Azərbaycan Ermənistan münasibətləri: yekun sülh sazişi imzalana bilər?
Icma.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə münasibətlərinin son zamanlar gərgin olduğu deyilir. Elə Ermənistanın Xarici Kəşfiyyat Xidmətinin hesabatında da İrəvanın KTMT ilə münasibətlərinin 2026-cı ildə dəyişməyəcəyi qeyd edilib.
Xarici Kəşfiyyat Xidməti həmçinin Azərbaycanla münasibətləri də qiymətləndirərək Ermənistan və Azərbaycan arasında 2026-cı ildə hərbi eskalasiya ehtimalının aşağı olduğunu bildirib.
Ermənistanın KTMT ilə münasibətlərinin dəyişməyəcəyinin Azərbaycan-Ermənistan münasibətlərinə təsiri və Azərbaycan ilə Ermənistan arasında 2026-cı ildə yekun sülhün əldə olunması ehtimalı nə qədərdir?
“Xalq Cəbhəsi” məsələni politoloqlarla müzakirə edib.
“Ciddi hərbi qarşıdurma gözlənilmir”
Politoloq Elçin Xalidbəyli Ermənistan Xarici Kəşfiyyat Xidmətinin açıqladığı hesabatda iki önəmli faktın olduğunu bildirib: “Biri ondan ibarətdir ki, 2026-cı ildə Azərbaycan və Ermənistan arasında hər hansı bir ciddi hərbi qarşıdurma gözlənilmir və bu da əslində reallığa yaxın bir yanaşma tərzidir. Çünki Azərbaycan və Ermənistan arasında 8 avqustda Vaşinqtonda yekun sülh sazişinin mətninin paraflanması baş verib. Bunun da ardınca hazırda Azərbaycan və Ermənistan arasında iqtisadi-ticari münasibətlərin qurulma prosesi start götürüb. Azərbaycan Ermənistana enerji resursları ixrac edir. Bu da Ermənistan üçün olduqca strateji əhəmiyyət daşıyan ticari bir yenilikdir. Yəni bu məsələdə o qədər də ciddi ziddiyyət yoxdur. Azərbaycan və Ermənistan arasında 2026-cı ildə savaş ehtimal həqiqətən də gözlənilmir. Əksinə, əgər 2026-cı ildə Paşinyan hakimiyyəti parlament seçkilərində qalib gələrsə, Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması reallığa çevrilə bilər”.
“Paşinyan hakimiyyəti dövründə bu ehtimal inandırıcı görünmür”
Politoloq əlavə edib ki, digər tərəfdən Ermənsitanın KTMT-dəki mövqeyinin də dəyişməyəcəyi ilə bağlı irəli sürülən iddia da reallığa yaxın görünür: “Çünki hazırda Zəngəzur dəhlizinin açılması ilə bağlı ABŞ və Ermənistan arasında hüquqi sənədlərin imzalanması və pay bölgüsünün müəyyən edilməsi prosesi davam edir. Artıq ABŞ tərəfindən maliyyə vəsaiti ayrılıb və yaxın vaxtlarda böyük ehtimalla Ermənistanda Zəngəzur dəhlizinin inşası ilə proses başlaya bilər. Təbii ki, belə bir situasiyada, üstəlik, buna əlavə olaraq Ermənistanın Avropa Birliyi ilə üzvlük danışıqlarına başlamasını da nəzərə aldıqda belə qənaətə gəlmək olar ki, həm Avropa Birliyi, həm də ABŞ ilə yaxın münasibətlər qurmağa çalışan Ermənistanın Rusiyanın patronajlığı altında fəaliyyət göstərən KTMT-nin tərkibində yenidən aktiv fəaliyyətə başlaması ziddiyyətli xarakter daşıya bilərdi. Təbii ki, Paşinyan hakimiyyəti dövründə bu ehtimal qətiyyən inandırıcı görünmür”.
“Son illərdə baş verənlər aydın şəkildə göstərir ki...”
Politoloq Aytən Qurbanova söyləyib ki, Ermənistanın Xarici Kəşfiyyat Xidmətinin 2026-cı il üzrə hesabatında KTMT ilə münasibətlərin dəyişməyəcəyinin xüsusi vurğulanması bu ölkənin təhlükəsizlik strategiyasının sabit və aydın xətt üzərində deyil, daha çox qeyri-müəyyənlik və tərəddüdlər fonunda formalaşdığını göstərir: “Xüsusilə son illərdə baş verən proseslər aydın şəkildə göstərir ki, Ermənistanın xarici siyasətində əsas problem taktiki manevrlərin strateji hədəflərlə uzlaşdırıla bilməməsidir. Belə ki, bir tərəfdən Rusiya ilə münasibətlərdə qarşılıqlı etimad böhranı getdikcə dərinləşir, digər tərəfdən isə Qərbə inteqrasiya istiqamətində atılan addımlar real təhlükəsizlik təminatı və ya hər hansı ciddi nəticə ilə müşayiət olunmur. Bu ikili yanaşma Ermənistanı regional siyasətdə qərarverici aktordan daha çox baş verən proseslərin axarına uyğunlaşmağa çalışan passiv müşahidəçiyə çevirir”.
“Ermənistan qarşısında yalnız bir rasional seçim qalır”
A.Qurbanovanın qeyd etdiyinə görə, məhz bu baxımdan yanaşdıqda Ermənistanın KTMT ilə münasibətlərinin yaxın perspektivdə dəyişməyəcəyinə dair səsləndirilən fikirlər rəsmi İrəvanın hələ də aydın və məqsədyönlü seçim edə bilmədiyini, strateji tərəddüdlərin isə davam etdiyini göstərir: “Belə bir şəraitdə Ermənistanın regional təhlükəsizlik arxitekturasında mövqeləri daha da zəifləyir və beləliklə də, öz gələcəyini müəyyənləşdirən proseslərdən kənarda qalır. Azərbaycan isə formalaşmış regional reallıqlara uyğun olaraq beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan yeni təhlükəsizlik mühitinin qurulmasında aparıcı rolunu ardıcıl şəkildə möhkəmləndirir. Suverenlik, ərazi bütövlüyü və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan bu yanaşma Cənubi Qafqazda uzunmüddətli sabitlik üçün real əsas yaradır. Ona görə də, Ermənistan qarşısında yalnız bir rasional seçim qalır ki, o da mövcud geosiyasi reallıqları qəbul edərək regionda davamlı sülhün təmin olunmasına töhfə verməkdir”.
Röya İsrafilova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 21 Yanvar 2026 23:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















