, bizim binamız UNESCO-nun siyahısına düşüb, bəs bilmirsiz?!” - qadın ciddi danışırdı, kinayəsini sonra başa düşdüm.
Daha belə suallara tuş gəlməməkçün çalışmalıydım özümü şübhəli aparmayım, amma lüt-üryan ağacların arasında ovlağa çıxan ovçu harda gizlənə bilər?!
On doqquzuncu əsrdə Çar Rusiyası zabitlərinin ailələri üçün tikilmiş taxta pilləkənli ikimərtəbə binaların arxasından İyirminci əsrdə Brejnev anasının qarnında doğum evinə gedəndə salınmış dalanlara keçirdim. Buradan mənim evimdə bişən xörəyin iyindən də betər iy gəlirdi. Hər dalanda beş-altı daxmaydı, daxmalar yarıya qədər yerə batmışdı. Bu daxmalara ev deyənlər indi əsasən kirayənişinlər – yoxsul tələbələr, tələbəliyi qurtarandan sonra da sosial liftə minib yuxarı qalxa bilməyən fağır kişilər, əyalını dolandrmaqçün kəndin zəhmətinə qatlaşan analarının həyatını təkrarlamaq istəməyib üsyan edən, - şəhərə serial qəhrəmanlarının həyatını yaşamaqçün havalanıb uçan qadınlar və sair belə insanlardır. Bir az orada durandan sonra iyin mənbəyini təyin etdim, iy adamların nə ata, nə tuta bildikləri köhnə məişət əşyalarından gəlirdi ki, açıq-açığına dalana düzmüşdülər, içində siçanlar özlərinə imperiyalar qurmuşdu.

Gəzməkdən yorulmurdum. Günorta acırdım, susayırdım, ana yola çıxıb parıldayan bir aşxanaya yeməyə girirdim. Gözəl-gözəl insanların çətin işlərdə heç tərəddüdə qapılmadan maşın kimi işləməsini görüb öz azad həyat xülyama görə xəcalət çəkirdim. Toqqamın altını bərkidəndən sonra yenə gəzirdim, gözəl memarlıq üslubu olan binalara tamaşa edirdim, belə binalar bizdə nə qədər desən. Cibimdəki şəkilçəkən öz şəxsiyyəti, öz havası olan xarizmatik binalar, ağacların gövdəsində törəyən qəribə sarı göbələklər, bir də qəşəng küçə pişiklərinin şəkilləriylə dolmuşdu. Hər gün Atatürk prospektindən Azadlıq prospektinə, İnqilabdan Montinə, şairlərin adını daşıyan küçələrdən şəhidlərin adını daşıyan küçələrə, mikrorayondan mikrorayona, doğma beşmərtəbələrdən yeni iyirmimərtəbələrə, ana küçələrdən ara küçələrə adlayırdım. Tamaşaçı gözlərimdən başqa heç nəyim yox idi. Azad olmaq istərkən flanör olmuşdum.
Kimdir flanör? Flanör - fikrində son mənzil tutmadan küçələri gəzib-dolaşaraq şəhər həyatını müşahidə edən adamdır. On doqquzuncu əsr Parisində belə həyat tərzi keçirənlər çox olub, əsasən də kişilər. Flanör – avara deyil. Böyük ədib Şarl Bodler onları sənətkarlara nümunə göstərir. Onun “Modern həyatın rəssamı” (1863) essesini oxuyanda bunu aydın görmək olar. Həmin essedə o, rəssamlıqdan danışır, modern həyatı tərənnüm edir, gümünüzün həyatını çəkən rəssamı akademik rəssama qarşı qoyur və essenin bir yerində flanör həyatını rəssamlara örnək gətirir: "Quş üçün hava, balıq üçün su nədirsə, flanör üçün də izdihamın arasına qarışmaq o deməkdir. O, bilicidir, hisslərin kolleksioneri, şəhər mənzərəsinin müşahidəçisidir.”, “Onun müəyyən bir hədəfi yoxdur, yeganə fəaliyyəti gəzib dolanmaqdır, rəssam kimi ətrafındakı aləmi müşahidə etməkdir”, “Müasir rəssam da həyata flanör kimi, özünü zəmanəsindən ayırıb kənardan laqeyd müşahidə etməyi bacarmaq yoluyla, dərindən nüfuz etməlidir.”
Mən düz bir dərs ili flanör oldum. Bir payızım, qışım, baharım səhərdən axşama qədər səkilərdə keçdi. Səkilər mənim kürsüm oldu. Əvvəllər heç səkilərə fikir verməmişdim. Həyatın içində yox, kənarında gəzən bir adam kimi səkilərlə mənim cəmiyyətdəki yerim arasında böyük bənzərlik vardı.
Səkilər - şəhərin müşahidə zolaqlarıdır. Səkidə durub həm hərəkətli, təlaşlı şəhər həyatına göz qoya bilirsən, həm də ondan aralı qalmaq imkanın olur. Səkidə həm şəhərin içində olursan, görürsən, dinləyirsən onu, həm də çölündə qalırsan, şəffaf bir pərdə olur aranızda. Səkilər fərdlərin ərazisiylə şəhər arasında uzanan sərhəddir. Asfalt üstündə dördçarxlar ötsə də, mühərriklər uğuldasa da, səkilərdə həmişə sakitlikdir, səkidə yüyürmək də olar, yubanmaq da.
Səkilər şəhərin necə bir şəhər olduğunu göstərən birinci meyardır, bəli, belədir, son qərarımdır. Mənə aldadıb saxta pul, saxta qızıl vermək olar, içi çürük mer-meyvəni, xarab yumurtanı, kal qarpızı satmaq olar, insan sərrafı da deyiləm, xain bir adamla dost olaram, elə bilərəm çox yaxşı adamdır, hardan bilim, ancaq heç vəchlə şəhər məsələsində kələk gəlmək olmaz mənə. Adamtanıyan deyiləm, şəhərtanıyanam. Dubaydakı Bürc Xəlifə gözümü qamaşdırmır, çünki bilirəm kanalizasiya sistemi yoxdur, varlı ərəb o məşhur göydələndə ayaqyoluna gedir, çimib paklanır, kənarda da böyük-böyük yük maşınları durub gözləyir, o tullantıları səhər-axşam şəhərdən kənara daşıyan işçi ordusu var. İstanbul, İzmir deyib romantik mahnılar oxuyan adamlara yuxarıdan aşağı baxıram, elə bilirəm mən romalıyam, o barbardır, mən bilirəm, o bilmir, mən başqa şəhərlər görmüşəm, o görməyib, görməmişdir. Çünki bilirəm o şəhərlərin binaları Dərviş Məstəli Şahın qurduğu Paris kimidir və görmüşəm o şəhərlərdə adi səki mədəniyyəti yoxdur. Şəhəri tanımaq istəyirsizsə, səkilərinə baxın, məsələ demokratiyada da deyil. Lukaşenko haqda dünya mətbuatında nə yazsalar da, bunun məsələyə dəxli yoxdur, Minsk möhtəşəm memarlığı, öz istehsalları olan və saat kimi işləyən nəqliyyatı, geniş meydanları, periferiyanın da mərkəz səviyyəsində saxlanması, səliqəsi, sahmanı, ən əsası, heç bir tamaha güzəştə getməyən geniş və gözəl piyada səkiləri sayəsində mənim meyarımla ən mötəbər hörmətə layiq şəhərlər sırasındadır. Meyarım da “doğmalıq”, “xatirələr”, “mahnılar” kimi hansısa subyektiv ölçü vahidləri deyil, tamamilə obyektiv meyardır.
Qayda var, qanun var, şəhər memarlığına aid oturuşmuş dərsliklər var, həmin dərsliklərdə “Piyada yolları, səkilər, ictimai yerlər” adlı fəsillər var. Maşın yollarının kənarında hansı ölçüdən hansı ölçüyə qədər səkilər olmalıdır, səkilərdə piyadalara kölgə salan bir cərgə ağaclar olmalıdır, piyada ilə piyada arasında ingiliscə “shy distance”, gözəl dilimizə tərcümə etsəm, “həya məsafəsi” deyilən məsafə nəzərdə tutulmalıdır. Bundan əlavə, səkidən qarşıdakı maşın yoluna, yoldan növbəti səkiyə keçid səlis olmalıdır, bunun necə vacib olduğunu bilmək üçün səkiləri salan adam əlinə uşaq arabası götürüb sürə-sürə getməlidir.
Səki nə qədər geniş olsa o qədər yaxşıdır. Geniş səkilərdə gəzən piyadanın ruhu pərvazlanır, gəzdikcə gəzmək istəyir, özünü yaxşı hiss edir. Yoxsa ki, mahnılarla, şeirlərlə gözbağlıca edib hansısa dolanbac şəhəri, yazıq piyadanın səkisini “əsnaf” deyilən xırda bazarlarla dolduran şəhərləri tərifə basmaq, öymək avamlıqdan, çuşkalıqdan başqa bir şey deyil. Bir şəhərin coğrafi mövqeyi yaxşı ola bilər, iki qitənin, iki dənizin, iki çayın arasında yerləşə bilər, çox yaxşı, amma bu, təbiətin yaratdığı imkandır, həmin imkandan necə istifadə edib ortaya nə çıxarırsan, budur əsas məsələ.
Hər şeydə olduğu kimi şəhər məsələsində də orijinal və surət var, əsil və qəlp var, Parisin özü var və Dərviş Məstəli Şahın düzəltdiyi oxşarı var. Çalışaq əsl şəhəri qəlp şəhərdən seçək ki, öz şəhərimiz də qəlp şəhərlərin gününə düşməsin. Bircə qorxum odur, yoxsa mənim nə işim var başqasının şəhəriylə.
Mən Bakıda Əcəmi Naxçıvani küçəsində yaşayıram. Küçəmizdə çoxlu binalar, marketlər, apteklər, iki məşhur özəl klinika, iki kafe, bir böyük restoran, bir bank, bir məktəb, hündür ağaclar, mehriban, zəhmətkeş adamlar var, amma səki yoxdur. Hər özəl xəstəxana, market, aptek, hər “əsnaf” onun bir parçasını kəsib özünə giriş-çıxış, pilləkən, dayanacaq düzəldib, sənsə yolboyu bu maneələrə rast gəlib dayanırsan, maşın yoluna düşməyə məcbur olursan, bir az irəliləyib təzədən səkini tapırsan, bir qədər də gedəndən sonra növbəti maneə, o maneədən sonra daha heç səkinin izi də qalmır. Bunu mən onlara bağışlayıram, çünki mən romalıyam, onlar barbardır, bilmirlər ki, səkilərin hansı funksiyası var, səkilər qırılanda, ticarət obyektləri ilə doldurulanda, al-verçilərə veriləndə axırda özləri, öz uşaqları pis şəhərdə yaşayacaq, bilmirlər. Amma səkinin olan-qalan bir hissəsindən də dövləti aliyəmizin “P” işarəsiylə, zolaqlarla kiçik bir avtodayanacaq düzəltməsi, piyadaların maşınların başına dolanaraq yol getməyə çalışması məni qorxudur. Qorxuram ki, təkcə barbarlar yox, romalılar da bilməyə, romalılar da öz şəhərsalma ənənəsini itirər, nəticədə biz memarlıq qayda-qanununa əsaslanan şəhərlərə yox, qızğın şərqli temperamentinə əsaslanan şəhərlərə oxşayarıq.
Səki məsələsi vacib məsələdir. Hər şəhərdə flanör olmaq olmaz. Bunun üçün birincisi təhlükəsizik, ikincisi səkilər lazımdır. Təhükəsizlik var, səkilərimizi isə qorumalıyıq.
Ş.Bodler modernləşmə aşiqidir, sənətkarlara məsləhət görür ki, müasir həyatın nəbzini tutmaq üçün flanörün şəhərə və onun insanlarına yanaşmasını öyrənsinlər. Deyir, flanör izdihamda gəzərək müasir həyatdakı sürətli dəyişikliyin tərəfsiz şahidi olduğu kimi, sənətkarlar da hazırkı həyatı müşahidə etsinlər. Rəssam öz dövrünün ruhunu əks etdirən əsər yaratmaq istəyirsə, akademik rəssamlar kimi qəlibi təqlid etməsin, flanördən öyrənsin, flanörün obyektiv səyyar müşahidəçi mövqeyi sayəsində şəhərdə gedən dəyişikliyi dərindən duya bildiyini başa düşsün. Ş.Bodler flanörləri tərifləyir. Amma o, flanörləri nə qədər tərifləsə də, mən ürəyimdə özümü qınayıram, işsiz, əməksiz, zəhmətsiz keçən o bir ilimi itirilmiş il sanıram.
O vaxtdan neçə qış, necə bahar keçib. Neçə-neçə yaxın adamım, əzizim həyatdan gedib. Hər birini itirəndə öz-özümə deyirəm gərək həmin il – sarı it ilində küçələri gəzməkdənsə gedib onun yanında oturardım. Boş-bekar gəzib dolaşmaqdansa, onun evini silib süpürəydim, bir iş görəydim, bir işə yarayaydım, həyata qarışaydım. Birdən Ş.Bodler rəfiqəmin səsiylə mənə deyir: Özünü incitmə, axı sən hardan biləydin? İncitmə özünü.
30 yanvar 2025
Təbrizdə şagirdləri Azərbaycan dilində mahnı oxuyan məktəb bağlana bilər Anarın Türkiyədə yeni kitabı nəşr olundu Tofiq Tağızadənin ən yaxşı 5 filmi - Siyahı