Azərbaycan diplomatiyasında Həsən Həsənov fenomeni
525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Eynulla MƏDƏTLİ
AMEA Fəlsəfə institutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, fövqəladə və səlahiyyətli səfir
Azərbaycanın istər sovet dövrünün, istərsə də müstəqillik dövrünün ən tanınmış və etibar qazanmış siyasi simaları arasında Həsən Həsənovun xüsusi yeri vardır. Əvvəla, ona görə ki, o, Gürcüstanda - tarixən Azərbaycan türklərinin də vətəni sayılan Tiflisdə doğulsa da, bir azərbaycanlı olaraq əmək fəaliyyətinə başladığı ilk gündən ömrünün bu ahıl çağınadək Azərbaycana xidmət etmiş, zəhmət çəkməkdən bir an da olsa, çəkinməmiş, həyatını tutduğu vəzifələrə uyğun olaraq təvazökarlıqla qurmuş, həm dövlət qurumlarında, həm də cəmiyyətdə, xalq arasında peşəkar rəhbər işçi və milli ziyalı kimi ad-san qazanmışdır. Əlbəttə, yüzlərlə insanın həyatında olduğu kimi, Həsən Həsənovun da iş və vəzifə nailiyyətlərində istedadlı, bacarıqlı, dövlətinə, xalqına sədaqətli insanları irəli çəkmək və onları böyük missiyalar üçün yetişdirmək xəttini yeridən Ulu öndər Heydər Əliyevin həlledici rolu olmuşdur.
Sovet Azərbaycanının kommunist rəhbərliyində Heydər Əliyevin ən sadiq və peşəkar köməkçisi - Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ideologiya üzrə katibi vəzifəsini daşıyan, sonrakı illərdə Azərbaycan hökumətinə başçılıq edən Həsən Həsənov milli vətənpərvərlik hissləri və konkret fəaliyyəti nəticəsində xalq arasında bir "partokrat" kimi deyil, əsl xalq adamı kimi, yaradıcı ziyalı, yenilikçi rəhbər işçi kimi haqlı nüfuz qazanmışdı. İxtisasca inşaatçı-memar olan Həsən Həsənov gənc yaşlarından komsomol və partiya orqanlarında çalışmış, uzun illər respublikanın idarəçiliyində yaxından iştirak edərək Heydər Əliyevin rəhbərliyi altında rəhbər vəzifələrdə böyük və zəngin həyat yolu keçmişdir. Həm partiyanın mərkəzi aparatında, həm rayonlarda, həm də Sumqayıt və Gəncə (o zaman Kirovabad) şəhərlərində bacarıqlı partiya rəhbəri olaraq çalışmış, xalqın etimadını qazanmışdı.
Həsən Həsənov xalqımızın taleyində ən təlatümlü və qeyri-sabit dövrdə - 1990-cı ilin 26 yanvar tarixindən 1992-ci ilin aprel ayının 4-dək Azərbaycan Respublikasının əvvəl Nazirlər Sovetinin sədri, sonra Baş naziri vəzifəsini daşımışdır. Sovetlər zamanında bu qurum partiyanın buyruq qulu olmaqdan başqa bir şey deyildi, yalnız Həsən Həsənovun şəxsi nüfuzu və xalqın etimadını qazanması belə ümid yaradırdı ki, yeni müstəqil Azərbaycan hakimiyyətində o, daha yüksək vəzifə tutmağa haqq edir. Burada qeyd etməliyəm ki, həmin vaxtlar Naxçıvan Muxtar Respublikasına rəhbərlik edən Heydər Əliyevin respublika rəhbərliyində əlaqə saxlayıb etimad etdiyi yeganə şəxs Həsən Həsənov idi. Məlum olduğu kimi, sovet dövründə Nazirlər Kabinetinin sərbəst qərarlar qəbul etmək səlahiyyəti yox idi. Həsən Həsənov Baş nazir kimi çalışsaydı belə, Prezidentin dəst-xəttini dəyişdirməyə nail ola biməyəcəkdi. Hərbi-siyasi hakimiyyəti Konstitusiyaya əsasən öz əlində cəmləşdirən prezident Ayaz Mütəllibov ölkədə gündən-günə genişlənən separatizm və xarici müdaxilə şəraitində laqeydlik və acizlik göstərir, hələ də Moskva qarşısında mütilik nümayiş etdirirdi.
Fikrimcə, ölkəmizin müstəqilliyini əldə etməsi bir çoxlarımız kimi, Həsən Həsənovun da taleyində müstəsna rol oynadı. Böyük dövlətçilik təcrübəsinə və milli-mənəvi dəyərlərimizə bağlılığına görə Azərbaycan Respublikasının Baş naziri Həsən Həsənov yenicə müstəqillik qazanmış, amma Ermənistanın təcavüzünə məruz qalmış ölkəmizin beynəlxalq aləmdə tanıdılması və onun haqlı mövqeyinin dünya dövlətlərinə və beynəlxalq təşkilatlarda qəbul edilməsi sahəsində dövlətçiliyimizə töhfə verə bilmək üçün öz təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatında (BMT) Azərbaycan Respublikasının Daimi Nümayəndəsi vəzifəsinə təyin edilməsini istədi və onun bu arzusu reallaşdı. Onun bu çox çətin, məsul vəzifəyə təyin edilməsi və Nyu-York şəhərində Birləşmiş Millətlər Təşkilatında 1993-cü ilin sentyabrınadək davam edən məqsədyönlü, prinsipial, inadlı və mübariz fəaliyyəti gənc Azərbaycan Respublikasının diplomatiyasının ilk uğurlu və taleyüklü addımlarının atılması ilə yadda qaldı.
1992-ci ilin iyununda xalq hərəkatı və bu zəmində yaranan Xalq Cəbhəsi üzvlərindən, bir az da xarici ölkələrdəki təcrübəni yamsılamaqla formalaşdırılan ayrı-ayrı partiyaların liderlərindən təşkil edilən yeni hakimiyyət keçmiş partiya-sovet nomenklaturasını tamamilə inkar edərək, hətta ən bacarıqlı və milli ruhlu idarəçiləri belə yaxına buraxmasa da, Həsən Həsənovu yüksək diplomatik vəzifəsində saxlamaq məcburiyyətində idi. Əslində, belə bir nüfuzlu və milli təəssüblü siyasi liderin BMT təmsilçiliyində olması yeni milli ruhlu prezident Əbülfəz Elçibəyi qane edirdi, çünki Həsən Həsənov sıradan bir partokrat deyildi, sovet sistemi və kommunist ideologiyası çərçivəsinin imkanları daxilində olan, bir çox hallarda isə imkansız görünən fürsətlərdən Azərbaycan xalqının xeyrinə istifadə edən böyük Heydər Əliyev məktəbinin yetirməsi və yaranmış vəziyyətdə davamçısı idi. Prezident Əbülfəz Elçibəyin isə, ətrafındakı məsul vəzifə sahiblərindən fərqli olaraq, Heydər Əliyevin şəxsiyyətinə hörməti və etimadı var idi.
Azərbaycanın BMT-dəki nümayəndəliyinin, xüsusən Həsən Həsənovun inadlı səyləri nəticəsində 30 aprel 1993-cü ildə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ Münaqişəsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının 822 nömrəli ilk Qətnaməsinin qəbul edilməsinə nail olundu. Hər nə qədər qüsurlu olsa da, təcavüzkar Ermənistan dövlətinin işğalçı olaraq adı çəkilməsə də, bu Qətnamədə Azərbaycan torpaqlarının erməni silahlı qüvvələri tərəfindən işğal edilməsi faktı əks olunur və bütün işğalçı qüvvələrin işğal edilmiş rayonlardan dərhal çıxarılması tələb edilirdi. Azərbaycanın Ağdam rayonunun işğalından sonra 29 iyul 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 853 nömrəli Qətnamə də həm əvvəlki Qətnamənin yerinə yetirilməsini, həm də beynəlxalq miqyasda tanınmış sərhədlərin pozulmasının və ərazi əldə etmək məqsədilə gücdən istifadə edilməsinin yolverilməzliyini bir daha təsdiq etmiş oldu. BMT-nin Təhlükəsizlik Şurasının həmin qətnaməsində Qarabağın hüquqi olaraq Azərbaycan torpağı olduğu qeyd-şərtsiz, qəti şəkildə qeyd edilirdi. Bu qətnamələrin qəbulu Həsən Həsənovun başçılığı ilə Azərbaycan diplomatik heyətinin dünyanın aparıcı ölkələrinin nümayəndəlikləri ilə apardığı gərgin işlərin nəticəsi idi. Bütün bu proseslərin geniş təfsilatını son onilliklərdə hərtərəfli elmi tədqiqatlarla məşğul olan, tarix elmimizə qiymətli töhfələr verən, geniş oxucu dairəsinin maraqla qarşıladığı dəyərli elmi-siyasi əsərlərin müəllifi olan Həsən Həsənov "Top gurultusu altında diplomatiya. BMT TŞ-nin Qarabağ qətnamələri: gizlinlər və həqiqətlər" əsərində (Bakı, TEAS PRESS, 2024, 544 s.) ətraflı əks etdirmişdir.

Yeri gəlmişkən qeyd etməliyəm ki, ilk təhsili tarix olmasa da, Həsən Həsənov peşəkar tarixçiləri heyrətə gətirəcək elmi tədqiqatlar aparmış, dünyanın və regionun qədim və orta əsrlər tarixinə dair müxtəlif dillərdəki mənbələri, əsər və məqalələri, sənədləri və xəritələri illər boyu incələmiş, Avropanın bir sıra arxiv, kitabxana və muzeylərindəki sənədlərə əsaslanaraq Azərbaycan tarixinə dair indiyədək rəsmi tarixçiliyin qəbul etdiyi tarixlərə əsaslı düzəlişlər edilməsini təklif etmiş, tarixşünaslığa bir sıra elmi yeniliklər gətirməyə müvəffəq olmuşdur. Məsələn, rus və Azərbaycan dillərində nəşr edilmiş "Makedoniyalı İsgəndər və Atropat. Ölkənin Azərbaycan adı altında yüksəlişi haqqında" əsərində (Bakı, TEAS PRESS, 2017, 300 s.) Atropatena dövlətinin eramızdan əvvəl 331-ci ildə, Böyük İsgəndər tərəfindən Əhəmənilər dövlətinin varlığına son qoyulandan sonra yarandığı faktı tarix dərsliklərində hakim olsa da, Həsən Həsənov qədim Roma və Suriya tarixi mənbələrə əsaslanaraq Azərbaycan dövlətçiliyinin sələfi olan Atropatena (Adorbayqan) dövlətinin e. ə. 612-607-ci illərdə, min illik Aşşur imperiyasının süqutu nəticəsində Skif çarı Madiy tərəfindən yarandığını irəli sürmüş və əsaslandırmışdır. Sonralar, e.ə. 594-cü ildə Midiya çarı Kiaksar tərəfindən e.ə. 585-ci ildə Atropatenanın müstəqilliyinə son qoyulub Midiya imperiyasının tərkibinə qatıldığını, IV əsrin sonlarına yaxın isə Makedoniyalı İsgəndərin imperiyası dağılarkən Atropat adlı Madiyin sülaləsinin nümayəndəsi tərəfindən Atropatenanın dövlətçiliyinin yenidən bərpa edildiyini mənbələrə əsaslanaraq irəli sürmüşdür.
Yaxud fundamental "Qız qalası" əsərində bu möhtəşəm tarixi abidənin tarixinə tamamilə yeni yanaşma sərgiləmiş, elmi əsası olmayan yabançı iddiaları tarixi mənbələr əsasında rədd etmişdir. Həsən Həsənov bu mövqeyini dəfələrlə ölkənin elmi ictimaiyyəti qarşısında, o cümlədən Abbasqulu Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda elmi polemikalarla sübut etməyə çalışmışdır. Azərbaycan və rus dillərində nəşr edilən bu əsərlər elmi ictimaiyyət arasında birmənalı qarşılanmamış, təbii olaraq suallar və mübahisələr doğursa da, eyni zamanda, bu mövzulara mənbələrə əsaslanan yeni elmi baxış və yanaşmaların ortaya çıxmasına yol açmışdır.
Həsən Həsənovun Novruz bayramının tarixi və ona münasibətlə əlaqədar AMEA Folklor İnstitutunda keçirilən elmi seminardakı məruzəsində türk xalqının bu milli bayramının yaranmasının zərdüştlük və islam dini ilə heç bir əlaqəsinin olmadığını irəli sürməsi də geniş elmi maraq doğurmuşdur.
Həsən Həsənov qədim və orta əsrlərə dair tədqiqatları ilə yanaşı, XX əsrin əvvəllərində ölkəmizdə fəallaşan milli-demokratik hərəkatın və nəticədə milli dövlətçiliyin təməl daşlarının necə qoyulduğunu sənədlər və çıxardığı elmi nəticələrlə ümumiləşdirib "Birinci Respublikaya aparan yolda" adlı əsərində (Bakı, TEAS PRESS, 2018, 448 s.) geniş oxucu dairəsinin mühakiməsinə vermişdir. Xüsusilə də, indiyə qədər tədqiqata az cəlb edilmiş mövzulara özünəməxsus elmi yanaşması ilə fərqlənən müəllifin xalqımızın Rusiya imperiyası hakimiyyəti altında "mədəni", "mədəni-milli", "milli-ərazi" muxtariyyəti üçün mübarizəsinin təkamül yolunu sistemli və ardıcıllıqla tədqiq edib müstəqil demokratik dövlət quruculuğuna necə yetişdiyini tarixi mənbələr və sənədlər əsasında dərindən tədqiq etməsi diqqətçəkicidir.
Həsən Həsənovun illər boyu apardığı tədqiqatların bəhrəsi olan "Azərbaycan: tarixi-coğrafi atlas" və "Azərbaycan: tarixi-etnoqrafik atlas" əsərlərinin 2025-ci ildə BP-şirkətinin yardımım ilə TEAS PRESS nəşriyyatında nəşr edilməsi bu sahədə ilk elmi təşəbbüs kimi olduqca dəyərlidir. 564 səhifədə iri və nəfis formatda çap edilən bu sanballı əsərlər AMEA Tarix və Etnologiya İnstitutunun və Bakı Dövlət Universitetinin Tarix və Coğrafiya fakültələrinin elmi şuraları tərəfindən nəşrə tövsiyə edilmişdir. Bu əsərlər Vətən tarixçiliyində və coğrafiyaşünaslığında tamamilə yeni elmi hadisə olmaqla yanaşı, böyük bir regionun da qədim və orta əsrlər tarixinə işıq salması ilə dəyərlidir. Bu kitabların tərtibatı, orada Azərbaycanın coğrafi hüdudlarını və dövlət təsisatlarının yerləşimini əks etdirən və mövzulara uyğun yerləşdirilən qədim xəritələr, azərbaycanca və ingiliscə mətnlər Həsən Həsənovun məlumatlı və yetərincə təcrübəli xəritəşünaslığından xəbər verir. Xüsusən, "Azərbaycan: tarixi-coğrafi atlas" kitabının üz qabığında böyük türk alimi Mahmud Kaşğarinin XI əsrdə tərtib etdiyi "Türk dünyası xəritəsi" və burada Azərbaycan adlı ərazinin də aydın göstərilməsi olduqca diqqətəlayiqdir və Azərbaycan tarixinə qara yaxmağa çalışan bədxahlara tutarlı cavabdır.
Bu yazımızda tarix elmləri doktoru Həsən Həsənovun illər öncə müdafiə etdiyi tarixin fəlsəfəsinə dair dissertasiya işindən başlanan və bu gün də fəal surətdə davam edən çoxsahəli elmi araşdırmalarını, elmi ictimaiyyəti maraqlandıran elmi-nəzəri müddəalarını, müxtəlif dillərdə və ölkələrdə nəşr etdirdiyi kitabları incələmək, ya təqdim etmək niyyətimiz yoxdur. Lakin mənalı və zəngin ömür yolunun 85-ci payızında da yorulmaq bilmədən araşdıran, elmi konfranslarda və müxtəlif ictimai-siyasi tədbirlərdə, televiziya kanallarında çıxışlar və məruzələr edən Həsən Həsənovla əlaqədar bəzi xatirələrimi və müşahidələrimi bölüşməyi nəzərdə tutmuşdum, amma söz-sözü gətirdi və hekayətimi daha çox elmi məcraya yönəldi. Halbuki Həsən Həsənov bir fenomen olaraq daha çox dövlətşünas və diplomat olmuşdur. Bir sözlə, "ölkəmizin diplomatlarının böyük bir nəsli məhz Həsən Həsənovun Azərbaycan Respublikasının xarici işlər naziri olduğu zaman onun dövlətçilik və diplomatiya məktəbinin yetirmələridir" - desəm, əminəm ki, səhv etmiş olmaram. Onun rəhbərliyi altında çalışmış yüksək vəzifəli diplomatların, xüsusən səfirlərin və baş konsulların hər birinin müəyyən xatirələrinin olduğu şübhəsizdir. Bu sətirlərin müəllifi də istisna deyildir.
Prezident Heydər Əliyev 1996-cı ilin fevral ayının 5-də məni Azərbaycan Respublikasının İran İslam Respublikasının Təbriz şəhərində Baş Konsulu vəzifəsinə təyin etdi. Xarici işlər naziri Həsən Həsənovla ilk tanışlıq da həmin gün baş verdi. Əlbəttə, uzun illər boyu Heydər Əliyevin rəhbərliyi altında mühüm dövlət vəzifələri tutmuş, sonralar da respublika rəhbərliyində əhəmiyyətli rol oynamış, qısa sürsə də, çox vacib dönəmdə BMT-də Azərbaycan diplomatiyasına rəhbərlik etmiş, 1993-cü ildən yenidən Heydər Əliyevin dövlətçilik komandasında xarici işlər naziri olaraq yer almış Həsən Həsənovu ölkədə tanımayan yox idi. Onun rəhbərliyi altında diplomatik fəaliyyət göstərmək, şəxsən görüşmək, təlimat və məsləhət almaq bu sahədə mənim kimi bu xidmətə yeni cəlb edilmiş şəxslər üçün xüsusilə əhəmiyyətli idi. O zaman Azərbaycan Xarici İşlər Nazirliyinin əsas qurucu heyətini sovet sistemində diplomatik xidmətdə və Azərbaycan SSR Xarici İşlər Nazirliyində çalışmış bir neçə təcrübəli diplomat təşkil edirdi. Bu peşəkar diplomatlara nazirlikdə daha çox ehtiyac var idi, buna görə xarici ölkələrdə açılan səfirliklərə və diplomatik nümayəndəliklərə elm və təhsil sahəsində çalışanlardan xarici dilləri bilən, aid ölkələrə yaxından bələd olan mütəxəssislərin səfir, ya baş konsul vəzifələrinə təyin edilməsi zərurətdən doğan hal idi. Belə təyin olunmuşlardan uğurlular qazananlar da var idi, uğursuzları da. Ona görə işlərin çətinliyi Xarici İşlər Nazirliyinin üzərinə düşürdü. Bu baxımdan da, həm zəngin dövlətçilik və prinsipial idarəçilik məharətinə, həm də diplomatiya qazanın qaynayan yeri olan BMT-də qazanılmış diplomatiya təcrübəsinə malik olan Həsən Həsənovun rəhbərliyi qısa zamanda Xarici İşlər Nazirliyini Azərbaycan Prezidenti Heydər Əliyevin xarici siyasət kursunu uğurla həyata keçirən nüfuzlu və ən vacib dövlət qurumuna çevirdi. Nazirliyin sıradan olan işçiləri belə, bu qurumun əməkdaşları olmaqdan qürur duymağa başladılar.
Qeyd etməliyəm ki, Təbriz Baş Konsulluğunun əməkdaşlarının təyinatında nazir Həsən Həsənov mənim təqdimatım üçün tam şərait yaratmışdı, lakin mən hər bir əməkdaşı onun məsləhəti ilə müəyyənləşdirdikdən sonra müvafiq sənədi hazırladım. Azərbaycanla İran arasında qarşılıqlı olaraq Naxçıvanda və Təbrizdə Baş Konsulluqların açılmasına dair 1992-ci il avqustun 19-da imzalanmış protokola görə İran tərəfinin elə həmin ildə Azərbaycanda Baş Konsulluq açdığına baxmayaraq, təəssüf ki, o zaman Azərbaycan Respublikası rəhbərliyində vahid namizəd üstündə razılıq əldə edilmədiyinə görə Təbriz Baş Konsulluğu təşkil edilməmiş, necə deyərlər, bu fürsət əldən verilmişdi. 1996-cı ilin fevralında mən Azərbaycan Baş Konsulu təyin ediləndə isə İran İslam Respublikası rəhbərliyi Təbrizdə Azərbaycan missiyasının fəaliyyətə başlamasına müvafiq icazəni vermədi, gülünc şəkildə, təhlükəsizlik və sair qurama problemlərlə əlaqələndirib bu dipmissiyanın Məşhəddə açılmasını təklif etdi. Təbii ki, Azərbaycan dövləti belə absurd təklifi qəbul edə bilməzdi. O zaman Ermənistanın işğalçı fəaliyyəti və Naxçıvan Muxtar Respublikasını blokadaya alması ilə elə şərait yaranmışdı ki, Azərbaycan tərəfi də qarşılıqlılıq prinsipinə əsaslanaraq İranın Naxçıvan Baş Konsulluğunun fəaliyyətini əngəlləyə bilməzdi, çünki Naxçıvanla əlaqələr, Muxtar Respublikanın enerji, nəqliyyat ehtiyacları ilə əlaqədar işlər İranın Naxçıvan Baş Konsulluğun iştirakı ilə İran ərazisindən həyata keçirilirdi. Belə olduğu şəraitdə nazir Həsən Həsənov Prezident Heydər Əliyevin razılığı ilə Baş Konsul vəzifəsinə təyin edilmiş bu sətirlərin müəllifini eyni zamanda, müvəqqəti olaraq Azərbaycan Səfirliyinin müşaviri vəzifəsinə təyin etdi və Baş Konsulluğun əməkdaşları da Səfirlikdə müvafiq vəzifələrə yerləşdirildi. Lakin illər ərzində Təbriz Baş Konsulluğunun fəaliyyəti üçün müvafiq şəraitin yaradılması üçün Azərbaycan tərəfinin müxtəlif səviyyələrdə ardıcıl tələblərinə baxmayaraq, bu məsələ həllini tapmadı, nə hə, nə də yox deyən İran tərəfi Naxçıvanın təchizatı və İran ərazisinin bir hissəsindən gediş-gəlişlə əlaqədar çətinliklərimizdən sui-istifadə edərək "inşallah" ibarəsi ilə Təbrizdə Baş Konsulluğumuzun işə başlamasını illərlə ləngitdi. Bu minvalla bu sətirlərin müəllifi 2002-ci il aprelin 18-də Prezidentin fərmanı ilə geri çağırılaraq Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında Fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olundu. Təbriz Baş Konsulluğu uzun səylərdən sonra yalnız 2004-cü ildə fəaliyyətə başlaya bildi.
Qeyd etməliyəm ki, nazir Həsən Həsənovun icra və sənəd işinə çox ciddi tələbkarlığı var idi. Xarici İşlər Nazirliyi İndiki Konstitusiya Məhkəməsinin binasında yerləşirdi. Bina böyük görünsə də, az sayda, amma böyük otaqlardan ibarət idi. Mən Təbriz təyinatından sonra bir neçə ay İslam Konfransı Təşkilatı idarəsində əməkdaşlarla bərabər bir otaqda otururdum, İranla əlaqədar sənədlərin, arayışların və s. hazırlanmasında iştirak edirdim. Nazir Həsən Həsənovun iş otağı ikinci mərtəbədə idi. Hərdən əməkdaşları hansınısa yanlış sənədinə, ya səhlənkarlığına görə elə uca səslə tənbeh edirdi ki, səsi dördüncü mərtəbədə bizə də gəlib çatırdı. Mən düşünürdüm ki, bu əsəbi əhvaldan sonra o, uzun müddət özünə gələ bilməz. Bu qayğımı dilə gətirəndə idarə rəisi, sovetlər zamanında İranda və Türkiyədə diplomatik xidmətdə olmuş Vəhdət Sultanzadə (rəhmətlik) əlindəki kağızları göstərərək dedi ki, əksinə, indi nazirə hazırlanmış bu sənədə qol çəkdirməyin ən yaxşı vaxtıdır. Mən təəccüblənsəm də, sonra şahid oldum ki, nazir kiməsə haqlı olaraq əsəbi davransa da, bir an sonra xoş əhvalla digər əməkdaşı diqqətlə dinləmək, müvafiq tapşırığı verərək onun həlli yolunu da göstərmək qabiliyyətinə sahib rəhbərdir və ən gərgin vəziyyəti yumşaltmaq, lazımi məcraya salmaq bacarığına malikdir. Yadımdadır, ilk dəfə hazırladığım bir sənədlə yanına gedəndə o, sənədə baxır, mən isə onu maraqla müşahidə edirdim. Sənədin əvvəl sonuna baxdı, başdan yox, axırdan əvvələ süzdü (sonra bildim ki, sürətli oxu qabiliyyətinə malikdir) və çox mülayim şəkildə müvafiq düzəlişlər etməyi tapşırdı. Müşahidə etdim ki, müxtəlif məsələlərə dair sual verməyi və dinləməyi xoşlayır. Yeri gəlmişkən, indi, 85 yaşında da həmin xasiyyətini tərk etməmişdir, sadəcə indi müsahibindən daha çox özü danışır. Bu da, görünür, uzun illər ərzində toplanmış bilik, məlumat, təhlil və təcrübələrin təbii püsgürməsidir.
Nazirlikdə çalışdığım zaman, bir gün nazirə ərizə ilə müraciət etdim ki, soyadımda dəyişiklik edib "Mədətov" əvəzinə "Mədətli" yazdırmalıyam, bunun üçün Naxçıvana - doğum şəhadətnaməsinin verildiyi idarəyə getməliyəm. İcazə verdi, amma mən çıxmaq istərkən dedi ki, "məni indiyədək hamı Həsən Həsənov olaraq tanıyır, mən familyamda hansısa dəyişiklik etməzdim". Dedim: cənab nazir, məni isə heç kim tanımır, necə dəyişsəm, bundan sonra tanımalı olsalar, elə də tanıyarlar. Mənalı şəkildə gülümsədi.
1997-ci ilin dekabrında xarici işlər naziri Həsən Həsənov İslam Konfransı Təşkilatının (indi İslam Əməkdaşlıq Təşkilatı) Zirvə görüşündə Prezident Heydər Əliyevi müşayiət edirdi. Prezident Heydər Əliyevin İrana səfərində rəsmi tədbirlərdən əlavə, bir sıra görüşlər də keçirilirdi. Bir dəfə mənə dedilər ki, cənab Prezidentin yanına getməliyəm. Prezident Heydər Əliyev Həsən Həsənovla oturub nəyisə müzakirə edirdi və mənə də yer göstərdi. Həsən Həsənov mənə işarə ilə dedi: "Cənab Prezident, Əmənullah deyir ki, İranın..." Heydər Əliyev gülümsəyərək onun sözünü kəsib dedi: "Həsən, Əmənullah Əfqanıstanın kralı olub, bəlkə Eynulla demək istəyirsən". Gülüşdük və mənə verilən sualları cavablandırıb ayrıldım. Sonra fürsət olmadı cənab nazirdən soruşum ki, Əmənullah hardan ağlına gəlib. (2005-2010-cu illərdə ölkəmizi Əfqanıstanda da təmsil etdiyimə görə Kabula səfərlərimdə Əmənullah söhbətini hərdən xatırlayırdım).
Həsən Həsənov Macarıstanda, ardınca Polşada Azərbaycan Respublikasının səfiri olduğu zaman həmişə gənc səfirlərə faydalı məsləhətləri ilə köməyini əsirgəmirdi. 2009-cu ildə Prezident İlham Əliyevin tapşırığı ilə Pakistanın paytaxtı İslamabadın Diplomatik şəhərciyində tikdirib istifadəyə verdiyimiz səfirlik kompleksində Azərbaycan memarlığına aid elementlərin və atributların səfirlik divarı üzərində yerləşdirilməsi qərarına gələndə ilk ağlıma gələn səfir Həsən Həsənovla məsləhətləşmək oldu. Həsən müəllimin tövsiyəsi ilə Xalq rəssamı Səlhab Məmmədovla Bakıda görüşüb məsələni müzakirə etdik, nəticədə bu gün Azərbaycan memarlığının, xüsusən Möminə Xatın məqbərəsinin naxışlarını təmsil edən iri, uzun döymə mis lövhələr xalq rəssamının iştirakı ilə Səfirliyin binasının fasadlarına bənd edildi və binaya çox yaraşdı. Təbii ki, məsləhət üçün Həsən müəllimə müraciət edən tək mən deyildim. Həsən müəllim Budapeştə və Varşavaya səfər edən səfir həmkarlarına qarşı həmişə diqqətli idi və həyat yoldaşı hörmətli Aybəniz xanımla bərabər hər zaman səmimi münasibət göstərirdi. Mənə və xanımım Nailəyə də bu gözəl və hər bir diplomata nümunə ola biləcək ailənin səmimi qonaqsevərliyindən pay düşmüşdü.
Həsən Həsənovun həyat yolu bütün dövrlərdə dövlətə və xalqa sədaqətlə xidmət nümunəsi olmuşdur. Bu gün şərəfli təqaüdçü ömrü yaşayan Həsən müəllim geniş elmi fəaliyyətlə məşğul olmaqla yenə parlaq nümunə göstərir. Düşünürəm ki, kaş ki, Həsən müəllim öz zəngin həyat və xidmət təcrübəsinin gələcək nəsillər üçün faydalı olacağını nəzərə alaraq öz xatirələrini qələmə alardı. Əminəm ki, vaxtilə bədii yaradıcılıqla da məşğul olan, pyesləri tamaşaya qoyulan Həsən müəllimdə memuar janrı da maraqlı alınar, çox ilginc və cəlbedici təsirə malik olardı. Sonda dövlətçiliyimizin, xüsusən də diplomatiyamızın ustad fədaisi, Fövqəladə və səlahiyyətli səfir, tariximizin və ictimai-siyasi mübarizəmizin yorulmaz tədqiqatçısı, tarix elmləri doktoru Həsən Həsənova bundan sonra da sağlıqlı, məhsuldar uzun ömür arzulayıram.


