Icma.az
close
up
RU
Aşiqlərin yeri ədəmdir... Filologiya elmləri doktoru, proferssor Lalə Əlizadə ilə söhbət

Aşiqlərin yeri ədəmdir... Filologiya elmləri doktoru, proferssor Lalə Əlizadə ilə söhbət

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

- Lalə xanım, bu illər ərzində zahirən və daxilən cavan, şövqlü və həyatsevən olaraq qalmağınıza səbəb nədir?

- Təvazökarlıqdan kənar olsa da, bu, ilk növbədə genetikdir. Bir də ki, bəlli olduğu kimi, artıq qırx ilə yaxındır ki, müəlliməm. Tələbə gənclərlə təmas və ünsiyyətdəyəm.

- Lalə xanım, özünüzü neçə yaşda və ömrün hansı mərhələsində hiss edirsiniz?

- Elə tələbəlik illərində... Tələbələrlə ünsiyyətdə olduğum üçün ruhən özümü indiki Bakı Dövlət Universitetinin o tarixi binasındakı auditoriyalarda....

- Bildiyim qədər, atanız ədəbiyyat müəllimi, ananız tibb işçisi olub. Yəni ziyalı ailədən çıxmısınız...

- Göz açıb ailədə valideynlərimdən və evimizə gələn qohum, dost-aşna mühitindən aldığım tərbiyə, tövsiyə və dünyagörüşü mənim gələcək elmi-pedaqoji fəaliyyətim üçün bünövrə olub. Düzdür, böyüklərin məclislərində iştirakımız caiz deyildi. Lakin mən bir uşaq marağı və fəhmi ilə pəncərə-qapı arxasından maraqlı söhbətləri oğrun-oğrun dinləməkdən zövq alırdım.

Evimizdə klassik ədəbiyyata maraq və hörmət atamın çox yaxın dostlarından olan qardaşı (biz ona əmisi deyərdik), tanınmış üzeyirşünas alim Mirabbas Aslanovla çox maraqlı söhbətlərini dinləməklə başladı.

Bir də qeyd edim ki, mənim babam 37-ci il repressiya qurbanlarından olub. Ana babam Ələkbər Hacızadə o illərdə Maştağa, Nardaran, Binə kəndləri üzrə kənd soveti sədri idi. Dövrün tək-tük ziyalılarından olub. Qəlbən inandığı hökumətin amansız təqiblərinə məruz qalıb, repressiya maşınının qurbanlarından biri kimi o da sonralar 56-cı ildə digərləri kimi bəraət alıb. Babam Xarkovda təhsil almış, sənəti üzrə inşaatçı idi. Bu baxımdan demək istəyirəm ki, o, müasir ruhlu, dünyagörüşlü bir azərbaycanlı idi. Çox təəssüf ki, Cavidlərimiz, Müşfiqlərimiz və digər repressiya qurbanlarımız, savadlı insanlar o dövrdə böyük bir faciələrlə qarşılaşırdılar. Beləliklə, söyləməliyəm ki, genetik olaraq, ruhumda elmə, musiqiyə, muğama, şeirə, sənətə meyl varsa, ilk növbədə valideynlərimdən, ocaqdandır.

Deyim ki, Bakı-Abşeron əhli elə binadan muğama, musiqiyə, ümumiyyətlə poeziyaya simsar olub. Bizim nəslimiz də bu cəhətdən istisna deyil. Nənəmdən və anamdan eşitdiyimə görə, babamın ev məclislərində o zamanın ünlü xanəndəsi olan Zülfi Adıgözəlov sevimli qonaq kimi dəvət olunurdu. Bir də onu eşitmişəm ki, anamgilin evində rus dilini öyrədən bir qadın xidmət edirmiş. Bu məqamda böyük Seyid Əzim Şirvaninin məşhur misraları yadıma düşür:

Ey oğul, hər lisanə ol rağib,

Xassə ol rus elminə talib.

Onlara ehtiyacımız çoxdur,

Bilməsək dil, əlacımız yoxdur.

Babam həyat yoldaşının və uşaqlarının müasir ruhda tərbiyələnməsinə xüsusi önəm verirdi. O zamanlar qadınlar cəmiyyətə çox nadir hallarda çıxarılırdı. Belə ki, o, nənəmi Mayılov, Tağıyev teatrlarına müntəzəm tamaşalara aparırmış, pərdə çəkilmiş lojalardan birində otururmuşlar. İndi Üzeyir Hacıbəyov haqqında çəkilən filmdən buna uyğun o məşhur kadr yadıma düşür...

Bunu da deyim ki, ata babam Güləli kişi gözəl sənətkar imiş, onun əl işlərindən biri nəfis naxışlı taxta sandıq yadımdadır. Nənəm onun içində həm də ərzaq nemətləri saxlayırdı. Görünür, bu səbəbdəndir ki, gənc nəslimizin arasında memar, dizayn, xüsusi əl qabiliyyətinə malik övladlarımız da yetişib.

- Lalə xanım, elmi-ədəbi mühitdə sizi daha çox "Füzulinin qızı" kimi tanıyırlar. Bunun səbəbini mümkün qədər açıqlamanızı istəyərdik. Çünki bu barədə bəzən yanlış fikirlər də olur. 

- Uşaqlıqdan bizim evimizdə Füzuli adı çox hörmətlə çəkilib. 1956-cı ildə Füzulinin vəfatının 460 illiyi ilə əlaqədar ölkədə tədbirlər keçirilirdi. Atam Məhəmməd Füzulinin adına ehtiram və məhəbbət əlaməti olaraq 4 qızdan sonra dünyaya gələn oğluna Füzuli adını verdi. Həyatı boyu ailəmizdə bir tutiyaya dönən bu ad sonralar mənim şüurlu həyatımın mənasına çevrildi. AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aspiranturasını bitirməklə dahi şairimiz "Məhəmməd Füzulinin yaradıcılığında alleqoriya" mövzusunda namizədlik dissertasiyasının müdafiəsi zamanı görkəmli əruzşünas alim Əkrəm Cəfər bir opponent olaraq çıxışının sonunda mənə bu ad - təyinini ünvanladı. O çağdan etibarən, sizin buyurduğunuz kimi, bu adı şərəflə daşımağa daim çalışmışam. Amma bu məqamda mətbuatın xidmətini bir daha diqqətə çatdırmaq istərdim. Belə ki, müdafiə şurasının iclasından sonra həmin əhvalatı, söhbəti cəmiyyətdə yayan Xalq yazıçısı Xalidə xanım Hasilovanın baş redaktoru olduğu "Azərbaycan qadını" jurnalında şair Kamilə xanım Nemətin yazdığı "Füzulinin qızı" oçerki oldu. Günlərin bir günü Xalidə xanım məni redaksiyaya çağırıb zarafatyana dedi: "Ay qız, sən neyləmisən? Bütün günü telefonlarımız susmur. Jurnalda sənin şəklini görüb məqalənin adını oxuyanlar soruşurlar ki, Füzulinin qızı peyda olub?" Rəhmətlik Xalidə xanım xoş bir təbəssümlə məni qucaqlayıb öpdü. Beləliklə, bu gün də hörmətlə, minnətdarlıqla yad etdiyim insanların böyük ürəyi və onların elmə, sənətə diqqət və qayğısı nəticəsində mən belə bir mükafata layiq görüldüm. İrəlidə söylədiyim kimi, ailədən, ocaqdan gələn sənət dünyasına vurğunluq universitet illərində özünün xüsusi yönümünü tapdı. Klassik ədəbiyyatımız üzrə xüsusi kurs aparan görkəmli alim Əlifəhmi Ələkbərovun dərsləri bütün tələbələr kimi mənim üçün də çox maraqlı idi. Kortəbii instinkt Füzuli sevgisi məhz Əlifəhminin elmi-bədii, pedaqoji təfsirlərindən, maraqlı mühazirələrindən istiqamət aldı. Belə ki, diplom işi olaraq "Məhəmməd Füzulinin lirikası" üzərində ilk elmi işimə başladım. Diplom rəhbərim professor Mircəlal Paşayev, opponent isə görkəmli Əlifəhmi Ələkbərov idi. Əlifəhmi müəllimlə bağlı ədəbi mühitdə çoxlu söhbətlər var. Bu məqamda mən bir xatirəni yada salmaq istərdim. Xüsusi kursların birində zəng çalınsa da, heç kəs auditoriyadan durub çıxmırdı. Birdən bu nurani insanın çöhrəsində qeyri-adi bir təbəssüm gördüm. Dönüb arxaya baxanda auditoriyanın qapısına qədər ayaq üstə durub mühazirəni dinləyən xeyli adam gördüm. Bunlar, filologiya fakültəsinin çox hörmətli professor müəllimləri idi. Yəni bu günə qədər Əlifəhmi müəllimin klassik ədəbiyyat bilicisi, həm də gözəl pedaqoq, bəlağətli natiq kimi fenomen şəxsiyyətindən ürək dolusu danışılır. Həyatım boyu mənə dəstək olan insanlar sırasında mən Azadə xanımın (Əməkdar elm xadimi, akademik) adını ürəklə çəkə bilərəm. 

- Lalə xanım, sizin evinizdə bir miniatür xalça var. Bunun tarixçəsini bilmək istərdik.

- Bəli, həqiqətən bu, bir tarixi hadisədir. Bir məsələni xatırladım ki, müdafiədən sonra çap etdirəcəyim monoqrafiyanın adını müəyyənləşdirməkdə çətinlik çəkirdim. Əsəri Nizami adına Ədəbiyyat Muzeyində işləyən, indi muzeyin direktoru, akademik Rafael Hüseynovun yanına apardım. Rafael müəllim mövzuya diqqət yetirəndən sonra dərhal yazdı: "Füzulinin gizli sözü". Məhz həmin xalça ilə bağlı fikrim ondan sonra beynimdə dolaşdı. Dahi şairin söz sənətində olan möhtəşəmliyinin xalçaçılıqda da öz əksini tapmasını istədim.  Xalçaçı rəssam Eldar Hüseynovun və toxucuların əməyinin bəhrəsi olan bu xalça 1987-ci il, yağışlı bir gün, bir payız axşamı evimizə qonaq gəldi. Həmin xalçanın görüşünə elə Rafael müəllimlə bahəm, artıq dünyasını dəyişmiş klassik poeziya biliciləri, söz xiridarlarından olan hörmətli şəxslər gəlmişdi, ailə üzvlərim var idi. İndi mən həmin anları kövrək xatirələrimdə ilmə-ilmə yaşadıram. Bu gün haqqında söhbət açdığımız miniatür xalça mənim ürək sözlərimin, dahi şairə olan sonsuz məhəbbətimin kiçik bir təcəssümüdür. Hər kəs Füzulinin söz dünyasının xalça sənətində təfsir və yozumunu görüb heyranlığını bildirib, əhsən söyləyir.

- Lalə xanım, sizin Füzuli ilə bağlı daha bir maraqlı işiniz olub?

- Bəli, olub və davam etməkdədir. Günlərin bir günü atama müraciət edib Məhəmməd Füzuliyə bir övlad xidməti göstərmək istədiyimi bildirdim. Qəlbimdə ona bir borc hiss edirdim. Atama dedim ki, mən Füzuliyə Quran tapşırtdırmaq istəyirəm. Bu necə olar? O zaman atam əlini başıma çəkib, "bərəkallah, qızım! Nə gözəl fikirdir? Allah qəbul eləsin" - dedi. Bu günə qədər Ramazan ayının Qədr gecələrinin birində ailəmin rəhmətlikləri ilə bahəm, Məhəmməd Füzuliyə də Quran tapşırılır, ədəbi-bədii, irfani söhbətlər üzərində məclis keçirilir, həmin mərasim ənənəvi şəkildə davam edir.

- Lalə xanım, bəlli olduğu kimi, Məhəmməd Füzulinin anadan olmasının 530 illiyi ölkə prezidentinin fərmanı ilə geniş miqyasda keçirildi. Təbii ki, sizin də bu münasibətlə işləriniz, araşdırmalarınız olub.

- "Füzuli və onun xələflər və sələfləri" mövzusunda Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Füzulinin 530 illiyilə bağlı keçirilən elmi konfransda iştirak etdim və oradan Füzulinin xələfləri ətrafında elmi məruzəmi Sabir və Əliağa Vahid yaradıcılığı üzərində təhlilə cəlb etdim. Düşündüm ki, Füzulinin sələflik və xələflik mövzusundakı söhbəti bu şəkildə aparsam, çox maraqlı olar. Əlbəttə ki, Sabirin satirasında, Əliağa Vahidin 20-ci əsr Azərbaycan poeziyasında qəzəl janrında davam etdirdikləri iş həqiqətən də Füzuliyə layiq və orijinaldır.

Yeri gəlmişkən onu da qeyd edim ki, dahi sənətkar Məhəmməd Füzulinin 530 illiyilə əlaqədar çox tədbirlərdə iştirak etmişəm. Bu tədbirlərdən biri də Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində baş tutdu. Deyim ki, həmin universitetin rektoru, professor Ceyran xanım Mahmudovanın təşəbbüsü ilə Məhəmməd Füzulinin orta məktəblərdə tədrisi ilə bağlı, filologiya elmləri doktoru Əzizağa Nəcəfzadə ilə həmmüəllif olduğum əsərin təqdimatı keçirilmişdi. Ardınca şairin "Həft cam" poeması ilk dəfə olaraq bu universitetin tələbə və professor-müəllim heyətinin iştirakı ilə səhnə təcəssümünü tapdı. Əsərin musiqili-ədəbi kompozisiyası hazırlandı. Füzulinin fəlsəfi görüşlərinin, irfani düşüncələrinin təcəssümü olan belə bir əsərin, alleqorik poemanın bu şəkildə səhnələşdirilməsi, əslində yeni bir iş idi. Universitetin rejissorluq, musiqi, səhnə danışığı kafedralarının, həmçinin rəhbərliyin təşəbbüskarlığı, potensial gücü və məsuliyyəti nəticasində ərsəyə gələn həmin ədəbi-bədii kompozisiya tamaşaçılar tərəfindən rəğbətlə alqışlandı. Sözü gedən tədbirə dəvət olunmuş görkəmli klassik ədəbiyyat mütəxəssisləri, AMEA-nın "Qədim dövr Azərbaycan ədəbiyyatı" şöbəsinin müdiri, professor İmamverdi Həmidov, görkəmli tədqiqatçı-füzulişünas alimimiz Firudin Qurbansoy, filologiya elmləri doktoru Nəzakət xanım Məmmədli də iştirak edirdi. Belə bir heyətdə insanların qarşısında çıxış etmək, özü də böyük məsuliyyət tələb edirdi. Yüksək səviyyədə universitet tələbələrinin qüvvəsi ilə ərsəyə gələn bu yubiley tamaşasına böyük dəyər verildi. Təkcə professor İmamverdi Həmidovun fikirlərini çatdırmaqla təqdim olunan bu işin nə dərəcədə layiqli olduğunu söyləyək. İmamverdi müəllim dedi: "Mən bir ərəbşünas alim olaraq deyə bilərəm ki, ikinci Füzuli tədbiri görürəm. Biri 500 illikdə mərhum öndərimiz Heydər Əliyevin təşkilatçılığı ilə Bağdadda keçirilən yubiley mərasimi, biri də sizin universitetdə təşkil olunmuş bugünkü tədbir". Digər alimlər də bu tədbir haqqında öz müsbət fikirlərini irəli sürdülər.

Bəli, bir neçə kitabın müəllifiyəm. 530 illiklə əlaqədar, bir kitabınız da işıq üzü gördü. Hələ 1995-ci ildə Füzulinin tədrisi ilə bağlı metodik vəsait hazırlayıb çap etdirmişdim. O vaxtdan bu vaxta xeyli vaxt keçib, müstəqillik dövrüdür, klassiklərimizin tədrisinə də xüsusi bir baxış olmalıdır. Bu münasibətlə, irəlidə adını çəkdiyim tədris vəsaitinin Ankarada "Dünya kitabı" mövzusunda keçirilən sərgidə  Əzizağa Nəcəfzadənin təşəbbüsü ilə təqdimatını da qeyd etmək istərdim.

Bir pedaqoq kimi dil və ədəbiyyat dərslərinin tədrisində də daha çox klassik ədəbiyyatın öyrədilməsinə çalışmışam. İşlədiyim Memarlıq və İnşaat Universitetində "Azərbaycan dilində işgüzar və akademik kommunikasiya" fənnini keçərkən ədəbi dilimizin təşəkkülü, inkişafı və bunun bədii ədəbiyyatımızdakı yerini tələbələrə təlqin etməyə çalışmışam. Burda da mövzulara uyğun görkəmli şair və yazıçıların əsərlərinə müraciətlə tələbələrin nitq mədəniyyətinin formalaşmasına səy göstərmişəm.

- Lalə xanım, iştirak etdiyiniz Beynəlxalq konfranslardan ən çox yadda qalan hadisə.

- Beynəlxalq konfranslarda klassik ədəbiyyatımızla bağlı məruzələrimdə dilimizə olan maraq mən də çox xoş təəssürat yaratmışdır. Azərbaycan dilinin musiqililiyinə, fonetik ahəngdarlığına heyranlığı gördükcə ürəyim dağa dönürdü. Özbəkistanda, Kazanda məruzələrim zamanı dünyanın hər yerindən gələn alimlərin başa düşməyi üçün rus dilində məruzələr edirdim. Lakin Nəsiminin şeirini oxuyanda təbii ki, azərbaycanca oxudum. Mənə dedilər ki, bundan sonra ancaq Azərbaycan dilində danışın. Rusiyadan - Moskvadan gəlmiş ekspert, həmin bizim seksiyanın aparıcısı mənə dedi ki, sizin çox gözəl, incə diliniz var (kakoy u vas prekrasnıy yazık).  Bizim dilimiz o xanımı heyran eləmişdi və ona görə də mənə dedi ki, məruzənin ardını azərbaycanca davam etdir. Daşkənddə keçirilən daha bir konfransda İngiltərədən gəlmiş bir alimin mənə diqqətlə baxmağı, məruzəmi sanki başa düşürmüş kimi dinləməsini müşahidə etdim. Maraqlandım. Axı bu ingilis mənim azərbaycancamı necə başa düşür? Tədbirin məsul işçisi Sodat xanım Mirzəyeva mənə dedi ki, Lalə xanım, sizin Azərbaycan türkcəsi bütün türkcələrdən incəliyi ilə seçilir. Ona görə də sizin dilinizin şirinliyinə valeh olurlar. Nitqiniz o qədər aydın, səlis və rəvandır ki, bu dilin bütün orfoepiyası sizin təqdimatınızda öz əksini tapır.

- Lalə xanım, özünüz dediyiniz kimi, artıq uzun müddətdir ki, pedaqoji sahədə çalışırsınız. Dərs dediyiniz şagird və tələbələrinizdən razısınızmı?

- Bu, bir az qəliz məsələdir, çünki tam xoşbəxtlik mümkün olmadığı kimi tam razılıq və narazılıq da mümkün deyil. Artıq uzun illərdir ki, bu universitetdə çalışıram. Tələbələrin içərisində ümidverici də olub, etinasız yanaşan da. Təbii, müəllim olaraq qarşıma məqsəd qoyuram ki, auditoriyada 30-20 nəfərə yox, bəlkə 1 nəfərə dərs deyirəm. Əkinçi toxum səpəndə fikirləşmir ki, bunun hamısı buğda verəcək, ondan çörək alınacaq. Onsuz da onun müəyyən hissəsi zavala gedir. Dərs dediyimiz tələbələrin də sırasında mənə elə gəlir ki, əgər 1 nəfər olsa belə mənim sözlərimi qulağına həkk eləyirsə, sevgimi, məhəbbətimi, bu dilə olan rəğbətimi anlaya bilirsə, buna da şükür. Bakının Yasamal rayonundakı 161 nömrəli məktəbdə ədəbiyyət dərsi dediyim siniflərin məzunları bu gün artıq özləri övlad sahibləridir. Onlardan eşidirəm ki, mənim vaxtilə dediklərimi indi öz uşaqlarına çatdırırlar. Deyirlər ki, sizin o zaman bizi tənbeh eləməyiniz yerində olub. O vaxt biz sizdən incisək də, indi sizi sevirik, ona görə ki, siz bizə bir tələbkar müəllim kimi yanaşırdız. Hazırda Azərbaycan radiosunda baş redaktor vəzifəsində çalışan Rövşən Ramazanlı 161 nömrəli məktəbdə mənim şagirdim olub. Həmişə 5 almağına baxmayaraq, bir gün ona 2 yazdım. O zaman o, çox əsəbləşib qapını çırpıb getdi. İndi mənə deyir ki, Lalə xanım, mən sizin acığınıza jurnalist oldum. Çünki siz məni incitdiniz, mənə məktəb gündəliyimdə iki qrafaya yerləşməyən kök 2 yazdınız. Mən onda sizə cavab vermədim, gücüm qapını çırpıb getməyə çatdı. Mən sizin acığınıza ədəbiyyatdan imtahan verib universitetə daxil oldum. Hələ mənim həyatımda indiyə qədər qapı çırpan tələbəm olmayıb. İndi isə həmin şagirdim məni hər bayramda, hər fürsətdə hörmətlə yad edir. Digər məzunlarımın arasında alimlər, ədəbiyyatşünaslar, həkimlər, jurnalistlər, musiqiçilər də vardır. Mən bütün yetirmələrimə cansağlığı arzu edirəm. Böyük Nəsiminin gözəl bir kəlamı var:

Hər kişinin sorman əslin, izzətindən bəllidir,

Söhbəti-irfan olanlar xidmətindən bəllidir.

Mənə elə gəlir ki, sizin sualınıza dəqiq cavab verdim.

- Bəs mentalitet, adət-ənənəyə bağlılıq?

- Bəli, adət-ənənəyə bağlılıq hər il keçən ilkindən fərqli olur. Amma mənə elə gəlir ki, bu, genetik olaraq keçir. Söhbətimizin əvvəlində mən qeyd elədim ki, ailəmdən, nəslimdən gələn örnəklər, təlqinlər, tövsiyələr olub. Adət-ənənə söhbətləri də o sıradan... İlk növbədə dilimizin bəzəyi olan "bəli", "xeyr" sözlərini xatırlayaq. Bu, ev tərbiyəsi üçün çox gözəl nümunədir. "Bəli", "xeyr"i bilən böyük-kiçiyə hörməti də başa düşər. Sonralar əzizlərinə hörmət əlaməti olaraq ehsanı və Quranı hədiyyə etməyi əsirgəməz. Biz bilirik ki, dünyasını dəyişən valideynlərə nə çatır. Övladın valideynlərinə qazandıracağı rəhmət... Tələbə gənclərimizə "Qabusnamə"dən maarifçi ədibimiz Abbasqulu ağa Bakıxanovun nəsihətlərindən də yeri gəlmişkən nümunələr deyirəm. Amma ən böyük örnək və nümunə düşünürəm ki, yenə də valideynlərimizin özüdür. Yeri gəlmişkən, akademik Əziz Mirəhmədovun M.Ə.Sabirin həyat və yaradıcılığına həsr olunmuş sanballı bir monoqrafiyası var ki, oradan bir fikir yadıma düşür. Alim yazır ki, Sabirin formalaşmasında istedad, əməksevərlik və s. ilə yanaşı, onu yetişdirən mühitin böyük rolu olmuşdur. Bu mühit böyük demokrat Cəlil Məmmədquluzadənin "Molla Nəsrəddin" jurnalıdır. Beləliklə, hər bir kəsin layiqli vətəndaş kimi yetişməsində, müəyyən bir sənət sahəsində özünü təsdiq etməsində onun mühiti, ətrafı, müəllimləri xüsusi rol oynayır. Bu baxımdan mən də bugünkü uğurlarıma və cəmiyyətdəki nüfuzuma görə məni yetişdirən mühitə, nəslimə, şəcərəmə borcluyam.

- Lalə xanım, son olaraq bu sualıma səmimi cavabınızı istərdim. Sizin üçün dostluq və sevgi nədir?

- Çox dəyərli bir ziyalı xanımın fikri ilə tam razıyam. "Hər kəs özü-özünə dost olmalıdır, hər kəsin dostu o özüdür". Məhəbbət isə çox individual bir duyğudur. Məhəmməd Füzulinin "Leyli və Məcnun"unda çox məşhur bir ifadə var. "Azadələrin yeri ədəmdir". Dahi şairin təbirincə desəm, "Aşiqlərin yeri ədəmdir".

Nəzakət MƏMMƏDLİ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:92
embedMənbə:https://525.az
archiveBu xəbər 14 Oktyabr 2025 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyədə tarixi qərar: Türk soylular artıq vətəndaş kimi işləyə biləcək ŞƏRH

12 Oktyabr 2025 21:27see325

Ərdoğan təyyarəsini Misir üzərindən geri qaytarırdı...

13 Oktyabr 2025 21:05see251

Sebastian Lekörnünün yenicə formalaşdırılmış hökuməti parlamentdə senzura təhlükəsi ilə üz üzədir

13 Oktyabr 2025 02:05see210

Rusiya pensiyaların maaşlara həqiqi nisbətini açıqlayıb...

12 Oktyabr 2025 21:16see207

Gürcüstan DTX “İmedi“ televiziyası ətrafında təxribatla bağlı araşdırmalara başlayıb YENİLƏNİB

13 Oktyabr 2025 20:18see194

Tərkibində buz olan komet Günəş sisteminə daxil olur

13 Oktyabr 2025 09:32see165

Dünyadakı aviaşirkətlər sərnişinlər üçün qaydaları dəyişdirdi ekspertlər nədən qorxurlar?

13 Oktyabr 2025 12:50see144

Misirdə keçirilən Sülh Sammitinin əhəmiyyəti böyükdür

14 Oktyabr 2025 11:26see139

Günün qoroskopu: daxili alovunuz kənardan sakit görünsə də

13 Oktyabr 2025 00:03see139

Ukrayna yeni raketlərlə hansı əraziləri vuracaq?

13 Oktyabr 2025 00:17see136

Səhər yeməyində yeyənin zehni açılır: Alzheymer və demans riskini azaldır

13 Oktyabr 2025 08:09see136

Türkiyə Gürcüstan qarşılaşması bu kanalda

14 Oktyabr 2025 11:01see133

20 dəqiqə belə kifayətdir Təbiətdə olmağın 4 FAYDASI

14 Oktyabr 2025 05:06see129

Ağrıları bir anda azaltmağın qorxulu üsulu açıqlandı

13 Oktyabr 2025 19:02see128

Şamaxı yolundakı qəzanın ANBAAAN GÖRÜNTÜLƏRİ

12 Oktyabr 2025 21:13see127

Tarixi maksimum: Qızılın qiyməti ən yüksək həddə çatdı

14 Oktyabr 2025 05:59see125

Siz, bürcünüzə görə hansı yadplanetlisiniz..?

14 Oktyabr 2025 00:26see123

Saxta psixoloqların ən böyük gücü insanların ağrılarından qazanc əldə etmələridir MÜSAHİBƏ

13 Oktyabr 2025 21:17see118

Turist Azərbaycanda ruslara münasibətdən danışıb…

13 Oktyabr 2025 22:07see117

Bakıda Azərbaycan İran əməkdaşlığına dair aktual məsələlər müzakirə olunub

13 Oktyabr 2025 18:37see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri