Icma.az
close
up
RU
Azadlığın dördüncü ili: Ağdam özünün yeni inkişaf dövrünü yaşayır AZƏRTAC

Azadlığın dördüncü ili: Ağdam özünün yeni inkişaf dövrünü yaşayır AZƏRTAC

Ağdam, 20 noyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Ağdam şəhərinin işğaldan azad edilməsindən dörd il ötür. 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidentinin diplomatik məharəti, qətiyyəti, dəmir iradəsi və Azərbaycan Ordusunun şanlı Zəfəri Ermənistanı kapitulyasiya aktını imzalamağa və ərazilərimizi boşaltmağa məcbur etdi. Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş nazirinin imzaladığı birgə bəyanata əsasən, Ağdam rayonunun işğal olunmuş ərazisi 2020-ci il noyabrın 20-də Ermənistan ordusu tərəfindən boşaldıldı. Həmin gün Azərbaycan Ordusu heç bir itki, şəhid vermədən, qan tökülmədən Ağdam rayonunun işğal altındakı hissəsinə daxil oldu və 27 ildən sonra Ağdam şəhərində yenidən Azərbaycanın üçrəngli bayrağı dalğalandı.

Qalib sərkərdə kimi 2020-ci il noyabrın 23-də Ağdama səfər edən Prezident İlham Əliyev şəhərdə Azərbaycan bayrağını ucaltdı. Dövlət başçısı və birinci xanım Mehriban Əliyeva Ağdam Cümə məscidini ziyarət etdilər. Prezident Ağdam məscidinin qarşısında çıxış edərək, erməni vandalizmini bir daha dünya ictimaiyyətinin diqqətinə çatırdı və Ağdamın yenidən bərpa ediləcəyini bildirdi.

Xarabalıqlar üzərində yenidən qurulan müasir Ağdam

Otuz ilə yaxın davam edən işğal dövründə xarabalığa çevrilmiş Ağdam bu gün özünün yeni inkişaf dövrünü yaşayır. Dörd il əvvəl Prezident İlham Əliyev xalqa müraciətində Ağdam üçün yeni dövrün başlandığını, rayonun bərpasının gələcək planlarda xüsusi yer tutacağını bildirmişdi: "Biz Ağdam şəhərini də bərpa edəcəyik. Əlbəttə ki, bunun üçün biz bütün işləri əsaslı şəkildə etməliyik. Baş plan hazırlanacaq, mütəxəssislər cəlb olunacaq, infrastruktur layihələri planlı şəkildə icra ediləcək, inzibati binalar, sosial obyektlər, yollar və digər lazım olan işlər görüləcək. Vətəndaşlara oraya qayıtmaq üçün dövlət tərəfindən kömək göstəriləcək. Ona görə Ağdam rayonunun bərpası bizim gələcək planlarımızda xüsusi yer tutacaq. Çünki həm ərazi baxımından böyük rayondur, eyni zamanda, dediyim kimi, əhali baxımından ən böyük rayondur".

Şanlı Qələbə nəticəsində işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Ağdamda da geniş tikinti-quruculuq işləri həyata keçirilir. Xarabalıqlar üzərində yeni, müasir Ağdam qurulur. “Böyük Qayıdış” proqramı çərçivəsində Ağdam şəhəri və kəndlər yenidən tikilir, infrastruktur layihələri icra olunur, yollar inşa edilir, yeni istehsal müəssisələri yaradılır, yaşıllıqlar salınır, ərazilər mina və partlamamış hərbi sursatlardan təmizlənir.

İşğaldan azad edildikdən sonra Prezident İlham Əliyev Ağdama çoxsaylı səfərləri zamanı yeni obyektlərin, yaşayış məntəqələrinin və massivlərin təməlqoyma mərasimlərində və açılışlarında iştirak edib, görülən və həyata keçiriləcək işlərlə tanış olub, tapşırıq və tövsiyələrini verib. Prezidentin işğaldan azad olunmuş ərazilərə hər səfəri regionun dirçəlməsi üçün ən vacib infrastruktur layihələrinin icrası, tarixi-mədəni, dini abidələrin bərpası ilə müşayiət olunur və “Böyük Qayıdış”ı addım-addım yaxınlaşdırır.

İnfrastruktur yüksək səviyyədə yenidən qurulur

Ağdam rayonunda da mühüm infrastruktur layihələri icra olunur. İfrastrukturun yüksək səviyyədə yenidən qurulması həm işğaldan azad olunmuş ərazilərin iqtisadi potensialından səmərəli istifadə edilməsində, həm də oraya qayıdacaq insanların normal həyat şəraiti ilə təmin olunmasında mühüm rol oynayacaq.

Həyata keçirilən infrastruktur layihələri içərisində yolların yenidən qurulması xüsusi yer tutur. Ötən dövrdə uzunluğu 44,5 kilometr olan Bərdə-Ağdam avtomobil yolu istifadəyə verilib. Bərdədən Ağdam şəhərinədək 47,1 kilometr uzunluğunda olan dəmir yolu xətti çəkilib. Uzunluğu 64,8 kilometr olan Ağdam-Füzuli avtomobil yolunun inşası yekunlaşmaq üzrədir. Hazırda Ağdam‒Hindarx‒Ağcabədi və Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yollarının tikintisi davam etdirilir.

Ağdam şəhərinin Baş planına əsasən, şəhərin daxili yollarının ümumi uzunluğu 189,7 kilometr təşkil edir. Magistral şəhər yollarının uzunluğu 17,5, ümumşəhər əhəmiyyətli yolların uzunluğu 50, yerli əhəmiyyətli yolların ümumi uzunluğu isə 122,2 kilometr təşkil edəcək. “Böyük Qayıdış”a dair I Dövlət Proqramına uyğun olaraq Ağdam şəhərinin daxili yollarının tikintisi 2026-cı ildə başa çatdırılacaq.

Rayonun dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi məqsədilə hər biri 110/35/10 kilovoltluq “Ağdam-1” və “Ağdam-2” yarımstansiyaları, həmçinin “Qarabağ” Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzi istifadəyə verilib. Paralel olaraq fiberoptik kabellər çəkilib və bu da Ağdam şəhərinin gələcəkdə yüksəksürətli internet ilə təchiz olunmasına şərait yaradacaq.

Ağdamda böyük tikinti bumu yaşanır

Bir zamanlar nəinki Qarabağın, eləcə də respublikamızın ən inkişaf etmiş, abad şəhərlərindən olan Ağdamda hazırda böyük tikinti bumu yaşanır. Prezident İlham Əliyev ötən dörd ildə Ağdama səfərləri zamanı yaşayış məhəllələrinin, sənaye parkının, 1 saylı orta məktəbin, xəstəxananın, şəhər mərkəzi parkının, dəmir yolu və avtovağzal kompleksinin, Ağdam şəhərinin daxili yol və kommunikasiya şəbəkəsinin, “İmarət” stadionunun, Ağdam Muğam Mərkəzinin, inzibati binanın, “Azərişıq” ASC-nin Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin, Xıdırlı, Kəngərli, Sarıcalı, Qiyaslı, Salahlı Kəngərli, Baş Qərvənd, Tağıbəyli, Güllücə, Nəmirli, Şotlanlı, Eyvazxanbəyli kəndlərinin, Atçılıq Nəsilartırma Mərkəzinin və digər obyektlərin təməlini qoyub. Artıq Ağdamda Konfrans Mərkəzinin, “Aghdam City Hotel”in tikintisi, Cümə məscidinin, İmarət Kompleksinin bərpası başa çatdırılaraq istifadəyə verilib.

Ağdam şəhərində yaşayış məhəllələrinin, həmçinin Sarıcalı, Kəngərli və Xıdırlı kəndlərində tikinti işləri davam etdirilir. Sarıcalı kəndində 203, Kəngərli kəndində 292, Xıdırlı kəndində isə 719 ev inşa olunur. Hər 3 kənddə evlərlə yanaşı məktəblər, uşaq bağçaları, klub icma mərkəzləri, bayraq meydanı, bazar kompleksləri, məişət xidməti obyektləri, Ailə Sağlamlıq mərkəzləri, inzibati binalar və digər obyektlərin də tikintisi aparılır. Kəndlərdə alternativ enerji mənbələrindən istifadə olunacaq, mərkəzi kommunikasiya sistemi qurulacaq. Bu gün Ağdama gələnlər genişmiqyaslı tikinti-quruculuq işlərinin şahidi olurlar.

Ağdam Sənaye Parkına 72 milyon manatdan çox investisiya yatırılıb

Ağdam rayonunda iqtisadiyyatın, yerli istehsalın inkişafı məqsədilə icra olunan layihələrdən biri Ağdam Sənaye Parkıdır. Prezident İlham Əliyevin 2021-ci il 28 may tarixli Fərmanına əsasən yaradılan sənaye parkı 190 hektar ərazini əhatə edir. Parkın yaradılmasında məqsəd işğaldan azad edilən ərazilərin dirçəldilməsi, Qarabağın sənaye potensialının reallaşdırılması, sahibkarlığın dəstəklənməsi, əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasıdır. Sənaye parkının prioritet istiqamətləri kimi tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservləri, ət və süd məhsulları, yem, gübrə istehsalı və emalı, eyni zamanda, xidmət sahələrinin, soyuducu kameraların və s. təşkili müəyyənləşdirilib.

Ağdam Sənaye Parkı rezident sayına görə Sumqayıt Kimya Sənaye Parkından sonra ölkədə ikinci ən böyük Sənaye Parkıdır. Parkda ümumi investisiyalarının həcmi 238 milyon manat olan 27 sahibkarlıq subyektinə rezidentlik, 6 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Bu 33 sahibkarlıq subyekti tərəfindən Sənaye Parkında, ümumilikdə, 2045 iş yerinin yaradılması nəzərdə tutulur. Bu günədək rezidentlər tərəfindən Sənaye Parkına 72 milyon manatdan çox investisiya yatırılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2024-cü il sentyabrın 19-da Ağdama səfəri zamanı “BAFCO İnvest” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) müxtəlif təyinatlı ayaqqabıların istehsalı, “Eel Electric” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) elektrik paylayıcı avadanlıqların, elektrik yuvalarının və beton yarımstansiyalarının istehsalı, “Rail Trans Service” Məhdud Məsuliyyətli Cəmiyyətinin avtomatlaşdırma və telemexanika sistemlərinin istehsalı, “Mister Decor” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) divar kağızları istehsalı, Metkons” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) havalandırma, yanğınsöndürmə avadanlıqları və metal məmulatları istehsalı, “Prof-Dam” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) dam örtükləri istehsalı zavodlarının açılışı olub. Fəaliyyətə başlayan yeni müəssisələr tərəfindən Ağdam Sənaye Parkına ümumilikdə 35 milyon manatdan çox investisiya yatırılıb, 400-dən artıq daimi iş yeri yaradılıb.

Bəli, artıq Ağdamın yeni - bərpa, yenidənqurma, inkişaf, çiçəklənmə dövrü başlayıb. İllərdir düşmənin yağmaladığı, dağıdaraq viran qoyduğu bu yerlər indi geniş tikinti meydanına çevrilib. Çox keçməyəcək ki, bu yerlərə ayaq basanda işğalın ağır nəticələrinin deyil, xarabalıqların yerində inşa edilmiş və öz sakinlərini qoynuna almış müasir, yaraşıqlı bir şəhərin şahidi olacağıq.

seeBaxış sayı:66
embedMənbə:https://azertag.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri