AĞ EVDƏ İKİTİRƏLİK... Niyə Tramp bir, Rubio isə başqa bir şey deyir?
Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.
Donald Tramp ikinci dəfə Prezident seçiləndən sonra zatən stabil və birmənalı olmayan ABŞ xarici siyasəti daha da mürəkkəb və qeyri-müəyyən xarakter alıb. Bunu Vaşinqtonun digər “qaynar nöqtələr”lə yanaşı, Ukrayna ilə bağlı yürütdüyü siyasətin timsalında daha aydın görmək olar…
Tramp administrasiyasının ən adekvat və peşəkar təmsilərindən biri kimi tanınan, həmçinin ABŞ-nin xarici siyasətinə görə birbaşa cavabdeh olan Dövlət katibi Marko Rubionun son açıqlamaları göstərir ki, Ağ Evin üzdə verdiyi bəyanatlarla reallıqda baş verənlər, yumşaq desək, heç də üst-üstə düşmür. Üstəlik, bu bəyanatların özündə belə bir ikitirəlik var – Prezident Donald Tramp bir, Marko Rubio isə başqa bir şey deyir…
Atlantada keçirilən və Rusiya xarici işlər naziri Sergey Lavrovun da iştirak etdiyi G20 xarici işlər nazirlərinin görüşündən sonra Rubio deyib ki, Ukraynadakı müharibənin danışıqlar yolu ilə tez bir zamanda sona çatacağına şübhə edir. Çünki nizamlanmanın yaxınlaşdığına dair heç bir əlamət yoxdur: “Düşünmürəm ki, burada kimsə dinc yolla həll yolu ərəfəsində olduğumuzu iddia etsin".

Həmin toplantıda həmkarları ilə şəxsi söhbətlərində ABŞ Dövlət katibi Rusiya Prezidenti Vladimir Putinin 2027-ci ilin yazından əvvəl müharibəyə son qoyacağına inanmadığını bildirib. Qərb mediasının yazdığına görə, Rubio həmçinin Kremlin ərazi ambisiyalarının Donbasdan kənara çıxdığını və bu bölgəni ələ keçirməyin "Putinin iştahasını azaltmayacağını"deyib.
Bütün bunlar Rubionun “şefi” – Prezident Donald Trampın son açıqlamaları ilə daban-dabana ziddir. Tramp bir neçə gün əvvəl Rusiyanın Ukraynaya qarşı müharibəsinin sona çatmaq üzrə olduğunu və tezliklə müvafiq müqavilənin imzalanacağını iddia edib. ABŞ Prezidenti iki gün öncə Mar-a-Laqo iqamətgahında jurnalistlərə açıqlamasında deyib ki, Rusiya ilə Ukrayna arasında münaqişə yaxın zamanda başa çatacaq. Tramp müharibənin “çox da uzaq olmayan gələcəkdə” sona çatacağını qeyd edib. O, mühafizəkar siyasi şərhçi Benni Consona verdiyi son müsahibəsində də Rusiya və Ukrayna arasında sülh sazişinin çox yaxın olduğunu iddia edib. Tramp əvvəllər bu mövzuda daha ehtiyatlı danışdığını, lakin indi vəziyyətin dəyişdiyini və münaqişənin tezliklə həll olunması üçün real şansların yarandığını bildirib. ABŞ Prezidenti hətta bu sülh sazişinin dekabr ayında onun Floridadakı şəxsi "Trump National Doral" kurortunda keçiriləcək G20 sammiti çərçivəsində elan oluna biləcəyinə işarə edib.

Bəs, Tramp və Rubionun bəyanatlarındakı bu ziddiyyət nədən qaynaqlanır?
Bəzi şərhçilər iddia edirlər ki, ABŞ-Rusiya-Ukrayna danışıqlarının Rubioya deyil, Trampın peşəkar diplomat olmayan kürəkəni Cared Kuşner və “ortağı” Stiv Uitkoffa tapşırılması Dövlət katibini bu prosesdən kənarda qoyub. Ona görə də Rubio danışıqlar və mümkün nəticələrlə bağlı daha az məlumata malikdir, bu səbəbdən də prosesə daha pessimist yanaşır. Lakin bunu əksini iddia edənlər də var və onların fikrincə, Rubio ən azından informasiya baxımından bu danışıqlardan kənarda qala bilməz. Onlar hesab edirlər ki, Dövlət katibi real vəziyyətdən kifayət qədər məlumatlıdır və Kuşnerlə Uitkoffdan fərqli olaraq, həm bir peşəkar, həm də təcrübəli siyasətçi kimi, hadisələrin gedişatına daha obyektiv qiymət verə bilir.
Digər yandan, bu prosesə Trampın prezident seçkisindən öncə “Ukrayna müharibəsini 24 saata bitirəcəyəm” vədi kontekstindən baxılır. Yəni, ABŞ Prezidentinin açıqlamalarının reallıqla uzlaşmadığı, vədlərinin isə heç də hər zaman yerinə yetirilmədiyi reallığı nəzərə alınır və alınmalıdır da…
Hələliksə reallıq ondan ibarətdir ki, bu ay Rusiya və Ukrayna ABŞ ilə üçtərəfli danışıqları bərpa etməyi planlaşdırır. Kremlin son bəyanatlarında Rusiyanın ABŞ-dəki aralıq seçkidən - 3 noyabrdan sonra görüşlərin keçirilməsinə razılıq bildirilsə də, bunun "döyüş meydanındakı vəziyyətdən asılı olacağı” vurğulanır. Bu da növbəti qeyri-müəyyənlik və danışıqlarda maraqlı olmamaq təəsüratı yaradır.
Ukrayna Prezidenti Volodimir Zelenski isə nəinki Ukrayna və Rusiya nümayəndə heyətlərinin görüşünə, üstəlik özünün də Vladimir Putinlə Türkiyədə görüşməyə hazır olduğunu bildirib. O bunu "CNN Türk"ə müsahibəsində bəyan edib. Ancaq qarşı tərəfdə qətiyyən belə bir istək görünmür.

Üstəlik, ABŞ və Ukrayna arasında münasibətlər daha da pisləşir. Vaşinqton durmadan Volodimir Zelenskini tənqid edir, məlum Amerika texnologiyalarına, silahlarına, “Starlink”ə çıxışı məhdudlaşdırır və Rusiyaya qarşı bəzi sanksiyaların yumşaldılmasını müzakirə edir. Bütün bunlar Ukraynanın “təklənməsi” hissini daha da artırır…
Nə baş verdiyinə bəlkə də ən obyektiv qiymətləndirməni Trampın tərəfdarı kimi tanınan mühafizəkar siyasi şərhçi Laura Lumer verib. Trampın yaxın ətrafı ilə sıx əlaqələri olan Lumerin son müsahibəsində dediyinə görə, Tramp əslində, vədlərini yerinə yetirməyə, Ukrayna və Rusiya prezidentlərini danışıqlar masasına gətirməyə çalışır. Buna Donald Trampın səlahiyyət müddətinin son iki ilində “axsaq ördək” olub-olmayacağını müəyyən edən 3 noyabr aralıq seçkiləri də təsir göstərir: "Zelenski Putin və Lavrovdan fərqli olaraq razılığa gəlməyə daha çox hazır və meylli görünür... Aydındır ki, onlar(Rusiya rəhbərliyi-red.) sülh müqaviləsində maraqlı deyillər və onların Tramp administrasiyasına hörmət etmədikləri də aydındır".
Tramp da bu cür düşünürmü? Bilmirik. Ancaq görünən odur ki, son seçki mitinqlərinin birində “Hamı bizə hörmət edir. İki il əvvəl onlar liderimizə hörmət etmirdilər. İndi isə dünyada istənilən digər ölkədən daha çox hörmət görürük”, - deyə bildirən indiki ABŞ Prezidentinin bu dedikləri ilə Ukrayna savaşı başda olmaqla dünyada baş verənlər qətiyyən bir-birinə uyğun gəlmir…
Elxan Qüdrətoğlu
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 02 Noyabr 2026 11:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















