Ağbaba elinin Təpəköy ağsaqqalı Usub Hacıbalaoğlu
Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
Zəmanənin topa tutduğu başıbəlalı bir nəslin həyat hekayəti
Bu qeydlər Qərbi Azərbaycanın Amasiya rayonunundakı Təpəköy kəndində dünyaya gəlmiş filologiya elmlər doktoru, Sumqayıt Dövlət Universitetinin professoru Aslan Bayramovun təşəbbüsündən sonra qələmə alındı. Alim zəng vurub bildirdi ki, doğma yurda həsr olunmuş tarixi-xatirə toplusunu yekunlaşdırır. Bura yaxın keçmişdə kənd ağsaqqalı olmuş Usub baba haqqında yazı da daxil etmək istəyir. Aslan müəllim həmin yazını mənim hazırlamağımı xahiş edirdi.
Elm adamının bu xoş məramı məni qəlbən sevindirdi. Təklif etdim ki, Usub baba haqqında yığcam məlumat onun haqqında dolğun təsəvvür yaratmaz. Yaxşı olar ki, Ağbabanın bu ulu şəxsiyyəti barəsində əhatəli bir yazı hazırlayım. Razılaşdıq. Yazdıqlarım 80–90 il əvvəlin hadisələridir. Əlavə edim ki, əsl adı Yusif olan Usub baba zəmanəmizin çox tanınmış və dəyərli şəxsiyyətlərindən idi. Təkcə Təpəköydə deyil, bütün Ağbabada onun adı-sanı geniş yayılmışdı. Gördüyü işlər, tutduğu xeyirxah əməllər barədə xoş təəssürat yaranmışdı. Belə kişidən söhbət açanda düzlük, dəqiqlik hallarına zərgər dəqiqliyi ilə əməl etməyi özümüzə borc bilməliyik.
Etiraf edirəm ki, Usub baba özgəsi deyildi, mənim dost-doğma ana babam idi. Kişi 6 oğul, 1 qız atası idi. Keçmişdə adamlar biri-birinə xeyir-dua verəndə, adətən, belə deyərdilər: “Səni görüm 7 oğulla bir süfrəyə əl uzadanlardan olasan”. Əvvəlcə övladlarını təqdim edirəm: Rəcəb, Rüstəm, İsgəndər, Oruc, Nəsib, Alışan, bir də qızı Maya. Babanın 1 oğul “kəsiri” ailədə elə bir rol da oynamırdı. Evin ilk oğlu boy-buxunlu, yaraşıqlı Rəcəb, gələcək dayım atası ilə yan-yana duranda zahirən aralarında elə bir fərq də görünməzdi. Belə halda, ata da “7 oğullular” cərgəsində yer ala bilərdi...
Qardaşlar son dərəcə yaraşıqlı, boy-buxunlu, işlək, üzüyola, üzağardan idilər. Onların hamısını atanın “sağ əli” hesab etmək olardı. Mənə onlardan bir neçəsi ilə görüşmək, söhbət etmək nəsib olub. Bəzilərinin üzünü də görməmişəm, tale belə gətirib.
Ailənin, dediyim kimi, bir qızı da olub, Maya. Babam onu çox əzizləyərmiş. Adına da “Anaqız” deyərmiş. O, mənim gələcək anam – Maya Yusif qızı idi.
Oğulların, bir də sonralar anamın dilindən “aqa” sözünü götürmüşdüm. Usub babaya mən də “aqa” deyərdim. Bu bizim şivədə indi çox işlənən ata sözünün əvəzidir. Nənəyə də (Tükəzban) ana deyərdik. Bu müraciətdən hər iki tərəf çox məmnun qalardı. Təəssüf ki, onlarla görüşlərim, söhbətlərim çox az olub, çünki həm iş belə gətirib, həm də aramızda olan məsafə az deyildi.
Ana babama “aqa” deməkdən çox xoşhal olardım, lakin kiçik olduğumdan o vaxt bu sözün mənasını dərk etməzdim. Təkrar edirəm, bu söz bütün Ağbabada “ata” sözünün ən yaxşı, dolğun əvəzləyicisi idi.
Deyildiyi kimi, aqam Təpəköyün ən varlı-hallı sakini imiş. Bütün Ağbaba elində hamı onu halal çörək sahibi, xeyirxah adam kimi tanıyırmış. Var-dövləti, necə deyərlər, “başdan aşıb-daşarmış”. 25-30 sağmal inəyi, neçə qoyun sürüsü varmış. Minik atları ayrı, qoşqu atları özgə imiş. Evləri rayon mərkəzindən gələndə kəndin girəcəyində salınmışdı, “Şurabada (Sultanabada) aparan yola paralel mərkəzi magistraldan 50-60 metr aralıda yerləşirdi.
O başda ot tayaları cərgələnərmiş, sonra mal tövlələri, aşxana, oturacaq və yemək damı gəlirmiş, “sonda qonaq otağı” tikilibmiş. Bunları da 1940-cı illərdə görmüşdüm. Evlərin cərgəsinə yaxın, həyətin mərkəzində aqam su quyusu vurdurmuşdu, yayın bürküsündə yoldan keçənlər də daxil olmaqla güzarı buradan düşənlər quyuya yan alar, zəncirə bağlanmış vedrəni aşağı sallayıb su çıxarar, bir parç sərin su içib yanğısını söndürər, ev sahibinə minnətdarlıq bildirib dünyadan köçənlərinə rəhmət diləyərlərmişlər.
Qış aylarında həyətdə xüsusi hazırlanmış at xizəyi “müntəzir imiş”. Bu, “xüsusi təyinatlılar” dəstəsinin minik vasitəsini tamamlayan vacib nəqliyyat növü hesab olunarmış. Mərkəzi yolun Çaldaş–Təpəköy hissəsində heç bir yaşayış məntəqəsi, daldalanaq olmadığından qarlı-boranlı havada Orucun at xizəyi mənzil başına çata bilməyənlərin hayına yetərmiş. Təkcə bir xəbər verən, məlumat bildirən olsa, heç bir qorxudan çəkinməyə ehtiyac olmazmış. Oruc, ya evdəkilərdən biri atları qoşub, xizəyi işə salar və darda qalanın dadına yetişərmişlər.
Ailədə ciddi qayda-qanun, möhkəm intizam olub. Oruc və İsgəndər dayılarım sübh tezdən, hamıdan əvvəl yataqdan durub əldə “qoşa süpürgə” həyət-bacanı toz-torpaqdan, yersiz tullantılardan təmizləyər, səliqə-sahman yaradar, zarafata salıb aqaya da deyərlərmişlər: Təmizlik həyət-bacadan başlayar, səliqə-sahman evə daxil olanların könlünü oxşamalıdır.
Aqamın var-dövlətinin durmadan artması, imkanlarının ili-ildən genişlənməsi ailədəki işgüzar mühitin, həmrəyliyin nəticəsində mümkün olmuşdur. Tükəzban nənənin, ona da “ana deyərdik”, ilk qoşa gəlinləri – Səlbinaz və Mayasa təsərrüfat işlərində qaynananın ən yaxın köməkçiləri idilər.
Böyük qardaşlar Rəcəb və Rüstəm cütlüyü ailənin bütün “xarici tapşırıqlarını” qüsursuz yerinə yetirərdilər. İsgəndər tələbə idi, müəllimlik həvəsinə düşmüşdü. İrəvanda Pedaqoji Texnikumda oxuyurdu. Kəndin say-seçmə cavanı Oruc öz yorulmaz “Şalon” atı ilə bütün vaxtlarda cıdır yarışlarını qalib tərk edərdi. Onun vaxtsız vəfatı ata-ananın “belini sındırdı”, bütünlükdə, Təpəköyü qəm dəryasına batırdı. Kənd qadınları bu faciəni belə şərh edərdilər: “Usubun oğlunu “vurğun vurdu”.
Kəndin adındakı “təpə” və “köy” sözləri bu yerin qədim türk yaşayış məntəqəsi olduğundan xəbər verirdi. Bəzi mənbələrdə, xüsusilə danışıqda, bir də yerli mətbuatda bəzən Təpəkənd formasında işlənsə də, Təpəköy sözü həmişə aparıcı olub və bu, kəndin adı dövlət orqanlarında belə qeydə alınmışdı. Bunu da nəzərə almaq lazımdır ki, bu ad göydəndüşmə deyildi.
Minilliklər ərzində Ağbabaya yaraşıq olan, Arpa gölündən mənbəyini götürüb eyniadlı çayın sağ sahilində qərar tutmuş möhtəşəm təpə-kurqanının adından yaranmışdır. Yerin səthindən 50-60 metr hündürlükdə qərar tutmuş təpə, elə bil “qurşayan” şəklində evlərin bir hissəsini öz ağuşuna alıb bizim dövrümüzədək onların keşiyini çəkməkdən “usanmamışdır”.
Təpə – kurqan kəndin yaraşığı, onun ayrılmaz tərkib hissəsi idi. Yazda, payızda, bir də ilin xoş günlərində bu hündürlük çoxadamlı olardı. Camaat burada toplaşıb ətrafda görünən Göllü, Yeniyol, Düzkənd, Balıqlı, Güllücə... kəndlərini uzaqda seyr edər, söhbətləşərdilər. Bu yerə ayrıca ad da verilmişdi: “Təpəbaşı”. Elə bil, Təpəbaşı sovet dövrü kənd klublarını əvəz edirmiş. Ən maraqlı, el-oba üçün mühüm mövzular burada söhbət mövzusu imiş.
1931-ci il, payızın ilk günləridir. “Təpəbaşı”nda yenə tünlükdür. Neçə gündür ki, burada vacib bir müzakirə camaatın söz-söhbətinin mərkəzində yer alıb. Nədənsə, məsələ də öz müsbət həllini tapa bilmir. İş burasındadır ki, kənddə təzə məktəb açılması barədə hökumətin qərarı var, ancaq lazımi bina yoxdur.
Təpəköyün ağsaqqalı Usub baba səhər naharından sonra bəzi təxirəsalınmaz işləri yekunlaşıb, Təpəbaşına qalxır. O, vaxt itirmədən adamları bir yerə yığır və deyir:
– Ay camaat, neçə gündür ki, burada biz vacib bir məsələni götür-qoy edirik. Ancaq meydanda heç nə yoxdur. Bura gələndə qız-gəlinə dedim ki, qonaq otağını boşaltsınlar, hər şeyi yığışdırsınlar. Mən o yeri məktəbə verirəm. Sabahdan mənim qonaq otağım məktəb olur, balaların ixtiyarına verilir.
Kəndin ilk müəllimi İrəvan Türk Pedaqoji Texnikumunun 1930-1931-ci dərs ili məzunu, Qaraçanta kənd sakini olan atam Fərhad Əsgərov olmuşdur. 2 sonra o, Usub Hacıbalaoğlunun yeganə qızı, yəni 6 qardaşın 1 bacısı Maya ilə evlənir, ailə qurur. Ata babam Rəcəb Əşrəfoğlu milləti toplayıb ilk övladına təmtəraqlı toy edir. Fərhad müəllimin toy məclisi, ailə qurması əmioğlum Baxşəli Əsgərovun “Ağbabada qalan izlər” kitabında dolğun təsvir edilmişdir.
Yeni qurulan bu ailədə 2 oğlan, 1 qız dünyaya gəlib: bacım Tamaşa (1934-2018), mən (1936) və qardaşım – kəndin ilk alimi kimyaçı Hamlet (1940-2016). Yeri gəlmişkən, atam 1939-cu ilədək Güllübulaqda, Dərələydə (Əzizbəyov rayonu), Her-her kəndində, Güllücədə, Amasiya orta məktəbində müəllim işləmiş, orduya çağırılmış və II Dünya savaşında həlak olmuşdur.
Böyük sevinc və iftixar hissi ilə “aqa” deyə müraciət etdiyimiz ana babam Usub Hacıbalaoğlunun başdan aşan var-dövləti, cah-cəlalı sonradan ona yağı kəsildi: hər şeyinin əlindən çıxmasına, yurdunun viran qalmasına, böyük oğlu Rəcəbin həbs edilməsinə, özünün də qolçomaq sayılıb tutulmasına səbəb oldu. Bu az imiş kimi, ailə nəsillikcə Təpəköydən uzaq düşdü. Balalar Sovetlər İttifaqının hər tərəfinə dağıldı, yad qəbiristanlıqlarda torpağa tapşırıldılar.
Ailəyə Təpəköydə edilən qaçaq-quldur hücumu da baba evini xarabalığa çevirir. Bir axşam əlisilahlı 6-7 nəfər evə daxil olub, oğlanların əl-qolunu bağlayır, tövləyə doldururlar. Dərhal da dəstəbaşı Tükəzban nənəyə qışqırır ki, arvad, evdə nə varsa çıxar, qoy ortaya, aparmağa gəlmişik.
Cəsarətli ana quldurbaşına cavab verir:
– Boy, ay Qənbər, utanmırsan, bu nə oyundur başımıza açırsan?
Qənbər qışqırır:
– Yersiz danışma qarı, mən Qənbər deyiləm, sakit ol, biz işimizi görək.
Dar macalda ana gəlinlərinin gümüş kəmərlərini alıb itlərin yal qazanına atır...
Bu arada igid Rəcəb dayım tövlədə qolunu açıb öküzün belinə qalxır və bacadan çölə çıxır, dərhal da özünü çatdırır yaxınlıqdakı Şurabada (Sultanabada), vəziyyəti sərhədçilərin komandirinə danışır. Sərhədçilər atlanıb hadisə yerinə yola düşürlər. Ancaq çata bilmirlər, qaçaq-quldur dəstəsi evi qarət edib Türkiyəyə keçmək istəyirlər. Burada onlar sərhədçilərlə qarşılaşır, ələ keçirdiklərini də töküb qaçırlar.
Səhəri dayımın da iştirakı ilə quldurlardan saldırılmış əmlakın siyahısı yazılır. Bu əmlak baba evinin daha varlı və zəngin olduğunun sübutu kimi və ailənin başına gətirilən ədalətsizlikdə fakt kimi ortaya qoyulur.
Yadımdadır, 4–5 yaşım olardı. Aqam həbsdən qayıtmışdı. Bir neçə gün Qaraçantada bizdə qaldı, “yoldaşlıq etdik”. Hiss etdim ki, aqa çox tədbirli, alicənab kişidir. Əlinə bir butulka keçdi. İçərisində mantar var idi. Bir qədər sağına-soluna baxıb, nazik və möhkəm kəndir tapdı. Onu qoşalayıb butulkanın içinə saldı. Mantarı kəndirin ortasına aldıqdan sonra dartıb onu çıxartdı, elə bil o, bu fantaziyası ilə mənim gözlərimdə birə-beş qat böyüdü, ucaldı.
1943-cü ilin sentyabrında anam bizi – 2 qardaş, 1 bacını qardaşlarına yaxın olub birtəhər yaşamaq ümidilə Təpəköyə – ata yurduna apardı. Ancaq bu ümid özünü doğrultmadı. Kiçik dayılarım Gürcüstanın Boqdanovka rayonundakı Sağamoy türk kəndinə köçmüşdülər, kolzoxda işləyirdilər.
Payızı, qışı, yayın bir hissəsini biz Təpəköydə qaldıq, heç bir dayı görmədik. İkinci dayım Rüstəm də əsgəri xidmətdə idi, ailəsi, 3 uşaqla kənddə yaşayırdı. Bu günləri xəyalıma gətirəndə, düzü, özümü ələ ala bilmirəm. Mən, 7 yaşlı uşaq vaxt tapdıqca Arpaçayını o tərəf-bu tərəfə keçirdim, üzmək də bilmirdim, əgər təsadüfən yıxılsaydım, yəqin ki, harayıma çatan olmazdı.
3 yaşlı qardaşım Hamletlə birlikdə “aqa yurdu”nun həndəvərində qalın otluqda gəzişir, ilan, kərtənkələ, kirpi axtarışına başlayırdıq. Gündəlik məşğuliyyətimizin belə bir qızmar vaxtında anam bizi evə səslədi. Məlum oldu ki, həmkəndlimiz mərhum Seyid Həsən baba qızı Xanıma baş çəkməyə gəlib. Baba geri qayıdanda mən də ona qoşuldum və kəndə gəldim, 1 ay sonra məktəbə gedib təhsil almağa başladım.
Sərin bir sentyabr gecəsində kəndimizin cənubundan keçən mərkəzi magistralla deyil, bir qədər də cənubda Cələb kəndindən keçən torpaq yolla səhərədək maşın karvanı ara vermədən keçdi. Yaşlılar dedilər ki, yəqin, əsgərlərdir, yenə manevr edəcəklər. Ancaq səhər duranda eşitdik ki, həmin gecə Gürcüstandan mesxeti türklərini Leninakana gətirib, oradan da Orta Asiyaya sürgün ediblər.
Axıska türklərinin içərisində Orta Asiyaya sürgünə gedənlərin arasında bizim iki dayımız da olub: Nəsib və Alşan. Onlar vaxtilə Sağamoya köçüb gedənlər idi. İndi də məcbur qalıb mesxeti türkü adı ilə doğma yurddan, el-obadan “gedər-gəlməzə” deportasiya olundular. Aqa nəslinin digər nümayəndələri də, o cümlədən ikinci dayım Rüstəm də əsgərlikdən qayıtdıqdan sonra Orta Asiyada binə qurdular. Yeni doğulanlar, vaxtı çatanlar, kim haranı xoşladı, orada yaşayıb, məskən saldı. Beləliklə, Usub Hacıbalaoğlu nəslinin yetirmələri Orta Asiyanın hər yerinə səpələndilər.
Rüstəm dayı Qazaxıstanda, Çimkənddə yaşayırdı. Bir aralıq nəsillərin axtarışı, tapılması “hərəkatına” qoşulmuşdu. Ankarada, Qarsda, İğdırda və digər bir sıra ünvanlarda nəslin nümayəndələrindən tapıb, əlaqə yaratmışdı. 2013-cü ilin qışında mən, Milli Məclisin deputatı Aydın Mirzəzadə ilə birlikdə Qarsa, İğdıra yola düşdük, Xocalı şəhidlərinin anım mərasimində iştirak etdik. Dayının verdiyi ünvanla aqanın yaxın qohumlarından Alşan Qoçaqla görüşdük. Bizi evə dəvət etdi.
Vaxtımız dar idi. Kişi bərk təlaş keçirirdi. Deyirdi ki, sizə heyvan kəsim, ağıllı-başlı “qonaqlıq yapım”. Razılaşmadıq, lakin onun Gorxana kəndindəki pendir zavodunun məhsullarından holland, çeçil, motal pendirləri, qaymaq və qatıqdan daddıq. Bir daha əmin oldum ki, aqamın qəbri uzaqlarda olsa da, ideyası və əməlləri yaşayır.
1962-ci ildə Rüstəm dayım Vətən həsrəti iə köçüb Daşkəsənə gəlir. Onu müharibə iştirakçısı kimi şəhərdə yaxşı qarşılayır, 3 otaqlı mənzil verirlər. Bakıya gəlmişdim, geri qayıdanbaşı dayım ilə görüşməyi qərara aldım. Uzun illərin ayrılığndan sonra bu görüş çox sevindirici və həyəcanlı oldu. Dayının uşaqlarına da Daşkəsəndə filiz kombinatında iş vermişdilər, şofer işləyirdilər. Bir sözlə, vəziyyətləri yaxşı idi.
Dayı, uşaqları, ailəsi ilə işgüzar söhbət apardım. Dedim ki, təzə gəlibsiniz, bir qədər çətinliklər olacaq, ancaq bu müvəqqəti haldır, iki il işləyin. Sonra Azərbaycanın harasına istəsəniz köçərsiniz. Dayı razılaşdı. Aradan 5-6 ay keçmişdi. Daşkəsəndən bir tanış gəlmişdi, dayımı soruşdum. Dedi ki, dayın yenidən Qazaxıstana köçdü. Beləliklə, Usub babanın nəslindən yaşayanlar harada gəldi yaşadı, ölənlər də qürbətdə qara torpağa tapşırıldılar. Onlar Təpəköydən, Azərbaycandan, Bakıdan, çox-çox uzaqlarda “qəbir evində” əbədi qalası oldular.
Çox təəssüf edirəm ki, nənə-babamın aqamın, anamın qəbirləri indi Oş torpaqlarındadır, Aravan rayonundadır, onlar hansısa qərib qəbiristanlığın bir küncündə atılıb qalmışlar. Nə qəbri ziyarət edən var, nə də bir kəlmə dua oxuyub fatihə verənlər. Əvvəli əziz, sonu ucuz olan doğmaların ruhları indi, görəsən, hansı əzab-əziyyət içərisin də dolaşır? Bu, onların nə işinin, nə xidmətinin, nə də insanlığının müqabilində olanların bir faizi də deyil. Bir təsəlli var ki, Usub babanın nəslindən sağ qalanlar indi Orta Asiyada və dünyanın bir sıra yerlərində yaşayırlar.
Axıska türkləri ilə eyni tale yaşayan və Orta Asiyaya sürgün edilən yaşca kiçik dayılar, pəhləvan görkəmli dayılar haqqında da qeyd edim. Onlar məhsuldar Oş torpağının Aravan rayonuna düşmüşdülər. Nəsib dayım ticarətlə məşğul idi. Həyat yoldaşı Bədriyyə xanımla 11 uşaqdan ibarət böyük ailənin sahibi oldular. Dayı bu barədə “qafiyəli” bir məktub göndərmişdi mənə, uşaqları barədə məlumat verirdi: “Bir oğlum Cəmşid, bir oğlum Şəmşid (Bülbül), bir oğlum Rəmşid (Tillə)... bir qızım Məleykə, bir qızım Leyla...”. Cəmi 11 ad yazmışdı dayı.
Oş hadisələri ilə əlaqədar özbəklərlə qırğızlar arasında əlaqə gərginləşdikdə (1988) dayım uşaqlarından üçü Şəmşid, Leyla, Aytba Bakıya köçdülər, Xızı rayonunun Fındığan kəndində köçkünlər üçün yeni tikilmiş binalarda yerləşdilər. Aytba çox keçmədən Aravana qayıtdı. Leyla və Şəmşid kənddə yaşayası oldular.
Alşan dayı da Oşda məskunlaşmışdı. Yaxşı mexanik, energetik idi. Çox güclü və cəsarətli ziyalı idi dayı. Yüz kiloqramlıq transformatoru qucağına alıb quraşdırma yerinə qoyurdu. Onun uşağı var idi: Kamilə və Ənvər. Düzü, indi onlar haqqında məndə elə bir məlumat yoxdur. Üzü qara olsun qəribliyin, ayrılığın!
Bu yaxınlarda bibimin nəvəsi, mərhum həkim Natiq Məmmədovun qızı Aliyə Nuriyeva Kanadadan gəlmişdi. O, ailəsi ilə birlikdə orada yaşayır. O dedi ki, bir qədər əvvəl təsadüfən bir ailə ilə tanış olduq. Adı Usub idi. Söhbət əsnasında məlum oldu ki, o, Usub Hacıbalaoğluna simsar adamlardandır. Sizi, Hamlet müəllimi, onun həkim oğlu Arzunu yaxşı tanıyır, Bakıya gəlibmiş, burada Hamlet müəllimin evində olub. Xoş təəssüratlarla qayıtmışdı. Cibindən şəkil çıxartdı, Hamlet müəllimin və qızı Akifənin şəkli idi. Bir sözlə, Usub baba nəslinin çox yaxın qohumlarından idi.
Yenə qəlbimdən aqaya rəhmət diləmək, onun ruhunun şad olmasına dua etmək fikri keçdi. Belə bir şöhrətli adamın törəmələri gör nələr yaşamalı oldular.
Təpəköyün mərd, igid, cavan yetirməsi Oruc dayımın vaxtsız və müəmmalı ölümü də qəlbimi ağrıdıb. Aqamın var-dövləti müsadirə edildikdən sonra dayımın qəlbən bağlandığı “Şalon” atını milisə veriblərmiş. Hər şeyi əldən çıxmış ailənin gənc oğlu həyətdə nə ilə isə məşğul imiş. Qəfildən at kişnəməsi onu fikrindən ayırır. Sərt dönüş edib arxaya baxanda “Şalon”un üstündə yekəpər erməni milisini görür və müvazinətini saxlaya bilməyib yerə yıxılır.
Kənddə “cıdır yürüşlərinin” daimi qalibi, Təpəköyün mərd və say-seçmə oğlu Oruc dayım 21 yaşında bir daha özünə gələ bilmir və haqqın dərgahına qovuşur... Millət bu vaxtsız ölümü el kədəri kimi qəbul edib cavanın yasını tutur. Kənd qarıları isə heç nə anlamadıqlarından deyərmişlər: Usubun gənc balasını “vurğun vurdu”.
Professor Aslan müəlim Usub Hacıbalaoğlu haqqında bəzi məlumatlar verməyimi xahiş etmişdi. O kişi sıradan bir adam deyildi. Özü, işi şəxsiyyəti kitablara yetərli olub. Haqqında nəvəsinin – mənim görüb bildiklərim bunlardan ibarət olub və onları da yığcam şəkildə yuxarıdakı kimi qələmə aldım.
Əsgər ƏSGƏROV,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 24 Yanvar 2026 02:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















