Zəngəzur dəhlizi: Reallıqlar hansı perspektivi vəd edir?
Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Son zamanlar ən müxtəlif səviyyələrdə ciddi müzakirələrə səbəb olan Beynəlxalq Sülh və Rifah üçün Tramp marşrutu (TRIPP) layihəsi iştirakçı ölkələr üçün Avrasiya logistikasının transformasiyası prosesinin başlanması və Yeni İpək Yolunda əsas oyunçular olan ölkələrin rolunun əsaslı şəkildə yeni müstəviyə çıxmaları ilə səciyyələndirilir. Layihənin ikinci hissəsi Qərbdən Tramp marşrutuna qoşularaq, onun Anadolu istiqamətində fəaliyyətini təmin etməli olan Qars-Dilucu dəmir yolu layihəsidir ki, bunun tikintisinə də artıq Türkiyə hakimiyyəti tərəfindən rəsmən start verilib.
Bu meqalayihənin Avrasiya regionunun geosiyasi arxitekturasına verəcəyi töhfələrlə yanaşı, sülh və əmin-amanlığın təminatına xidmət edəcəyi də bəllidir. Lakin buna baxmayaraq, layihənin həyata keçirilməsinin hansı geoiqtisadi və geosiyasi risklərlə üzləşə biləcəyi hələ də ciddi mübahisələr doğurmaqdadır. Məhz bu səbəbdən istər region ölkələrinin, istərsə də dünyanın bir sıra mühüm aktorlarının siyasi şərhçiləri və iqtisadi, siyasi ekspertləri müntəzəm olaraq media müstəvisində bu mövzuda müzakirələr açırlar.
Layihənin tezliklə həyata vəsiqə almasında daha çox maraqlı olan Azərbaycan Zəngəzur dəhlizinə “şərq”dən istiqamət alan hissəni, demək olar ki, başa çatdırıb. Ermənistan isə əldə edəcəyi potensial iqtisadi faydalara baxmayaraq, dəhlizi işə salmaqda hələ də qeyri-müəyyənlik nümayiş etməkdədir. Bəzi beynəlxalq ekspertlər tez-tez belə bir ehtimalla çıxış edirlər ki, “Ermənistan Azərbaycanın irredentizmindən və təkcə Sünik (Zəngəzur) bölgəsində deyil, digər strateji ərazilər üzərində nəzarəti də itirməkdən qorxduğu üçün” riskə getmək istəmir. Buna əsas səbəblərdən biri kimi “Azərbaycanın ictimai xadimləri tərəfindən 2022-ci ildə təqdim edilən Ermənistanın Sünik və Sevan rayonları ərazisində (Azərbaycan tarixşünaslığında müvafiq olaraq Zəngəzur və Göyçə) “Göyçə-Zəngəzur Respublikası”nın yaradılması layihəsi”ni göstərir və erməni siyasi isteblişmentinin bundan ciddi narahat olduğunu bildirirlər.
Türkiyə və Azərbaycan Zəngəzur dəhlizinə təkcə öz aralarında deyil, bütövlükdə Asiya və Avropa arasında maneəsiz nəqliyyat əlaqələrinin yaradılmasında əsas element kimi baxır. Məhz buna görə də, İkinci Qarabağ müharibəsi başa çatandan bəri Bakı israrla İrəvandan Sünik üzərindən Zəngəzur dəhlizinin yaradılmasını tələb edir. Bakının bu tələbdə tam haqlı olduğunu göstərən arqumentlərdən biri 2020-ci ildə İkinci Qarabağ müharibəsindən sonra Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanan, Prezident İlham Əliyevin bəyan etdiyi kimi desək, “kapitulyasiya aktı”dır. Üçtərəfli saziş adlandırılan bu sənəd Moskvanın təhlükəsizlik zəmanəti ilə nəqliyyat kommunikasiyalarının açılmasını nəzərdə tutur. Amma 5 ilə yaxın vaxt keçməsinə baxmayaraq, Ermənistan bu addımı atmaqdan imtina edir.
Bakının bu məsələdə təkid etməsinin səbəbləri heç də gizli deyil. Əvvəla, 1992-ci ildən bəri Azərbaycan Türkiyə və İranla həmsərhəd olan eksklavı Naxçıvan Muxtar Respublikası (MR) ilə əlaqəni bərpa etmək istəyir. Çünki Naxçıvanla birbaşa quru əlaqəsinin olmaması Bakı üçün ekzistensial problem olaraq qalır. Digər tərəfdən Bakı öz logistik imkanlarını, hər ikisi 2016-cı ildə tamamlanan Türkiyənin Avrasiya Tuneli və Sultan Səlim Yavuz körpüsü kimi meqalayihələri ilə birləşdirməyə çalışır. Bu, təkcə Türkiyənin Yeni İpək Yolunda əsas rolunu mütləq şəkildə gücləndirməyəcək, eyni zamanda region ölkələrinə çox böyük iqtisadi fayda verəcək.
Azərbaycana gəldikdə isə, Bakı artıq şərq tərəfdən gələcək Zəngəzur dəhlizinə bitişik olan Horadiz-Ağbənd dəmir yolunu sürətlə inşa edir. “Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) verilən məlumata görə, layihə üzrə işlərin 84 faizi, tikinti işlərinin isə 67 faizi artıq yerinə yetirilib. 75-106 kilometrlik hissədə aktiv qazıntı işləri və mühəndis qurğularının tikintisi davam etdirilir. Layihəyə 9 stansiyanın, 40 körpünün, 26 yol keçidinin və 4 tunelin tikintisi daxildir. Diqqət çəkən məqamlardan biri budur ki, Azərbaycan ilkin mərhələdə tikintini tamamilə öz hesabına maliyyələşdirməklə Zəngəzur dəhlizi layihəsinin uğuruna tam əminliyini nümayiş etdirir. Bundan başqa, türk şirkətləri tərəfindən tikilən, Horadiz və Ağbəndi birləşdirən yüksək sürətli avtomobil yolunun da demək olar ki, 95 faizi tamamlanıb. Bu yolun təməlini şəxsən Rəcəb Tayyib Ərdoğan Azərbaycana dövlət səfəri zamanı qoyub.
Beləliklə, Azərbaycan Zəngəzur dəhlizinə şərq “yaxınlaşmasını”, Türkiyə isə qərb dəhlizini qurur. Gələcək Qars-Dilucu dəmir yolunun qısa - 224 kilometr olmasına baxmayaraq, bu, Ankara və Bakının iddialı planlarının ən mühüm halqası kimi görünür. Yeni dəmir yolunun əhəmiyyəti təkcə kəmiyyət göstəriciləri ilə məhdudlaşmır - o, Türkiyəni Naxçıvan eksklavı vasitəsilə birbaşa Bakı ilə birləşdirəcək.
Qars-Dilucu dəmir yolu xəttinin 2029-cu ildə tamamlanmasından sonra Qarsdan Azərbaycan sərhədinə gediş müddəti cəmi 1 saat 25 dəqiqə olacaq. Layihəyə Subatan, Digör, Tuzluca, İğdır, Qaraqoyunlu, Aralıq və Dilucu daxil olmaqla yeddi stansiya, eləcə də irimiqyaslı infrastruktur daxildir: 27 yol ötürücü, 10 körpü, 3 viyadük və 19 tunel. Bu xətt sərnişin qatarlarının saatda 160 kilometr sürətlə hərəkətini dəstəkləyəcək. Layihənin həyata keçirilməsi regionun logistik rolunu kökündən dəyişəcək: Qars əsas yük qapısına, İğdır ticarət mərkəzinə çevriləcək, Aralıq və Dilucu isə strateji əhəmiyyətli keçid məntəqələri kimi xidmət göstərəcək. Xəttin illik yük dövriyyəsi 15 milyon tona, sərnişin axını isə 5,5 milyon nəfərə çatacaq.
Prezident Rəcəb Tayyib Ərdoğan və nəqliyyat naziri Aydın Uraloğlu da daxil olmaqla Türkiyə liderləri layihəyə böyük simvolik əhəmiyyət verib, onu ölkənin geostrateji liderliyini gücləndirəcək, regional rifahı təşviq edəcək və qlobal ticarət şəbəkələrinə inteqrasiya edəcək “Asiya ilə Avropa arasında körpü” adlandırırlar. İqtisadi baxımdan yeni xəttin mövcud “Bakı-Tbilisi-Qars” avtomobil yolu ilə inteqrasiyası zamanı dəmir yolu nəqliyyatının Türkiyənin xarici ticarətindəki payının 1 faizdən 4 faizə qaldıracağı və 30 il ərzində 150 milyard lirəyə yaxın gəlir gətirəcəyi gözlənilir. Dəmir yolu xətti ilə yanaşı, marşrutun neft və qaz kəmərləri, eləcə də fiber optik xətləri də əhatə edəcəyi nəzərdə tutulur. Layihənin reallaşması 10 minə yaxın yeni iş yeri yaradılmasına imkan verəcək ki, bu da xüsusilə Şərqi və Cənub-Şərqi Anadolunun inkişafı üçün xüsusilə vacibdir.
Yolun təməlqoyma mərasimində jurnalistlərə açıqlama verən A.Uraloğlu onun əhəmiyyətini 2025-ci il avqustun 24-də rəsmi istifadəyə verilmiş “İzmir-İstanbul” avtomobil yolu ilə müqayisə edib. Magistral yol onun marşrutu üzrə 12 mütəşəkkil sənaye zonasının inkişafına təkan verib ki, bu da artıq xeyli yeni iş yerlərinin açılmasına səbəb olub. “Qars-Dilucu” xəttində də oxşar dəyişikliklər gözlənilə bilərmi sualına cavab verən nazir bildirib ki, ən azı indi bütün yeni sənaye obyektlərinin İstanbulda cəmləşməsinin qarşısını almaq üçün siyasi iradə var.
Yeni yolun dəyəri 110 milyard lirə (indiki məzənnə ilə təxminən 2,8 milyard dollar) olacaq. Müqayisə üçün qeyd edək ki, Rizə-Artvin hava limanı cəmi 275 milyon dollara, İzmir avtovağzalına yeni metro xətti 535 milyon dollara, İstanbulun yeni hava limanı isə 12 milyard dollara başa gəlib.
Maraqlıdır ki, “Qars-Dilucu” xəttinin maliyyələşdirilməsini beynəlxalq kreditorlar konsorsiumu, o cümlədən Yaponiyanın “Mitsubishi UFJ”, İsveç (SEK) və Avstriyanın (OeKB) ixrac kredit agentlikləri, həmçinin İslam İnkişaf Bankı həyata keçirir. Ümumiyyətlə, Türkiyədə bir çox dəmir yolu layihələri bu cür konsorsiumlar tərəfindən maliyyələşdirilir, məsələn, “Ankara-İzmir” və “Mersin-Qaziantep” sürətli dəmir yollarının tikintisi avropalı kreditorlar tərəfindən maliyyələşdirilib.
Sual oluna bilər ki, bəs Zəngəzur dəhlizinin işə salınması iqtisadi baxımdan nə üçün faydalı sayılır?
Türkiyə hesab edir ki, Zəngəzur dəhlizi makroregionda logistika axınlarını tamamilə dəyişdirmək və yükdaşıma müddətini 18 gündən 12 günə azaltmaq potensialına malikdir ki, bu da ənənəvi dəniz marşrutları ilə müqayisədə marşrutun rəqabət qabiliyyətini artıracaq. Türkiyəli siyasətçilərin cəsarətli bəyanatları göstərir ki, rəsmi Ankara Zəngəzur dəhlizinin işə salınacağına tam əmindir. Bu dəhliz olmasa, həm Azərbaycan tərəfdə “Horadiz-Ağbənd” layihəsi, həm də Türkiyə tərəfində “Qars-Dilucu” layihəsi faydasız və mənasız olacaq.
Bununla belə, bir çox politoloqlar Zəngəzur dəhlizinin açılmasını (və mahiyyətcə bərpasını) mürəkkəb və birmənalı olmayan məsələ kimi görürlər. Ermənistan, xüsusən də Zəngilan-Naxçıvan dəmir yolu xəttinin əvəzinə, tamamilə başqa, daha şimalda yerləşən İcevan-Qazax dəmir yolu xəttinin bərpa olunmasında təkid edir. Bu xətt Zəngəzurdan keçən yoldan çox-çox sonralar çəkilmişdir və Azərbaycanın “materik” hissəsi ilə Naxçıvan arasında əlaqəni Ermənistanın Sünik rayonundan deyil, İrəvandan keçməklə təmin edirdi. Ermənistan Azərbaycan ərazisindən Rusiya Dəmir Yolları ilə əlaqəni təmin etmək üçün 1992-1994-cü illər müharibəsindən sonra dağıdılan bu hissənin bərpasında maraqlıdır. Lakin konkret bu xətt bərpa olunarsa, təbii ki, tikilməkdə olan Horadiz-Ağbənd və Qars-Dilucu yollarına ehtiyac aradan qalxar. Amma Bakı buna razılıq verəcəkmi? Əsla yox, çünki bu Azərbaycana heç bir cəhətdən sərfəli deyil.
Digər məsələlərlə yanaşı, Ankara və Bakının “nəqliyyat və logistika ambisiyaları” təkcə Ermənistanın deyil, İranın da ciddi müqaviməti ilə üzləşir. Tehran öz ərazisindən yan keçməklə Zəngəzur dəhlizinin yaradılması ideyasına son dərəcə həssas yanaşır. Üstəlik, transsərhəd yükdaşımaları ilə bağlı artıq ziddiyyətlər yaranıb və üstəlik, eskalasiyaya gətirib çıxarıb. 2021-ci ildə 21 kilometrlik hissəsi İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın nəzarətinə keçən və İran yük maşınlarının Ermənistanın Sünik bölgəsi ilə gediş-gəlişinə məhdudiyyətlərlə üzləşdiyi “Gorus-Qafan” avtomobil yolunda Azərbaycanın keçid məntəqələri yaradılıb və onlardan beynəlxalq normalara uyğun rüsum tələb edilib. Eyni zamanda, Ermənistan Azərbaycanın qismən nəzarətində olan “Gorus-Qafan” hissəsinə alternativ yaratmaq üçün İran sərhədinə qədər “Aqarak-Sisyan” avtomobil yolunun tikintisini sürətləndirib.
Bunlarla paralel olaraq, İran da Ermənistan kimi ilk növbədə milli maraqlara cavab verən özünün nəqliyyat layihəsini - sovet dövründə Azərbaycanla Naxçıvan arasında qısaldılmış marşrut kimi mövcud olan Araz tranzit dəhlizinin yenidən işə salınması ideyasını irəli sürür. Tramp marşrutuna əks olan qüvvələr bu layihənin Zəngəzur dəhlizinə alternativ ola biləcəyi iddiaları ilə çıxış edirlər. Onların şərhlərinə görə, “Araz dəhlizi İrana Culfa stansiyası vasitəsilə Naxçıvan eksklavındakı dəmir yolu şəbəkəsinə inteqrasiya etməyə və beləliklə, Ermənistanın maraqlarından asılı olmayaraq, “Orta Dəhliz”lə inteqrasiya etməyə və yüklərini daşımağa imkan verəcək”.
Doğrudur, hələ 2022-ci ildə Azərbaycanın İranın Şərqi Azərbaycan əyalətindən keçməklə alternativ dəhlizin tikintisinə dair İranla razılaşdığı bəyan edilmişdi, lakin sonra geosiyasi çətinliklər və infrastruktur həllərinin həddən artıq baha olması fonunda layihəyə maraq azaldı və Azərbaycan bütün diqqətini tamamilə Zəngəzur dəhlizinə yönəltdi.
* * *
Bu ilin avqust ayına qədər təklif olunan üç nəqliyyat variantından - Ermənistan (“İcevan-Qazax” yolu), İran (“Araz dəhlizi”) və ya Türkiyə-Azərbaycan (Zəngəzur dəhlizi) - hansının həyata keçiriləcəyi ilə bağlı yekun sözü kimin deyəcəyi regionda intizarla gözlənilirdi. Bu sözü son dövrlərə qədər Cənubi Qafqazda kommunikasiyaya aktiv maraq göstərməyən ABŞ bəyan etdi. Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan Vaşinqtona səfər zamanı ölkələr arasında sülh sazişini parafladıqdan sonra Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu (TRIPP) layihəsi rəsmən təqdim olundu. Plana əsasən, Amerikanın özəl konsorsiumu Ermənistanın Sünik rayonu ərazisindən keçən Zəngəzur dəhlizini, infrastrukturun idarə edilməsi və ona bitişik ərazilərin inkişafı üçün 99 illik icarəyə götürəcək. Vaşinqton təhlükəsizlik funksiyalarını öz üzərinə götürməsə də, ABŞ-ın bu strateji regionda mümkün uzunmüddətli mövcudluğu faktı Rusiya və İranın kəskin etirazına səbəb olub. Tehran bu layihəni Vaşinqtonun İranın Qafqazla əlaqələrini kəsmək və quru blokadası yaratmaq cəhdi adlandırıb. Amma aydın məsələdir ki, Tehranın narahatlığı həm də Zəngəzur dəhlizinin son nəticədə Araz dəhlizinin ziyanına olaraq seçilməsi olub. İranın fikrincə, ABŞ-ın Cənubi Qafqazda maraqlarının ortaya çıxması anti-İran sanksiyalarını gücləndirmək üçün Tehranı iqtisadi cəhətdən bloklamaq üçün daha geniş strategiyaya uyğun gəlir. Bundan əlavə, Tehran Vaşinqtonun Zəngəzur dəhlizinin idarə edilməsində iştirakının ABŞ üçün əvvəllər bağlanmış Xəzər dənizinə birbaşa marşrut açmasından ciddi şəkildə ehtiyat edir.
İran Prezidenti M.Pezeşkianın Ermənistana səfəri zamanı N.Paşinyan onu əmin edib ki, gələcək Zəngəzur dəhlizi Ermənistan qanunvericiliyinə uyğun fəaliyyət göstərəcək. Lakin bu, nəinki mövcud ziddiyyətləri aradan qaldırmadı, həm də onların ciddiliyini ortaya çıxardı. Bakı və İrəvanın yanaşmalarında fundamental fərq qalmaqdadır: Ermənistan dəhlizin hər iki ucunda gömrük və sərhəd nəzarəti ilə tam hüquqlu keçid məntəqələrinin yaradılmasında israrlıdır, Azərbaycan isə buna Naxçıvana gedən malların məcburi yoxlanılması olmadan sərbəst nəqliyyat arteriyası kimi baxır. Ermənipərəst politoloqlar iddia edirlər ki, Yeni İpək Yolu daxilində “yük axınının potensial həcmlərini nəzərə alsaq, yalnız Azərbaycanın Ermənistana tranzit haqqı ödəməyə hazır olması İrəvan üçün iqtisadi maraq doğura bilər”.
* * *
Təhlillər aydın göstərir ki, indi ABŞ kimi supergücün maraqlarına uyğun Zəngəzur dəhlizinin işə salınması birbaşa Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasından daha çox asılıdır. Doğrudur, müqavilə Vaşinqtonda keçirilən görüşdə ölkələrin rəsmiləri tərəfindən paraflanıb, lakin onun imzalanması yolunda hələ çoxlu maneələr var. Onlardan biri Ermənistan Konstitusiyasından Azərbaycanın Dağlıq Qarabağla bağlı hər hansı qeydi çıxararaq bu aktın müddəalarında mətnin dəyişdirilməsini tələb etməsidir.
Bundan başqa, Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi üçün ağrılı olan və elitanın qorxduğu Azərbaycanın irredentizmindən ehtiyat edən N.Paşinyanın rəsmi Bakı ilə sülh məsələsini ən azı 2026-cı il parlament seçkilərinə qədər təxirə salmaq istəyi var. Lakin bu seçkidə müxalifət qalib gəlsə, çox yəqin hazırkı formada saziş imzalanmayacaq, demək Zəngəzur dəhlizi məsələsi də açıq qalacaq. ABŞ prezidenti buna necə reaksiya verəcək, bunu zaman göstərəcək.
İcmalı hazırladı:
İlqar RÜSTƏMOV
XQ


