Icma.az
close
up
RU
Yurd yerlərinə qalib xalq kimi qayıdırıq!

Yurd yerlərinə qalib xalq kimi qayıdırıq!

Prezident İlham Əliyev: "Qarabağın hər bir yerində sahib kimi, bu Vətənin övladları kimi yaşayırıq, qururuq, bərpa edirik"

Çağdaş dünyamızda tamamilə yeni bir dövrə qədəm qoyan Azərbaycan Böyük Qayıdış konsepsiyasını uğurla reallaşdırır. İşğaldan azad edilmiş torpaqlara qayıdırıq və həmin yerlərdə yeni bir həyat başlayır. 30 ilə yaxın işğal altında olan torpaqlarımız azad olunandan sonra Qarabağımız və şərqi Zəngəzur müasir dünyanın ahəngində qurulur, ona yeni həyat verilir. Zəfər qazanan Azərbaycan tarixin dönəmində inkişaf yolu keçərək böyük quruculuq işlərini həyata keçirməyə başlayıb. Bu gün Şuşamızda, Kəlbəcərdə, Qubadlıda və digər ərazilərdə böyük abadlıq-quruculuq işlərinə başlanılıb və işğaldan azad olunan hər bir şəhər, qəsəbə və kənd müasir məkana çevrilir.

Azərbaycan Prezidenti İlham Əliyevin bildirdiyi kimi, Qarabağ və Şərqi Zəngəzur bu gün böyük tikinti meydançasına çevrilmişdir. Dövlət başçısının sözlərinə əsasən, artıq on minə yaxın keçmiş məcburi köçkün öz doğma evlərinə qayıtmışdılar.

Azərbaycanın yaratdığı tarixi reallıqların məntiqi nəticəsi olaraq ölkəmiz yeni mərhələni yaşayır. Azərbaycanın öz suverenliyinin bərpası, Qarabağın azad olunması, eləcə də Qarabağdan separatizmin təmizlənməsi yeni imkanlar yaratmış oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri həm Vətən müharibəsində, həm də lokal antiterror tədbirləri zamanı peşəkarlığını, qarşısına qoyulmuş vəzifələri ən yüksək səviyyədə icra etmək məharətinə malik olduğunu bir daha nümayiş etdirdi. Ötən ilin sentyabrın 19-da başlayan və təqribən 24 saat davam edən lokal antiterror tədbirləri Azərbaycan tarixinin şanlı səhifələrindəndir. Vətən müharibəsindəki tarixi Qələbəmizdən və Ermənistanın kapitulyasiyasından sonra Azərbaycan dövləti humanizm göstərərək, ölkəmizin erməni əhalisi ilə reinteqrasiya prosesinə start verdi. Vətən müharibəsində qəhrəmanlıq göstərən Azərbaycan Ordusu bu dəfə də yüksək peşəkarlıq nümayiş etdirərək, Ali Baş Komandanın onların qarşısında qoyduğu tapşırığı cəmi 24 saatda yerinə yetirdi. Nəticə olaraq separatçılar ağ bayraq qaldırdı və dövlətimiz qarşısına qoyduğu bütün hədəflərə çatdı. İndi bütövlükdə bölgədə sülh və inkişaf üçün gözəl şərait yaranıb. 30 ilə yaxın işğal altında olan və 44 günlük Vətən müharbəsi zamanı azad olunan ərazilərimiz hər kəsə qürur yaşatdi.

Dünyanın gözü qarşısında ermənilərin bəşəriyyət tarixində törətdikləri ən ağır cinayətlərdən biri olan Xocalı soyqırımı tariximizdə silinməz səhifdir. Bəşəriyyətin ən qədim yaşayış məskənlərindən olan Xocalı bir gecənin içərisində yerlə-yeksan edildi. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağ ərazisindəki keçmiş SSRİ-nin Xankəndidə yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və hərbi texnikasının, bilavasitə iştirakı ilə Xocalı şəhərini zəbt edərək, xalqımıza qarşı analoqu olmayan soyqırımı aktı həyata keçirdi. Ermənilərin həyata keçirdikləri soyqırımı zamanı Xocalı şəhəri tamamilə dağıdıldı, 63 uşaq, 106 qadın və 70 qoca xüsusi amansızlıqla, işgəncələrlə qətlə yetirildi. 8 ailəni tamamilə məhv edildi. 114 nəfər itkin düşdü. 487 nəfər isə əlil oldu.

XOCALI QURBANLARININ XATİRƏSİ ƏBƏDİLƏŞDİRİLDİ

Bu hadisə XX əsrin ən dəhşətli və qəddar faciələrindən biri hesab edilir. Xocalı soyqırımı tarixdən bizə məlum olan Babiyar, Xatın, Liditse, Srebrinitsa soyqırmı faciələri ilə eyni səviyyədə durur.

Xocalının qisası alındı. İndi Xocalı yeni dövrünə qədəm qoyub. Otuz iki ildən sonra Xocalı qurbanlarının xatirəsini əbədiləşdirmək üçün prezidentimiz tərəfindən cari ilin fevralın 26-da memorial kompleksin təməli qoyuldu. Prezident İlham Əliyev fevralın 26-da Xocalı şəhərində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib ki, otuz iki ildən sonra biz doğma torpağımıza qayıtmışıq.

Bu gün dünya ictimaiyyətinə Azərbaycan həqiqətləri geniş şəkildə çatdırılır. Dünya insanı Xocalıda baş verən olayları layiqli və düzgün qiymətləndirir. Xocalı soyqırımının tanınması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də, bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində, davamlı olaraq, addımlar atılır. Aparılan bu uğurlu siyasətin nəticəsidir ki, dünya ölkələrinin bir qismi tərəfindən Xocalı soyqırımını rəsmən tanıması barədə qərar qəbul edilib.

Xocalı soyqırımı ilə bağlı tarixi faktlar barədə beynəlxalq ictimaiyyətin dolğun şəkildə məlumatlandırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən başlanılan "Xocalıya ədalət!" beynəlxalq kampaniyasının xüsusi əhəmiyyəti vardır. Kampaniya ilk gündən Xocalı soyqırımının, Ermənistan-Azərbaycan münaqişəsinin tarixi səbəbləri və nəticələri, həmçinin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılmasının zəruriliyi ilə bağlı beynəlxalq maarifləndirmənin artırılmasını qarşısına məqsəd qoyub. Prezidentin bildirdiyi kimi, "Əfsuslar olsun ki, "Xocalıya ədalət!" çağırışımız cavabsız qaldı. Düzdür, 18 ölkə bizim səylərimizin nəticəsi olaraq bu qanlı faciəni soyqırımı kimi tanımışdır. Ancaq bu ölkələrin arasında böyük dövlətlərin adları yoxdur. Beynəlxalq təşkilatlar, onların bir çoxu bu faciəyə biganə qalmışdır." Dövlət başçımız onu da bildirib ki Xocalı soyqırımı dünyanın gözü qarşısında baş vermiş qanlı cinayətdir. Xocalı soyqırımını inkar etmək ədalətsizlik və vicdansızlıqdır: "Halbuki Ermənistan dövləti, o vaxt və bu gün onun arxasında duran eyni qüvvələr, eyni ölkələr əlindən gələni edirdilər ki, bu hadisə ört-basdır edilsin, Ermənistan məsuliyyətə cəlb olunmasın, Ermənistana qarşı hər hansı bir sanksiya tətbiq edilməsin və onlar cəzasız qalsın."

Beynəlxalq hüquqa əsasən, genosid ən ağır cinayətlərdəndir. Genosidin hüquqi əsası bir sıra sənədlərdə öz əksini tapmışdır. BMT Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli qətnaməsində qeyd olunur ki, genosid insan qruplarının yaşamaq hüququnu pozmaqla insan mənliyini təhqir edir, bəşəriyyəti insanlar tərəfindən yaradılan maddi və mənəvi dəyərlərdən məhrum edir. Xocalıda törədilən əməllər BMT-nin məqsəd və vəzifələrinə, ümumbəşəri dəyərlərə tamamilə ziddir. Ermənilərin azərbaycanlılara qarşı yürüdülən soyqırımı siyasətinin tarixi əsrləri əhatə edir. Hadisələri ardıcılıqla izləsək, görərik ki, Azərbaycanın başına gətirilən olaylar tarixdə, demək olar ki, eyni ssenari üzrə cərəyan edib.

"YEGANƏ YOL AZƏRBAYCANIN BÜTÜN ŞƏRTLƏRİNİ QƏBUL ETMƏKDİR"

Xocalı soyqırımı təkcə bizlərin deyil, bütün bəşəriyyətin faciəsidir. Xocalı haqqında həqiqətin dünyada bilinməsi, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti bütün zəruri addımları atır.

"Biz onilliklər ərzində çalışırdıq, xüsusilə son illər ərzində çalışırdıq ki, bu qanlı cinayəti törədənlər ədalət qarşısında cavab versinlər. Ancaq görürdük ki, bu ədaləti ancaq biz özümüz bərpa etməliyik və bunu etdik. İkinci Qarabağ müharibəsi ədalətin təntənəsi idi. İkinci Qarabağ müharibəsi nəticəsində o vaxt işğal altında olan torpaqların böyük hissəsi azad edilmişdir, işğal altında qalan ərazilər beş ay bundan əvvəl azad edilmişdir."- deyə Prezident bildirib.

"Ermənistan və onun havadarları hesab edirdilər ki, onları heç kim cəzalandırmayacaq. Onlar səhv etmişdilər, bu gün də səhv edirlər." - deyən dövlət başçımız bildirib ki, yeni yiyə axtarışında olan, onun-bunun qucağına sığınan Ermənistan bilməlidir ki, yeganə yol Azərbaycanın bütün şərtlərini qəbul etmək və Azərbaycana qarşı ərazi iddialarından əl çəkməkdir". 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu işğal altında olan ərazilərimizi düşməndən azad edərək, tariximizə Qələbə yazdı. Bu gün Azərbaycan torpaqlarında üçrəngli bayrağımız dalğalanır. Azərbaycan ordusunun əzmi, qətiyyəti, peşəkarlığı, vətənpərvərliyi təcavüzkar erməniləri torpaqlarımızdan təmizlədi.

Ərazi bütövlüyünü, suverenliyini təmin etmiş bir dövlətin müstəqillik tarixində ərazi bütövlüyü çərçivəsində baş tutmuş Zəfər Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində torpaqlarımızın erməni işğalından azad edilməsi tariximizə əbədi həkk olundu ve əzəli yurd yerlərimizə sahib olduq. Cənab Prezident müharibədən sonra azad olunmuş ərazilərə şəxsən səfər edir, həmin torpaqlardan qarşıda duran vəzifələrlə bağlı mesajlarını verir. Hər bir ərazidən qalib ordunun və dövlətin qalib SƏRKƏRDƏSİ kimi səsəni ucaldir, mesajlarını verir, dünya bunu görür və eşidir. Əlbəttə ki, bu gün biz qalib xalq kimi yaşasaq da ötən illərdə yaşadığımız faciələr tariximizin səhifələrinə həkk olunub və o, tarixi dövr yaddaşımızda qövr edir.

"Otuz iki ildən sonra - o qanlı faciədən sonra biz Azərbaycanın hər bir guşəsində, Qarabağın hər bir yerində sahib kimi, bu Vətənin övladları kimi yaşayırıq, qururuq, bərpa edirik. Azad edilmiş bütün torpaqlarda geniş quruculuq işləri gedir." - deyə dövlət başçımız bildirib. Xocalı-Əsgəran avtomobil yolunun üzərində Heydər Əliyev Fondu tərəfindən yaradılacaq Xocalı Soyqırımı Memorialı bəşəriyyətə qarşı yönəlmiş dəhşətli qətliam haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsində əhəmiyyətlidir.

BİR GECƏDƏ MƏHV OLAN ŞƏHƏRƏ QAYIDIŞ

Artıq Xocalı əzəli sakinlərinə qucaq açıb. Növbəti köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb. 21 ailə olmaqla, 119 nəfər keçmiş məcburi köçkün doğma yurduna qovuşub. Onlar böyük coşqu ilə qarşılanıblar və Ballıca kəndinin təbiət gözəlliyini seyr ediblər. Xocalı sakinləri - keçmiş məcburi köçkünlər 32 ildən sonra öz vətənlərinə qayıtmalarının sevincini yaşayıb, evlərində məskunlaşıblar. İşğaldan azad olunmuş digər ərazilərdə olduğu kimi, Ballıca kəndində də həyat yenidən canlanır. Böyük Qayıdışla bağlı kənddə bütün infrastruktur yenidən qurulub. Kənd elektrik enerjisi, içməli su, təbii qaz və sürətli internetlə təmin olunub.

Xatırladaq ki, Xocalı rayonunun Ballıca kəndinə ilk köç dekabrın 13-də reallaşıb. Bu mərhələdə 27 ailə olmaqla, 152 nəfər Ballıca kəndinə köçürülüb. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Böyük Qayıdış çərçivəsində keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıdışı davam edir. Hazırda Qarabağda və Şərqi Zəngəzurda, oraya köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən insanlarin sayı ümumilikdə 34 minə çatıb.

Böyük Qayıdış tarixində daha bir əlamətdar hadisəyə – yaddaşımızda daşlaşacaq bir qayıdışa Xocalı qayıdışına şahidlik etdik. 32 il həsrətlə, intizarla, göz yaşları içərisində gözlədiyimiz tarixi bir gün. Yüzlərlə insanın qanı tökülən bir şəhərə qayıdış, inləyən, sızlayan bir şəhərə qayıdış. Bir gecənin içində məhv olan sakinləri dərbədər düşən, qocası, uşağı zillətlə məhv edilən bir torpağa qayıdış.

Bu gün Xocalı niskilli deyil, bayram əhvali-ruhiyyəsindədir. Bəli, xocalılılar şəhərə qayıdırlar. O sakinlərlə ki, illərin yarası qaysaqlanmayıb. O sakinlərlə ki, körpə ikən buradan qarlı-şaxtalı bir gecədə fəryad edərək ana qucağında, yaxud anasını qanı tökülmüş torpaqda qoyaraq məcburən qovulmuşdu.

"XOCALI QƏDİM AZƏRBAYCAN TORPAĞIDIR"

İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən, imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata uyğun olaraq Xocalı şəhəri Rusiya Sülhməramlı kontingentinin nəzarəti altında olub. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində azad olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. "Xocalıda, Xankəndidə, o vaxt hələ ki, azad edilməmiş digər şəhər və kəndlərimizdə separatçılar at oynadırdılar. Onlar hesab edirdilər ki, burada separatçılıqla əbədi məşğul olacaqlar. Halbuki bunun heç bir hüquqi, tarixi əsası yox idi. Xocalı qədim Azərbaycan torpağıdır. Mənfur düşmən soyqırımı törədəndən sonra burada qanunsuz məskunlaşma da aparmışdır. Bu da hərbi cinayət sayılır. Xocalının adını da dəyişdirməyə, bir hərbi cinayətkarın adına rəsmiləşdirməyə çalışırdılar. Ancaq hər şeyin vaxtı var və biz qayıtmışıq, həm Vətən müharibəsi, həm antiterror əməliyyatı xalqımızın gücünü, iradəsini, əsgər və zabitlərimizin qəhrəmanlığını bütün dünyaya sübut etdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin!" – deyə Prezident bildirib.

Azərbaycan tarixi ədaləti bərpa edib və günahsız Xocalı qurbanlarının qisası döyüş meydanında alınıb. Artıq bu gün Xocalının qapısı üzümüzə açıqdır. Azərbaycan əzəli torpaqlarına sahibdir.

Artıq Xocalıda ədalətin təntənəsi yaşanılır, yeni bir dövrün başlanğıcı. Ərazi bütövlüyünü, suverenliyini təmin etmiş bir dövlətin müstəqillik tarixində ərazi bütövlüyü çərçivəsində baş tutmuş Zəfər Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində torpaqlarımızın erməni işğalından azad edilməsi tariximizə əbədi həkk olundu ve əzəli yurd yerlərimizə sahib olduq. Xocalı yenidən qurulur.

Əlbəttə ki, bizlərə bu tarixi günləri yaşadan vətənin mərd oğulları, mübariz ruhlu oğullarıdır. "Onların qəhrəmanlığı, fədakarlığı sayəsində biz bu gün buradayıq" – deyən Prezident bildirib ki, onlar sinələrini qabağa verərək düşmənə elə bir sarsıdıcı zərbə endirmişlər ki, əminəm, bundan sonra Ermənistan heç vaxt Azərbaycana qarşı hər hansı bir hərbi təxribat törətməyə cəhd etməyəcək.

Bu gün Xocalı yenidən qurulur. Xocalı şəhərinin yenidən qurulması üzrə birinci mərhələ 167 hektar və 18 hektar olmaqla iki hissədən ibarətdir. Birinci mərhələdə 167 hektar ərazidə 140 fərdi ev, 48 kottec tipli ev və 9 binadan ibarət 110 evdə tikinti, təmir-bərpa və abadlıq işləri görülür. Bütün kommunikasiya xətləri yerin altına salınıb, ilk 50 evə birləşmələr verilib. Şəhər üzrə kommunikasiya işlərinin 90 faizi icra edilib. Həmçinin 18 hektar ərazidə yerləşən fin tipli 92 evdə isə tikinti, təmir-bərpa və abadlıq işləri həyata keçirilir. Bunlardan əlavə, Xocalı şəhərinin girişində - çay kənarında bulvarın salınması işləri davam edir. Bulvar ilə üzbəüz isə çarşı-bazar qurulur, iaşə obyektləri tikilir.

12 MİN NƏFƏRLİK ŞƏHƏR

Artıq Xocalının gələcək inkişafı ilə bağlı Baş planı da hazırlanıb. Baş Plana əsasən, ilk mərhələdə 12 min nəfərlik şəhər planlaşdırılır. Eyni zamanda, ehtiyat üçün də ərazilər saxlanılır.

Xocalı bir regional mərkəz kimi davamlı surətdə inkişaf etməlidir. Burada həm bütün zəruri sosial, inzibati xidmətlər, mədəni mühit yaradılacaq, ticarət, ictimai iaşə fəaliyyətləri üçün geniş imkanlar, təbiətlə daim təmasa imkan verən rekreasiya əraziləri demək olar ki, bütün şəhər boyu, yaşıl məkanlarla əlaqələndirilmiş komfortlu yaşayış əraziləri nəzərdə tutulub. Əsasən 3-5 mərtəbəli yaşayış binaları, həyətyanı sahələrə malik fərdi evlər.

Şəhər mühitini canlandıran yeni nəqliyyat qovşağı vacib rol oynayacaq, mobilliyi artıracaq. Bu, həmçinin şəhərdə iqtisadiyyatın, sahibkarlığın inkişafına da xüsusi təkan verəcək. Bütün bunlar dinamik inkişafı təmin edən iqtisadi şaxələndirməyə imkan verəcək. Burada çox zəngin kənd təsərrüfatı torpaqları olduğunu nəzərə alaraq, şəhər daxilində kiçik aqropark yaradılması təklif olunur. Müxtəlif tikinti materialları istehsalı, yüngül sənaye, qida sənayesi obyektləri yaradılacaq, nəqliyyat və logistika ənənəvi əsas sektor olaraq inkişaf etdiriləcək. Xocalı müasir şəhər olacaq.

Xocalının Baş planını hazırlayarkən ilk növbədə, onun regiondakı mövqeyi də nəzərə alınıb. Bura strateji mövqeyə malikdir. Beynəlxalq hava limanı, respublika əhəmiyyətli avtomobil yolu, hazırda layihələndirilən, tezliklə çəkiləcək dəmir yolu və s. bütün bunlar Xocalının gələcəyini artıq bir qovşaq kimi, nəqliyyat qovşağı və logistika mərkəzi kimi şərtləndirir.

Eyni zamanda, strateji əhəmiyyətə malik Ağdam, Xankəndi şəhərlərinin, mədəniyyət paytaxtımız Şuşa şəhərinin çox yaxında yerləşdiyini də nəzərə alaraq, regionla inteqrasiyasına xüsusi önəm verilib. Bu tərəfdə Xocalı şəhərinin tünd qəhvəyi rənglə əvvəl mövcud olmuş sərhədləri göstərilib, 610 hektar təşkil edirdi. Hazırda isə 1300 hektara yaxın ərazi nəzərdən keçirilir.

Xocalı şəhərində orta təhsil müəssisəsi və uşaq bağçası da inşa olunub. Məktəbin qarşısında park, onun yanında isə sənətkarlar məhəlləsi salınıb. Həmçinin idman kompleksində tamamlanma işləri görülür. Kompleksdə şahmat, cüdo, güləş, gimnastika, stolüstü tennis, basketbol, minifutbol, badminton ilə məşğul olmaq üçün lazımi şərait yaradılacaq. "Abad, gözəl evlər, istirahət zonaları. O qədər gözəl təbiəti var ki, burada yaşamaq, yaratmaq hər bir insana xüsusi zövq verəcək. Siz də buna layiqsiniz".

Zümrüd BAYRAMOVA

seeBaxış sayı:41
embedMənbə:https://sesqazeti.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri