Azərbaycan ən çox İtaliyaya neft satır: İsrailə və Hindistana ixrac dayanıb
Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.
İxracın miqdarla ifadəsi 12 milyon 46 min 352 ton olub. Siyahıda birinci yeri İtaliya tutur. Ümumiyyətlə, Azərbaycan xam neftin 57 faizinə qədərini (6,82 milyon ton) Avropanın bu ölkəsinə satır. İtaliyanın ixracdakı payı uzun müddətdir dəyişmir.
Bizimyol.info xəbər verir ki, Azərbaycanın xam neft və neft məhsulları ixrac etdiyi ölkələrin siyahısında İsrailin və Hindistanın adını görmək olmur. Xüsusilə İsraillə bağlı məsələ müəmmalı görünür. Birincisi, bu dövlətlə münasibətlərimiz Qarabağ müharibəsindəki qələbədən sonra çox yaxınlaşıb. Elə ikinci nüans da odur ki, İsrail Azərbaycandan milyon tonlarla neft alırdı. Məsələn, 2023-cü ildə bu ölkə siyahıda ikinci yeri tuturdu. Onda İsrail 1,2 milyon tonla yalnız İtaliyadan geri qalmışdı.
Hindistan həmin il 739 min tonla üçüncü olmuşdu. İndi isə bu ölkənin adını da siyahıda görmürük. Buna isə təəccüblənməyək. Çünki yenə Qarabağ müharibəsində bizə dəstək verilməməsi, Pakistanla münaqişədə aranın soyuması özünü göstərir. Hindistanla əməkdaşlıq minimum səviyyəyə enib.
Çexiya (846 min ton), Xorvatiya (744 min ton), Rumıniya (685 min ton) və Portuqaliyanın (576 min ton) payı əhəmiyyətli dərəcədə artıb. Bundan başqa, Almaniya, Böyük Britaniya, İrlandiya, Yunanıstan, Niderland, Tailand, İndoneziya, Tunis, İsveçrə, Danimarka, Bolqarıstan, Avstriya və Türkiyəyə də neft satırıq.
Adlara fikir verirsinizsə, daha çox Avropa dövlətlərinə xam neft ixrac etdiyimizi görürsünüz. Uzun illərdir bizim ixrac bu qitədən çox asılıdır.
Aytən, Bizimyol.info


