Icma.az
close
up
RU
ABŞ nin ən böyük bankında çalışan həmyerlimizlə MÜSAHİBƏ Həkimlikdən İT yə gedən yol

ABŞ nin ən böyük bankında çalışan həmyerlimizlə MÜSAHİBƏ Həkimlikdən İT yə gedən yol

Hurriyyet saytına istinadən Icma.az xəbər verir.

Artıq 7 ildən çoxdur ABŞ-də yaşayan və dünyanın aparıcı maliyyə qurumlarından biri olan “JP Morgan” bankında baş İT mütəxəssisi kimi çalışan Rəşad Mirzəyev bu sahədə böyük təcrübəyə malikdir.

Metbuat.Az olaraq onunla həm karyerası, həm də Amerika təcrübələri barədə maraqlı söhbət etdik.

Müsahibəni təqdim edirik:

– Rəşad bəy, bildiyim qədərilə həkim kimi təhsil almısınız, amma İT sahəsində karyera qurmusunuz. Bu keçidi necə etdiniz?

Riyaziyyata və yeni texnologiyalara həvəsim İT sahəsinə keçməyimə səbəb oldu. Monotonluğu xoşlamıram, həkim kimi o vaxtlar elmi tədqiqat aparmaq və s. imkanımız yox idi. Adi həkim kimi çalışmaq isə mənə uyğun gəlmirdi. Nəticədə İT sahəsində biznesimi qurdum. Bir az riskli addım idi, amma, mən belə riskləri sevən adamam.

– ABŞ-yə ilk getdiyiniz şəhər harası oldu?

İlk olaraq Los-Angelesə getdik və üç ilə yaxın orada yaşadıq. Sonra isə biz Hyuston şəhərinə köçdük. Orada da bir müddət yaşadım. Bu il isə Dallas tərəfə köçmüşəm.

– Amerikada ilk vaxtlar hansı çətinliklərlə qarşılaşdınız?

Çətinliklər çox idi. Bəziləri ora kiminsə yanına, bir tanışın dəvəti ilə gedir, amma mən ailəmlə birlikdə getdim. Ailə ilə getmək daha ağırdır. Sığorta nədir, xərc necədir, kirayə qiymətləri necədir – heç bir şey bilmirdik. Bir uşağım orada dünyaya gəldi. Qeyri-müəyyənlik var idi, səni nə gözlədiyini bilmirsən. Bir az maddiyyatın olması kömək edir, amma yenə də bilmirsən ki, nə baş verəcək, harada yaşayacaqsan? İndi düşünəndə deyirəm ki, çox böyük risk eləmişəm. İndiki ağlımla gedərdim mi, sual altındadır.

Azərbaycanda komfort şəraitim var idi, adım-sanım müəyyən qədər tanınırdı, burada 4-5 şirkətim fəaliyyət göstərirdi. Hamısını qoyub gedib orada sıfırdan başlamaq çətin idi.

– Azərbaycanda fəaliyyət göstərən layihələrinizlə bağlı danışa bilərsiniz?

“Netmoney” deyə bir layihəmiz var idi. O dövrdə Azərbaycanda ödənişlərlə bağlı problem var idi, yəni ödənişlər SMS-lə həyata keçirildi. Onda bizə ideya gəldi ki, sayt açaq. O vaxt kiçik saytlar məşhurlaşmışdı. Biz də “Netmoney” adlı kartla ödəniş sistemini qurduq. Mağazalara kartlar payladıq, insanlar kart alıb, kodları daxil etməklə ödəniş edirdilər. Bu sistem çox uğur qazandı, Azərbaycanda bir nömrə oldu. Sonra layihə "Portmanat" adı ilə genişləndi, artıq kommunal xidmətlər, vergi ödənişləri daxil olmaqla geniş istifadə edildi. Bundan əlavə, bizim “Azscore.com” layihəmiz olub, futbol nəticələrini göstərirdi. Günlük yarım milyona yaxın insan daxil olurdu. Əsas da Afrika ölkələrindən, çünki onlar üçün futbol birinci yerdə gəlir. Həmçinin "Fly.az" adlı turizm agentliyimiz və “Sayt.az” kimi layihələrimiz olub.

– Amerikada ilk iş fəaliyyətiniz nədən ibarət oldu?

Orada İT sahəsini davam etdirəcəkdim, ancaq həm də araşdırdım ki, başqa nələr etmək olar? Los-Angelesdə ev biznesi maraqlı gəldi. Bu, “student-house” adlanır, evlər tələbələrə kirayə verilirdi. Bu işə başlayan bir adama sərmayə qoydum və başladıq bir yerdə işi böyütməyə. Onun 3-5 evi var idisə, biz evlərin sayını çoxaltdıq, hətta bina götürdük. Orada bir iranlı iş adamı var idi ki, Hollivudda 35 binası vardı və onlarla biz müqavilə imzaladıq. Həmin 35 binadan istədiyimiz şəkildə mənzillər götürüb tələbələrə verə bilirdik. İT ilə yanaşı, əsas biznesimiz bu idi. Amma pandemiya dövründə tələbələr ölkəni tərk etdilər. Bu biznes iki-üç il davam edəndən sonra saxladıq, amma əvvəlləri çox yaxşı oldu. Mən etdiyim bütün biznes layihələrinə həm də İT tərəfdən yanaşmışam. Məsələn, ev kirayəsində idarəetmə tərəfi üçün portal hazırlanmışdı. Bütün ödənişlər onlayn idi, şirkətin bir milyondan yuxarı dəyəri vardı. Kaliforniyada kovid vaxtı ödəniş verməmək olardı. İnsanlar 6 ay da evdə otursalar, ödəniş etmirdilər. Amma bizim çox yüksək məbləğdə ödənişlərimiz olurdu.

– Pandemiya dövrü ABŞ-də necə keçdi?

ABŞ-də pandemiya dövrü ştatdan ştata fərqlənirdi. Lon-Angelesdə qaydalar çox sərt idi. Məsələn, evdən çıxmaq qadağan edilmişdi, insanlar qorxu içindəydi. Bakıda vəziyyət bu qədər sərt deyildi. Elə bir qorxu yaranmışdı ki, maşında pəncərəni açmaq belə istəmirdilər. Orada düşünürdüm ki, bəs birdən nəsə olsa, xəstəxanaya düşsək, uşağı kimə tapşırarıq? Bu tip çətinliklər var idi. Evə qapanmışdıq, heç bir biznes fəaliyyət göstərə bilmirdi. Müştərilər gəlmirdi, görüşlər ləğv olunmuşdu. Kafelər, restoranlar hamısı bağlanmışdı. Bir sözlə, həyat durmuşdu. Kovidin sonlarına yaxın biz Hyustona tərəf köçdük, orada vəziyyət tamam fərqli idi. İnsanlar kafelərdə idi, maska taxana qəribə baxırdılar. Texas ilə Kaliforniya arasında yerlə göy qədər fərq var idi, buradakılar heç vaksin vurdurmurdular. Koliforniya dönəmi çox ağır idi. Pandemiya dövründə həkim qıtlığı var idi. Televiziyalar da tez-tez müsahibə alırdılar. Kimin həkimlik təhsili varsa, onları köməyə dəvət edirdilər. Mənim də ixtisasım həkim olduğu üçün müraciət etdim, adımı siyahıya saldılar. Səfirlikdən də zəng etdilər, təşəkkür bildirdilər. Mən də əlbəttə ki, bu çətin zamanda nə bacarırdımsa, kömək etməyə çalışdım.

– ABŞ və Azərbaycandakı iş şəraiti arasında hansı fərqlər sizi təəccübləndirdi?

Çox böyük fərq var. Məncə, Azərbaycan 7 il əvvəlkinə nisbətən çox inkişaf edib. Amma əvvəlki dövrlə müqayisə etsək, orada insanlar işlə şəxsi həyatı sərt şəkildə ayırırlar. İş saatı bitəndən sonra heç kim sizə zəng etmir, yazmır. Bizdə isə birdən nəsə lazım olar deyə, insanlar həmişə işə bağlı qalır. Xəstəlik məzuniyyətləri də limitsizdir, izahat verməyə ehtiyac yoxdur. Özünü yaxşı hiss etmirsənsə, həmin gün işə getməyə bilərsən. Mən "JP Morgan"da işə götürülən zaman da FBI belə yoxladı, qandan analiz götürüldü, əvvəlki keçmişim araşdırıldı, hətta Bakıda Tibb Universitetinədək zəng etmişdilər. Onlar elə adamı götürmürlər ki, o məsuliyyətsiz olsun. İşdə “biz bir ailəyik” söhbəti yoxdur, amma istənilən halda sahib çıxmağa çalışırlar. İşdən çıxartma orada ən sonuncu yoldur, çalışırlar ki, işi öyrətsinlər. Hərtərəfli şərait yaradırlar ki, siz oradan çıxmaq istəməyəsiniz.

– Süni intellektdən yəqin ki, işlərinizdə istifadə edirsiniz. Bəs “JP Morgan”da hansı sahələri ələ keçirib?

Mən bu şirkətə keçəndə dedilər ki, qəti surətdə süni intellektdən istifadə etmək olmaz. Əslində, bank işi bizdə çox prestijli hesab olunur. Mən daha əvvəl “Bluecheck” şirkətində, daha sonra “United Healthcare” şirkətində çalışmışam, hansı ki, dünyada ən böyük sığorta şirkətidir. İndiki “JP Morgan” da karyeramda xüsusilə seçilir, dünyanın birnömrəli ən nəhəng bankıdır. Ancaq ABŞ-də yeni “tool”lara (red. alətlər) daha həvəskardırlar. Bank tipli şirkətlər isə, startaplardan fərqli olaraq, yeniliklərə elə də açıq olmurlar. Mən işə başlayandan bir ay sonra bizə süni intellektdən istifadəni məcbur etdilər. Bankın özünün daxili süni intellekti yaradıldı və xüsusi “AI team” quruldu. Bizə də deyirlər ki, yeni layihələrinizi bölüşün. Mən artıq bir neçə layihə irəli sürmüşəm. Hazırda çalışdığım bankda süni intellekt artıq işin 50 faizini əvəzləyib. Testerlər demək olar ki, yoxdur, bu, yüzdə yüz əvəzlənib. Proqramçı olaraq da işimizin böyük bir hissəsini süni intellekt yerinə yetirir. “Vibe coding” ilə kod yazmaq mərhələsindəyik. Biz də buna uyğun kurslar keçirik. Halbuki 3-4 aydır süni intellektdən istifadəyə keçid olunub, buna baxmayaraq, proses çox sürətli şəkildə inkişaf edir. Banklarda süni intellektə keçmək çətin məsələdir, çünki müştəri məlumatlarına çox ciddi yanaşırlar.

– Müştəri məlumatlarının məxfiliyi cəhətdən süni intellektə güvənmək olar?

Bizə şirkət olaraq, “ChatGPT”, “Claude.ai” qadağandır. Onlar bu cür vasitələr üzərindən özlərinin AI proqramını yaradıblar və biz ancaq ondan istifadə edə bilərik. Bizdə auditlər olur, bütün detallar yoxlanılır. Çox ciddi məsələlər var.

– ABŞ-də azərbaycanlılar çoxdur?

Azərbaycanlılar Los-Angelesdə, eləcə də Hyustonda çox idi. Bayramlarda, ailəvi görüşlərdə bir araya gəlirdik. Məscidlər, türk və rus marketləri var. Halal yemək üçün hər cür şərait var. Dallasda da yerlilərimiz çoxdur. Cənubi azərbaycanlılar var ki, uzun müddətdir Amerikada yaşayırlar, onlarla münasibətlərimiz yaranıb.

– Bizdə vətəndaşlar kredit borcu məsələsinə ciddi yanaşırlar. Bəs amerikalıların kreditlə araları necədir?

Mən deyərdim ki, ortalama hər adamın 20 min dollara yaxın borcu var. Amerikada yuxarı, orta və kasıb təbəqə var, amma demək olar ki, bütün insanlar kreditlə yaşayır. Evlər, maşınlar – hər şey kreditlə alınır. Ölkə kredit üzərində qurulub elə bil. Bizdəki kimi kreditin olması problem deyil. Vaxtında ödəniş etməsən, yeni kredit almaqda çətinlik yaranır. Amma heç kim məhkəməyə verib həbs etmir, ən pis halda məhkəmə əmlakı satdıra bilər. Texasda isə sənin bir evinə, bir maşınına heç kim əl dəyə bilməz. Hətta əgər sənə zəng edib narahat edirlərsə, məhkəməyə verib onlardan pul ala bilərsən. Əgər heç nə ödəyə bilmirsənsə, müflisliyini elan edə bilərsən və bu faciə sayılmır. Donald Tramp belə bir neçə dəfə bankrotluq elan edib. Bu zaman bütün borcların silinir və sən yenidən həyata başlayırsan. Bunun da pis tərəfi odur ki, uzun müddət sənin kredit tarixçəndə qalır və ev götürdükdə və s. çətinlik yarada bilir. Sistemi elə qurublar ki, kredit aşağı olarsa, hərəkət edə bilmirsən və ona görə də insanlar çalışır ki, kredit skoru yüksək olsun.

– Amerikada sadə vətəndaşın minimum gəliri nə qədərdir?

Orada çox adam Uber-taksi və təmir işləri ilə məşğuldur. Bəziləri də yükdaşıma sahəsində çalışır. Belə işlərlə məşğul olanlar təxminən, ayda 3000 dollar civarında gəlir əldə edirlər. Daha iri maşınlarla, xüsusən də aeroportdan müştəri daşıyan Uber sürücüləri isə 5000 dollar və daha çox qazana bilirlər. Gəlirlər yaxşı olsa da, orada xərclər də çoxdur. Ərzaq məhsulları, yaşayış xərcləri, avtomobilin saxlanılması, benzin, sığorta və kirayə pulları çox bahadır. Məsələn, bizdə 3000-4000 manat böyük pul sayıla bilər, amma Amerikada təkcə ev kirayəsi ayda 2000-3000, bəzən isə 5000-6000 dollara qədər yüksəlir. Yəni qazandığın pulun böyük hissəsi xərclərə gedir. Bununla belə, həyat tərzi baxımından müəyyən rahatlıq var. Məsələn, zibil daşıyanın ayağında “Nike” ayaqqabısı var. İnsanlar ucuz da olsa, marka geyimlər ala bilirlər.

– Bəs orada qadın hüquqları necə qorunur?

Amerikada uşağa əl qaldırsan, səni məhkəməyə verə bilər, qaldı ki, qadına. Amerikada kiməsə toxunmağın cəzası böyükdür. Orada 90 faiz ailədə həm ər, həm də arvad işləyir. Hər birinin özünün maşını var. Hüquqları da tam şəkildə qorunur, hətta qadınların hüquqları kişilərə nisbətən daha çoxdur. Trampdan sonra isə çalışırlar ki, gender bərabərliyi yenidən bərpa olunsun.

– Tramp hakimiyyətə yenidən gələndən sonra ölkədə hansı dəyişikliklər baş verdi?

Baydenin dövründə hər şey stabil idi. Sabah nə olacağı ilə bağlı sürpriz yox idi. Ancaq Baydenin xarici siyasətdə sözünün kəsəri yox idi, Amerika standart bir ölkəyə çevrilmişdi. İnflyasiya məsələlərində problemlər var idi, işsizlik yaranmışdı. Gedişat ideal deyildi, fikrimcə. Amma Tramp hakimiyyətə gələndən sonra İlon Maskı, digər biznesmenləri özünə tərəf çəkdi, AI tərəfə fantastic üstünlük verdi, bürokratiya azaldı. Seçkilər vaxtı Trampa inam böyük idi, hətta Bayden tərəfdarları, demokratlar belə, o dövrdə Trampa tərəf keçmək istəyirdilər. Trampın gələndən sonra etdiyi qaydalar çox sərtdir. Hətta İlon Mask ölkədəki bütün işçilərdən ona e-mail atmalarını istəyib ki, görək camaat e-maillərini yoxlayır, ya yox. Kim göndərməsə, işdən çıxarılacaq. İnsanlarda bir az qanunlarla bağlı qorxu yaransa da, atılan addımlara baxanda gələcəkdə iqtisadi cəhətdən yüksəliş gözlənildiyini demək olar.

– Bəs insanları hansı xüsusiyyətlərinə görə seçilir?

Amerikada insanlar çox mehriban, gülümsəyən, salam verən görünür. Amma bu, süni bir münasibətdir. “Necəsən?” deyirlər, amma cavabını gözləmirlər, onlara maraqlı deyil. Hər kəs öz həyatı ilə məşğuldur. Doğmalıq yoxdur, uzaqlıq var ki, bu cəhətlər mənfidir.

– Bəzi kadrlarda görürük ki, Amerika küçələrində, hətta metroda belə sərxoş, qəribə insanlar yatır. Bu mənzərə realdır?

Los-Angelesdə bizim binanın qabağında elələri var idi. Uşaqlarla keçəndə başa salırdıq ki, narahat olmasınlar. Onların çoxu bəlkə də milyonçu olub, amma narkotikə qurşanıblar, yaxud müəyyən psixoloji problemləri olan insanlardır. Yəni Amerikada bir şəkildə iş tapa bilərlər. Sadəcə olaraq problemli insanlardırlar, xəstə tiplərdir. Bu adamlar Amerikanın ən böyük problemlərindən biridir. Məsələn, mənfi cəhətlərə elə “homeless”i (red. evsiz) aid edə bilərik. Yaxud LGBT-nin təbliği uşaqlıqdan aparılır, indi Trampdan sonra müəyyən qədər bunun qarşısını almağa çalışırlar.

– Vətən müharibəsi dövründə də Amerikada idiniz. Bəs həmin ərəfədə həmyerlilərimizin təəssüratları necə idi?

O vaxt bizdə səfirliyin qabağında ermənilər mitinq elədi. Bizə də dost-tanış xəbər elədi, dəstək üçün ora getdik. 50-55 nəfər biz idiksə, orada 10 minə yaxın erməni var idi. Mitinq ən azı 2 saat davam etdi. Amerika polisi də bizə dəstək verirdi, bizi qorumağa çalışırdılar. Ermənilər daş atır, hücum etməyə cəhd göstərirdilər. Bizi səfirliyin qarşısından sıxışdırıb çıxarmaq istəyirdilər. Orada bir azərbaycanlı polis də var idi, adını indi xatırlamıram, amma çox dəstək oldu. Aksiya bitəndən sonra maşınlarımıza minərək ərazidən uzaqlaşdıq. Amma o anda ermənilərin içindən keçən bəzi dostlarımız hücuma məruz qaldılar. 3-4 nəfər ağır xəsarət aldı, hətta komaya düşənlər oldu.

O dövr çox çətin idi. Qarabağ məsələsi hələ həll olunmamışdı. Ermənilər özlərini qalib kimi göstərməyə çalışırdılar. Gəncəyə olan raket hücumları və Azərbaycanda baş verən terror aktları bizə də çox təsir edirdi. Hər an gözləyirdin ki, nə baş verəcək?

Bəzi insanlar qorxurdu ki, bu aksiyalarda iştirak edənləri siyahıya alıb sonradan onlara problem yarada bilərlər. Biz də bir müddət ehtiyatlı davranmağa başladıq, hətta bir dostumun maşınının təkərini partlatmışdılar.

– Sizində övladlarınız ABŞ-də oxuyur. Bir valideyn olaraq, Amerikanın təhsil sistemini necə qiymətləndirirsiniz?

Təhsil sistemi bizdə daha tələbkardır, orada isə uşaqlar daha sərbəstdirlər, uşaqlıqlarını yaşaya bilirlər. Məsələn, məktəbdə yerdə oturmaq, pijama ilə dərsə getmək kimi şeylər adi haldır. Bizim üçün qəribə gəlirdi, amma onlar üçün bu normadır. Məktəbdə uşaqlardan daha çox əylənərək öyrənmək tələb olunur. Ev tapşırıqları çox deyil. Müəyyən proqramlar var ki, uşaqlar oyun oynayaraq dərs öyrənmiş olurlar. Əlavə kurslar, məşğələlər var, amma bu, standart deyil.

– Yenə qayıdaq iş dünyasına… Hansı yeni layihələriniz üzərində çalışırsınız?

Bizim startaplarımız davam edir. Yeni bir layihəmiz var, “AzDoc” adlanır, yəni “Virtual Həkim”. İstifadəçilər bu platforma vasitəsilə həkimə bənzər süni intellekt sisteminə suallar verə biləcəklər, yaxud əllərində bir yara varsa, şəklini çəkib göndərə biləcəklər. Sistem həm tibbi sualları cavablandıra, həm də şəkil əsasında ilkin diaqnostik yönləndirmələr edə biləcək. Hazırda bu məhsulu əsasən Azərbaycan bazarında test edirik, tanımağa çalışırıq. Lakin ümumilikdə layihəni qlobal səviyyədə düşünürük. Tibbi bilikləri süni intellektlə birləşdirib, real bir problemi həll etmək niyyətindəyik. Artıq ABŞ-də bir neçə investorla ilkin danışıqlar aparılıb və maraqlı tərəflər var. Hətta layihəni “Open AI” və “Google” kimi qurumlara təqdim etmək ehtimalları da müzakirə olunur. Layihə olduqca maraqlıdır və hal-hazırda aktiv şəkildə inkişaf etdirilir.

– Son olaraq, Amerika çoxunun xəyalıdır. Bəs ora köçmək istəyənlərə nə tövsiyə edərdiniz?

Bu, hər adamın bacaracağı bir şey deyil. Bəzən adamların acığına gəlir, ancaq bəzilərinə heç məsləhət görmürəm. O adam yenilikçi deyilsə, riski sevmirsə, dözümü, yaxşı bir bacarığı yoxdursa, Amerikaya getsə də, ona çətin olacaq. Adam da var ki, baxırsan ki, onun yeri heç bura deyil. Mənə görə, Amerika bir növ fürsətlər ölkəsidir, buna görə də bacarıq lazımdır. İlk növbədə, ingilis dilini bilmək 1-0 öndə başlamaq deməkdir. Əldə müəyyən məbləğdə pulla getmək də çox kömək olur. Çünki orada iş tapmaq, yerləşmək çətindir, bəzi sənəd məsələləri var. Həm də tanıdığın birinin yanına getmək çox kömək olur. Hətta məncə, puldan da önəmli məhz budur…

Sevinc İbrahimzadə 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:99
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 24 May 2025 00:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hər beş uşaqdan biri piylənmədən əziyyət çəkir” Tramp

23 May 2025 06:45see197

Bu tədris ili üçün ali təhsil müəssisələrinə ayrılmış plan yerlərinin sayı artırılıb

23 May 2025 11:28see158

Bu halda hər ay 200 manat ala bilərsiniz TƏLƏBLƏR

22 May 2025 07:04see132

“Məni öldürmək üçün 10 min dollar ayrılmışdı” Çingiz Abdullayevlə MÜSAHİBƏ

22 May 2025 14:07see125

Göyçay İcra Hakimiyyətində 8 vakant yer var

22 May 2025 16:24see124

Ülviyyə Kazımova Almaniyada solo konsert programı ilə çıxış edib FOTO

22 May 2025 17:01see122

ABŞ da kiçik təyyarə evlərin üzərinə düşdü 15 ev və maşınlar yanıb

22 May 2025 20:27see121

Avropa İttifaqı Azərbaycan Təhlükəsizlik Dialoqunun 6 ci iclası keçirildi FOTO

23 May 2025 02:31see120

Şahin İsmayılov: Azərbaycan TDT nin gücləndirilməsi istiqamətində önəmli addımlar atır

23 May 2025 11:06see118

Hokinq 2025 ci ili necə proqnozlaşdırmışdı? Onun sözləri qorxunc dəqiqliklə doğru çıxır

23 May 2025 14:38see117

Netanyahu Vaşinqtonda İsrail diplomatlarının qətliamına reaksiya verib

22 May 2025 10:57see116

DİN: Bank kartının məlumatlarını heç kəslə paylaşmayın!

22 May 2025 10:31see115

AZAL dan təyyarədə pəncərə kənarında oturmaq üçün əlavə pul alınması iddialarına CAVAB

23 May 2025 14:24see114

ABŞ ın Kaliforniya ştatında təyyarə qəzası nəticəsində azı 2 nəfər ölüb

23 May 2025 09:10see114

Heç kimə görə beh qaytarmaram

23 May 2025 12:17see114

Müavinət və təqaüdlərlə bağlı ŞAD XƏBƏR

22 May 2025 10:35see113

Hadisə aktrisa olur Yeni serial və partnyor bəlli oldu KONKRET

22 May 2025 08:10see113

Mikayıl Cabbarova yeni vəzifə verildi

22 May 2025 18:00see113

Harvarda beynəlxalq tələbələrin qəbulu qadağan edildi

22 May 2025 23:34see113

Luka Modriç “Real Madrid”dən gedir Klubda 13 il oynayıb

22 May 2025 19:34see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri