Icma.az
close
up
RU
525 ci qəzet ÜRƏKLƏRDƏN TİKANLARIN ÇIXACAĞI GÜNLƏR Rafael Hüseynov yazır

525 ci qəzet ÜRƏKLƏRDƏN TİKANLARIN ÇIXACAĞI GÜNLƏR Rafael Hüseynov yazır

Icma.az, 525.az-ə istinadən, məlumatı açıqlayır 525 ci qəzet ÜRƏKLƏRDƏN TİKANLARIN ÇIXACAĞI GÜNLƏR Rafael Hüseynov yazır.

Rafael HÜSEYNOV
Akademik

Bu nəğmələrdən hansılarısa onlarla gəlmişdi, hansılarısa onlardan bir az əvvəl, hansılarısa bir az sonra. Ancaq nədirsə, Güneydən bu taya uçub gəlmiş nəğmələrin hamısında, hətta ən şuxlarında belə, lap dərində də olsa, narın bir kədər həmişə vardı.

Biri həkim idi, digəri mühəndis, biri müəllim idi, başqası alim... yəni onların arasında hər peşədən olan insanlar vardı. Əksəri də öz sahəsində yaxşı mütəxəssis sayılırdı. Hərçənd, təxminən hamısı ilk gəncliklərində tamam ayrı işlərlə məşğul olmuşdular və həyat başqa axarla davam etsəydi, yəqin ki, sonradan qazandıqları ixtisasları deyil, elə əvvəldən niyyət etdikləri sahələri seçərdilər. Lakin hansı peşəyə üz tutmalarından, hansı vəzifədə çalışmalarından asılı olmayaraq onların hamısı sonacan inqilabçı, siyasətçi, vətənsevər, xalqayanan olaraq qaldılar.

Onlar Sovet Azərbaycanına başlarında azadlıq havası gəlmişdilər.

Cənubi Azərbaycanda qurulan Milli Hökumət 1946-cı il boyu davam edərək onların hər biri üçün ən gözəl şeir kimi yaşanmışdı.

Sonra yol qəfilcə qanla-qadayla qırılmışdısa da, mühacirət edərək Sovet Azərbaycanına sığınmış bu mübarizlər əqidə adamı olaraq qalırdılar.

Onların bir çoxu ilə ünsiyyətim vardı və sanki mayası başqa cür yoğrulmuş bu insanların artıq Pişəvəri zamanından onillər ötəndən sonra da gündəlik söhbətlərində birinci yerdə siyasi gündəm və bir də xeyli geridə qalmış illərin dərinində qalmış, amma atəşi soyumamış - fədai olduqları əyyamların xatirələri dururdu.

Məmməd Salmanov həmin qafilədən idi. O taydan bu taya lap cavan yaşında keçsə, elə tezliklə musiqiyə bağlansa, 1958-ci ildə Moskvada Tələbə və Gənclərin Ümumdünya Festivalında uğurla çıxış etdikdən sonra vaxtına görə böyük nailiyyət sayılan respublikanın Əməkdar artisti fəxri adına layiq görülsə, ömrünün sonunadək musiqi, sənət onun həyatının başlıca mənasına çevrilsə də, Məmməd Salmanov da firqəçi dostlarından sən deyən fəqrlənmirdi.

Keçmiş Qənnadı fabrikinin yaxınlığında cənubi azərbaycanlı siyasi mühacirlərin hər şəraiti olan böyük binaları, geniş həyətləri vardı. Səliqə ilə öz qəzetləri çıxırdı, mütəmadi toplaşırdılar, müxtəlif tədbirlər keçirirdilər, müzakirələr aparırdılar və musiqisiz də ötməzdi. Orada Məmməd Salmanovu da, Novruz Feyzullayevi də, onlara qoşulub milli sürudu, Cənub nəğmələrini xorla oxuyan köhnə mühacirləri də az eşitməmişəm, hətta bəzi məclislərini lentə də almışam. Özləri gedib, səsləri durur...

Vaxt keçdi, nəsillər dəyişdi, daha o köhnələrdən 3-5 nəfər qala-qalmaya.

Qalanlar da çox ixtiyarlaşıblar, daha keçmiş, tanış ünvana getməyə halları da yoxdur. Heç köhnə ünvandakı tanış binadan da bir şey qalmayıb. Keçmiş iri mülkün balaca bir guşəsində o ata-anaların tudəçiliyə sədaqətli övladları ara-sıra yığışırlar.

O ötmüş çağlar ki o insanlarla tez-tez görüşürdüm, bəziləri ilə Elmlər Akademiyasının əvvəlcə çalışdığım Fəlsəfə və Hüquq, sonralarsa köçürüldüyüm Şərqşünaslıq institutlarında həm də birgə işləyirdik.

1970-80-ci illər idi və Təbrizə, Ərdəbilə, Zəncana, Urmiyəyə, Xoya, Səlmasa... aparan yollar bağlı idi.

Həmin yolları Balaş Azəroğlu, Mədinə Gülgün, Əli Tudə, Söhrab Tahir, Həkimə Billuri, Əbülfəz Hüseyni... şeirlərində, Rübabə Muradova, Məmməd Salmanov kimi müğənnilər avazlarında, yerdə qalanlar da xəyallarında, yuxularında hər gün qət edə bilirdilər.

Amma istisnasız olaraq hamısının ürəyində həsrət sağalmayan yara kimi həmişə zoqquldayırdı.

Çünki hər birinin o tayda kimi və kimlərisə qalmışdı.

Dəyişən zamana, 1990-cı illərə gəlib çatmayanlar elə həmin hicran acısını, ayrılıq nisgilini özləri ilə apardılar.

Məmməd Salmanovun oğlu, atası kimi musiqiçi olmuş Niyazi söyləyirdi ki, yolların hələ bağlı olduğu vaxtlarda hərdən atam Tehrandakı nənəmlə, bibimlə telefonla danışardı. Hər iki cümlələrindən biri "səsinə qurban olum" idi.

...Nəhayət ki, vədə yetişdi, artıq Azərbaycan müstəqilliyini bərpa edəndən sonra Məmməd Salmanova da bitməz kimi görünən ayrılıqlardan sonra İrana səfər etməyə yol açıldı.

Yenə oğlu Niyazi nağıl edirdi ki, bu səfərə atamla ikimiz gedirdik. Astarada sərhədə gəlib çatdıq, buraxılış məntəqəsində o tayda bibim uşaqları ilə dayanmışdı, bu tayda atamla mən. Bibimin yoldaşı hərbi həkim olduğundan sərhədçilərlə danışmışdı, onları başqa adamlara nisbətən daha yaxına, digərlərindən bir qədər irəli buraxmışdılar, aramızda 50-60 metr məsafə ola-olmaya. Atam baxdı, kədərli-kədərli köks ötürdü və dedi ki, bax e, 46 il bu boyda yolu keçə bilməmişik...

1992-ci il idi, 1946-cı ildən başlayan həsrətin 46-cı ili tamam olurdu, bunca uzun vaxt ərzində ürəyin dərinlərinə işləmiş həsrət acısının köklərini daha heç bir vüsalla ömürdən çıxarmaq mümkün deyildi.

...Orda, Zəncanda və Tehranda ötən uşaqlıq, yeniyetməlik illərində Məmməd xalça toxumağı öyrənmişdi.

Hər işində dəqiq, səliqəli, zövqlü olduğundan bəlkə də ardınca getsəydi, mahir xalçaçı kimi məşhurlaşardı.

Musiqiyə bağlandı, müğənni kimi şöhrətləndi və doğmaları bunu da təsdiqləyir ki, onillərlə məşğul olmasa da, xalça toxumağı unutmamışdı, barmaqlarının ilmə vurmaq ustalığı da elə əvvəlki gücündə idi.

Oğlu Niyazi bunu da söyləyirdi ki, 1992-ci ildə İranda olduğumuz günlərdə bir dəfə xalçaçı dükanına girdik, atam xalçanın elə incəliklərindən danışmağa, satıcı ilə əriş-arğac, ilmələrin sıxlığı barədə elə peşəkar söhbət aparmağa başladı ki, kişi çaşıb qaldı.

...Məmməd Salmanovu hamı əsasən mahnı ifaçısı kimi tanıyırdı. Amma onun xoş muğam oxuması da, məlahətli boğazları, lətif xırdalıqları da vardı.

Xalçaçı olmadı. Amma elə ki muğam gəzişmələrini başlayırdı, görürdün ki, əsl xalçaçıdır ki, var! Bir təsnifin ortasında sanki hana qururdu, çeşni düzürdü, başlayırdı ilmə-ilmə, naxış-naxış toxumağa...

...Hər nəğmənin içində tarixlər uyuyur. Məhz cəm halda - tarixlər. Bir var - mahnının özünün yaranma tarixçəsi, bir var - mahnının içərisində cərəyan edən tarixçə, bir də var - mahnının illər boyu gəzdikcə, oxunduqca yaranan tarixçəsi...

Üst-üstə qalaqlanan hadisələr, olmuşlar adicə bir nəğmənin insan həyatına bənzəyən taleyini, sərgüzəştli ömrünü yaradır.

Saysız dəfələr tanış nəğmələri dinləsək də, sanki onun təkinə enmirik, onların öz ömründən xəbərsiz qalırıq və məhrəm hesab etdiyimiz köhnə mahnıların çoxu bu səbəbdən bizə ürəyini axıradək açmır, onların dərinlərindəki neçə gizli qapı bizlərə qıfıllı qalır.

Onillər boyu ruhumuzu həzin səslənisləriylə həsrətlisi olduğumuz Təbrizə qovusduran sevdalı "Qaragilə" Şimala, elə Məmməd Salmanovgilin firqəçilər nəsli kimi, 1945-46-cı illərdə gəldi.

Cənubi Azərbaycanda Milli Hökumətin qələbə çalıb yaşadığı fərəhli aylarda oralarda uzunmüddətli ezamiyyətdə olmuş şimallı siyasi xadimlər, şair və yazıçılar, mədəniyyət xadimləri, əsgərlər günlərin birində bütün sabahlı ümidlərinə "əlvida!" deyərək geri qayıtmağa məcbur qalanda özləri ilə ömürlərinin sonunadək unutmayacaqları Təbriz xatirələrini, bir də zümzümə etməkdən doymadıqları nəğmələri gətirdilər.

"Qaragilə" bu şərqilərdən ən sevimlisiydi...

"Qaragilə"ni adi insanlardan tutmuş məshur müğənnilərə qədər çoxları oxuyub. Amma bu məhəbbət təranəsi - bir qaragözlü qıza sevgidən ötən bu qocalmaz nəğmə yalnız sevdanın yox, ən əvvəl Azərbaycanın bölünməkliyinin, Təbriz hicrinin acılığını içəridən duyanlara daha məhrəm olub. "Qaragilə"ni butaylılar da ifa edib, ancaq otaylıların oxusundakı "Qaragilə"si həmişə daha təsirli, daha yapışıqlı alınıb.

Rübabə Muradova "Qaragilə"ni sadəcə oxumurdu ki! "Qaragilə"yə qarışıb yanırdı, yaxılırdı, əriyirdi.

Maestro Niyazi Cənubla, Təbrizlə ilk dəfə uşaqkən görüşmüşdü. Çoxlarından fərqli olaraq, sonralar da neçə kərə İrana yenə səfər etmisdi.

Cənubun dərdləri - uzun gecələrdə ikilikdə söhbətlərimizdən yaxşı xatırlayıram ki - ona çox yaxın idi.

Və Maestro Cənubun rəmzlərindən saydığı "Qaragilə"yə biganə qala bilməmisdi. Onu 1968-ci ildə bəyənimli bir tərzdə simfonizə etmisdi, Şövkət xanım da həmin isləməni simfonik orkestrin müşayiəti ilə əla oxumuşdu - lenti qalır, neçə dəfə təkrar-təkrar dinləyin, yenə ilk dəfə eşidirmiş kimi duyğulanacaqsınız.

Amma Cənubi Azərbaycan mövzusunu sovetin buralarda örtülü etdiyi əyyamlarda efirdə, ekranda eşidilən "Qaragilə" senzura cərrahiyyəsinə uğradılmışdı. Onun Güneyliliyini sezilməzləşdirmək üçün "Təbrizin yolların dolanbadolan" misrası dəyişdirilərək "Şəhərin küçələrin dolanbadolan" edilmişdi. Lakin tək bu misra yox, başqa budamalar da varmış. Bəxtlərinə siyasi mühacirlik yazılmış, ömrün böyük parçasını Cənubdan aralı yaşamağa vadar qalmış qocaman təbrizlilər yada salırlar ki, onların gəncliklərində orda oxuduqları, dinlədikləri "Qaragilə" indi oxunandan daha genişmiş. Ancaq mən "Qaragilə"nin tapdığım bütöv mətnini onlara göstərəndə təəccübləndilər - bu mükəmməl mətnin çox hissələri heç onlara da bəlli deyilmiş. Misralarında Cənubun, Təbrizin neçə nişanəsi, izi olan bu "Qaragilə", əlbəttə ki, Sovet Azərbaycanında qayçılanmadan, Təbriz və Cənub əlamətlərindən arıtlanmadan meydana buraxılmazdı.

Və buraxılmayıb da. İlk dəfə rastlasdığım köhnə "Qaragilə"nin bu yeni mətni düşüncəmdə büsbütün yeni bir aləm açdı. Birinci dəfə "Heydərbabaya salam"ı mütaliə edəndə heç vaxt görmədiyim Cənubu qarış-qarış gəzdiyimi zənn etdiyim kimi, yolunub lümələşdirilməmiş "Qaragilə" də məni qanadına alıb Təbrizə apardı, odlu bir eşqin ayrı yerdə yox, məhz Cənubda, Təbrizdə yaşanmış tarixçəsini xəyalımda canlandırdı. Lakin "Qaragilə" haqda yazıçı Qılman İlkinin, rəhmətliklər Cahangir Cahangirovun, Ənvər Məmmədxanlının indi hafizəmdə sıraladığım söylədikləri xəyalımda bir ayrı mənzərəni də dirildir. Mürtəza Müsfiqi Kazıminin "Qorxulu Teh-ran"ını, oradakı qırmızı fanarlı "xəstə bir məhəllə"ni, kor olmuş qismətin həmin xəstə məhəlləyə uğratdığı özünü satan talesiz qadınları...

Düyünlü və qırıq sevdadan ötən "Qaragilə"ni kəc bəxti Təbrizdəki fahişəxanalara ürcah edibmiş. Məzmunu saf bir məhəbbətdən bəhs etsə də, həmin mahnı orda yaranıb, orda ifa edildiyindən cəncəlli reputasiyası "Qaragilə"yə camaat içərisinə azadca çıxmağa imkan vermirmiş.

"Məriz məhəllə"dən qıraqda onu çalıb oxumağa utanar, ayıb sayarlarmış.

Mahnı Şimala gəlib radioda, konsertlərdə səsləndiyi ilk dövrlərdə burdakı cənublular "Qaragilə"yə göstərilən bu "hörmət"ə heyrətlənərmiş. Bunu mənə köhnə cənubluların neçəsi söyləmişdi.

Ancaq "Qaragilə" Şimalda "bəraət"ini qazanandan sonra Təbrizə təzədən qayıdıb dillərə, dodaqlara qonur və daha heç vaxt "bimar məhəllə"lərdəki "qırmızı fanarlı evlər"in dustağı olmur...

Kesməkesli taleli "Qaragilə"nin yeni cilvədə daha bir qayıdışının qapısını açan nəşr ili, təəssüf ki, göstərilməmiş, amma ehtimalən qırxıncı illərin sonlarında Təbrizdə "Çəmənara" nəşriyyatında ərəb əlifbası ilə basılmış "Azərbaycan təsnifləri" adlı kitabdır. Gərək bu kitab əslində musiqiçi və musiqişünaslarımızın diqqətini çoxdan çəkəydi. Pərviz Pərvizinin tərtib etdiyi "Bakı və Qafqaz təsnifləri", "Türk Təbriz təsnifləri" və "Türk İstanbul təsnifləri" adlı üç bölməyə ayrılmış, 95 səhifəlik kitabçaya bu gün unudulmuş, oxunmayan onlarca nəğmə daxil edilib. "Qaragilə"nin tam mətnini də ilk dəfə orda gördüm və təqribən 30 il əvvəl hamınınkı etməyə çalışdım - radioda veriliş hazırladım, mətni bir qəzetdə dərc etdirdim. Lakin indiyədək gözlədiyim addımlar atılmayıb və bu əziz nəğmənin gerçək mənada tamlığı ilə hamınınkılaşmasından ötrü gərək müğənnilərimiz həmin mətnə üz tuta.

Alma iki cür olar, mən meyxoşam, Qaragilə, mən meyxoşam,

Mən üzdən xoş deyiləm, yarın xoşuyam, Qaragilə, yarın xoşuyam.

Dağlar meşədir,

Qəlbim şüşədir,

Göz yola dikmək, Qaragilə,

Mənə peşədir.

Təbrizin yolların dolanbadolan, Qaragilə, dolanbadolan,

Nə sənə qız əskikdir, nə mənə oğlan, Qaragilə, nə mənə oğlan.

Sənin o gözlərüvə mən özüm qurban, Qaragilə, mən özüm qurban.

Miz üstə qətdan,

İçi boş olu,

Sevgi sevgisin, Qaragilə,

Görsə xoş olu.

Gəlmisdim dərbəndüzə, keyfim düşübdü, Qaragilə, keyfim düşübdü

("Dərbənd" - Təbrizdə darvazaya, alaqapıya deyərlər),

Sənin gözlərüvə gözüm düşübdü, Qaragilə, gözüm düşübdü.

Mən bura gəlməzdim, işim düşübdü, Qaragilə, işim düşübdü.

Gəlirdim sizdən,

Ağ corab dizdən,

Allah ayırmaz, Qaragilə,

Bir-birimizdən.

Gedirsən Tehrana, məni də apar, Qaragilə, məni də apar,

Bu yazıq canımı zillətdən qurtar, Qaragilə, zillətdən qurtar.

Ağ corab peskəş,

Ayağa kesməz,

Olsa yarımdı, Qaragilə,

Olmasa heç kəs.

Qolunda qol saatın təraş-təraşdır, Qaragilə, təraş-tərasdır,

Kim öpüb ləbləründən, ləblərün yasdır, Qaragilə, ləblərün yasdır,

Sevirəm gözlərüvü, əfsus, qanyasdır, Qaragilə, əfsus, qan-yaşdır.

Dərbəndi keçdük,

Fərari düsdük,

Başuva dolanım, Qaragilə,

Harda sevisdük?

Boynuva salmısan zülfündən zəncir, Qaragilə, zülfündən zəncir,

Mən sənin əsirinəm, məni bir dindir, Qaragilə, məni bir dindir.

O şirin dilləründən məgər kim incir, Qaragilə, məgər kim incir?

Qızılgül əsdi,

Cəbrimi kəsdi,

Sil gözün yaşın, Qaragilə,

Ağlama, bəsdi.

Əlündən ver mənə o dəstə gülü, Qaragilə, o dəstə gülü,

Sənin əvəzündən iylərəm onu, Qaragilə, iylərəm onu,

Gözümün yaşıylan sularam onu, Qaragilə, sularam onu.

Sən özün gülsən,

Gülü neynirsən,

Dindirmə məni, Qaragilə,

Ki öldürürsən.

Qapımızın qabağı nar ağacıdır, Qaragilə, nar ağacıdır,

Narını sındırmışam, içi acıdır, Qaragilə, içi acıdır.

Sevgilini yoldan edən bir cüt maçıdır, Qaragilə, bir cüt maçıdır.

Dərbəndi keçdük,

Düsdük fərari,

Sevgili bir olur, Qaragilə,

O da vəfalı.

Evlərinin dalısı dənə xurmadır, Qaragilə, dənə xurmadır,

Əlin vurma məməmə, məməm xırdadır, Qaragilə, məməm xırdadır.

Gəl qapı dalısına, anam burdadır, Qaragilə, anam burdadır.

Əksün məndədir,

Vermiyəcəyəm,

Səndən gözəlin, Qaragilə,

Neyliyəcəyəm?

Gülüstan bağında radio çalırlar, Qaragilə, radio çalırlar

("Gülüstan" - Təbrizdəki məşhur bağdır ki, 1940-cı illərdə sovetlər o bağın mərkəzində büləndqu - reproduktor qoyublarmış - səhər-axşam səslənərmiş. Və mahnıda da məhz bu, nəzərdə tutulur).

Zülmnən sevgilimi məndən alırlar, Qaragilə, məndən alırlar.

Bilmirəm səbəb nədir ayrı salırlar, Qaragilə, ayrı salırlar

Dərbəndi döndüm,

Sevgimi gördüm,

Gəl halallaşaq, Qaragilə,

Bəlkə mən öldüm.

Sevgimin həyətində gül yeri qazdım, Qaragilə, gül yeri qazdım,

Sevgimi görəndə huşumu azdım, Qaragilə, huşumu azdım,

Ərzi-salam əvəzi gileylik yazdım, Qaragilə, gileylik yazdım.

Xiyaban enli,

Axtarır məni,

Könlü istəsə, Qaragilə,

Dalınca gəli.

Xiyabana gül gəlib güldanı bilir, Qaragilə, güldanı bilir,

Sevgilim məni görüb uzaqdan gülür, Qaragilə, uzaqdan gülür.

Yaxına gəlməyir, öz işin bilir, Qaragilə, öz işin bilir.

Əldə çıraq qaz,

Sarıdı yanmaz,

Kefcil oğlanın, Qaragilə,

Vəfası olmaz.

(Qazla işləyən, neon lampası kimi işıq verən və Almaniyada istehsal edilən belə çıraqlar Təbrizə 1930-cu illərdə gəlib çıxıb).

Yarımın bağının dövrəsi xəzəl, Qaragilə, dövrəsi xəzəl,

Hamının sevgisi oranı gəzər, Qaragilə, oranı gəzər.

Hansı kafir balası bu zülmə dözər, Qaragilə, bu zülmə dözər?

Dərbəndi döndüm,

Sevgimi gördüm,

Gəl halallaşaq, Qaragilə,

Bəlkə mən öldüm.

Uca dağlar başında narış qaşlaram, Qaragilə, narış qaslaram

(Təbriz ağzıdır: narış - narınc. Qaslaram - yəni dilimlərəm),

Yarımın ayağına givə baslaram, Qaragilə, givə baslaram

(Givə - altı da, üstü də pambığın xüsusi növündən toxunan, ayağı sərin saxladığı üçün yayda geyilən basmaq).

Yarım etsə səfər, mən naxoşlaram, Qaragilə, mən naxoşlaram.

Əlündə qarman,

Veriri fərman,

Xudam eyləsin, Qaragilə,

Dərdüvə dərman.

Qaradır qasların, arasına bax, Qaragilə, arasına bax,

Bivəfa sevgimin vəfasına bax, Qaragilə, vəfasına bax.

Aç ürəyim başını, yarasına bax, Qaragilə, yarasına bax.

Qızılgül xəndan,

Vərşo qələmdan,

Ölüm yaxşıdır, Qaragilə,

Aşiq olmaqdan

(Vərşo - yəni melxiorla işlənmiş. "Vərşo" da, güman ki, "Varşava" sözünün təhrif olun-muş şəklidir. Bəlkə də o çağlar melxior əşyalar Varşavadan gəldiyindən bu deyiş dilə düşübmüş.

Qaz çırağın da, givənin də, vərşo qələmdanın da nə olduğunu vaxtilə Balaş Azəroğludan öyrənmişdim.

"Qaragilə"nin geniş mətnində nabələd olduğum bu Təbriz cizgiləri ilə rastlaşanda Balaş müəllimə zəng çalmışdım, xəstə idi, amma suallarımı eşidən kimi qırışığı açılmışdı, həvəslə izahlarını vermişdi və hiss etmişdim ki, "Qaragilə" onu gəncliyinə - 1930-40-cı illərin Cənubuna qaytardı.

Və bunu da düşünmüşdüm ki, yəqin, Balaş müəllim dəstəyi yerə qoyandan sonra da hələ uzun müddət həmin sərab olmuş illərin yaddaşları arasında qalacaq).

Ayağımı yandırır küçələr daşı, Qaragilə, küçələr daşı,

Özümü yandırıb gözümün yaşı, Qaragilə, gözümün yaşı.

Çox yaman yoldan eylir yarımın qaşı, Qaragilə, yarımın qaşı.

Qızılgül kolu,

Kəsməsin yolu,

Alma yanaqlar, Qaragilə,

Öpsəm nə olu?

Gəlmişəm otağuva oyadam səni, Qaragilə, oyadam səni,

Nə gözəl xəlq eləyib Yaradan səni, Qaragilə, Yaradan səni.

Götürüb mən qaçaram aradan səni, Qaragilə, aradan səni.

Əksin məndədir,

Vermiyəcəyəm,

Səndən xosgilin, Qaragilə,

Sevmiyəcəyəm.

Göz yaşı ilən sularam Tehran yolunu, Qaragilə, Tehran yolunu,

Bir ildir görməmişəm yarın boyunu, Qaragilə, yarın boyunu.

Sevgim sala boynuma bala qolunu, Qaragilə, bala qolunu.

Əlündə qarman,

Veriri fərman,

Xudam eyləsin, Qaragilə,

Dərdimə dərman.

Gülüstan bağının gəl təpəsinə, Qaragilə, gəl təpəsinə,

Ana, mən vurulmuşam gül qönçəsinə, Qaragilə, gül qönçəsinə.

Hələ baş qoymamışam yar sinəsinə, Qaragilə, yar sinəsinə.

Qızılgül xəndan,

Vərşo qələmdan,

Ölüm yaxşıdır, Qaragilə,

Aşiq olmaqdan.

"Qaragilə" bir misilsiz abidədir, gərək qədri gərəyincə bilinə və könül istər ki, bu qiymətli səs heykəlimiz bugünə, bugündən isə sabaha ilkin gözəlliyində təqdim edilsin.

Çağdaş baxıla (lap Niyazinin simfonizəsindən də yararlanaraq) "Qaragilə"ni oranjiman etmək, bəndlər çox olduğu üçün mahnını müəyyən qədər teatrladırmaq, bir yox, bir neçə müğənninin və xorun müşayiəti ilə lentə almaq olar.

Bu siz, bu da gözəl "Qaragilə"miz...

...Taleyiylə insana oxşayan hər mahnının, o sıradan duyğulu "Qaragilə"nin də öz şəkli-şə-mayili var (Rəssamlarımızdan "Qaragilə"nin şəklini çəkənlər də olub).

...Düşündüm ki, bəs ələkdən keçirilməmiş bakirə mətninin qarşınızdakı əlvan sözlərindən, mənim o sözlərlə ilgili çatdırdıqlarımdan sonra içərisinin "şəkli" az-çox askarlanan "Qaragilə"nin çöhrəsini təsvir edən hansı gerçək şəkil yaraşar ona?

Bir Təbriz gözəlininmi, Gülüstan bağınınmı, bulanıq Arazınmı, Xudafərin körpüsününmü, Azərbaycanın o taylı-bu taylı bütöv xəritəsininmi?

...Unudulmaz Rübabə xanım Muradovada dayandım.

"Qaragilə" elə odur ki, var. Qırıq taleyiylə, intizarlı gözləriylə, yanıqlı avazıyla...

...O adamı hamınız tanıyırdınız (bunu arxayınlıqla deyirəm, çünki hamınız onu eşitmisiniz, səsindən tanıyırsınız), amma heç biriniz onun adını bilmir (Bunu da kiminsə qəfildən qalxıb "Bəs mən? Mən bilirəm!" deyəcəyindən ehtiyatlanmayaraq söyləyirəm, çünki bu sarıdan da əminliyim var).

Səbəb sadədir - o adamın adı yoxdur. Bu qədər məşhur adamın deyil, elə hər sıradan olan adamın da yaxşıdan-yamandan nəsə bir adı hökmən olur. Bununkusa yoxdur. İstəyir inanın, istəyir şəkk edin, amma bu, danılmaz həqiqətdir ki, var! O adam anadan olub və ona ad qoymayıblar. Özü də təəccüblüsü odur ki, bu adamın ömrün son parçasında artıq 5 pasportu vardı və dünyanın 5 ölkəsinin vətəndaşı idi.

Heyrətlənəcəksiniz ki, necə ola bilər adı olmayan adama pasport verilə.

Birinci pasportunu İranda almışdı. Növbəti pasportunu Almaniyada aldı. Sonrakını Amerika Birləşmiş Ştatlarında verdilər. Bunun ardınca gələni isə Kanadada. Sonuncu 3 ölkə də elədir ki, yüz cür yoxlamadan keçirməmiş, dərindən-dərinə araşdırmadan bir kəsə pasport kimi ciddi sənədi verməzlər. Ona həmin çəkçevirçi ölkələrdə də pasportları rahatlıqla veriblər və öz adının olmaması məsələsini də qurdalayan olmayıb. Üstəlik, hələ bizdə ikili vətəndaşlıq məsələsi olmaya-olmaya gör nə qədər hörməti var ki, Azərbaycanda da ona 2009-cu ildə pasport verilib.

Pasportda adətən adamın adı, soyadı yazılır. Onun da pasportunda ad və soyad yazılıb. Soyadı həqiqidir - bu heç, onunla işim yox. Adsa özününkü deyil.

Bir daha təsdiqləyirəm - bu adamın doğulandan adı olmayıb, onun doğumunu da rəsmi kitablarda qeydiyyata salmayıblar, ona dünyaya gəlməsi ilə bağlı doğum şəhadətnaməsi də almayıblar.

Çox da indiyəcən sizə belə hadisə rast gəlməyib. Rastınıza çıxmayıbsa, heç vaxt "ola bilməz" deməyə də tələsməyin. Olanda olur. Elə biri bu!

Bu adsız adam Təbrizdə doğulmuşdu. Böyük külfət imişlər. Ailədə 9 uşaq olublar. Şahlıq əyyamları imiş. Azərbaycanlı ailəsində təvəllüd tapan uşaqlara dərhal sənəd almaq sən deyən asan iş deyilmiş. Həm də 1950-ci illərmiş, şah bir qaçandan sonra dübarə qayıdıbmış, vəziyyət lap qarışıqmış.

Bəzən aylarla, aylar nədir, illərlə bir parça kağızdan ötrü Azərbaycan ailələri idarələrin yolunu gedib-gəlməli olurmuş. Bu təzə doğulan uşağın özündən böyük qardaşı vəfat edibmiş. Vaxtilə o fağıra da doğum şəhadətnaməsini xeyli süründürməçilikdən, uzun ləngimədən sonra alıblarmış.

Nə ölənin vəfatını rəsmi qeydiyyata salırlar, nə də bu təzə doğulanın anadan olmasını rəsmən təsdiqlətdirirlər.

Ailə "elə vəfat edən uşağın doğum şəhadətnaməsi bununku olsun" qərarını verir.

Nə təzə şəhadətnamə almaq üçün gedib məmur qapılarını döyməyə lüzum qalır, nə də bu uşağa yeni bir ad fikirləşməyə ehtiyac yaranır.

Elə ölən qardaşının adı və soyadını ondan yadigar qalan sənədi ilə birgə aid edirlər bu körpəyə və dünyaya adsız gəlib adsız yaşayacaq bu uşaq dönüb olur Yaqub Zurufçu!

Təbii ki, uşağın özünün bundan xəbəri yox idi, bu gerçəyi böyüyəndən, iş-işdən keçəndən sonra biləcək və görəcək ki, heç bu dünyada özünün olmayan və artıq səninkiləşmiş adla yaşamaq da fəna deyilmiş. Onsuz da həyatda çox şeylər şərtidir.

Valideynləri, bacı-qardaşları, qohum-qonşu tədricən dəyiş-düyüşə alışır və bir qədər sonra daha heç yada da düşmür ki, belə bir ad varisliyi, bu sayaq sənəd ötürücülüyü olubmuş...

...Mirzə Ələkbər Sabirin oğlu, unudulmaz Məmmədsəlim Tahirli mənə söyləyirdi ki, o, atasının sonbeşiyi olub.

49 yaşında dünyadan köçən zavallı Sabir onun heç üzünü görməyib. Həyat yoldaşı hamilə imiş, amansız xəstəlik dahini aparır və az sonra oğlu dünyaya gəlir (Bəzi mənbələrdə Məmmədsəlim Tahirlinin 1908-də doğulduğu göstərilsə də, yanlışdır. Hər halda düzünü can yiyəsi bilər. 1983-cü ildə isə bunları Məmmədsəlim müəllim mənə danışıb və mən də hamısını yazmışam lentə ki, gələcəkdə doğrunu sübut etməkçün "Quran"a əl basmaq zərurəti ortaya çıxmasın).

Sabirin sonuncudan əvvəlki bir neçə uşağı elə körpəykən vəfat edibmiş. Bu qəmli qəziyyəni də Məmmədsəlim müəllim özünə xas şuxluqla nağıl edirdi.

Heç mümkündürmü Sabirin oğlunda mizah damarı olmaya?!

Məmmədsəlim müəllim məzə ilə danışırdı ki, ailənin, nəslin başbilənləri qərara gəlirlər Əzrayılı aldatsınlar: "Mənim adımı Məmmədkazım qoyurlar. Amma başlayırlar Məmmədsəlim çağırmağa ki, Əzrayıl çaşsın. O gümanla ki, Ölüm Mələyi tapşırığını alıb vəzifəsini yerinə yetirməyə gələndə başlayacaq Məmmədkazımı axtarmağa. Tapmayıb naçar qalacaq, əliboş qayıdıb gedəcək".

Və Məmmədsəlim müəllim gülə-gülə bunu da əlavə edirdi ki, görürsənmi, fəndimiz özünü doğruldub, yaşım 70-i keçib, səninlə üzbəüz oturub söhbət edirəm, indi sən Əzrayıla həqiqəti açmasan, bundan sonra da yaşayasıyam.

...Bir Allah şahiddir ki, mən o sirri açıb eləmədim, amma Məmmədsəlim müəllimi 1993-cü ilin yanvarında itirdik...

O dəyərli insan, qiymətli müəllim və alim 80-dən çox yaşadı.

Ümid edirdim və arzulayırdım ki, dost saydığım, taleyində təqribən oxşar azdırıcı əlamət olan Yaqub Zurufçu 90-ı adlasın, 100-ü də keçsin.

Məmmədsəlim müəllimin əsl adından başqa iz azdırmaqçün verilmiş ikinci adı da vardı, xətasız-bəlasız 80-i keçdi. Yaqub Zurufçununsa haçansa onu (və növbəmiz yetişincə hər birimizi) aparmağa gələcək Qüvvəni duyuq salacaq əlavə adı-filanı da yox idi. Daşıdığı adın sahibi də haçansa gəlməli olan Mələyinin dəftərində 60 ildən çox idi ki, yoxlar siyahısında idi. Odur ki, istəkli dostumuzun Göylərdən heç bir təhlükə gözləmədən sanki hələ onillərlə rahatca yaşayıb-yaratmaq, bizləri yeni oxularıyla feyziyab etmək girəvəsi vardı. Heyiflər ki, 2021-in sentyabrında 65 yaşında getdi.

...Yaqub Zurufçu dünyanın çox ölkələrində olub, çox səhnələrdə çıxış edib, çox nəğmələr oxumuşdu. Bir-birinə bənzəməyən o konsertlərin hamısını bənzər edən bir cəhətsə həmişə göz önündə idi. O, harda oxuyur-oxusun, mütləq həmişə oxularının arasından Təbriz də boylanırdı, Bakı da. Onun dilində də, səsində də, varlığında da Azərbaycan həmişə bütöv idi.

Yaqub Zurufçu Arazın keçilməz ayrılıq çayı olduğu illərin də şahidi idi, Arazın o tayla bu tayı qovuşduran bir rəmz olduğu həyəcanlı tarixləri yaşamaq da qismətinə düşmüşdü. Bir dəfə Yaqubdan soruşdum ki, heç Arazda üzmüsünüzmü?

Anladı bu sualı nəyə görə verirəm. Bildi ki, bu suala ürəyim istəyən cavabı verməsə, sadəcə "hə", yaxud "yox" desə, ardınca hökmən əlavə sualım olacaq, ən azı xəbər alacağam ki, "heç Arazda çiməndə balaca qara balığa tuş düşməmisiniz?"

Yaqub Zurufçu Təbrizin məşhur Çərəndab məhəlləsində böyümüşdü və mənə qırıq taleyi ilə, parlaq istedadı ilə ikinci Müşfiq kimi görünən Səməd Behrəngi də həmin Çərəndab uşaqlarından idi. Bəxt elə dövr etmişdi ki, Səməd Behrəngi Yaquba dərs də vermişdi. Səsi olduğunu bilincə, ona bir nəğmə oxutdurub qabiliyyətini duyunca kimlərdən olduğunu soruşmuşdu və bəlli olmuşdu ki, Yaqubun böyük qardaşı ilə Səməd dostdur.

Səməd: "Sənin yaxşı səsin var, tanınan oxuyan ola bilərsən. Sənə bir xalq mahnısını da mən öyrədəcəyəm", - deyibmiş.

Və "Evləri var xana-xana" mahnısı Yaquba Səməddən yadigar qalmışdı.

...Sellər tək Saranı aparmayıb ki!

Daşqınlar-sular yalnız Xançobanın sinəsinə dağ çəkməyib ki! Xan Arazın boynunda Səməd suçu da var! Onun da həyatı Arazın bulanıq sularında bitib.

Yazıq Araz!!! Hansı pırtlaşıq düyünümüz olub, deyilməsi müşkül hansı dərdimiz çıxıbsa, əsas səbəbkar qalıb bir qıraqda, səni qınamışıq, səni qarğımışıq, səndən gileylənmişik. Səndən olsaydı, Səmədə qıyardınmı?!

Səməd gəlir gülə-gülə,

Döşündə bax qızılgülə.

Hər əlində dörd kitab,

Döndərir bizim dilə.

Bu nəğmə Səməd Behrəngi haqqındadır. Bunu Yaqub Zurufçu oxuyardı.

Oxuyurdu, qəhərlənirdi, sözlər onu alıb qayıtmaz dünənə aparırdı, bu bircə bəndin içindən bütöv bir tarix, neçə-neçə ömür, itkilər, həsrətlər, ayrılıqlar, mübarizələr, acılar və ümidlər keçirdi.

Belə ürəksıyıran misralar, bu cür yaranın qaysağını qoparan nəğmələr, bu sayaq nostalji daman musiqi parçaları onunçün sadəcə şeirlər, havalar, mahnılar deyildi.

Bütün bunlar onunçün özünün və millətinin, yurdunun taleyi, keçib gəldiyi və davam edən keşməkeşli yolu idi. Ona görə də ən məşhur oxuyanlardan sonra Yaqub Zurufçunun oxuduğu "Ayrılığ"ın niyə əvvəlkilərin hamısından təsirli olmasına heyrətlənməyin. Başqaları nəğmə oxuyub, o öz taleyini!..

...Aranımızdan çox-çox ucalarda, gözəl Şuşanın Cıdır düzündə sehrli bir gül bitir. Adına "Xarıbülbül" deyirlər. Hər çiçəyində köksünə tikan sancılmış bir sarı bülbülün şəkli, heykəlciyi var. Torpağımızın bu möcüzəli çiçəyi "Qırmızı kitab"a da düşüb. Dünyanın düz vaxtında, 1960-larda, 1970-lərdə mərc çəkərək hər il yaz açılanda, yay gələndə bu inanılmaz çiçəyi görmək üçün Şuşaya gedənlər az olmurdu. Şübhə içində gedib görürdülər ki, söylənənlər düz imiş və heyrət içində geri dönürdülər (Söyləyirdilər ki, bu çiçək Cıdır düzündən başqa heç yerdə bitmir. 1990-cı ilin yayında Çexoslovakiyada, Bratislava şəhərində idim. Meşə yolu ilə enərkən qəfilcə bir çiçək diqqətimi çəkdi. Ürəyimdə ona ad da verdim - "Xarıbülbül"ün qardaşı". Bu çiçəyin üstündə başı sambrerolu bir uşaq heykəlciyi vardı. Bir neçəsini yadigar qalsın deyə üzdüm. Çox sonralar oxudum ki, sən demə, üzərində çeşidli fiqurlar olan bu qəbil çiçəklər dünyada az deyilmiş.

Və günlərin birində rastıma "Xarıbülbül"lə bağlı adamı diksindirən bir hadisə də çıxdı. 1990-cı illərin axırları idi. Metroda gedirdim, axşamüstü idi, adam azdı, bayaqdan bəri gendən mənə diqqətlə baxdığını sezdiyim bir cavan keçib əyləsdi yanımda. "Şuşadanam, sizi tanıdım, - dedi, - elə axtarırdım ki, sizi tapıb bir möcüzəyə oxşayan hadisəni xəbər verim. Qaçqınlıqdı. Şəhərdən aralı, Radiozavod tərəfdə bir koma düzəltmişəm. Evin yanında bir balaca bağ da saldım. Bu yaz nə görsəm yaxşıdır? Orda "Xarıbülbül" bitib. Nə sirdir bu, anlaya bilmirəm. Çiçəyin toxumu əsyalarımıza qarışıb gəlibmi, ya elə "Xarıbülbül" də hamımız kimi qaçqın-köçkün düşübmüş, ardımızca bura pənah gətirib?").

..."Xarıbülbül"ün Güneydən əsən mehlərə qoşularaq bizə çatan bir ayrı macərası da olub.

Qarabağdan Tehrana yol çox uzaqdır. 1801-ci ildə, adı yanıqlı misraları ilə tariximizə həmişəlik həkk olunmuş "Ağabacı" təxəllüslü Ağabəyim ağanı (1870-1832) tale qova-qova o qərib şəhərə aparıb çıxarmısdı. Vaxtın və şəraitin hökmü ilə Qarabağ xanı İbrahim Xəlil xan nazlı qızını İran hökmdarı Fətəli şah Qacara ərə verməyə vadar qalmışdı. Nəslin daha bir ürəyi şeirli övladını, Xurşidbanu Natəvanın bibisi Ağabəyim ağanı ərə verməyinə vermisdilər, ancaq ömrünün axırınadək Fətəli şah onun vüsalına yetə bilmədi. Ağabəyim ağa qız qarıdı. Ağrısını, nisgilini ana dilində və farsca qələmə aldığı şeirlərə səpdi.

Əfsus ki, yarım gecə gəldi, gecə getdi,

Heç bilmədim ömrüm necə gəldi, necə getdi.

Bu bircə beytinə Ağabəyim ağanın möhnətli ömrünün bütün qüssəsi, təəssüfü, ümidsizliyi hopub.

Elin söylədiyidir. Ürəyindəki yurd həsrətini, vətən yanğısını ovutmaqçün Ağabəyim ağa Tehranda bağ saldırıb, adını da "Vətən bağı" qoyubmuş. Bağa bu adı səbəbsiz verməmişdi. O bağ elə Tehranın içindəki Şuşa, Qarabağ kimiydi. Bağın torpağı da, ağacları da, çiçəkləri də doğma Qarabağdan gətirilmisdi. Hansı tingi, hansı gülü, hansı göyərtini gətirib əkmişdilərsə, tutmuşdu, böyüyüb qalxmışdı. Tək "Xarıbülbül"dən savayı. Bu həssas çiçək yad torpağa isinişə bilməmişdi. Əslində elə Ağabəyim ağa özü də beləydi və bu çiçəyin sədaqəti ağrıya çevrilib onun ürəyini titrətmişdi, kövrək misralara dönmüşdü. Sonra bu ağlamsınan sətirlər çevrilib nəğmə oldu, Tehrandan baş götürərək Güney Azərbaycan boyu dolaşdı, oralardan da durnalar kimi Qarabağ sarı uçdu, illərdən süzülə-süzülə bu günə də gəlib çatdı:

"Vətən bağı" al-əlvandır,

Yox içində "Xarıbülbül".

Bu da belə bir dövrandır,

Səsin gəlsin barı, bülbül!

Bu, "Sarı bülbül" adı ilə məshur olan xalq mahnısının tarixçəsidir. Bu üzüntülü əhvalat, bu göynəkli nəğmə illər ötdükcə aşıqların dilində, sazların telində "Tahir və Zöhrə" dastanına da keçdi.

"Sarı bülbül" günümüzə çatanacan başına nələr gəlib, hansı görəcəklərlə tuş düşüb? Mahnının ilk bəndi çox zaman belə oxunur:

Vətən bağı al-əlvandır,

Yol üstündə sarı bülbül,

Ömür sürməli dövrandır,

Çal əlində sazı, bülbül.

O nəğmənin yarandığı gündən bəri çox şey dəyişib və "Sarı bülbül"ün özü də zaman ötdükcə xeyli təhrif edilib. Misraları bu kökə sovet dövrünün əli bolşevik qayçılı senzorları, xəfiyyə düşüncəli redaktorları salıb. Köhnə nəğməni təzə məfkurəyə uyğunlaşdırıblar, əski mahnının dilini sovet quruluşunu və həyat tərzini təqdirə və tərənnümə, yaşamalı çağlar olduğunu bəyan etməyə məcbur qılıblar.

Burda bir neçə yanlış var. İkinci misra əsaslı şəkildə təhrif olunub. Necə yəni "Yol üstündə sarı bülbül?" Bülbülü gül üstündə, budaqda görərlər, yolda yox ki! Əvvələn, məntiq itir, ikincisi də, bir misra ötüncə gələn kəlmə qafiyəlikdən çıxır. "Sarı" hara, "sazı" hara?

"Ömür sürməli dövrandır". Yox, Ağabəyim ağa heç vəchlə belə deyə bilməzdi. O, hicranlı, qəribsəməklə ötən bir ömür sürüb və ona görə də soyuq ah çəkərək "Bu da belə bir dövrandır" deyib.

Əslində qoşqunun bakirə variantında dördüncü misra "Çal əlində tarı, bülbül" kimidir. Lakin o nəğmə, o şeir aşıqlar tərəfindən "Tahir və Zöhrə" dastanına gətirilərkən ozanlar üçün daha doğma olan saz bu şeirdəki "tarı" da sıxısdıraraq misradan çıxarıb.

"Sarı bülbül" bu gün də oxunur və özü də çox oxunur. Bu mahnıya uşaqlardan tutmuş tanınmış müğənnilərimizə qədər çoxları üz tutur. Dinləyirik və hər dəfə də yanlıslarla, bəzən hətta təzə əlavə olunan səhvlərlə tuş düşürük.

Ağabəyim ağanın təşvişli, sıxıntılı həyatı boyu çəkdikləri bəs etməzdimi ki, bizlərə bəlli yeganə nəğmə yadigarı da bu umulmaz rəftara məruz qalsın.

...Şama aşiq pərvanə sevgisinin şiddətindən özünü oda yaxıb qanadlarını qarsar. Eşqin səfasına çatmaq cəfa çəkmədən mümkün olmur. "Xar" tikan deməkdir və qızılgülü kim tikansız gördü?! "Xarıbülbül" dediyimiz əslində "Xarrıbülbüldür", yəni köksünə tikan girmiş bülbül. "Xarlı" deyilə-deyilə, dildə-ağızda dəyişə-dəyişə "xarrı" olub.

Üç onilə çatan əzablı müddət boyunca göyçək Qarabağımızın bağları da, dağları da qara rəngin kədərinə büründü, hər qarabağlı da, bağrı Qarabağa bağlı hər azərbaycanlı da qanıqara yaşadı, qaraqabaq dolandı, sinəsini tikan dələn yaralı bülbülə bənzədi, o dərdli illət davam etdikcə Şuşanın yamaclarında-ucalıqlarında bitən xarı bülbüllərlə görüşə bilən təkcə, ən əlçatmayan uzaqlara qanadlana bilən, o qəm çilənmiş nəğmə idi ki, bir zamanlar Güneydən uçaraq Arazı adlamış, bu taya gəlmişdi.

Ancaq Güneydən bura gələn neçə sözün də, nəğmənin də, elə Güneyin özünün də köksündə hələ o qədər tikanlar sancılı qalır ki! Əlbəttə ki, xarrıbülbülün, Şuşanın, Qarabağın köksündəki tikan biryolluq çıxdığı kimi, o tikanlardan da qurtuluşların gözəl günləri mütləq gələcək!

15 fevral 2025

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az-ı izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://525.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp elan etdi: Rusiya ilə ikinci raund bu tarixdə bşlayır

23 Fevral 2025 01:37see131

Türk ulduz La Liqa nəhənginin radar ında

23 Fevral 2025 19:26see118

Rusiyanın Ukraynadakı keçmiş casusu sirləri açdı: Bunu hamıdan gizlədirlər”

23 Fevral 2025 01:39see117

Ədalət Şükürov gənclik illərində… Foto

23 Fevral 2025 15:47see116

Hər iş sahibinə dönər...

23 Fevral 2025 22:01see115

İran ordusu amfibiya desant əməliyyatı həyata keçirdi

24 Fevral 2025 00:51see112

Lavrov sabah Hakan Fidanla hansı məsələləri müzakirə edəcək DETALLAR

23 Fevral 2025 14:55see112

Vaşinqton Kiyevə resurs gəlirlərini ABŞ nin nəzarətində olan fonda köçürməyi təklif edib

23 Fevral 2025 01:31see111

Hizbullah tərəfdarları Beyrutda: döyüşə hazır vəziyyət

23 Fevral 2025 16:58see110

Global Media Group bağlı olan saytlar fəaliyyətini DAYANDIRDI

22 Fevral 2025 22:18see110

Bakı Sumqayıt yolunda “BMW” yandı VİDEO

23 Fevral 2025 20:26see110

Aqşin Yeniseyin 3 dəqiqədə 3 səhvi REPLİKA

24 Fevral 2025 08:00see109

Bakıda maşın almaq istəyən şəxs alverçinin qurbanı oldu VİDEO

23 Fevral 2025 08:45see108

Lukman İngiltərə yolunda

24 Fevral 2025 11:25see108

Məktəbin qar, təhsilin isə ekologiya dərdi Şagirdlərin xəbərsiz qaldığı təhlükələr

23 Fevral 2025 23:52see108

Liqa 1: Olimpik Marsel i kötəklədilər

23 Fevral 2025 05:18see107

Məşhur müğənni qəhvəxanada yaşlı kişilərlə belə pozalar verdi FOTOLAR

23 Fevral 2025 21:37see107

Sürət həddi endirildi

23 Fevral 2025 22:09see106

MİDA nın 5 aylıq tender məlumatları niyə yoxa çıxıb? ARAŞDIRMA

24 Fevral 2025 09:10see106

Abşeronun bu kəndinin yollarına xüsusi texnikalar cəlb edildi FOTO/VİDEO

23 Fevral 2025 22:07see105
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri