“Adi qrip” deyib keçməyin: Bir səhv qərarın həyatı necə dəyişdirdiyinin dərsliyi
Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
2013-cü ilin noyabrında Aleks özünü pis hiss etməyə başlayanda ciddi narahatlıq duymayıb. Mövsümi xəstəliklərə bənzər simptomlar vardı və o, minlərlə insan kimi həkimə getməyi təxirə salıb. Lakin cəmi 10 gün sonra vəziyyət dramatik şəkildə dəyişib. Aleks xəstəxanaya gətiriləndə artıq şüuru pozulmuşdu, dərisinin rəngi dəyişmişdi və həyatı təhlükə altındaydı.
Həkimlər səbəbi müəyyən edəndə mənzərə daha da qorxulu oldu: A qrup streptokok bakteriyası. Geniş yayılmış, çox vaxt zərərsiz hesab edilən bu bakteriya nadir hallarda toksik şok və sepsis yaradır. Aleksin başına gələn də məhz bu idi. Həkimlər onun növbəti üç gün ərzində sağ qalma ehtimalını cəmi 1 faiz olaraq qiymətləndirmişdilər.
Onun həyatını xilas etmək üçün ən ağır qərar verildi. İnfeksiyanın yayılmasının qarşısını almaq üçün hər iki qolu və hər iki ayağı amputasiya edildi. Üz nahiyəsi də zədələndiyi üçün mürəkkəb rekonstruktiv əməliyyatlara ehtiyac yarandı. Uzun müddət Aleksin həyati funksiyaları cihazların köməyi ilə saxlanıldı. Bir “qrip” şübhəsi onu bir anda tamamilə başqa həyata aparmışdı.
Amma bu hekayə yalnız faciə deyil. Bu, eyni zamanda insan iradəsinin gücünün sübutudur. Aleks Lyuis sağ qaldı. Protezlərlə yaşamağı öyrəndi, motivasiya spikerinə çevrildi, ekstremal idmanla məşğul olmağa başladı və xeyriyyə fondu yaratdı. Bu gün o, minlərlə insana ümid verən bir simadır.
Aleksin hekayəsi təkcə Böyük Britaniya üçün deyil, Azərbaycan üçün də ciddi xəbərdarlıqdır. Bizdə də çox zaman qripə oxşar əlamətlər “əhəmiyyətsiz” sayılır. “Bir az dincəlim, keçər”, “Həkimə nə var ki, gedim?” düşüncəsi geniş yayılıb. Halbuki bəzi infeksiyalar məhz bu laqeydlikdən güc alır və ağır nəticələrə səbəb olur.
Mütəxəssislər xəbərdarlıq edir ki, yüksək hərarət uzun müddət düşmürsə, güclü halsızlıq, huşun qarışması yaranırsa, dəri rəngində dəyişiklik müşahidə olunursa, ağrılar adi qripdən daha şiddətlidirsə bu artıq “adi xəstəlik” deyil.
Aleks Lyuis bir səhvin bədəli ilə dörd əzasını itirdi, amma həyatını itirmədi. Onun hekayəsi bizə xatırladır ki, bəzən həkimə vaxtında getmək təkcə sağlamlığı deyil, həyatı xilas edir. “Qripdir, keçər” deməzdən əvvəl bir anlıq düşünmək isə hər birimizin borcudur.
Leyla Mirzə, Bizimyol.info
Baxış sayı:106
Bu xəbər 23 Yanvar 2026 22:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















