525 ci qəzet ASAN YAŞAYA BİLMƏYİN YOLU Rafael Hüseynov yazır
Rafael HÜSEYNOV
Akademik
Bilmirəm, indiyədək Bəhlul Danəndəyə şeir həsr edən olubmu? Hər halda onunla bağlı müxtəlif dillərdə baxdığım ("bütün" yazmağım ifrat olar) çoxsaylı mənbələrin heç birində belə bir qoşquya rast gəlməmişəm. Ancaq mən yazası oldum. Azərbaycan televiziyasında Bəhlul haqda veriliş hazırlayırdım. İş elə gətirdi ki, kameraya çəkilmiş söhbətlərin montajı başlananda bir deyil, iki veriliş alındı.
Ancaq ilkin yazılmış söhbət elə idi ki, bir veriliş üçün nəzərdə tutulduğundan müqəddiməsi, yekunu vardı, iki veriliş məsələsi ortaya çıxanda artıq təzədən yazılış imkanı olmadığından növbəti verilişə də nə şəkildəsə uyğun başlanğıc və sonluq düzəltmək lazımdı. Ona görə də ön söz və son söz kimi qavranıla biləcək, kadr arxasında səslənməkçün elə studiyadaca bir neçə bənd şeir yazdım ki, yarısı əvvəldə, yarısı sonda getsin.
Sözün düzü acı olar, dəliliyə vurdu özün,
Dəliliyi sipər edib rahat dedi ürək sözün.
Yanında qanan olanda Bəhlul bilən, danəndədir,
Anlamazlar yığışanda deyər: "Bəhlul divanədir".
Bir gözü gülən çağında bir gözü ağlayan Bəhlul,
Sözüylə gah sığal çəkən, gah da ki, dağlayan Bəhlul.
Şəbədələr qoşar gedər, qoymaz dilin heç dinc Bəhlul,
Aqillərə ağıl verər, uşaqdan da nadinc Bəhlul.
Həm saflığın, həm riyanın batinini görər gözün,
Ürəklərdən çıxararsan tikan kimi sözün düzün.
Cavanların ən cavanı - qocalardan qoca Bəhlul,
Yüksəklərin ən hündürü - ucalardan uca Bəhlul.
Dillər qısa, gözlər qıpıq, ağızlarda qıfıl olsa,
Aciz qalıb sussa qanan, qalanlar da qafil olsa.
Bəhlul Dədə, nə qəm?! Səntək haqqı deyən dilimiz var,
Aqillərin ən aqili, müdrik, ötkəm Dəlimiz var.
Ən danəndə divanəsən, ən divanə danəndəsən,
Həqiqətsən, əfsanəsən, rindanəsən, bir danəsən.
Bilgə Bəhlul, sən verirsən ümid, inam hər bir vədə,
Hər sözünlə dərdimizi daşıyarsan, Bəhlul Dədə,
Hər sözünlə könüllərdə yaşayarsan, Bəhlul Dədə!
Bir dəfə Bəhluldan soruşurlar: "Sən ki bu qədər ağıllısan, niyə bəs var-dövlətin yoxdur?" Bəhlul razılaşmır: "Onu kim deyir ki, mənim var-dövlətim yoxdur?! Var, özü də lap çox. Hamısını yuxarı evdə gizlətmişəm".
Bəhlulun ikimərtəbəli evi varmış. Evdə adam olmayanda lotular fürsət tapıb soxulurlar içəri, qalxırlar ikinci qata, di gəl, nə qədər axtarsalar da, nimdaş həsirdən savayı, ələ keçəsi bir şey tapmırlar.
Fikirləşirlər ki, ya Bəhlul bizi dolayırmış, ya da qəliz yerdə gizlədib, yaxşı axtarmamışıq. Söz almaq məqsədilə dalınca gedirlər və onu bir məclisdə tapırlar. Baxırlar ki, yenə var-dövlətdən dəm vurur: "Mən bu dünyada nə qədər yaşayacağamsa, ona bəs edəcək sərvət toplamışam. Amma o dünya da var. Orada da nə qədər yaşayacağamsa, indidən ora üçün mal-dövlət tədarük edirəm".
Oğrular başlayır Bəhlulu lağa qoymağa ki, bu Divanənin basıb-bağlamağına bənd olmayın. İndicə onun mənzilindən gəlirik. Döşünə döyürdü ki, bütün mal-dövləti yuxarı evindədi. Yoxlamaq üçün getdik baxdıq, yırtıq həsirdən başqa heç nəyi yox idi. İndi də sizin başınızı piyləyir ki, guya hətta axirətə mal-dövlət tədarük edir, hamısı boş sözlərdir.
Bəhlul başını bulayır: "A fərsizlər, siz mənim yuxarı evimə necə çıxa bilərsiniz? Ora Allahın evidir. Etdiyin bütün tədarükü də gərək həmişə ora üçün edəsən, necə ki mən edirəm. Sizin gözünüz o dövləti görməz".
![](https://525.az/img/pics/large/2025-01/341614_19zdxgtvk4.jpg)
Bəhlul Danəndə ölümündən sonrakı həyatının diri yaşayışından min-min dəfələrlə uzun olduğunu bildiyindən əbədi həyatı, gələcəyi üçün elə tükənməz və köhnəlməz sərvət cəmləmişdi ki, bu gün də ona rəhmət oxutdurur. Bu tükənməz, vaxt sovuşduqca azalmayıb artan, üstünə təzə-təzə sərvətlər gətirən miras onun dillərdə dastana çevrilmiş savab əməlləri, solmaz sözləri, ibrətli düşüncələridir.
Hər adam bir dəfə doğulur, bir kərə də ölüb dünyadan gedir. Bəhlul nə hamı kimi bir dəfə doğuldu, nə hər kəs kimi bir dəfə torpağa tapşırılaraq ömrünü başa vurdu.
Sualların ən çətini kimi görünənləri olsa da, "Bəhlulla bağlı ədəbiyyatda ilk toplayıcılıq işləri nə zamandan başlayıb?", "Bu haqda soraq verən ilk qaynaqlar hansılardır?" sorğularının cavabları var: biri farscadır, biri türkcə. Hər ikisi də böyük şairlərin qələmindən çıxıb.
Fəridəddin Əttar XII yüzildə təsəvvüf ədəbiyyatının ən öndəgedən şairlərindən idi və onun yazdığı bir-birindən qüvvətli əsərlər sonrakı fəlsəfi poeziyanın da inkişafına güclü təsir göstərib. Amma yaratdıqları başqaları üçün davam etdirilən dərslərə və məktəbə çevrilən Əttarın özü də daha əvvəl yaranmış ədəbiyyatdan, düşüncə qaynaqlarından bəhrələnmişdi və qidalandığı qaynaqlardan biri elə Bəhlulmuş. Fəridəddin Əttar Bəhlulla bağlı rəvayətləri, lətifələri toplayan ilk müdrik söz yığıcısı olub. Söyləmələri topladıqca Bəhluldan sözü söz içərisində deməyin, sözü pərdələyərək qələmə gətirməyin bir çox gizlinclərini də mənimsəyib. Onun "Məntiqu-t-teyr" - "Quş dili" əsəri elə gerçəkləri uçarların lisanı ilə çatdırmağın parlaq örnəyidir. İnsanın dərd-sərini quşun dili ilə ifadə etmək adəti Əttardan sonra fars və türkdilli poeziyada geniş yayılır, "quş dili" anlayışı və təcrübəsi də ölkə-ölkə, ədəbiyyat-ədəbiyyat ötürülür.
Bu səda İmadəddin Nəsimi "Divan"ından dikəlir:
Heç kimsə Nəsimi sözünü fəhm edə bilməz,
Bu, quş dilidir, anı Süleyman bilir ancaq.
Fəridəddin Əttardan azacıq sonra, artıq XIII yüzildə Bəhlul bir surət olaraq türkdilli ədəbiyyatda - Yunis İmrə şeirində görünür. Bu məqam da düşündürücüdür ki, istər Əttar olsun, istər Yunis, onlar ikisi də sadəcə şairlər, böyük sənətkarlar deyildilər, onlar ünlü mütəsəvviflər, qüdrətli mütəfəkkirlər idilər və məhz filosof düşüncəli şairlərin, mətləbləri sözün dərinində olanların Bəhlula üz tutması onların eyni təfəkkür tərzinə sahibliklərindən gəlirdi.
Ozan Yunis Bəhlulçu olmasını elə özücə bəyan edib:
Halife oldum, bindim çok türlü hale döndüm,
Behlul ile sinlerde ol kellekıran benim.
...Sancan, qamçılayan Bəhlul Danəndə XX yüzilin əvvəllərində, Molla Nəsrəddin kimi, Azərbaycanda bir də yenidən doğulmuşdu.
1906-cı ilin aprelində qoca Nəsrəddin elə köhnə libasında, amma yeni günə uyğun sözləri ilə Mirzə Cəlil və Ömər Faiq Nemanzadənin yaratdığı mizah dərgisinin səhifələrində insanlarla yeni görüşlərini başladısa, düz bir il sonra elə həmin dalğada ayrı bir gülgü toplusunun da nəşrinə qərar verildi və 1907-ci il may ayının 19-dan həmin il noyabrın 4-dək - çar hökuməti tərəfindən qapadılanadək, geniş bilikli, yüksək zövqlü, dövrün inqilab düşüncəli cavanlarından olan, müəllim, publisist Ələsgər Əliyevin (1883-1938) redaktorluğu ilə "Bəhlul" toplusu işıq üzü gördü.
Vur-tut 9 sayının buraxılmasına imkan verilən o jurnalda üz qabığından son səhifəsinəcən Danəndə Bəhlulun ruhu duyulmaqda və görünməkdə idi. "Bəhlul"un ilk 6 sayının rəsmlərini Y.Hamberq, R.Girş, qalanlarınkını isə S.Cəlilbəyov və Ə.Əzimzadə çəkmişdilər.
"Molla Nəsrəddin" ilk sayını xalqa üz tutaraq "Sizi deyib gəlmişəm, ey müsəlman qardaşlarım!" müraciəti ilə başlayırdısa, bu dərginin də birinci nömrəsinin ilk yazısının altında "Bəhlul" imzası dururdu və köhnə zamandan təzə vaxta vəzifə ilə, tapşırıqlarla təşrif gətirmiş bu kişi sözünü hamıya söyləyirdi: "Bilin və agah olun, ey cəmaət-i dünya! Mürşidim məni göndərib gəlmişəm, gərək ki, sizləri bir para namərbut işlərdən agah edim. Çünki neçə müddətdir öz qəbiristan əhlimizə nəsihət və moizə eylədim, mənim sözümə qulaq asan olmadı. Hərçi dad ü fəryad eylədim, baba, sizdən adam olmayıb, olmadı".
Başlayır bir-bir sadalamağa ki, adamları, cəmiyyəti islah etməkçün nələr dedim və bir nəticə hasil olmadı, amma son sözlərindən də bəlli olur ki, Bəhlul usanan, bezən deyil, işini davam etdirməkçün, məqsədinə çatmaqdan ötrü qollarını təzədən çırmalayıb: "Genə olmadı ki, olmadı. İndi gəlmişəm görüm siz nə ilə məşğulsunuz, keyfiniz necədir".
Məqalənin sonunda mötərizədə "Axırı var" yazılıb. Ancaq dərgini vərəqlədikcə bunu da anlayırsan ki, "Bəhlul"un başladığı işlərin həqiqətən axırı, bitəcəyi yoxdur - Bəhlul təzədən qayıdıbsa və qayıtmağının səbəbi də insanda və cəmiyyətdə islah etmək istədiyi qəbahətlərin hələ də tükənməməsidirsə, demək, o, durmadan qayıdacaq, mübarizələrini də yolu davam etdikcə aparacaq.
Bu məram elə "Bəhlul"un başlanğıcdakı müraciətinin ardınca gələn ilk şeirdəcə əksini tapıb. "Əğniyalar qinası, yaxud zadəgan bağırtısı" adlanan o şeirin altında "Duzəxi" imzası qoyulub - yəni "Cəhənnəm əhli". Ancaq ərəb əlifbasındakı bu sözün başqa oxunuşu və tam ayrı mənada dərki də mümkündür: "Düz əxi" - yəni doğruçu qardaş.
Və sözün gerçəyini deyən bu dürüst qardaş Mirzə Ələkbər Sabir idi. Elə yolunun əvvəlindəncə "Bəhlul"la birgə idi.
Ta nəfəs var boş təbiltək dad ü fəryad eyləriz,
Boş təbiltək dad-fəryad eyləyib ad eyləriz,
Aləmi öz xeyrimizdən ötrü bərbad eyləriz,
Xalqı bərbad eyləməklə xanə abad eyləriz.
...Va əcəb! Kim, duzəx üzrə bağlanıb Qıl körpüsü
Bəs ki, çox-çoxdan yanır ətrafı qarpıbdır hisi,
Bir tərəfdən tüstüsü, digər tərəfdən istisi.
Eyləmək təşxis imkandan degil yaxşı-pisi,
Duzəxi! Sən ki bu dünya dərdinin Leylacısan
Cay dur, karında ol, nə məşhədi, nə hacısan.
Həqq sözün möhtacısan,
Ta nəfəs var dad qıl,
Sən vətən dürracısan!
Və o müqəddiməylə bu şeirin ardınca da bir karikatura gəlir: artıq Bəhlul iş başındadır: şəhər mərizxanasına - Bakının baş xəstəxanasına müalicə olunanları yoluxmaqçün gəlib. Azarlılar da Bəhlulu görüncə burada rastlaşdıqları uyğunsuzluqlardan şikayətlənməyə başlayır, "bir halda ki gəlmisən, dərdimizə çarə qıl", - deyirlər.
Xəstələrin Bəhluldan umduğu şeyxin təbiblik edərək onları sağaltmağa çalışması yox, üzdən guya daha sadə görünən, əslində isə sağlamlıqla birbaşa bağlı olan yetərincə ciddi məsələdir. Gileylənirlər ki, hər xəstəyə dərman içməkçün fincan paylayıblar, amma içini yumayıb veriblər, burada qulluq edənlər də onların sözünə məhəl qoymur. "Ey Şeyx Bəhlul! Gör bizə bir çarə edən tapılarmı?!.
Bu illərdə qələmi qılınc kimi siyrilmiş Sabir "Molla Nəsrəddin"də nə qədər fəal idisə, "Bəhlul" dərgisiylə də eyni şövqlə əməkdaşlıq edirdi. Sabir usta Sabir idi. Hansı sözü harada və necə deməyi dəqiq bilirdi. Sanki bu iki dərgi elə eyni işi görürdü, amma hər kəsin tanıdığı Molla Nəsrəddinlə hamıya bəlli Bəhlul Danəndə oxşarlıqları qədər fərqli olduqları kimi, "Molla Nəsrəddin" və "Bəhlul" məcmuələri də bütün bənzərlikləri, məslək ortaqlıqları ilə bərabər, həm də seçkin idilər, hərəsinin öz məziyyətləri və öz səciyyəvi cəhətləri vardı. Bu özünəməxsusluqları gendən bəlkə də kimsə ilk baxışdan sezməyə bilərdi. Sabirin ki çalarları seçməkçün gözlərini qıyıb zənlə baxmağa ehtiyacı yoxdu. "Molla Nəsrəddin"ə verdiyi şeirlərdə mollanəsrəddinlik, "Bəhlul"a təqdim etdiklərinə Bəhlulanəlik xas idi.
Elə dərginin birinci sayındaca Mirzə Ələkbərin "Tərane-yi əsilanə"si yer almışdı və Sabir bu şeirində təmiz Bəhlul kimi kinayə ilə, sözü tərsinə çevirərək bizləyirdi:
Nə soxulmusan arayə, a başı bəlalı fə'lə?!
Nə xəyal ilə olubsan belə iddialı, fə'lə?!
Sənə dinmədikcə, əbləh, azıxıb yolun çaşırsan,
Qapıda dayanmayıb da, zala doğru dırmaşırsan,
Qara fə'lə olduğunda bəy ü xanla çulğaşırsan,
Bəyə bizdə görməyirsən bu qədər cəlalı, fə'lə?!
Nə çığır-bağır salırsan, yorulub usanmayırsan,
Ədəb ilə öz məqamın tanıyıb dayanmayırsan,
Hələ köhnə paltarından qızarıb utanmayırsan,
Başına qoyub gəlirsən yekə bir motalı, fə'lə?!
Amma Sabir elə həmin il iyulun 7-də "Molla Nərəddin"in 14-cü sayında yer alan bir başqa "Fəhlə" şeiri də yazmışdı. "Molla"ya göndərdiyi ilə "Bəhlul"dakının suyu bir-birinə çəkirdi - belə də olmalı idi: "qohum" idilər, eyni qələmdən çıxmışdılar, amma həm də tam eyni deyildilər, hərəsində özünəxas bir incəlik sezilməkdə idi. Əvvəlcə elə zənn edirsən bu da obirinin başqa sözlərlə təkrarıdır, lakin bənd-bənd irəlilədikcə şahid olursan ki, bundakı "vur-vurum" deyən etirazçı ruh obirisindəkindən daha coddur, burada artıq söhbət sadəcə fəhləyə harınlıqla üstdən baxan zəngindən getmir, bu mənzumədə fəhlə artıq hakimiyyətin rəqibi səviyyəsinə qaldırılıb:
Fə`lə, özünü sən də bir insanmı sanırsan?!
Pulsuz kişi, insanlığı asanmı sanırsan?!
İnsan olanın cahü cəlali gərək olsun,
İnsan olanın dövləti, mali gərək olsun,
Himmət demirəm, evləri ali gərək olsun;
Alçaq, ufacıq daxmanı samanmı sanırsan?!
Axmaq kişi, insanlığı asanmı sanırsan?!
...Dövlətliyik, əlbəttə, şərafət də bizimdir,
Əmlak bizimdirsə, əyalət də bizimdir,
Divan bizim, ərbab-i hökumət də bizimdir,
Ölkə dərəbəylik deyə xan-xanmı sanırsan?!
Axmaq kişi, insanlığı asanmı sanırsan?!
Asudə dolanmaqda ikən dövlətimizdən,
Azğınlıq edirsiz də hələ nemətimizdən,
Boylə çıxacaqsızmı bizim minnətimizdən?
Ehsanımızın şükrünü küfranmı sanırsan?!
Axmaq kişi, insanlığı asanmı sanırsan?!
Danəndə Bəhlulun bütün ömrü boyunca - haçansa yaşamış olduğu illərə sığan ömrü deyil, onun dünyaya gəldiyi gündən bugünə qədər olan həyatı ərzində şəklinin ən çox çəkildiyi, insanlarla təzə sözləriylə ən mütəmadi görüşdüyü çağlar elə 1907-ci ilin "Bəhlul" dərgisi çıxan aylarıdır. Hər təzə nömrədə üzqabığındakı şəklindən savayı, jurnalın səhifələrində də müxtəlif karikaturalarda onun obrazı var, ayrı-ayrı felyetonlardakı söyləyişlərindən əlavə həm dilindən şeirlər verilir, həm ona ünvanlanmış misralar sıralanır.
...Bu danışan da Bəhluldur və artıq XX əsr olsa da, elə eynən köhnə Bəhlulun özü kimi danışa bilir, ona görə ki, o özü də elə ayrı bir Bəhluldur.
"Bəhlul"un 1907-ci il iyunun 2-də çıxan ikinci sayındakı "Qurt" adlı həmin məqalənin altındakı imza "Yuxulu"dur. Elə bir yuxulu ki, Azərbaycan tarixinin bütün dövrlərində ən oyaq adam kimi həmişə yeni nəsilləri də vaxtauyğun və həmişətəzə kəskin deyişləriylə dümsükləyəcək, diksindirəcək, qəflət uyğularından kal-kal oyatmağa səfərbər olacaq, düşüncələrə daraşmış mikrobları, canımıza işləyən virusları, mənəviyyatı gəmirən qurtları dağıtmağa can atacaq: "Bəhlul əmi! Mən ölüm, atın başın möhkəm saxla. Bir neçə kəlmə sözüm var. Qorxuram atın təpik ata, mən cəhənnəm, yoldaşım şikəst olar. A Bəhlul əmi, biz dədə-babadan görmüşdük ki, qurt pendir motalına düşər, özü də xırda olar, amma...
İndiki qurtlar ikiayaqlı olub, özü də başı adam başı kimidir. Adam kimi danışır və yeyir və adam yanında söhbət eləyir. Amma bir də qəfildən görürsən ki, adamı motal kimi qurtdadır, hərçənd, bizim həkimbaşı cənab müvəffəq ul-hükəma bu qurtları Qars, Şəki və Şirvan qurtuna oxşadır. Amma səhv eyləyib, mənim zənnimə görə, bu qurtların əmələ gəlməyi çörəkdən ötəri olub, özünə də ürəfa yanında "çörəkqurtu" deyərlər. Hərçənd bu barədə həkimbaşı çox nüsxələr yazıb, amma kargər olmayacaq, məgər ki, çörək verməyəsən, səsinə qulaq asmayasan".
Həmin "Yuxulu" Sabir idi və Mirzə Ələkbərin qısa ömür sürmüş "Bəhlul"dakı müəllifi göstərilmədən dərc edilən yazıları öz yerində, "Duzəxi" və "Yuxulu"dan əlavə "Çarub üd-dövlə", "Laübalı", "İpləmə", "Ağızları qıfıldayan" kimi də örtülü imzaları olmuşdu. Sabir çox mənada "Bəhlul"un çöhrəsi idi. Odur ki, Mirzə Cəlilin şəklinin altında Molla Nəsrəddin yazmaq nə qədər haqlıdırsa, elə Sabirin də fotosunun altına Bəhlul yazmaq o qədər ədalətli olar. "Bəhlul" dərgisini yaratmış Ələsgər Əliyevin xidmətini zərrəcə azaltmadan bunu da deməmək olmur ki, Sabir bu dərgidə sadəcə aparıcı müəlliflərdən biri deyildi, tam mənada nəşrin bel sütunu idi. "Molla Nəsrəddin"də Mirzə Cəlil və Sabirlə yanaşı, iri bir dəstə parlaqlar vardısa, "Bəhlul"un redaktorundan da önə çıxan sifəti elə Sabirdi. O səbəbdən də Bəhlulun Azərbaycanda, Türkiyədə, İranda müxtəlif dövrlərin rəssamlarının yaratdığı bütün başqa təsvirlərinin, Türkiyədə TRT xətti ilə çəkilmiş çoxhissəli bədii filmdə Bəhlul rolunu ifa etmiş aktyorun nurani simasının yanında şairin bizə tanış istənilən fotosuna barmaq tuşlayaraq inamla təsdiqləyə bilərik ki, "Bu, Bəhlulun üzüdür".
Başqalarının da günlərin birində onu Molla ilə tutuşduracağını elə əzəl başdan fərz edən "Bəhlul" özü də müqayisə aparmışdı və həmin qarşılaşdırmada da tərəzinin bir gözündə bir neçə mollanəsrəddinçidirsə, o biri gözündəki tək Sabirdir: "Bəhlul əmi, bir-iki nömrə məcmuə yazdun. Mən bir şey başa düşə bilmədim. Amma aşna, bu üçüncü nömrədən şübhələnmişəm. Gördüm ki, lap bizim rəhmətlik Molla Nəsrəddin sözlərinə oxşuyur, sən də yavaş-yavaş onun yerişin gedirsən. Onun Mirzə Xortdanı "Cəhənnəm məktubatı"nı nəsrlə yazırdı, amma sənin Mirzə Duzəxin gördüklərini nəzm ilə yazır. Onun "Dəli"si var, sənin "Yuxulu" varındır. Onun "Qızdırmalı"sı vardır, sənin "Titrətməli"n vardır. O rəhmətlik xalqa dolaşardı, sən sataşırsan. Qorxuram sən də o rəhmətlik kimi axırda donosbazların dami-təzvirinə giriftar olasan.
...Hərçənd mənə yəqindir ki, "Molla Nəsrəddin" getdi, bugün-sabah yenə öz işinə gələcək. Bəhlul da getsə, yerinə qeyrisi gələr".
(Mirzə Xortdan - Əbdürrəhim bəy Haqverdiyev idi, Dəli - Ömər Faiq Nemanzadə idi, Qızdırmalı - Cəlil Məmmədquluzadə özü idi, amma Duzəxi də, Yuxulu da, Titrətməli də bir adamdı - təkbaşına orkestr ola bilən Sabir!).
Bunları "Bəhlul" 1907-ci il iyunun 30-da buraxılmış 4-cü sayında yazırdı və o günlər idi ki, "Molla Nəsrəddin"in "həddən ziyadə zərərli istiqaməti səbəbilə" bütün hərbi vəziyyət dövründə bağlanması haqqında iyunun 8-də Tiflis müvəqqəti baş valisi general-leytenant Timofeyev Tiflis polismeysterinə əmr etmişdi, əksər Qafqaz qəzetləri bu haqda xəbər yaymışdı. Ehtimal da bu idi ki, qapanışı guya müəyyən dövr üçün nəzərdə tuturdularsa da, elə biryolluq olacaq. Həmin günlərdə elə "Bəhlul" da asta-asta sıxışdırılmağa başlanmışdı, onun da hansısa yazıları, hansısa rəsmləri senzor qayçısının güdazına gedirdi və bu dərgi də, "Molla Nəsrəddin" sayaq, çapına izin verilməmiş yazıların yerini boş saxlayaraq bunun redaksiyadan asılı olmayan səbəblərə görə belə alındığını elan edirdi, çörəyi burnuna yeməyənlər də, əlbəttə ki, işin nə yerdə olduğunu gözəlcə anlayırdılar.
Köhnə xanəndələrdə adət idi ki, muğam oxuyanda qəzəlin şirin yerində məclisdəki hörmətli adamlardan birinin adını çəkərdilər, o adam da feyziyab olardı, məclis də şuxlaşardı. Sabir də yeri gəldikcə gah o, gah bu şeirində Bəhlula müraciət edir, "Səninləyəm!" xəbərini ötürür, "Bizimləsən!" ismarışını çatdırır:
Pulu ancaq yaraşır çinliyəsən sənduqə,
Nə ki xərc eyliyəsən millətə, dindaşa, ətə.
Öylə zəhləm gedir, Allah da bilir, millətdən,
Oluram süst, adı gəlcək, dönürəm daşa, ətə.
Adı puldursa pulun, leyk özü can yonqarıdır!
Vermək olmur qohuma, qonşuya, qardaşa, ətə!
Verərəm dinimi, imanımı, əmma pulumu
Vermərəm, Bəhlul ağa, arxayın ol, aşa, ətə.
Bəlkə də elə bugünün indisində kimsə də təzə bir Bəhlulanə lətifəni quraşdırıb elə onun adından dövriyyəyə buraxır, Bəhlulu özünə sipər edir ki, başından xatanı kənarlaşdırsın, amma təzə mətləbi köhnənin əhvalatı kimi verib içəridən də yüngülləşir, eşidənlər də təəccüblənir ki, işə bax e, rəhmətlik Bəhlul bunu min il qabaq deyib, elə srağagün bizim idarədə olan hadisəyə bənzəyir.
Keçmişdəki Danəndə Bəhlulun yeni zamandakı lətifələrindən neçəsini elə yeddicə ay yaşamış "Bəhlul" yaratdı, onlardan da bir qismini Sabir. Elə bu da Mirzə Ələkbərin "Bəhlul" səhifələrində qalan ibrətli və tikanlı gülməcələrindəndir: "Cəmi dünyaya məlumdur ki, Bəhlul danəndədir. Mən də bu sözə inanıb səndən bircə sual eylərəm. Əgər bunu tapdun, onda bilərəm ki, doğrudan, sən danəndəsən. Sözün kütahı budur: Nuxu mahalında "Bu qışlaq cıxmaz" kəndi var. Bu kənddə bir şeyx molla Lətif var. Çox qəribə dualar yazar, fala baxar, bəxt açar, hər cür şirinlik, məhəbbət duası yazar. Bu kənddə bir cahil övrətin uşağı olmur. Biçarə əri övrəti gətirir molla Lətifin yanına ki, dua yazsın. Molla Lətif buyurur ki, övrət qoy bu gün burda qalsın. Kişi övrəti qoyub gedir. Molla övrətin məmələrinə bir neçə dua yazır və o biri gecə də övrət qalır mollagildə. Sübhdən əri gəlir övrəti aparsın, övrət getmir və deyir, uşaq olunca burda qalacam. Mən bunu qana bilmirəm niyə övrət evlərinə getmiyir. Əgər bildün?"
Bəhlul olmasın, sən ol, mən olum. Belə qəliz suala necə cavab tapasan?!
Bu yazının sahibi, altında yazılmasına görə, "Dərdmənd"dir. "Dərdmənd" imzası "Molla Nəsrəddin"də görünüb. Qulam Məmmədli bu imzanı Mirzə Cəlilə və Kərim bəy İsmayılova aid edib. Ancaq Cəlil Məmmədquluzadə nə açıq, nə qapalı imza ilə "Bəhlul"a yazmayıb, müəyyən mənada rəqib sayılan dərgiyə heç yazmazdı, əslində 1907-ci ildə "Molla Nəsrəddin"in başındakı qeyl ü qalları diqqətə alanda heç istəsə belə yazmağa macalı olmazdı. Odur ki, "Molla Nəsrəddin"dəki "Dərdmənd" imzalı yazılara da Sabirinki ola bilərmi şübhəsi ilə bir də daha sınayıcı, yoxlayıcı nəzərlərlə baxmaq gərəkdir. Amma "İpləmə" imzalı yazılar elə gendən "məni Sabirdə arayın" söyləyir.
"Bəhlul" dərgisi Sabirin əlinə göydəndüşmə meydan idi. Sabirinki olduğuna şübhə qalmayan, əsl müəllifliyi tərəddüdlü olan - Sabirinmi, ya hansısa başqa bir "Bəhlul"çununmu yazdığı fərz edilən mətnləri yan-yana qoyub incəliklə araşdıranda bu gümanımda daha artıq sabitləşirəm ki, bu məcmuənin hər sayındakı yazıların yarıdan çoxu elə Mirzə Ələkbərinki imiş. "Molla Nəsrəddin"dən fərqli olaraq, burada təxəllüslər, ləqəblər çoxluğuna da meyl etməsi "Bəhlul"un da ətrafında geniş yaradıcı heyətin toplandığını qabartmaqmış. Əslində isə yükdaşıyıcılar iki nəfərdi -
baş mühərrir Ələsgər Əliyev və Sabir. İki bəhlul - biri cavan, biri ahıl. "Çarub üd-dövlə" Bəhlulun (oxu: həm də Sabirin) daha bir adıydı. "Çarub", yəni süpürgə. Çarub üd-dövlə - yəni dövlətin süpürgəsi, fəlsəfəsi ilə Millətin Süpürgəçisi"! Həsən bəy Zərdabiyə xalqı üçün ƏKİNÇİLİK etmək hansı fəxarət idisə, Sabirçün də yurduna və millətinə SÜPÜRGƏÇİ olmaq eyni şərəfdi!
Sabir SÜPÜRGƏÇİLİYİnin bəhrəsi olan şeirlərdən biri "Hürriyyət bəlası" adlanırdı. Bəhlulca dilləndiyi, eyhamlarla daşan bu mənzumə əslində hürriyyət sevdasının əks-sədası idi:
Ey vah! Əcəb halımız əfqan olacaqdır,
İmdi deyilir kəndli də insan olacaqdır.
Ərbabilə kəndli edəcək işdə ədalət,
Bu dərd bizim sinədə pünhan olacaqdır.
...Bielm olub xalqa təşəxxüs satan əşxas
Yüz dövlət ü malı ola, heyvan olacaqdır.
...Həqq söz danışan hər kim ola, rədd edən olmaz,
Pul zoruna bihəq danışan yan olacaqdır.
...Çarub! Demə bəsdi dəxi, kəs səsin, əyləş,
Dövlətli görə hərzəv ü xortdan olacaqdır.
..."Bəhlul" da Sabir elə qol-qonad açmışdı ki, müqəddiməli şeirlər də yazırdı. Bəlkə daha doğru səslənsin deyə belə ifadə etmək lazımdır ki, nəsrlə gəzişmələr edib oxucusunu mətləbə varid edəndən sonra şeirə keçirdi. Bir növ öz şeirinə, musiqidəki kimi, dəraməd "bəstələyirmiş".
Mən belə əsrarı qana bilmirəm,
Qanmaz olub da dolana bilmirəm.
...Derlər: "Utan, heç kəsə bir söz demə,
Həq sözü derkən utana bimirəm.
Neyləməli, göz görür, əqlim kəsir,
Mən günəşi göydə dana bilmirəm.
Derlər usan, hərzəvü hədyan demə,
Güc gətirir dərd, usana bilmirəm.
Sabir "Hophopnamə"sindəki hər misrası bir atalar sözü siqlətli bu əbədi şeiri hər kəs dəfələrlə oxuyub, bir çoxları əzbər bilir, ancaq əksəriyyətin, yəqin, xəbəri yoxdur ki, şairin bu əsərə elə həmin qoşqunun özü ağırlıqlı ifşaçı, XX əsrin əvvəllərinə yaraşdığı kimi, XXI yüzilin balanğıc onillərinə də xeyli cəhətdən uyğun gələn ön sözü də olub, 1907-ci il sentyabrın 13-də "Bəhlul"un 6-cı sayında oxucu düşüncəsini ilk dəfə silkələyib: "Qana bilmirəm ki, neçün bizim bu ərbablarımız xarici pirqaşçiqlərə ("prikazçik" sözünün o dövrdə el dilindəki təhrif olunmuş deyilişi. Çar Rusiyasında yazılı müqavilə əsasında çalışan muzdlu ticarət işçisinə "prikazçik" deyərdilər ki, onların vəzifəsi sahibkarın adından təsərrüfata rəhbərlik etməkdi - R.H.) artıq pul verməyə yerikləyirlər, amma müsəlman pirqaşçiqlərə gəldikdə kisələrinin ağzın hörükləyirlər?! Qana bilmirəm ki, neçün bizim bu müsəlman övrətləri ancaq bir abırlı müsəlman görəndə qaçırlar, amma hammal, fə'lə, suçu, gülabçıları... görəndə üzlərin açırlar?! ...Qana bilmirəm ki, neçün bizim bu müsəlmanlar özlərin şapqalıların ayaqlarına yıxırlar (yoz: əcnəbilərin - R.H.), amma papaqlıların (yəni binəva özümüzünkülərin - R.H.) başlarına çıxırlar?! Qana bilmirəm ki, neçün bizim bu işıqlı cavanlarımız yolçu və dilənçi ana-bacılarımızı görəndə gözlərini yumurlar, amma o rus matuşkələrinə qarşı bir verstlikdən cumurlar?! Qana bilmirəm ki, neçün bizim bu tirboyun, yoğunbel fəqirlər bir işə əyilməyirlər, amma bunun-onun qapılarında sülənirlər pişiklər və itlər kimi?!"
Bir az ixtisar edərək iqtibas etdiyim bu parçadakı yaşı yüzdən də çox olan nisgillərimiz indi axarında olduğunuz həyatdan sizə tanış gəlmədimi? Balasına dayəni də uzaq ölkələrdən sifariş edənlərimiz bir sürü, özümüzünkülərə təşəxxüslə baxıb yadellilərə meydan açan səlahiyyətlilərimiz, imkanlılarımız bir qoşun, hələ mən şəxsən şahidi olduğum, öz toyuğumuzunkunu bəyənməyərək forsundan təyyarə ilə dünyanın o başından qulbeçələrinə fransız yumurtasını təyyarə ilə gətizdirənləri demirəm.
Ağlar-güləyən Sabirin, Danəndə və Divanə Bəhlulun goru çatlamasın, neyləsin?!
O sayaq müqəddiməli şeirlərindən daha birisi Füzuliyə nəzirədir. "Hamısını tapa bildim, birin tapa bilmirəm" başlıqlı müqəddimənin altında bir imza: "Ağızları qıfıldayan", bənzətmə şeirin altında ayrı taxma ad: "Titrətməli" (14 iyul, 5-ci say).
Titrətməli istəyir ki, millətini silkələsin, titrətsin, onlara müasir dünya ilə ayaqlaşmağın, keçmiş mürgüsündən xilas olmağın dərsini versin:
Özgələr qoy vışka qoysun, nefti fantan eyləsin,
Biz tamaşa qılmağı heyrətlə adət bəkləriz.
Özgələr səy ilə tousi-e ticarət eyləsə,
Bir soğan satmaqlıq ilən biz kifayət bəkləriz.
...Ta ki bizdə cəm` olsun cümle-yi ousaf-i kin
Həm bətalət, həm kəsalət, həm ətalət bəkləriz.
Bu da "Bəhlul"un səhifələrindən gələn Bəhlul səsidir, onu belə danışdıran yenə Sabirdir:
Çünki divanəliklə məluləm,
Məslək-i mə'rifətdə Bəhluləm.
Mərifəti ilə məşhur olmuş, mərifəti özünə məslək seçmiş Bəhlulun adına çıxan dərgi 1907-ci il başa çatmamış dayandısa da, elə Bəhlulanəliyinin sayəsində yenə yaşamaqda davam edir.
Bu da bir ayrı tarixdir ki, Bəhlul həmin dövrdə dərgiyə çevrilərək bir kərə də qayıtmışdı - 1909-cu ildə Tehranda Azərbaycan və İran mücahidləri Bakıda çıxmış toplunun adaşı və ruh qardaşı olan yeni "Bəhlul" dərgisi buraxmışdılar.
Azərbaycan Əlyazmaları İnstitutunda İranda farsca çıxmış "Bəhlul"un bir neçə sayı qorunmaqdadır. Tərtibatından, rəsmlərindən tutmuş yazılarınadək hər istiqamətdə Bakı "Bəhlul"unun təsiri altındadır, hətta karikaturalara baxınca elə bunları da Əzim Əzimzadənin çəkdiyi gümanı yaranır. Amma bütövlükdə, Bakı "Bəhlul"u Tehran "Bəhlul"undan nəzərəçarpacaq dərəcədə üstündür. Əsas olan isə budur ki, bu dərgi orada, o şəraitdə Bəhlul ruhunu yaşadı və düşüncələrə yeridib.
...Düşüncədə ulduzlar kimi sayrışan müdriklik saçan bu misralar Məhəmməd Füzulinin yadigarıdır:
Pəhləvanlar, badpalər səgridəndə dörd yana,
Tifl həm cövlan edər, amma ağacdan atı var.
Bu dünyadan çox cəngavərlər yel qanadlı köhlənlərini çaparaq keçdilər.
Bu dünyadan o cəngavərlərə, böyüklərə baxaraq ağac atlarını çapıb keçən uşaqlar da çox oldu.
Amma dünyamızda bir Bəhlul Danəndə deyilən süvari də yaşadı. O Bəhlul ki, uşaqların atlarına bənzəyən, cəngavərlərin atlarına oxşayan, amma tamam fərqli qarğı atını çaparaq keçdi.
Qarğı atını çapa-çapa dünyaya baxıb gülürdü, başqalarının nahamvar davranışlarını, kələ-kötür vərdişlərini seyr edib qımışırdı, hərdən rişxəndlə elə özü-özünə də sataşırdı.
Və o uşaqlardan, o cəngavərlərdən fərqli olaraq, Bəhlul Danəndə çapışlarını bu anda da davam etdirməkdədir və gələcək içərisində də öz qarğı atını çaparaq keçəcək, dünyaya güləcək, hərdən-hərdən yenə özünə istehza edəcək.
Özünüzün hansısa hərəkətinizə, hansısa sözünüzə son dəfə güldüyünüz, rişxənd etdiyiniz yadınıza düşürmü? O an yadınıza düşməyəndə Bəhlulu xatırlayın. Yaşamaq asanlaşacaq.
24 yanvar 2025
![see](https://icma.az/template/assets/see.png)