525ci qəzet İri planda: Qulu Məhərrəmli Vaqif Bəhmənli yazır
Vaqif BƏHMƏNLİ
"Zərdabi" nəşrlər evi Vaqif Bəhmənlinin istedadlı telejurnalist, publisist, dilçi, professor, pedaqoq Qulu Məhərrəmlinin elmi-publisistik yaradıcılığına və vətəndaşlıq missiyasına həsr olunmuş "İri planda: Qulu Məhərrəmli" kitabını nəşrə hazırlayıb. Yaxın günlərdə işıq üzü görəcək kitabdan bəzi parçaları oxucularımızın diqqətinə çatdırırıq.
...İndi budur, yayın qızmarında tələbə yoldaşım, dostum, qardaşım Qulu Məhərrəmliyə, indikilərin diliylə desək, telefon açıram. Məlum olur ki, o, Bakıdan uzaqdadır. Rusiyanın Stavropol vilayətinin mineral sular bölgəsində, Jeleznovodsk şəhərinin adını öyrənməyə həvəs göstərmədiyim hansısa sanatoriyasında müalicə alır (qüvvə toplayır). Mən isə Qulu Məhərrəmli haqqında qələmə alacacağım yazıya az-çox, yaxından-uzaqdan dəxli olan, üst-üstə qalaqlanan, yalan olmasın, əlli kitabın sonuncusu çənəmə çatanacan qucağıma alıb bağımızın harasına kölgə düşürsə, ora və ordan kölgənin dəyisdiyi digər nöqtələrə daşıyıram. Təsəvvür etmək olar ki, Əncirli küçəsindəki 687A saylı bağın hər qarışı yazı masasıdır.
Bu yazını ona görə qələmə almıram ki, Qulu Məhərrəmli ilə 51 ildir ki, eyni yolu gedirik. Hər ikimiz Qarabağ kökənli, Araz qıraqlıyıq. Hər ikimiz 7 ay fərqlə (Qulunun böyüklüyü xeyrinə) bu dünyaya göz açmışıq, hər ikimiz eyni ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul olunub, eyni ildə, eyni radio-televiziya jurnalisti sektorunu başa vurub, eyni ixtisas qrifli diplom almışıq.
Bu yazının cəfasına ona görə qatlasmıram ki, Qulunun 50, 60 yaşa yetdiyi illərdə onun ictimai varlığının xalqımıza ən azı xatırladılması üçün qəlbimin dərinliklərindən gələn, onun qaynar yara-dıcılığına söykənən yazılar yazıb dərc etdirmişəm. Bəlkə bu, yarana biləcək bosluğa fürsət verməmək istəyidir?
Əslində məndən 7 ay öncə 70 yaşına yetişən Qulu Məhərrəmlinin yaradıcılığına üz tutmağımın əsas səbəbi onun cəmiyyətdə örnək şəxsiyyət kimi qəbul edilməsi, ictimai ölçülərlə yaşaması, aydın məslək sahibi olması, ən çətin anlarda belə öz həyat prinsiplərinə sadiq qalması, çoxlarına nümunə olacaq ləyaqətli bir ömür sürməsidir. O, son 40 ildə çox az sayda azərbaycanlı jurnalistin, mətbuat xadiminin qazana biləcəyi uğurlara nail olmuşdur.
Əmin ola bilərsiniz, bu yazı onun şəxsiyyətinə, yaradacılığına istinadən formalassa da, baş qəhrəman, bədii-publisistik məna Qulu Məhərrəmlinin timsalında Azərbaycan mətbuatının nail olduğu praktik və nəzəri səviyyədir. Və məncə, belə bir ciddi mövzunu ictimaiyyətə yetirmək üçün onun yaradıcılığına öyrənməyə, kitablarını qucağında qalaqlayıb avqustun qızmarında hansısa kölgə düşən bucaqda yazı masasına sinə gərməyə dəyər.
lll
Bəri başdan dayirəm, zəngin bioqrafiyaya sahib, peşəkar jurnalist, ustad televiziya aparıcısı, araşdırmaçı-alim, mətbuat nəzəriyyəçisi, pedaqoq, jurnalistikanın bütün platformalarında (radio, TV, sənədli kino, yazılı mətbuat) eyni dərəcədə hünər göstərən bu şəxs göydən düşməyib və yer-dən də çıxmayıb.
Qulu Məhərrəmli kimi jurnalistlərin qidalandığı mənbələr çox qədimlərə gedib çıxır, onlar mətbuat tarixi prosesinin seçilmiş davamçıları, azad, gerçək, vaxtında deyilmiş sözün vəkilləridirlər.
Mənə qalsa, Qulu müəllimin ad gününü Amerika ixtiraçısı Tomas Alva Edisonun, "səsin dəqiq yazılıb və yenidən, aydın eşidilməsini kəşf etdiyi" gündən hesablayardım (Emosional hissləri-mi sizinlə bölüşərkən Qulu Məhərrəmlinin "Radio dərsləri" kitabındakı əsaslandırılmış, yoxlanılmış elmi məlumatlardan yararlanıram). Bəlkə onun yaşını amerikalı rəssam, mühəndis Samuel Morzenin 1843-cü ildə morze əlifbasını tərtib edib bəşəriyyətə yeni bir inqilab bəxş etdiyi ildən başlayaq? Bəlkə 1834-cü ildə elektrik sahəsini kəşf edən Maykl Faradeydən, ya bəlkə uzaq məsafəyə hava dalğaları ilə simsiz xəbərlər göndərmək marağını təmin etmək üçün Boloniyadakı evinin damında inadla təcrübələr aparıb radionun "atası" olan italiyalı Qulyelmo Markoninin düşüncə və inadkar ilhamından? Markoni ilə eyni ildə rus alimi Aleksandr Popov da eyni işi görmüşdü. Qoy onun da ruhu inciməsin; Qulu Məhərrəmli A.Popovun da lap olsun, anbaan gecikmiş ixtira günüylə yaşıddır.
1978-ci ilin təyinat gününə qədər elə güman edirdim ki, qəzetçilik, nəsriyyat redaktorluğu, tərcüməçilik yaxından tanıdığım, 1975-ci ilin yayında tələbə ikən təcrübə keçdiyimiz "Şuşa" qəzetində birgə "külüng çaldığım" Qulu müəllimin boyuna biçilib. O, mənim kuluar - pərdəarxası, əslində açıq-aşkar gümanımı balanslaşdırdı və heç kimə sirr deyil ki, o bu gün siyasi, mənəvi, intellektual publisistikanın, belə deyək, qəzet jurnalistikasının ustadlarından biri, gərəkli konyukturadan yararlanan dilçi-filoloq, pedaqoq, bütün bunların hamısını özündə birləşdirən vətəndaşdır, ziyalıdır. Bu, sadəcə olaraq sıradan yekun deyil, bu, öz işinə qırılmaz tellərlə bağlı olan bir şəxsiyyətin məslək və əməlini təcəssüm etdirən qanunauyğunluqdur!
Radio və televiziyanin ecazkar dünyasına ömürlük bağlanmazdan öncə Qulu Məhərrəmli milli mətbuatımızın "Əkinçi", "Ziya" ("Ziyayi-Qafqaziyyə"), "Kəskül", "Kaspi", "Şərqi-rus", "Həyat", "İrşad", "Fiyuzat", "Molla Nəsrəddin", "Azərbaycan" (Gəncə, 1918 - V.B.), "Açıq söz" adlarıyla nəşr olunan, milli mətbuat tarixinin sələfi sayılan qəzet və jurnalların mövzu, mücadilə, söz bulağından su içmiş, Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə, Əli bəy Hüseynzadə, Üzeyir Hacıbəyli, Əhməd bəy Ağaoğlu, Məhəmməd Əmin Rəsulzadə... kimi mübariz, alovlu publisistlərin, hərəsi bir cəhətdən mətbuat banisi olan vətənsevər, yaradıcı şəxsiyyətlərin köynəyindən keçmişdi.
Siz onun üzündə xoş təbəssüm, qarşısına çıxan hər kəsə iltifat göstərib insanlar arasında sakit-sakit dolasmağına, müxtəlif səviyyəli tədbirlərə, xeyir-şər məclislərinə hay-küysüz qatılmağına baxmayın. Söz var, deyir, axmaq adam həmişə öndə dayanmağa can atır ki, onu hamı görsün, ağıllı adam nəzər tutmayan yerdə dayanır ki, o özü hamını görsün...
Xalqımızın keçib gəldiyi tarixi mərhələləri, milli mətbuat, habelə milli mənəviyyat laylarını arasdıran, "hər yerə başını soxan jurnalisti oliqarxlar, müftəxorlar, rüşvətxorlar, diletantlar necə sevə bilər ki" deyən və əməldə xalqın ən ağrılı əzalarına sığal çəkən bu şəxs birmənalı olaraq, Vətənimizin seçilmiş, qənimət insanıdır. Onun söykəndiyi dayaqlar sarsılmaz, qidalandığı mənbə xəlqidir, bəşəridir, safdır.
lll
Qulu Məhərrəmli 1978-ci ildə AzTV deyilən informasiya məkanına, yaradıcılıq laboratoriyası və efir-ekran dəryasına baş vurdu.
Nə qədər inandırıcı olmasa da, o, qəzet jurnalistikasını - "Azərbaycan gəncləri", "Sovet kəndi", "Bakı", "Şuşa", "Kənd həyatı", "Jurnalist" qəzetlərində dərc olunan tələbə məqalələrini, sanki bir gənclik həvəsi kimi, ehmalca büküb-bürmələyib bir qırağa qoydu. Əslində, bu, bir az fərqli, funksional əvəzlənmə idi. Qənaətimə görə, kütləvi kommunikasiyalar sahəsində böyük nəzəriyyəçi alimin - Qulu Məhərrəmlinin elmi nailiyyətlərinin əsasında da Azərbaycan milli mətbuatının tarixi irsi, ənənəvi jurnalistikanın qan yaddaşı dayanır!
![](https://525.az/img/pics/large/2024-12/337152_w4xbzvyrex.jpg)
Fakt faktlığında qalır. Q.Məhərrəmli televiziya mütəxəssisi kimi AzTV-dəki ilk addımlarından (1978) parlamağa başladı.
Tədris baş redaksiyasında görkəmli pedaqoqlarla təmasların, tədris problemlərinin ən azı o vaxtkı fürsətlər çərçivəsində işıqlandırmağın onun həyatında rol oynaya biləcəyi, gələcəkdə dilçi alim və pedaqoq olmağa yol açacağı, deyəsən, Qulu Məhərrəmlinin ağlının ucundan da keçmirdi. O, gənclik enerjisiylə öz işini görürdü!..
Heç demə, "Beynəlxalq həyat" redaksiyasında çalışan, "Qitələr, hadisələr", "Azərbaycan dünya meridianlarında", "Yer kürəsi: müharibə yoxsa sülh!?" proqramlarında redaktorluq, aparıcılıq eləyəndə, reportyor kimi efirə qatılanda, ağıllı, intellektual, milli ruhlu şərhçi olaraq yetişmiş Qulu Məhərrəmli belə bir perspektivin peşində deyildi. O, yenə gənclik enerjisi ilə öz işini görürdü...
Heç demə, reallıqda "7 gün", "Təfsilat", "Gerçəklik" və nəhayət ki, "Səhər" proqramlarını hazırlayanda, bu proqramların ssenari müəllifi, aparıcısı qismində əlahəzrət tamaşaçı qarşısına çıxanda Qulu Məhərrəmli uğurlu televiziya təqdimatlarının nəzəriyyəsini yaratmağa platforma hazırlayırmış. Halbuki bunların hamısı hələ ki, sirri-xuda idi. O, öz işini görürdü!
Budur, indi bizim gözümüzün önündə radio və televiziyanın təcrübəsi ilə bu sahənin elmini, nəzəriyyəsini qovuşduran telejurnalist-alimin varlığı gülümsəyir.
Nə yazıq ki, bəzən jurnalist, televiziya personu iş yerindən ayrılanda jurnalistikadan ayrılır. Qulu Məhərrəmlinin timsalında Ana televiziyadan qopmaq yeni bir mərhələnin başlanğıcı kimi görünür. İndi o digər kanallarda verilişlər aparır (məsələn, Xəzər TV-də "Dost məclisi" və "Gün-dəm", GünAz TV-də "Mətbuat aynasında" verilişləri), məqalələr yazır, publisistik kitablar çap etdirir və əsasən monoqrafiyalar həcmində jurnalistika elminin (!) nəzəri əsaslarını araşdırır, üstəlik, öz biliklərini bəlli bir formaya salaraq yeni jurnalist nəslinə ötürür. Halbuki bütün bunlar barədə, o, heç düşünmür, öz işini görürdü.
Qulu Məhərrəmlini deyilən istiqamətlərə yönəldən içdən gələn çağırışlardır. Professional jurnalistikaya, bundan daha ötə, ömür və tale həqiqətinə sadiqlik müqabilində onun bir qəpik də olsun təmənnası yoxdur. O, öz işini görür. Məni bu kitabı yazmağa sövq edən də elə bu sonuncu məqamdır: təmənnasızlıq!
"Yeddi gün", "Təfsilat", "Gerçəklik", "Səhər" - bu verilişlər Qulu Məhərrəmlinin ekran möhürləridir. Desəm ki, sözügedən televersiyaların hamısına bircə-bircə baxmışam, yalan olar. Qəzet, jurnal maddidir, fizikidir. Radio, televiziya isə havadır, efirdir (Yutub platforması hələ indi-indi populyarlaşır). Qəzeti, jurnalı ələ alıb təkrar-təkrar nəzərdən keçirmək olur, televiziya, radio verilişlərinə qoşulmaq az qala alın yazısına bənzəyir. Gərək fürsət məqamında radionun, yaxud te-leviziyanın pultunu sıxasan ki, virtual informasiya məmləkətinə səyahət edə biləsən. Qulu Məhərrəmlinin izləmək şansıma düşən verilişlərinə istinadən deyə bilərəm ki, onun teletərzi sonradan meydana çıxan bir çox efir versiyaları üçün əsas, bünövrə olmuşdur, bu gün də əsas olmaqdadır.
Telejurnalist Qulu Məhərrəmlinin yaradıcılığının əsasında dayanan, təbii ki, ilk sırada ictimaiyyət üçün, daha dəqiq desəm, tamaşaçı üçün müstəsna əhəmiyyət daşıyan amil faktdır, olaydır, problemdir.
Həyat təfsilatlar dəryasıdır, fəqət orada elə müstəsna damlalar var ki, onu dənələyib tamaşaçıya çatdıranda cəmiyyət gərəkli informasiya ilə qidalanır, toplumun rəvan davranışlarına əlavə enerji yüklənir. Bu mənada Qulu Məhərrəmli faktı məqamında seçən, dəyərləndirən, öz maraqlı təfəkkür süzgəcindən keçirib izah edən ustad teleaparıcıdı. Bu prosesdə həm də çox cazibədardır: səsinin tonu, intonasiyası, məntiqi, mənanı çatdırma məharəti ilə
Bu hələ azdır, o, faktı dilə gətirərkən, qətiyyən pafosa, patetikaya varmadan tamaşaçını həyəcanlandırmağa, düşünməyə sövq edən sehrkardır, desəm, məni düz başa düşün.
Sehrkarlıq, sözün bu məqamında tamaşaçını veriliş boyunca ekran qarşısında saxlamaq məharəti elə-belə başa gəlmir. Burada bir çox şərtlər var. Bir, verilişin (günün) mövzu seçimi, iki, telejurnalist tərəfindən ideyanın dərindən dərk olunması; üç, problemin həyatla əlaqələndirilməsi; dörd, tamaşaçıya inanan və onun inandığı doğma sima; beş, səmimiyyət; altı, ədəbi dil qaydalarına əməl edərək tamaşaçının öz dilində danışmaq; yeddi, tamaşaçını səmimiyyətin həqiqiliyinə inandıran doğma sərbəstlik...
Görün, telepəncərədən bizləri kimlər salamlayıb? Təkcənə adlar çəkilsə, kitabımızın (Qulu Məhərrəmlinin kitabının) çox sayda səhifəsini tutar və rəhmətlik Seyfulla müəllim demişkən, siyahı yenə də tam olmaz! Qulu Məhərrəmlinin bütün telegörüntülərinin, bayaq dediyim kimi, daim bizim nəzərlərimiz altında olduğunu iddia edə bilmərik. İndi bir qədər tarix, ötən günlər kontekstində danışırıq, vizuallıqda buz dolabı kara gəlmir, yaddaşa çökən məlumatların da saxlanma müddəti var. Əlbəttə, tutalqa mövcuddur; bu, virtual məkanın arxividir. "Youtube"da, "Facebook"da, "İnstagram"da Qulu Məhərrəmliyə aid görüntülər, səslər zühur edəndə dərhal barmağımı dişləyir və əminliklə deyirəm, mən ki seyr etdiyim telekadrlar, audio mətnlərlə onlar ilk dəfə yayımlandığı vaxtlarda tanış olmuşam.
Budur, audiovizual məkanda Qulu Məhərrəmli veriliş aparır. Onun xoş simasına, müsahiblərinə olan əndazəli münasibətinə, verdiyi sualların və cavabların yüksək əyarına, söhbət zamanı baslanğıcla finalın sarsılmaz əlaqəsinə valeh olmamaq mümkün deyil.
Axı, Qulu Məhərrəmlinin xüsusilə televiziya yaradıcılığı, onsuz da birmənalı olaraq, milli ekran-efir tariximizin qızıl fonduna aiddir. O, hansısa televiziya qurumunda ştata bağlı, sıradan infor-mator, tapşırıqlar icraçısı deyil, ştatda var, yoxdu, təmsil olunduğu teleməkanı özü formalasdıran, balaca, üfüqi ekranı şaquli şəkilləndirən televirtiozdur! Ona görə də 1991-ci ildən Azərbaycan televiziyasının tarixində ilklər sırasında müəllif proqramlarıyla ekrana çıxan, "7 gün", "Səhər" proqramları kimi, Türkiyə, Rusiya, eləcə də Avropa televiziyaları ilə rəqabətə girə bilən verilişləri ərsəyə gətirən Qulu müəllimin televiziya əsərləri unudulmaz və uzunömürlüdür.
lll
Təbii, Qulu Məhərrəmlinin parlaq, hamının etiraf etdiyi kimi, bənzərsiz, səmimi və unudulmaz telejurnalistika fəaliyyətini daha geniş, yaxşı telejurnalistikanın meydana gəlmə prosesinin detallarına varmaqla təsvir etmək ən mükəmməl yanaşmadır. Lakin haqqında bəhs olunan yaradıcı şəxsin həyat vəsiqəsi verdiyi televerilislər, telemüsahibələr, teleproqramlar kifayət qədər çoxdur, başqa sözlə, Qulu müəllimin telejurnalistika arsenalı digər televiziya jurnalistlərində olduğundan qat-qat bəhrəli, çoxşaxəli, ekran yozumu baxımından heyrətamiz dərəcədə maraqlıdır. Və belə bir sərvətin toplanması bir-iki ilin söhbəti deyil, düşüncəli, yaradıcı şəxsin onilliklər boyunca yaratma-ğa qadir olduğu xəzinə, artıq xalqa məxsus bir dəyərdir. Qulu müəllim uca məsləkini, peşə və vətəndaşlıq yanğısını telejurnalist olaraq, bir vaxtlar hər kəsə möcüzələr kimi görünən Azərbaycan televiziyasının çəkiliş meydanından (studiyadan) və məhz sənətkarın özünün ölçüb biçib qurduğu: "Qitələr hadisələr" "Azərbaycan dünya meridianlarında" "Yer kürəsi; müharibə, yoxsa sülh", "7 gün" "Səhər - musiqi-informasiya proqramı" "Təfsilat" "Gerçəklik" adlı işıqlı, aydın informasiya pəncərəsindən ifadə etmiş, fenomenal məziyyətdə ortaya qoymusdur. Çəkiliş meydançasının, yayım məkanının elə də ciddi fərqi yoxdur, əgər bu və ya digər verilişi, teleekran əsərini istedadlı, bilikli, peşəkar telejurnalist təqdim edirsə. Bu mənada telejurnalistin "Xəzər" televiziyasından tanınan "Dost məclisi", "Gündəm", GünAz TV-də efirə getmiş "Mətbuat aynasında" verilişlərini də əvvəlki siyahıya əlavə etmək, məncə, ədalətli olar.
Artıq Azərbaycan televiziyasının tarixi faktı sayılan sözügedən veriliş və proqramların şəriksiz siması şəxsən özü olsa da, mən ədalət, şükranlıq, minnətdarlıq hissinin Qulu Məhərrəmlinin təbiətində az qala din kimi mövcudluğunu bilirəm. Axı o, hər zaman çalışdığı kollektivin texniki işçisi, müxbiri, ssenaristi, müəllifi, reportyoru, kompüter tərtibatçısı, işıqçısı, əlbəttə ki, rejissoru və operatorunun meydana qoyulan televiziya əsərindəki zəhmətini, hər bir mütəxəssisin əvəzolunmazlığını nəzərə çarpdırmaqdan bezib yorulmurdu. Sanki populyarlığın yüzdə-yüz onun payına düşməyini heç də düzgün saymır və heç olmasa, ictimai izahatlar yoluyla çalışdığı kollektiv və həmkarlardan halallıq alırdı.
Ona görə də mənim istəkli dostum Qulu demiskən, valı dəyişək. Bəlkə, belə demək daha uyğun olar, valı o biri üzünə çevirək. Çünki Qulu Məhərrəmlinin telejurnalist fəaliyyəti ilə publisistik çalışmaları ayrı-ayrılıqda deyil, vəhdətdədir, eyni valın iki üzü kimi...
Məsələ burasındadır ki, jurnalistin mətbuatda zamanın çağırışına uyğun məqamlarda qələmə aldığı publisistik düşüncələrdən, qəlb çırpıntılarından ibarət 3 kitabı oxucuların ixtiyarındadır. Bu kitablar sevgiylə, həyəcanla oxunur, təsir edir, tarixi olayları yada salır, mənəvi zənginlik, şəxsiyyət bütövlüyü, vətəndaslıq borcu deyilən natural tamlığa hansı cizgilərisə əlavə edir! Məhz bu yöndə onun publisist amalına işıq tutmaq istəsək, həmin kitablardan yan keçmək mümkünsüzdür. Budur o kitablar: "Zamanın rəngləri", "Gələcəyə ön söz", "Məhəmməd Əmin Rəsulzadə".
Mən bu kitabları Qulu müəllimdən öyrənərək, ondan qidalanaraq oxumuşam. Yeri gəlsə, əlbəttə, ondan da qanadlı və təsirli yazmaq olar. Məsələ budur ki, fikri, mətləbi uzatmadan, lakonik ölçüdə ifadə etmək, milli məsələyə bəşəri kontekstdə baxmaq (Yer kürəsi vahiddir, biz də onun bir parçası), ictimai-siyasi kataklizmi sadə bir faktın içinə sığışdırmaq, damlada bütövü ehtiva etmək, vətən, məslək, həqiqət leksik anlayıslarını lüğətdən qoparıb həyat içrə hərəkətə gətirmək Qulu Məhərrəmli publisistikasının mahiyyətidir. Bu mahiyyətin etibarlı qəlibi onun bir az kədər, bir az sevinc və bütün hallarda səmimiyyət qatqılı fərdi publisist üslubudur.
Bəlkə də "Məhəmməd Əmin Rəsulzadə" kimi irihəcmli, sanballı və monoqrafik kitabın digər iki publisistik variasiyalardan ibarət toplularla eyni sırada qeyd olunması, oxucu bir tərəfə, Qulu Məhərrəmlinin özünə də qəribə gələ bilər. Təkcə bunu deyirəm, onun publisistik yazılarındakı siyasi kontekst, tarixin istirakı, milli ruh, keçmisdə və indi buraxılan səhvlərdən doğan məyusluq, hansı dövrdə baş verməsindən asılı olmayaraq, meydana çıxan neqativlərə etiraz məfkurəsi məhz "Məhəmməd Əmin Rəsulzadə" fundamental tarixi, siyasi, elmi, publisistik tədqiqatında sistem səlahiyyəti qazanır. Oxucuya (əsasən mənə) elə gəlir ki, Qulu Məhərrəmli ötən əsrin 70-ci illərindən üzübəri ona görə ənənəvi publisistika ilə məşğul olub ki, sonda "Məhəmməd Əmin Rəsulzadə" adlı siyasi, tarixi, xronoloji və publisistik romanın son cümləsinə nöqtə qoya bilsin.
Bəri başdan deyim ki, Qulu Məhərrəmlinin bütün publisistik əsələrinin mərkəz oxunun sancıldığı nöqtə tarixdən gəlib bu günün platformasında qərarlaşan, insanın üzünə gülümsəyən (irəlidə, üfüqdən ya bir az bəri, ya bir az o yana) daha yaxşı gələcəkdir. O, məqalələrində anladır: insan ona görə yaşayır ki, gələcək var, onun yaxşılığı uğrunda mübarizə aparmağa, ömür sərf eləməyə dəyər. Gələcəyin meyvələri fərdi yox, ümumidir. Sağlam gələcəyə yol həqiqətin etirafından deyil, həqiqətin icrasından, haqq yolunun sıra nəfəri olmaqdan, qulpundan yapısdığın işə qul olmaqdan, zəhmətdən, idrakdan keçir.
Yaxşı adamın bütün davranısları iddiasız olur. İddialı yerin böyür-başında eqo göyərir, təmənna boy göstərir. İddiasız insan üçün həqiqəti söyləmək, əl tutmaq adi vərdişdir, gündəlik iş, həyat tərzidir. Yaxşı adam cəmiyyətin xırıltısız, hiss olunmadan gedib-gələn nəfəsidir. Heç insan nəfəs aldığına görə qürrələnərmi? Qulu Məhərrəmli (müşahidəmə görə) xeyir-şər məclislərinə, müxtəlif rəngli tədbirlərə elə qatılır, oradan elə ayrılır ki, sanki o, heç burda olmayıb (əlbəttə, sərraf gözlər hər şeyi görür). Heç vaxt karyeraya can atmayan, olan şöhrətinə belə məhəl qoymayan, milli mücadilənin başlanğıcında geniş meydanlarla yanaşı, hər küncdə-bucaqda dikələn xitabət kürsülərinə sarı şığımayan bu insan əslində şüurlu həyatının bütün mərhələlərində qaynar qazanın içində olub.
Bunu istedadlı publisistin "Zamanın rəngləri" toplusu tam əminliklə sübut edir. Kitabda onun ötən əsrin 90-cı illərindən başlayaraq yeni əsrin 13-cü ilinə qədər qələmə aldığı yazıları yer alır. 23 ili əhatə edən bu dəyərli əsərlərin bir kitab halında işıq üzü görməyinin üstündən daha bir on il adlasa da, o mətnlər tarixə şahidlik haqqını, zamanın hərarətini, insanların psixoloji, intellektual, mənəvi halının mənzərəsini, faktoloji uzunömürlüyünü hifz etməkdədir. Belə bir yekun, yaşarı mətn aqibəti durduğu yerdə yaranmayıb. Əsas şərt Qulu Məhərrəmlinin qələmə aldığı hər bir mövzunu sənətkarlıqla təcəssüm etdirməsi və sonralar daha da püxtələşən fərdi jurnalist üslubunun sehriylə bağlıdır.
Ötən əsrin 90-cı illərinin təbəddülatları, ictimai-siyasi və tarixi siqləti, məncə, unudulmayıb. Qulu müəllimin bu dövr publisistik yaradıcılığının əhəmiyyəti daha çox ondan ibarətdir ki, həmin yazılar ən azı ümumxalq proseslərinin bu və ya digər cəhətlərinə şahidlik etmək səlahiyyətindədir. Yeri gəlsə, onlar iyirmi ildən çox bir dövrün etibarlı məxəzləri kimi də nəzərə alına bilər.
"Zamanın rəngləri"ndən altı il sonra nəşr olunan "Gələcəyə ön söz"ün ithaf ünvanı milli və tarixi səciyyə daşıyır. "Müsəlman Şərqində ilk parlamentli respublika - demokratik cümhuriyyət qurmuş, insan hüquq və azadlıqlarını önə çəkmiş, müasir tipli universitet yaratmış, senzuranı ləğv edərək mətbuat azadlığını demokratik dəyərə çevirmiş Qurucu Babalarımızın müqəddəs ruhuna dərin ehtiramla..."
Kitab 2013-2019-cu illərdə "Ayna" qəzetındə və ayna.az saytında dərc olunan seçmə məqalələrdən tərtib edilib. Orada annotasiya və "Ön söz" ("Ön söz"ün müəllifi Elçin Şıxlı) daxil 90 yazı toplanıb. "Seçmə məqalələr" söylədim, yəni nəşrdə işıq üzü görən yazılar müəllifın sözügedən zaman aralığında qələmə aldığı publisistik əsərlərin külliyatı deyil, seçmələrdir. Kəmiyyət, say baxımından seçmə tərtibat "Zamanın rəngləri" məqalələr toplusuna da aiddir.
Sözün düzü, təqribən 40 il ərzındə jurnalistin bu kitablara düsməyən siyasi, mənəvi, milli maraqlar, vətənin taleyi, tarixi məqamlar, insanlarımızın halı, sülh, müharibə, beynəlxalq əlaqələr, təhsil, media və s. və i. (bunlar publisistin davamlı müraciət elədiyi təməl mövzulardır) mündəricəli daha hansı publisistik əsərlərə imza atdığını öyrənmək amacıyla dövri mətbuatın müvafiq nüsxələrini arasdırmadım. Qulu Məhərrəmlinin qələminə məxsus, zamanında oxuduğum, mövzusu, üslubu, məramı və təsir gücü ilə yaddaşımda iz salan bir çox yazıların ovqatını yenidən hiss etdim və bu qənaətə gəldim ki, vaxtilə oxuduğum həmin publisistik örnəklərin də hər iki kitabda yeri görünür.
Qaldığımız yerə dönək, hələlik Azərbaycanın mədəniyyət, məfkurə coğrafiyasından qırağa çıxmadan publisist Qulu Məhərrəmli çeşməsinin baş alıb gəldiyi mənbələri yada salmaq lazım gəlir. Demək olar ki, hamı... milli mətbuatımızın, ədəbi düşüncəmizin təməlində kimlər varsa, onların hər birini onun ustadı, sələfi, mürşidi saymaq olar: Abbasqulu Ağa Bakıxanov, Mirzə Fətəli Axundov, Mir Möhsün Nəvvab, Həsən bəy Zərdabi, Mirzə Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə, Üzeyir Hacıbəyli, Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, Məhəmməd Əmin Rəsulzadə... Hər biri Azərbaycan insanının qürur mənbəyi olan, ədəbiyyat və mətbuat xadimləri-nin, tarixi simaların yaratdıqları milli mədəni-mənəvi sərvət özlərindən sonra gələn digər dəyərli və peşəkar qələm əhli kimi, Qulu Məhərrəmlinin də zəkasının ziyalanmağında, ruhlanıb pərvazlanmağında bilavasitə və müstəsna rol oynamışdır.
(Ardı gələn sayımızda)
![see](https://icma.az/template/assets/see.png)