Icma.az
close
up
RU
525 ci qəzet Doğulmağım da sevgi, ölməyim də sevgidi... Zəlimxan Yaqubun 75 illik yubileyinə

525 ci qəzet Doğulmağım da sevgi, ölməyim də sevgidi... Zəlimxan Yaqubun 75 illik yubileyinə

Misir MƏRDANOV
AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor

Qərbi Azərbaycanda, elə vətənimizin hər yerində saza-sözə xüsusi bir rəğbət var. Mənim ixtisasımdan, həyat yolumdan çox uzaq olsa da, bizim Qaraqoyunlu dərəsində saz sənətinə pərəstişi uşaqlıqdan görmüşəm. Yaxşı xatırlayıram ki, 1981-ci ildə atam-anam Bakıya köçdükdən sonra onlara balaca həyəti olan bir ev almışdıq və valideynlərim həyətdə oturub o vaxtlar dəbdə olan kasetli maqnitofonda gecə-gündüz Məmməd Arazın sözlərinə bəstələnmiş "Bəlkə bu yerlərə bir də gəlmədim" mahnısına və digər saz havalarına həsrətlə qulaq asardı. Bir gün nəvələrindən hansınınsa ad gününü onların həyətində keçirməyə hazırlaşanda atam dedi ki, bu tədbirə mütləq bir aşıq gətirin. Qardaşlarım "Bakıda aşığı haradan tapaq?" deyib etiraz edəndə kimsə dedi ki, gürcüstanlı bir cavan aşıq var, deyirlər, yaxşı da səsi var, gəlin onu tapaq gətirək. O vaxtlar nə mobil telefon var idi, nə də indiki texniki imkanlar, ancaq soraqlaşa-soraqlaşa Yeni Yasamalda həmin aşığı tapdıq, danışdıq və mən bazar günü maşınımla gedib onu atamgilə gətirdim. Yolda bu aşığın qeyri-adi istedadına, Yunis İmrədən Səməd Vurğuna, Hüseyn Arifdən Sədi Şiraziyə keçə-keçə danışdıqlarına, sinədən dediyi şeirlərə heyran oldum, atamın həyətində də bizi güclü hafizəsi, fenomenal yaddaşı, dayanmadan əzbərdən dediyi qoşmalar, bayatılar, gəraylılarla heyrətləndirdi. Sazı da elə yüksək məharətlə çalırdı ki, mən indiyədək belə şey görməmişdim. Dünyagörmüş atam da, digər qonaqlar da bu aşığın qeyri-adi səsinə, çalğısına, vərdiş etdiyimiz "ay aman, ay balam"dan, "aşıq deyər asta-asta" kimi şablon sözlərdən çox fərqli oxuduğu şeirlərə, rəngarəng repertuara məəttəl qalmışdılar. Gecə yarısınadək ayrıla bilmədiyimiz bu aşıq iki dəfə eyni şeiri oxumadan o qədər dastan danışdı, xalq ədəbiyyatından indiyədək eşitmədiyimiz elə müəlliflərdən nümunələr söylədi ki, ağzımız açıq qaldı. O vaxtlar kompüter-filan da yox idi ki, bu qeyri-adi zəka sahibini onunla müqayisə edib deyəsən ki, bu adamın beyni son model kompüterdir. Onu böyük hörmət-ehtiramla yola salanda atam bircə bunu dedi ki, ay oğul, sənin gələcəyin çox parlaqdır, Allah qorusun!

Mən dağ çayı kimi kükrəyən, coşub-daşan bu fenomenal insanı maşına mindirib evlərinə aparanda yaxından tanış olub bildim ki, bizim universitetdə təhsil alıb, özü Bolnisinin Kəpənəkçi kəndindəndir, 31 yaşındadır, iki ildir evlənib, bir oğlu var. Atamın sözlərinə görə adını, familiyasını, atasının adını da soruşub dəftərimə yazdım ki, görüm doğrudan gələcəkdə bu insan məşhur olacaq, ya yox: Yaqubov Zəlimxan Yusif oğlu.

Ancaq dəftərə yazmağa ehtiyac yox imiş - Yaqubov Zəlimxanla tanışlığımız tezliklə dostluğa çevrildi, onun Zəlimxan Yaqub olduğu illərdə daha da inkişaf etdi və dünyasını dəyişənə kimi bu münasibətlər yüksək səviyyədə qaldı. Özünün dediyi kimi, o vaxtlar ailəsini dolandırmaq üçün məcburiyyətdən aşıqlıq edirdi, işlədiyi Azərbaycan Könüllü Kitabsevərlər Cəmiyyətinin təbliğat şöbəsində aldığı 100 manat pulla uşaqlarını saxlaya bilməzdi (az sonra daha bir oğlu və iki qızı dünyaya gəlmişdi). Biz də bu qeyri-adi zəka sahibinin fitri istedada malik şair olduğunu bilmədən dəfələrlə aşıq kimi məclislərimizə dəvət etdik, doymaq mümkün olmayan söhbətlərindən, şirin sözlərindən, dilimizin leksik imkanlarını sərgiləyən danışıqlarından böyük zövq aldıq. Biz onu yola salandan sonra saatlarla haqqında danışıb "bu nə möcüzədir?!" deyib heyrətləndiyimiz günlərdə bilmirdik ki, Zəlimxan dünya ilə cəngi-cidadadır:

Yolsuz yoxuşlarda yordum dizləri,

Ahımla qurutdum göy dənizləri.

Qaldı kürəyimdə kəndir izləri,

Dərdi dərd üstündən şələlə, dünya!

Səməd Vurğun deyir ki, "Qızılı udsa da, qara torpaqlar, Yenə qiymətini özündə şaxlar!" İstedad da elə bir nemətdir ki, nə qədər gizlədilsə, yaxud gizlətdirilsə də, yenə bir gün üzə çıxır, uca tanrı qeyri-adi bacarıqlar verdiyi bəndəsinə həmin fenomenallığı aşkar etməyə şans yaradır. Zəlimxan Yaqubla da belə oldu. 1993-cü ildə Filarmoniyada keçirilən bir tədbirdə istedadlara yol açan Heydər Əliyevin təklifi ilə sorağını eşitdiyi Zəlimxan Yaquba söz verilir və zalı kükrədən çıxışdan sonra hər şey sürətlə dəyişməyə başlayır. 43 yaşlı Zəlimxan Ümummilli liderin diqqət mərkəzinə düşür, xarici səfərlərdə yol yoldaşı, Milli Məclisin deputatı, Azərbaycan Respublika Prezidenti yanında Əfv Komissiyasının üzvü, Azərbaycan Aşıqlar Birliyinin sədri, Xalq şairi olur.

Xarici səfərlər demişkən, bir məsələni də qeyd etmək istəyirəm ki, dərin müşahidəçilik qabiliyyətinə qadir Zəlimxan Yaqub getdiyi səfərlərdən şair çantası boş gəlsə də, ürəyi dolu, dəftərçəsi yazılı qayıdardı. 1995-2000-ci illərdə, cəmi beş il ərzində dünyanın 20 ölkəsində, ömrü boyu görmək istədiyi Çində, Səudiyyə Ərəbistanıda, Almaniyada, ABŞ-də, İsveçdə, İsveçrədə, Qırğızıstanda, Türkiyədə, Fransada, İraqda və digər yerlərdə olarkən bəlkə də həmin ölkələrin şairlərinin indiyədək müşahidə edə bilmədiyi incəlikləri görüb məharətlə qələmə almışdı:

Bu ağlıq ki səndə var,

Süd gölündə çimənsən.

Bu ətir ki səndə var,

Yamyaşıl bir çəmənsən.

Bu qiymət ki səndə var,

Ləlsən, yaqut, yəmənsən.

Süd yox, ana döşündən

Ay işığı əmənsən.

Türk gələ, İran gələ,

Külli Hindistan gələ,

Yerini verə bilməz

Dünyanın min gözəli!

Çin qızı, Çin gözəli!

Bu illərdə Məhəmməd peyğəmbərə, Şah İsmayıl Xətaiyə, Qazi Bürhanəddinə, Nizamiyə, Füzuliyə, Yunis İmrəyə, Şəhriyara, Mustafa Kamal Atatürkə, Qarabağ hadisələrinə, Xocalı soyqırımına yüksək poetik nümunələr olan  poemalar, şeirlər yazan, bununla belə dünyanın paradokslarına heyrətini gizlətməyən Zəlimxan Yaqub yanğı ilə deyirdi:

Vaxtında uzadıb kömək əlini,

Vermədin mənimlə əl-ələ, dünya!

Nəyimə gərəkdir vaxtı keçəndə,

Göydən qızıl yağdır, ləl ələ, dünya!

Zəlimxan Yaquba bulaq demək qəbahət olar, gur çeşmə, dağ şəlaləsi kimi qaynayırdı, şedevrlər yaradır, ədəbiyyat tariximizi dəyişdirir, mədəniyyət xəzinəmizi məhsuldar yaradıcılığı ilə surətlə zənginləşdirirdi. Dostluğumuz isə davam edirdi. Mən Bakı Dövlət Universitetinin prorektoru, rektoru, sonra isə təhsil naziri olduğum illərdə də onun qatı pərəstişkarı, yaxın dostu, istedadının vurğunu kimi hər zaman yanında idim. Zarafatcıl, hazırcavab, söz üçün məəttəl qalmayan Zəlimxanın neçə-neçə duzlu-məzəli söhbəti  indiyədək yadımdadır. Bir dəfə danışdı ki, babam Şamilin qırxa yaxın nəvəsi var idi, soruşanda deyərdi ki, Zəlimxanı hamınızdan çox istəyirəm. Uşaq həsədindən nəvələr razılaşmaz, yerbəyerdən onun şeirləri qəzetdə çıxıb, ona görə çox istəyirsən, deyib kişini təntidəndə Şamil kişi cavab verib ki, Zəlimxan yeyəndə doymur, işləyəndə yorulmur, danışanda mızıldamır, ona görə onu çox istəyirəm.

Zəlimxan Yaqub bir Azərbaycan kişisi, türk oğlu türk idi. Səxavəti, sədaqəti ilə yanaşı, qeyri-adi bir cəsarəti də var idi, hələ heç bir titul, fəxri ad qazana bilmədiyi dövründə Heydər Əliyevə deyib ki, istəyirəm Filarmoniyada yaradıcılıq gecəmi keçirəm, xalqa hesabat verəm. Ulu öndər də onun bu təklifindən xoşhallanıb, deyib ki, niyə Filarmoniyada, elə sarayda (indiki Heydər Əliyev sarayında) elə ki, istəyənlər hamısı gələ bilsin. Təşəkkür edib ki, yaxşı, sarayda edərəm, ancaq onsuz da bütün Zəlimxansevənləri ora yerləşdirə bilməyəcəyəm. Çünki şair öz qədərini, xalqın ürəyində böyük məhəbbət qazandığını, istedadının səviyyəsini yaxşı bilirdi:

Mən yerin altdan çıxdım,

Mən yerin üstdən gəldim.

Bir ucu göyə bağlı,

İlahi səsdən gəldim.

Ruhum halal mayadan,

Mayam nurdan, ziyadan.

Dağdan, daşdan, qayadan,

Dəmirdən, misdən gəldim.

Saraydakı tədbirə az qalmış Ulu öndər Zəlimxandan soruşub ki, bəs məclisi kim aparacaq? Deyib ki, özüm! Mənim tədbirimi məndən yaxşı kim apara bilər? Özüm açacağam, özüm aparacağam, özüm də "Ruhani" havası ilə bağlayacağam. Onda Heydər Əliyev deyib ki, saz Azərbaycan tarixində iki ictimai xadimin sinəsinə qalxıb: bir Xətainin, bir də sənin. Get, təşkil elə, mən də gələcəyəm. Həmin tədbir bugünkü kimi yaxşı yadımdadır, Zəlimxan orada böyük istedadını xalqın qarşısında möhtəşəm bir məharətlə sərgilədi, dilimizin gözəlliklərini bütün çalarları ilə nümayiş etdirdi, ədəbiyyatımızın nəhəngliyini dediyi nümunələrlə bir daha sübut etdi,  saz və sözün sarsılmaz vəhdətini göstərdi. Zəlimxanın bir üstünlüyü də var idi ki, o, öz şeirlərini də, digər onlarla şairin yaradıcılığını da əzbər bilirdi, heç bir kağıza, qeydə baxmadan sinədən saatlarla şeir deyə bilərdi. Həm də bu şeirləri ən yaxşı aktyordan, səhnə ustasından da məharətlə ifa edirdi, çünki şeirlərin məğzini, mahiyyətini, daxili qüvvəsini, misraların, beytlərin hansının əsas olduğunu dərinliyi ilə dərk edirdi, təhsili, mütaliəsi, təfəkkürü, istedadına uyğun səsinin tembri, intonasiyası, diksiyası da var idi. Onu da unutmamışam ki, həmin məclisdə Borçalı aşıq məktəbinin görkəmli nümayəndəsi Aşıq Kamandar (Əfəndiyev Kamandar Həmid oğlu) da səhnəyə çıxdı, şair Zəlimxanın sözlərinə bir neçə aşıq havası oxudu, sonra Zəlimxanla deyişdilər, iki azman sənətkarın bir səhnəni bölməsi tədbirin yaraşığını dəfə-dəfə artırdı. Ölkəmizin tanınmış ziyalılarının, həmçinin nazirlərin, deputatların, şair və yazıçıların, mədəniyyət xadimlərinin iştirak etdiyi həmin tədbirdə Heydər Əliyev də var idi. Üç saatdan çox çəkən və böyük maraq yaradan, alqışları divarları silkələyən  o möhtəşəm gecədə Ulu öndər sona kimi məhəbbətlə iştirak etdi.

Yeri gəlmişkən qeyd etmək istəyirəm ki, şairin böyük səmimiyyət və ürək yanğısı ilə Heydər Əliyevə həsr etdiyi "Əbədiyyət dastanı" adlı iki kitabdan ibarət poeması təkcə Zəlimxanın yox, bütün poeziyamızın ən gözəl sənət nümunələrindən biri hesab oluna bilər. Bu poemanın vətənpərvərlik, yoxsa siyasət, məhəbbət, yoxsa tarix mövzusunda yazıldığını müəyyənləşdirmək çox çətindir. Şair böyük sevgi ilə yaratdığı bu əsərdə ilhamının qüdrəti ilə hərtərəfli mahiyyətə malik bir poeziya çələngi, sənət panoraması yaratmışdır:

Bu dastanın toxumunu

səpən sənsən,

çiçəyini dərən mənəm.

Yazacağam nə qədər ki,

canda ruh var,

ruhda can var.

Bu dastanın hər sözündə,

cümləsində,

Səni sevən, səni duyan

Zəlimxan var.

Həsrətini çəkəcəyəm

illər boyu,

Kövrək qəlbim

Oyum-oyum oyulacaq,

Eşqin ilə yaratdığım

bu dastanın

son nöqtəsi

mən öləndə qoyulacaq!

Zəlimxanın zəngin yaradıcılığını səhifələdikcə bütün dahi sənətkarlar kimi şeirlərində, poemalarında öz portretini yaratdığını müşahidə etməmək mümkün deyil:

Dahiləri belə gördüm -

həyatın ocağı, piri,

Ölməyi yox, itməyi yox,

özü diri, sözü diri.

Günəş kimi ədalətli,

Torpaq kimi səxavətli,

Şimşək kimi cəsarətli!

Zəlimxan Yaqub çox etibarlı, sədaqətli bir insan idi. Mənəviyyatı təmiz, pak olan, şair ürəkli belə insandan başqa nə isə gözləmək olardımı? Onunla tez-tez əlaqə saxlayar, zəngləşərdik. Yaxşı xatırlayıram ki, oğlumun toyunda məclisin bütün ağırlığını çiyninə götürərək qardaşlıq borcunun ifadəsi kimi tamadalıq etdi. Həcc ziyarətindən qayıdanda zəng edib görüşümə gəldi, orada mənim üçün də dua etdiyini söylədi, bir təsbeh bağışladı, şübhəsiz ki, müqəddəs ocaqda yerinə yetirdiyi ayinlər zamanı məni yadına salması onun çox etibarlı dost olduğunu göstərirdi. Şeirlərində bu barədə belə yazırdı:

Nə toxa bel bağla, nə aca söykən,

Nə şaha arxalan, nə taca söykən,

Özün basdırdığın ağaca söykən,

Bağbandan min dəfə bağ vəfalıymış.

Şübhə yoxdur ki, Zəlimxan Yaqub qazandıqlarını, el məhəbbətini, xalq sevgisini, milli şair statusunu öz zəhməti, əzabları ilə qazanıb:

Çox əlləşib sellər məni apara,

Qoymamışam ruhu candan qopara.

Salam verib əlimdəki qabara,

Alnımdakı axan tərlə gəlmişəm.

Zəlimxan dünyaya sevə-sevə gəldi, xalqına, vətəninə, torpağına tükənməz məhəbbətlə yaşadı, onu qüdrətli şair edib əbədiyyət pasportu verən də məhz həmin sevgidir:

Çəmənin üstündən əsən meh elə,

Çiçəyin gözündən öpən şeh elə.

İstər nökər elə, istər şah elə,

Məni sevə-sevə öldür, İlahi.

Qara saçlarıma sevgi dən olsun,

Mən bir sünbül olum, sevgi dən olsun.

Elə ölümüm də sevgidən olsun,

Məni sevə-sevə öldür, İlahi.

Təəssüf ki, vəfasız dünya ona da etibarsızlıq etdi, ömrünün ən məhsuldar dövründə, gündən-günə daha da açılan, gurlaşan istedadının ən pik nöqtəsində həyatla vidalaşmalı oldu. Xəstə vaxtlarında gedib yoluxmuşdum, amansız mərəzin çarəsizliyindən xəbərsiz idi, ancaq şair fəhmi ilə ölümə doğru getdiyini hiss edirdi və ölümə də sevgi dolu sözlər deyirdi:

Yağış gözəllərin öpür üzünü,

Damla pıçıltıyla deyir sözünü.

Şəlalə qayadan atır özünü,

Tufan dağı sevir, dalğa dənizi

Biz niyə sevməyək bir-birimizi?

Ölümü də sevməyi bacarmaq üçün Zəlimxan Yaqub olmaq vacib şərt idi...

seeBaxış sayı:89
embedMənbə:https://525.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri