Icma.az
close
up
RU
Zəngəzur dəhlizi: İrəvan fürsəti niyə əldən verir?

Zəngəzur dəhlizi: İrəvan fürsəti niyə əldən verir?

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Zəngəzur dəhlizi Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə əsas müzakirə mövzulardan biri oldu. Bu da anlaşılandır. Çünki Zəngəzur dəhlizi təkcə regional nəqliyyat layihəsi deyil, həm də bölgə ölkələrinin hamısının faydalanacağı strateji təşəbbüsdür. Bu layihə vasitəsilə Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında quru bağlantısının bərpası reallaşacaq və türk dünyasının inteqrasiyası güclənəcək. Eyni zamanda, dəhlizin açılması Ermənistan üçün də iqtisadi dividendlər və kommunikasiyalara çıxış baxımından mühüm imkanlar yaradır. Lakin bu fürsətdən yararlanmaq üçün rəsmi İrəvan hələ də siyasi iradə nümayiş etdirməyə tələsmir.

Halbuki dəhliz 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın 9-cu bəndində nəzərdə tutulduğu kimi açılmalı, vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin sərbəst hərəkəti təmin edilməli idi. Lakin bu sənədin imzalanmasından beş ilə yaxın vaxt keçsə də, Ermənistan tərəfi dəhlizin açılmasını sabotaj edir. Bu mövqe artıq Ermənistan üçün nəinki itirilmiş iqtisadi səmərəyə, həm də geosiyasi təcridin dərinləşməsinə çevrilir.

Prezident İlham Əliyevin forumda dediyi kimi, Zəngəzur dəhlizi bir çox ölkələri birləşdirəcək. “Biz daşımaların bu dəmir yolu və ya avtomobil yolu ilə həyata keçirilməsinin zəruriliyindən danışarkən, təkcə Azərbaycanın əsas hissəsinin onun Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsini nəzərdə tutmuruq. Söhbət beynəlxalq tranzit dəhlizindən gedir. Biz nəqliyyat və logistika infrastrukturuna çox fəal sərmayə qoyuruq. Son illər milyardlarla dollar sərmayə qoyulub, Xəzər dənizində ən böyük beynəlxalq ticarət limanı tikilib, indi biz onu genişləndirir, yükqaldırma qabiliyyətini 25 milyon tona çatdırırıq. Gürcüstandan keçməklə Azərbaycanı Türkiyə ilə birləşdirən dəmir yolu xətti çəkilib. Müasir infrastrukturun qurulması nəticəsində Azərbaycan ərazisindən tranzit daşımaların həcmi artır. Həmçinin rəqəmsallaşma prosesi gedir, gömrük inzibatçılığı sadələşdirilir. Bu, həm də regionumuzda baş verən geosiyasi dəyişikliklər, digər tranzit marşrutların problemli hala gəldiyi bir vaxtda baş verir”, – deyən dövlətimizin başçısı bildirdi ki, ona görə də bütün bunları nəzərə alaraq, Zəngəzur dəhlizinin potensialını ilkin mərhələdə 15 milyon ton yük səviyyəsində qiymətləndiririk.

Bir sıra xarici ekspertlər Zəngəzur dəhlizinin 5-7 il ərzində Cənubi Qafqazı böyük ticarət və logistika zonasına çevirməyə qadir olduğunu vurğulayırlar. Onlar bildirirlər ki, Azərbaycan tranzitdən, Ermənistan isə tranzit ödənişlərindən, xidmətlərdən və infrastruktura investisiyalardan gəlir əldə edəcək. Amma biz hələ də Ermənistan rəhbərliyindən heç bir rasional addım görməmişik. Doğrudur, Ermənistan Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsinə qarşı olduğunu bildirmir, əksinə, baş nazir başda olmaqla bütün rəsmi şəxslər regionda kommunikasiya xətlərinin açılmasının vacibliyini vurğulayırlar. Amma reallıqda bu istiqamətdə onlar tərəfindən konkret addımlar atılmır. Bu ziddiyyətli yanaşma Ermənistan rəhbərliyinin sözü və əməli arasında uyğunsuzluq olduğunu göstərir. Kommunikasiyaların açılmasına “hə” desələr də, praktiki müstəvidə hər hansı hüquqi, siyasi və ya texniki irəliləyiş yoxdur. Bununla da onlar beynəlxalq ictimaiyyətə konstruktiv tərəf kimi görünməyə çalışır, amma, əslində, prosesin ləngiməsinə səbəb olurlar.

Ermənistan daxilindəki bəzi revanşist qüvvələr və lobbi qrupları hökumətin bu məsələdə cəsarətli qərar qəbul etməsinə mane olur. Halbuki bu dəhliz təkcə Azərbaycan və Türkiyə üçün deyil, Ermənistan üçün də real iqtisadi və logistik üstünlüklər vəd edir. Lakin indiki vəziyyəti qorumağa yönəlmiş bu davranış nəticə etibarilə Ermənistanı kənarda qoyur. Görünən odur ki, İrəvanın Zəngəzur dəhlizi məsələsində tutduğu mövqe ölkəni faktiki olaraq dalana dirəyib. İrəvanın qeyri-müəyyən və ziddiyyətli mövqeyi regionda formalaşan yeni reallıqlara uyğunlaşmaq əvəzinə, Ermənistanı daha da təcrid vəziyyətinə salır. Zəngəzur dəhlizi açılarsa, Ermənistan üçün həm qeyd etdiyimiz kimi tranzit gəlirləri, həm də regional əməkdaşlıqda yer almaq imkanı yaranacaq. Lakin bu fürsətlərin əldən verilməsi ölkənin iqtisadi inkişafına və xarici sərmayələrin cəlb olunmasına ciddi zərbə vurur. Rəsmi İrəvanın Qərblə yaxınlaşmaq cəhdləri və eyni zamanda, Rusiyadan uzaqlaşma prosesi, təhlükəsizlik və nəqliyyat baxımından əvəzsiz olan bu layihəyə qarşı ehtiyatlı münasibətlə müşayiət olunur. Bu isə bölgədə formalaşan kommunikasiya xəritəsində Ermənistanın yerini sual altına salır. Azərbaycan və Türkiyə bu dəhlizin reallaşması üçün siyasi iradə və texniki hazırlıq nümayiş etdirirlər, Ermənistan isə prosesə qoşulmaq əvəzinə, köhnə revanşist ritorika ilə vəziyyəti uzatmaq yolunu seçir.

***

Mövzu ilə bağlı fikirlərini XQ ilə bölüşən Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov bildirdi ki, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatla Cənubi Qafqazdakı proseslərin yeni dönəminə start verildi. Onun sözlərinə görə, təəssüf ki, bundan sonra Ermənistan rəhbərliyi üzərinə düşən bir neçə öhdəliyi yerinə yetirmədi. Nəticə etibarilə Azərbaycan hökuməti özü vadar oldu ki, Ermənistanın yerinə yetirmədiyi öhdəliklər bu və digər yollarla həllini tapsın: “Həmin öhdəliklərdən biri Qarabağın keçmiş separatçı rejimin nəzarəti altında qalan hissəsindən erməni silahlı qüvvələrinin çıxarılması ilə bağlı idi. Ermənistan bu öhdəliyi yerinə yetirmədiyi üçün Bakı özü bunu həyata keçirməyə vadar oldu. Öhdəliklərdən biri də, sözsüz ki, Zəngəzur dəhlizinin açılması idi. Bu məsələ Azərbaycan, Ermənistan və Rusiya arasında qarşılıqlı anlaşma əsasında öz həllini tapmalı idi. Təəssüf ki, baş nazir Nikol Paşinyan ötən 5 il ərzində nəinki dəhlizin açılması ilə bağlı qərar vermədi, hətta ilkin razılaşma paketini də imzalamadı. Nəticə etibarilə biz görürük ki, Zəngəzurda dəhlizlə bağlı infrastruktur qurulmayıb. Həm dəmiryolu, həm də avtomobil yolu inşa edilməlidir. Bu proses indiyədək başlanmalı idi. Çünki bu, vaxt aparan işdir”.

Politoloq qeyd etdi ki, Paşinyan özü müxalifətdə olduğu dönəmdə Ermənistan hakimiyyətinin apardığı xarici və daxili siyasəti tənqid edirdi: “Əgər 1990-cı illərdə Azərbaycana qarşı aparılan işğalçı müharibə Ermənistanı enerji layihələrindən təcrid olunmağa, bu isə ölkə əhalisinin daha da kasıblaşmasına, əhalinin kütləvi köçünə gətirib çıxardısa, bu gün rəsmi İrəvan Zəngəzur dəhlizini açmamaqla yenidən özünü iqtisadi blokadada saxlamış olur. Çünki Ermənistan “Sülhün kəsişməsi” və digər layihələr təklif edə bilər, amma real vəziyyət ondan ibarətdir ki, əgər Azərbaycan tərəfi qəbul etməzsə, bu layihələr gerçəkləşməyəcək”.

Z.Məmmədov dedi ki, ABŞ Prezidenti Donald Tramp və onun nümayəndələri tərəfindən kommunikasiya xətlərinin açılması ilə bağlı, əslində, yeni yanaşma ortaya qoyulmayıb: “Bu yanaşma ondan ibarətdir ki, Zəngəzur dəhlizi açılmalıdır. Bununla da ölkəmizin qərb rayonları ilə Naxçıvan MR arasında nəqliyyat əlaqəsi həyata keçirilməlidir. Yaxın gələcəkdə bu, daha geniş anlamda Şimal–Cənub dəhlizinin başqa istiqamətinin açılması deməkdir. Ermənistanla ABŞ arasında aparılan dialoqda da İrəvan Vaşinqtonun bu istək və təklifləri ilə razılaşıb. Amma amerikalılar bilməlidirlər ki, ermənilər şifahi razılaşsalar da sonra verdikləri sözə əməl etməyə bilərlər. Ona görə də razılaşmanın hüquqi əsaslarının olması vacibdir”.

Müsahibimiz bildirdi ki, Rusiya ABŞ-ın Zəngəzur dəhlizinin reallaşmasında iştirakını istəmir. O cümlədən ABŞ da digər dövlətlərin deyil, məhz öz şirkətinin funksiya daşımasında maraqlıdır: “Hər bir halda Qərbi Zəngəzur bölgəsi tarixi Azərbaycan torpağı, bugünkü Ermənistanın ərazisidir. Buna görə də qərarı Ermənistan rəhbərliyi verir. Burada Azərbaycan tərəfinin heç bir məsuliyyəti yoxdur. Görünən odur ki, Paşinyan hazırda Rusiya, İran və ABŞ arasında demarş etməklə məşğuldur. Hərçənd ki, biz onu da görürük ki, İranın siyasi hakimiyyəti tərəfindən Zəngəzura yanaşmada yeni korrektələr müşahidə olunmaqdadır. Bu, korrektə, sözsüz ki, ABŞ və İran arasında olan, eyni zamanda, İranın Cənubi Qafqaz ölkələri ilə apardığı danışıqlardan çıxardığı nəticə əsasında baş verməkdədir”.

Ekspertin sözlərinə görə, Zəngəzur dəhlizinin potensialı ilkin mərhələdə 15 milyon ton yük səviyyəsində qiymətləndirilir: “Dəhliz gələcəkdə daha da genişlənə bilər. Bu, təkcə ticarət əlaqəsinə, yəni yüklərin sadəcə, Şərqlə Qərb arasında daşınmasına deyil, eyni zamanda, digər layihələrin də həyata keçirilməsinə vəsilə ola bilər. Bu, həm insanların gediş-gəlişi, həm ticarət, həm də müxtəlif təyinatlı yüklərin daşınması üçün vacib nəqliyyat arteriyasıdır. Böyük Avrasiya üçün Zəngəzur dəhlizinə, Orta Dəhlizə verilən şans bəlkə də bir daha olmayacaq. Ona görə də Ermənistan rəhbərliyi bu fürsətdən istifadə etməlidir. Bu fürsətdən istifadə etmək isə yaxın gələcəkdə Cənubi Qafqazın geosiyasi və geoiqtisadi çəkisinin daha da artması ilə nəticələnə bilər”.

Səxavət HƏMİD
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:365
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 23 İyul 2025 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see349

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see271

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see225

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see220

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see215

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see214

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see210

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see210

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see199

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see198

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see197

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see190

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see189

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see189

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see184

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see181

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see179

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see171

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri