Icma.az
close
up
RU
525ci qəzet Ayaz Mütəllibovdan animasiya filmi...

525ci qəzet Ayaz Mütəllibovdan animasiya filmi...

Ötən əsr hər zaman marağıma səbəb olub. Bəzən o qədər arzulamışam ki, kaş o dövrdə yaşayaydım. İçərişəhərin dar küçələri ilə müsahibimin emalatxanasına doğru addımladıqca addımbaşı qarşıma çıxan köhnə mənzillər məni xəyalən həmin dövrə aparırdı. Emalatxanaya çatıb içəri daxil olanda isə bir anlıq arzumun reallaşdığını düşündüm. Balaca, zəif işıqlı otaq, canına bir əsrin xatirəsi hopmuş kədərli divarlar...

Müsahibim Azərbaycanın tanınmış animasiya rejissoru, ssenarist, kino rəssamı, Əməkdar mədəniyyət işçisi Elçin Hami Axundovdur. 1994-cü ildən "Azanfilm" animasiya filmləri studiyasının bədii rəhbəri olan Elçin Hami "Arzularını çəkən rəssam", "Daş", "Güzgü", "Fitnə", "Humayın yuxusu", "Kirpi balası və alma", "Ümid", "Uşaq və külək" kimi 30-dan çox filmin müəllifidir.

Elçin Hami Axundovla söhbətimizi oxuculara təqdim edirik.

- Elçin bəy, gəlin elə birinci özünüzdən danışaq. Uşaqlıqdan bu günə qədər Elçin Hami Axundov hansı yollardan keçib?

- Mən İçərişəhərdə anadan olmuşam. Bax o şəkildəki məscidin minarəsini görürsən? (Divardan asılan balaca çərçivənin içərisindəki minarə şəklini göstərir) O minarənin altında bizim evimiz var idi. Orada böyümüşəm. Bacım pianino, qardaşım skripka çalırdı. Bir gün atam dedi ki, bizim nəsildə heç rəssam olmayıb, gəl səni rəssamlıq dərnəyinə yazdıraq. Çəkdiyim şəkillərə baxıb deyərdi ki, gör nə yaxşı çəkir. Hə, beləcə mən də rəssam oldum. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə girdim, daha sonra universiteti qurtardım və animasiyaya gəldim. O vaxt animasiya kursları var idi, həmin kurslara qoşuldum. 1966-cı ildə daxil oldum, dostlarımı da cəlb elədim və nəticə etibarilə birinci filmi - "Cırtdan"ı çəkdik. Klassik "Cırtdan"ı nəzərdə tuturam. Çünki ondan sonra "Cırtdan"la bağlı bir çox layihəmiz olub, amma klassik "Cırtdan" nağılını biz 1969-da çəkdik. Ondan sonra ildə bir-iki dənə, 80-ci illərin axırlarında isə 7-8 animasiya filmi çəkdik. Sovet dövründə maliyyələşmə var idi. 1990-cı ildə müstəqil olandan sonra maliyyə olmadı. Ona görə 1995-ci ilə qədər bir neçə film çəkdik. O vaxtlar "Azanfilm" studiyasını yaratdım. Həmin studiyanın bədii rəhbəri idim. Sonra elə oldu ki, 1995-dən 2002-ci ilə qədər heç bir film çəkilmədi. Bir filmim var idi, "Cavanşir" filmi. Baxmısan?

- Hə, uşaq olanda baxmışdım.

- 1992-ci ildə səhv etmirəmsə, Ağdərə döyüşləri zamanı radioda bir xəbər eşitdim. 10 yaşlı bir uşaq döyüş zamanı həlak olmuşdu. O hadisə mənə elə bərk təsir etmişdi ki, siz o təəssüratı anlaya, hiss edə bilmərsiniz. Çünki biz o vaxtlar çox əsəbi idik, uduza-uduza gedirdik, hər balaca xəbər bizə təsir edirdi, sarsıdırdı. Beləcə, üç gün ərzində "Cavanşir" filminin ssenarisini yazdım. 1996-cı ildə filmin çəkilişinə başladım, amma az pul ayırmışdılar deyə çəkilişləri dayandırdım. 2002-ci ildə animasiyada kompüterdən istifadə etməyə başladıq. Mən də bir kompüter aldım özümə və həmin il o filmi tamamladım. 

- Sizdən sonra "Azanfilm" studiyasının taleyi necə oldu?

- İndi demək olar ki, "Azanfilm" yoxdur, mən 2012-ci ildə ərizəmi yazdım çıxdım, öz razılığımla çıxdım. Orda çox sevindilər, mən axı pis adamam (Gülür). Nələrisə tələb edirdim deyə məndən narazı idilər. Hə... Ondan sonra demək olar ki, "Azanfilm" dağıldı. Rəşid Ağamalıyev adlı Praqada yaşayan bir dostum var, Azərbaycana gəldi və animasiyamız haqqında bir kitab nəşr etdirdi. Təkcə Şimali Azərbaycan animasiyası yox, Cənubi Azərbaycan animasiyası haqqında da yazdı. Təbrizin, Ərdəbilin, Tehranın animasiya məktəbləri var. Daha sonra qərara gəldik ki, beynəlxalq animasiya festivalı təşkil edək. 2016-cı ildə Birinci Animasiya festivalı baş tutdu. Bu festivalı keçirtməkdə məqsədimiz nazirlikləri, höküməti animasiyaya cəlb etmək və dəstək almaq idi.

- Cəlb edə bildiniz?

- Beş il Rəşid Ağamalıyevlə prodüserlik edib, müxtəlif mənbələrdən pul tapıb festivallar keçirdik. Axır iki ildir ki, yeni nazir bu məsələyə diqqət ayırır. Artıq bu il animasiya kursları fəaliyyətə başlayıb.

- Köhnə Bakı, İçərişəhər Elçin Haminin yaradıcılığına necə təsir göstərib?

- İkinci Dünya müharibəsi təzə qurtarmışdı. Ona görə hamı bədbin idi. Çoxumuz hind kinolarına baxırdıq. Bir dostum var idi, bir gün gəlib mənə deyir, Elçin, bir dənə "indeyski" kinoya baxdım, elə ləzzətlə ağladım ki... Sözə bax da. Ləzzətlə ağlamaq... 1950-ci illər çətin illər oldu. Amma insanlar çox mehriban idilər. Sovetskidə, Çəmbərəkənddə, Bayılda, İçərişəhərdə məhlələr var idi və hər məhlənin öz lotusu var idi. Mən o mühitdə böyümüşəm. O vaxt Qubernator bağı var idi, həmin bağın bir darvazası filarmoniyada, bir darvazası Azneft tərəfdə idi və saat 11-də həmin qapılar bağlanırdı. Biz Çəmbərəkənd uşaqları ilə tez-tez dalaşardıq, tez Qubernator bağına tərəf qaçardıq. Hər tərəf hasar idi. Paşa adlı çox güclü bir kişi var idi, amma lal idi. "Lal Paşa" deyirdik ona. Paşaya bir manat verirdik, o da həmin hasarlarda hamımızın başının ölçüsünə uyğun yer düzəltmişdi. Biz dalaşandan sonra tez ordan keçirdik Qubernator bağına. Ora çəmbərəkəndlilər girmirdi. Ordan bir-birimizi söyürdük (Gülür). Bax uşaqlığım belə keçib.

- Bəs sizin animasiyaya olan sevginiz öz uşaqlıq xatirələrinzdən gəlir, yoxsa özgə uşaqlarına olan sevginizdən?

- Yox, yox, təsadüfən burdayam. Mən onda ikinci kursda oxuyurdum. Yay idi və pul qazanmaq qərarına gəldim. Kinostudiyada quraşdırılmış səhnələr şöbəsində fəhlə işləməyə başladım. Mərhum rejissor Ağanağı Axundov onda Moskvada animasiya kurslarını bitirib gəlmişdi. Rəssam olduğumu biləndə məndən soruşdu ki, cizgi filmi xoşlayırsan? Dedim, hə, izləməyi sevirəm. Dedi, mən animasiya kursu açıram, dostlarından da kim varsa, götür, gəl. Mən də 10 nəfər yığdım. Başladıq animasiya üzərində işləməyə. O vaxtlar böyük divarlarda şəkil çəkməyi çox sevirdim. Kursda gətirdilər mənim qarşıma A4 həcmli kağızı qoydular, dedilər bunun üzərində işlə. Aşağıdan da kağıza işıq verirdilər, həmin işıq gözümə düşürdü. Bir ay keçdi, bezdim. Dedim, bu nə sənətdir, gözümə də işıq düşür. Amma sonra çəkdiyim rəsmləri ekranda hərəkətdə görəndə maraq yarandı. Həmin kursları 1968-ci ildə tamamladıq və 1969-da "Cırtdan" adlı birinci animasiya filmi çəkildi, ondan sonra ildə bir neçə film çəkildi. Əvvəlcə filmlərdə animator, daha sonra quruluşçu rəssam kimi fəaliyyət göstərdim. 1982-ci ildən rejissorluqla məşğul oldum, sonra bədii rəhbər oldum. Demək olar ki, 18 yaşından animasiyadayam, hazırda bu sahədə, necə deyərlər, sonuncu mogikan mənəm. Dostlarımın və həmkarlarımın çoxu rəhmətə gedib, qaçanı qaçıb. Yaxın bir dostum - Məsud Pənahi 1979-cu ildən Berlindədir.

- Bəs siz niyə qaçmadınız?

- Hara qaçım?

- Dostlarınız qaçan yerə.

- Mən axı burada evlənmişdim, Məsud isə alman qızı ilə evlənmişdi (Gülür)... Mən ümumiyyətlə, əvvəl rəssam idim, animasiya rejissorluğuna sonradan gəldim. Yazıçı Cəmil Əlibəyov mənə dedi ki, gəl rejissorluğa, bu səndə yaxşı alınacaq. Üç dənə ssenari verdi və mən də içərişəhərli olduğum üçün "Bakı küləyi"ni seçdim. Bu iş yaxşı alınmadı və mən rejissorluqdan incidim. Amma 5 ildən sonra yenidən qayıtdım. "Məclis" filmini çəkdim. Daha sonra "Güzgü" filmini. SSRİ vaxtı idi, ildə bir dəfə respublikalar öz filmlərini gətirirdilər, seminarlar təşkil olunurdu və mən də hər seminarda iştirak edirdim. Bir dəfə mən "Güzgü" filmi ilə iştirak elədim. Həmin film qalmaqala səbəb oldu. Dostum Şamil Nəcəfzadə də orada idi. Gəldi mənə dedi ki, ermənilər, ruslar səni axtarırlar. Deyirlər, filmdəki donuzlar bizik? Ermənilər ömür boyu bizə sataşırdılar, öz cizgi filmlərində mənfi obrazı Azərbaycan musiqisi və başlarında türk fəsi ilə təsvir edirdilər. Balaca-balaca bizi çimdikləyirdilər. Mən də o filmlə onların cavabını verdim. İlk dəfə kinostudiyanın işçilərinə o filmi göstərəndə bəzilərinin gözləri yaşarmışdı. Qarabağa görə hamı əsəbi idi. Amma ermənilər çox yaxşı başa düşdülər, özlərini çox yaxşı tanıdılar (Gülür). Ümumiyyətlə, belə qənaətə gəlmişəm ki, mən uşaqlar üçün yox, böyüklər üçün animasiyalar çəkmişəm. Çünki animasiyalarımın mövzuları müəyyən problem üzərində qurulub. O vaxt keçmiş SSR-ni bərpa etmək istəyirdilər, Ayaz Mütəllibov da ona meyilli idi. Mən bunun əleyhinə bir film çəkdim, adını "Dəniz səyahəti" qoydum (Divardakı dəniz və qoyunlar təsvir olunmuş şəkli göstərir). Bax o rəsm həmin filmindir. Əgər o film yarananda Ayaz Mütəllibov taxt-tacda olsaydı, yəqin məni tutdurardı. "Söhbətül-əsmar" adlı animasiya çəkmişdim. O vaxtlar hamı prezident olmaq istəyirdi, həmin animasiyanı o şəxslərə həsr eləmişdim (Gülür).

- Sözünü deyən, etirazını bildirən biri olmusunuz.

- Bayaq dedim axı, mən pis adam olmuşam (Gülür). Nazirliklərin məndən acığı gəlirdi.

- Buna görə heç cəzalandırılmadınız?

- İşimdən ayrıldım. Mən baş verən hadisələrə biganə qala bilmirdim, öz etirazımı bildirirdim...

- Sovet dövründə animasiyalarda hansı fərqli üslublar var idi?

- Sənə deyim ki, o vaxt uşaqlar üçün daha keyfiyyətli işlər görülürdü, nəinki indi. Hazırda demək olar ki, heç nə çəkilmir. Bir dənə bu yaxınlarda "Narqız" filmini çəkdik. Bilirsiniz, uşaqların tərbiyəsində animasiyaların xüsusi rolu var. Bizim milli animasiya filmlərimiz yoxdur deyə uşaqlar da xarici animasiyalara baxır və onların mədəniyyətlərini, dil üslublarını mənimsəyirlər. Biz artıq öz mədəniyyətimizi itiririk. Millətin tarixi onun xəzinəsidir və həmin tarixi saxlayan rəssamlar, yazıçılar, bəstəkarlardır, yaradıcı adamlardır. Müstəqillikdən sonra biz çaşıb qaldıq, uşaqları necə tərbiyə etməyi unutduq. Onsuz da televiziyalarımızda incəsənətin, mədəniyyətin təbliği bərbad haldadır. Mənim davam o idi ki, animasiya studiyası açaq, bu bizə mütləq lazımdır. Mən tammetrajlı filmlər üçün kurslar açmışdım. Amma pul tapılmadı deyə o iş də yarımçıq qaldı.

Ləman İLKİN

seeBaxış sayı:20
embedMənbə:https://525.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri