Az az, tez tez yeyin qaydası işə yaramır? (ARAŞDIRMA)
Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Arıqlamaq və sağlam qalmaq istəyənlər arasında gün ərzində 5-6 dəfə az miqdarda qidalanmağın maddələr mübadiləsini sürətləndirdiyi fikri geniş yayılıb. Bəziləri isə gündə üç dəfə yeməyin daha faydalı olduğunu düşünür.
Bəs elmi araşdırmalar hansı yanaşmanı dəstəkləyir? Tez-tez yemək həqiqətən arıqlamağa kömək edirmi?
Qaynarinfo xəbər verir ki, bu barədə "Medical News Today" nəşrində dərc olunan araşdırmada bildirilir.
Tez-tez, kiçik porsiyalarla qidalanmağın tərəfdarları bu rejimin toxluq hissini artırdığını, qanda şəkəri sabit saxladığını, maddələr mübadiləsini sürətləndirdiyini və həddindən artıq yeməyin qarşısını aldığını bildirirlər. Lakin elmi araşdırmalar bu fikirləri tam təsdiqləmir.
Tez-tez yemək ürək xəstəlikləri riskini azaldırmı?
2019-cu ildə aparılan araşdırmada gündə dörd dəfədən çox qidalanan insanlarda yaxşı xolesterin (HDL) səviyyəsinin daha yüksək, triqliseridlərin isə daha aşağı olduğu müəyyən edilib. HDL-in yüksək olması ürək xəstəlikləri riskinin azalması ilə əlaqələndirilir.
Digər araşdırmalarda da tez-tez qidalanmağın diabet və ürək-damar xəstəlikləri riskinin azalması ilə əlaqəsi göstərilib. Bununla belə, bu nəticələr birbaşa səbəb-nəticə əlaqəsini sübut etmir.
Az-az yemək arıqlamağa kömək edirmi?
Bir araşdırmada gündə üç dəfə və altı dəfə qidalanan insanlar müqayisə edilib. Nəticədə çəki və bədən piyinin azalması baxımından qruplar arasında ciddi fərq aşkarlanmayıb.
Maraqlıdır ki, altı dəfə kiçik porsiyalarla qidalanan iştirakçılarda aclıq və yemək istəyi daha çox olub.
Digər genişmiqyaslı araşdırmada isə uzunmüddətli çəki artımının qarşısını almaq üçün daha az tezliklə qidalanmaq, səhər yeməyi ilə nahar arasında 5-6 saat fasilə saxlamaq və qəlyanaltılardan uzaq durmaq tövsiyə edilib.
ABŞ Kənd Təsərrüfatı Nazirliyinin 2020-ci il hesabatında da yemək tezliyinin artıq çəki və piylənmə riskinə təsiri barədə qəti nəticə çıxarmaq üçün kifayət qədər elmi sübut olmadığı bildirilib.
Tez-tez yemək maddələr mübadiləsini sürətləndirirmi?
Geniş yayılmış fikrə görə, hər 2-3 saatdan bir qidalanmaq maddələr mübadiləsini sürətləndirir. Ancaq elmi araşdırmalar bunu təsdiqləmir.
Qidaların həzmi zamanı orqanizm enerji sərf edir. Bu proses qidanın termik effekti adlanır. Lakin yemək sayının artırılması maddələr mübadiləsinin sürətlənməsi demək deyil. Hətta bəzi tədqiqatlar daha az sayda, böyük porsiyalarla qidalanmağın bu baxımdan üstün ola biləcəyini göstərir.
Kimlər az-az, tez-tez qidalanmalıdır?
Mütəxəssislərin fikrincə, gündə 6-10 dəfə kiçik porsiyalarla yemək bəzi insanlar üçün daha uyğun ola bilər. Bunlara tez doyma hissi yaşayanlar, çəki artırmağa çalışanlar, qastroparez xəstəliyi olanlar, həmçinin ürəkbulanma, qusma və köp kimi mədə-bağırsaq problemləri yaşayanlar daxildir.
İdmançılar da kifayət qədər zülal qəbul etməklə tez-tez qidalanmadan faydalana bilərlər. Bu, xüsusilə kalori qəbulunu azaltdıqları dövrdə əzələ kütləsinin qorunmasına kömək edə bilər.
Bəs gündə üç dəfə yemək kimlər üçün uyğundur?
Porsiyalara nəzarət etməkdə çətinlik çəkənlər, gün ərzində bir neçə dəfə yemək hazırlamağa vaxtı olmayanlar üçün üç əsas qida qəbulu daha əlverişli ola bilər.
Bununla belə, əsas məsələ yeməklərin sayı deyil, qidaların keyfiyyətidir. Tərəvəz, meyvə, tam taxıllı məhsullar, zülal mənbələri və süd məhsulları balanslı rasionun əsasını təşkil etməlidir. Əlavə şəkər, trans və doymuş yağların istehlakı isə məhdudlaşdırılmalıdır.
Hansı qidalanma rejimi daha faydalıdır?
Mövcud elmi araşdırmalar gündə 5-6 dəfə az-az yeməyin, yoxsa üç dəfə doyumlu qidalanmağın daha üstün olduğunu qəti şəkildə sübut etmir.
Əsas şərt insanın həyat tərzinə və sağlamlıq vəziyyətinə uyğun qidalanma rejimi seçməsi, gündəlik kalori ehtiyacını aşmaması və sağlam məhsullara üstünlük verməsidir. Yəni sağlam qalmaq üçün yeməklərin sayından daha çox, nə yediyimizə diqqət yetirmək vacibdir.
Günay
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 17 Noyabr 2026 22:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















