Azərbaycan flora və faunasının qorunması üçün önəmli tədbirlər görülür
525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin rəsmi sosial hesabında akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkındakı 5 bəbirin görüntüsü paylaşılıb. Paylaşımda bildirilib ki, Fond 2007-ci ildən başlayaraq ölkəmizdə foto və videotələlər vasitəsilə Bəbir (Panthera pardus) və onun qida obyektlərinin, rəqib növlərin monitorinqini aparır. İlk dəfədir ki, kameralara 5 bəbir bir yerdə düşür: "Onun dördünü yaxşı tanıyırsız - adını sizinlə birlikdə Banu qoyduğumuz ana bəbir və yanında 3 balasıdır. Beşinci fərd isə qonşu dövlətləri də gəzib gələn SC_026 kodlu bir erkəkdir".
Bəbir (Panthera pardus) - Dünyadakı bəbir yarım növlərinin ölçücə ən böyüyüdür, bu pişik həmçinin ölkəmizdə ən iri pişikkimidir. Sarı-qızılı kürkü üzərində qara rozetləri (xalları) olan bu pişik iri ölçüsünə, cəldliyinə, uzun quyruğuna görə seçilir.
Azərbaycanın xüsusi mühafizə olunan təbiət ərazilərindən biri də Milli parklardır. Ölkəmizdə Milli parklar 2003-cü ildən etibarən yaradılmağa başlayıb. 2003-cü ildə Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən akademik Həsən Əliyevin adı verilən Zəngəzur Milli Parkı, Şirvan Milli Parkı, Ağgöl Milli Parkı, 2004-cü ildə Hirkan Milli Parkı, Altıağac Milli Parkı, 2005-ci ildə Abşeron Milli Parkı, 2006-cı ildə Şahdağ Milli Parkı, 2008-ci ildə Göygöl Milli Parkı, 2012-ci ildə isə Samur-Yalama Milli Parkı yaradılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, Kiçik Qafqaz və Naxçıvan Muxtar Respublikası akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı ərazisində yerləşir. 2003-cü ildə Ordubad rayonunun inzibati ərazisinin 12131,0 hektar sahəsində Ordubad Milli Parkı yaradılıb. Milli Parka akademik Həsən Əliyevin adı verilib. 2009-cu ildə Prezidentin müvafiq sərəncamı ilə Ordubad Milli Parkının ərazisi Şahbuz, Culfa, Ordubad rayonlarının torpaqları hesabına genişləndirilərək sahəsi 42797,4 hektara çatdırılıb. Eyni sərəncamla Milli Parkın adı dəyişdirilərək akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı adlandırılıb. Milli Parkla yanaşı, xüsusi mühafizə olunan təbiət ərazisinin 27870,0 hektarında Ordubad Dövlət Təbiət Yasaqlığı yerləşir. Orta hündürlüyü 3200 metrə çatan Zəngəzur silsiləsi Kiçik Qafqazın bütün silsilələrindən yüksəkdir. Onun ən yüksək zirvəsi olan Gəmiqaya Zəngəzur Milli Parkının ərazisində olmaqla 3906 metrdir. Bu, eyni zamanda, Kiçik Qafqazın Azərbaycan ərazisində ən yüksək zirvəsidir. Zəngəzur silsiləsinin sonuncu - üçüncü hissəsi Soyuq dağdır ki, o da Zəngəzur Milli Parkının ərazisinə daxildir. Naxçıvan Muxtar Respublikası öz quş faunasının zənginliyinə görə Azərbaycanda məxsusi yer tutur. Ərazidə 217 növ və yarımnöv quşa rast gəlinir ki, bunlardan 15 növü "Qırmızı Kitab"a daxil edilib. Naxçıvan Muxtar Respublikasında 62-yə qədər məməli heyvan növünə və ya yarımnövünə təsadüf edilir. Bunlardan 32 növ və ya yarımnövə Zəngəzur Milli Parkının və Ordubad Dövlət Təbiət Yasaqlığının ərazisində rast gəlinir.
Naxçıvan Muxtar Respublikası ərazisində 12 növ yırtıcı heyvan yayılıb. Bunlardan Milli Parkın ərazisində canavar, çaqqal, adi tülkü, zolaqlı kaftar, daşlıq dələsi, porsuq, meşə pişiyi və s. rast gəlmək mümkündür. Azərbaycan sularında 100-dən artıq balıq növü yaşayır. Bunlardan Naxçıvan sularında 16 növ balığın olması müəyyən edilib. Zəngəzur Milli Parkının və Ordubad Dövlət Təbiət Yasaqlığının ərazisi ali və nadir bitkilərə görə də zəngindir.
Bəbir rast gəlinən parklardan biri də Hirkan Milli Parkıdır. Parkının ərazisində keçirilən monitorinq zamanı foto-tələlər vasitəsilə Asiya bəbirlərinin artımı müşahidə olunub.
Hirkan Milli Parkının sahə müfəttişi Sahil Mikayılovun sözlərinə görə, bəbirlər parkdakı demək olar ki, bütün kameralarda lentə alınır. Bu da onların sayında artım olduğunu deməyə əsas verir.
O, əlavə edib ki, Hirkan Parkı ərazisində yaşayan bəbir cinslərinə Naxçıvanda da rast gəlinib. Bu faktlar son illərdə xüsusi mühafizə olunan təbiət ərazilərində heyvan aləminin mühafizəsi tədbirlərinin gücləndirilməsi, ekoloji maarifləndirmə işlərinin aparılması nəticəsində əldə edilib. Artımın bir çox səbəbi var. Birincisi güclü mühafizə rejimi, digəri isə yem bazasıdır: "Bəbirin yaşaması üçün yem lazımdır. Hirkan Milli Parkında şükürlər olsun ki, yem bazası çoxdur. Kameralara baxıb görürük ki, qabanların sayı ilbəil çoxalır, yeni balaları görünür, sürü ilə gəzirlər. Tirandazların, canavarların, çaqqalların, yenotların sayı da çoxalıb. Təbiətdə belə qanun var ki, biri digərinin yemi olmalıdır".
Hirkan Milli Parkı Azərbaycanın cənub-şərqində, Lənkəran və Astara inzibati rayonlarının ərazisində yerləşir. Parkın ərazisinin çox hissəsi meşələrlə örtülüdür. Milli Parkın meşələrində ayıdöşəyi, Hirkan bigəvəri, Hirkan şümşadı, pırkal, müxtəlif lianlar geniş yayılıb. Bu bitkilərin əksəriyyətinin adı Azərbaycanın "Qırmızı Kitabı"na daxil edilib. Parkın heyvanat aləmi çox zəngindir. Burada məməlilərdən bəbir, xallı maral, vaşaq, porsuq, qaban, cüyür, yenot və s. növlərə rast gəlmək olar.
Hirkan Milli Parkının ərazisinin çox hissəsini meşələr və şimal-qərbdən cənub-şərqə doğru uzanan sıra dağlar əhatə edir. Ərazidə əsasən yayı quraq keçən mülayim-isti iqlim tipi hakimdir. Buranın yayı quraq, payızı rütubətli, qışı isə mülayimdir. Hirkan Milli Parkının ərazisi şaquli qurşaq üzrə çox ucalmasa da (1000 m-ə qədər), şərqdən qərbə dağlara qalxdıqca, meşələrin şaquli qurşaqlar üzrə dəyişdiyini müşahidə etmək olar: aşağı hissədə əsasən, şabalıdyarpaq palıd, dəmirağac və vələsin (İpək akasiya, Xəzər lələyi, Hirkan ənciri, Qafqaz xurması, azat ilə birlikdə) üstünlük təşkil etdiyi meşələr yayılmışdır. Hündürlüyə qalxdıqca, əsasən dəmirağac, qismən də şabalıdyarpaq palıd azalır, onları fısdıq meşələri əvəz edir.
Ərazinin bitki aləminin zənginliyi burada çoxsaylı heyvanların yaşamasına imkan yaratmışdır. Parkın heyvanat aləmi çox zəngindir. Burada məməlilərdən bəbir, xallı maral, vaşaq, porsuq, çöl donuzu, cüyür, yenot və s. növlərə rast gəlmək olar. Ərazidə suda-quruda yaşayan heyvan növlərindən adi triton, daraqlı triton, Suriya sarımsaqiyli qurbağası, Qafqaz xaçlıcası, adi quru qurbağası yayılmışdır. Milli Parkın ərazisində sürünənlərdən Aralıq dənizi tısbağası, zolaqlı çılpaqgöz kərtənkələ, girdəbaş yovşanlıq kərtənkələsi, xarabalıq kələzi, Eskulap ilanı və s. növlər mövcuddur.
Hirkan Milli Parkının ornitofaunasına daxil olan qara leylək, məzar qartalı, qıvrımlələk qutan, turac, mərmər cürə, Talış qırqovulu, Hirkan arıquşu, toğlugötürən və sair quşların adları Azərbaycanın "Qırmızı Kitab"ına daxil edilib. Milli Parkın entomofaunası endem növlərlə zəngindir. Ərazidə "Qırmızı Kitab"a düşmüş növlərdən tündqırmızı Talış uzunbığı, Talış kökyeyəni, üçpərli Talış qaçağanı, palıd diserkası, eyfema, Talış brameyası, iri tənək hafı, Oxim qızılı kəpənəyi, Aleksandra sədəflisi, Talış məxməri kəpənəyi və başqa həşəratlara rast gəlmək olar.
Milli Parkın meşələrində ayıdöşəyi, Hirkan bigəvəri, Hirkan şümşadı, pırkal, müxtəlif lianlar geniş yayılıb. Bu bitkilərin əksəriyyətinin adı Azərbaycanın "Qırmızı Kitab"ına daxil edilib. Hirkan Milli Parkının yerləşdiyi Lənkəran zonasının subtropik meşələrinin ən səciyyəvi xüsusiyyətlərindən biri də burada Hirkan tipli meşələrin yaxşı saxlanılması, bir çox endemik, nadir ağac və kol bitkilərinin geniş yayılmasından ibarətdir. Hirkan Milli Parkı həmçinin öz nadir təbiət abidələri ilə də məşhurdur. Burada 100-dən çox təbiət və mədəniyyət abidələri var. Ən məşhur təbii meşə abidələrindən biri Astara rayonunun Züngüləş kəndi yaxınlığında yerləşir. Xəzər dənizinin yaxınlığı, təbiətin rəngarəngliyi ərazidə ekoturizmin inkişafı və ətraf mühitin öyrənilməsi üçün əlverişli şərait yaradır.
Qeyd edək ki, Milli parklar - xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olan təbiəti mühafizə və elmi müəssisə və ya təşkilat statusuna malik olan ərazilərdir. Azərbaycanda milli parkların yaradılması ilə bağlı ilk təşəbbüs akademik Həsən Əliyev tərəfindən irəli sürülmüşdü. Ölkəmizdə ilk milli parklar 2003-cü ildə yaradılıb.
Sevinc QARAYEVA

