Azərbaycan yeni dünya nizamında söz sahibi olan dövlətdir
Müsahibimiz Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Mübariz Qurbanlı
- Mübariz müəllim, Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 7-də yerli televiziya kanallarına verdiyi müsahibə yalnız respublikamızda deyil, qlobal səviyyədə də böyük maraq və əks-səda doğurdu. İstərdik, öncə bu barədə ümumi qənaətlərini bölüşəsiniz.
- Bəli, qeyd etdiyiniz kimi, Prezident İlham Əliyevin müsahibəsi yalnız Azərbaycanda deyil, ölkəmizin hüdudlarından kənarda da böyük maraq kəsb etdi. Bu da ilk növbədə Prezident İlham Əliyevin yüksək siyasi keyfiyyətlərindən, qlobal liderlik xüsusiyyətlərindən, dərin erudisiyasından, diplomatik peşəkarlığından, hər bir məsələni, hər bir siyasi prosesi, qlobal hadisələri düzgün təhlil etmək bacarıqlarından irəli gəlir. Dövlətimizin başçısı sualları cavablandıranda fikirlərini olduqca yüksək məntiqi ardıcıllıqla diqqətə çatdırdı, məsələləri son dərəcə dərin siyasi peşəkarlıqla təhlil etdi. Cənab İlham Əliyevin suallara Azərbaycan dili ilə yanaşı, rus və ingilis dillərində də cavab verməsi isə bir daha Azərbaycan Prezidentinin güclü lider kimi yüksək obrazını nümayiş etdirdi. Əlbəttə ki, lideri güclü olan dövlət də qüdrətli olur.
Digər tərəfdən son illərin mənzərəsinə nəzər salanda görürük ki, cənab Prezident İlham Əliyevin məhz bu cür müsahibələr vasitəsilə ictimaiyyəti məlumatlandırması artıq bir siyasi ənənəyə çevrilib. Məlum olduğu kimi uğurlu dövlət idarəçiliyini təmin edən əsas meyarlardan biri faktorlar biri iqtidarın həyata keçirdiyi işlərlə bağlı ictimaiyyətin məlumatlandırılmasıdır. Bütün bunları öz idarəçilik konsepsiyasında əsas prinsiplərdən biri kimi müəyyən etmiş cənab Prezident İlham Əliyev hər bir məsələdə xalqın məlumatlandırılmasını zəruri hesab edir. Dövlət başçısının hər çıxışı, müşavirələrin keçirilməsi həm də ictimaiyyətin məlumatlandırılmasına xidmət edir. Əlbəttə ki, cənab Prezident İlham Əliyevin artıq siyasi ənənəyə çevrilən televiziya kanallarına müsahibələri də Azərbaycan hakimiyyətinin fəaliyyəti, əldə olunan nailiyyətlər, başa vurduğumuz ilin yekunları ilə bağlı ictimaiyyətin məlumatlandırılmasının mükəmməl vasitələrindən biridir.
Bu müsahibəsi özündə çox mühüm məsələləri əks etdirdi. Həm Azərbaycanın ötən il keçdiyi yola nəzər salındı, eyni zamanda qarşıda duran vəzifələr ictimai rəyə çatdırıldı. Əgər ümumi baxımdan müsahibəyə yanaşsaq, burada müxtəlif istiqamətləri görə bilərik. Bunlardan biri, Azərbaycanın sosial-iqtisadi vəziyyəti, inkişafı və bu sahədə qarşıda duran vəzifələrdir.
Dövlət başçısının toxunduğu başqa bir məsələ Azərbaycanın regiondakı yeri və rolu ilə bağlı oldu. Qeyd olundu ki, Azərbaycan Cənubi Qafqazın lider və aparıcı dövlətidir. Bütövlükdə Cənubi Qafqaza aid olan məsələlər Azərbaycanın iştirakı olmadan həll edilə bilməz. Eyni zamanda Azərbaycan bu regionun sərhədlərini də aşaraq qlobal səviyyədə müxtəlif məsələlərin yoluna qoyulmasına töhfə verir.
Müsahibədə digər bir istiqamət beynəlxlaq münasibətlərdə yaranmış mövcud situasiya, İkinci Dünya Müharibəsindən sonra yaranmış vəziyyətin dəyişməsi və indiki şəraitdə dünyanın yeni nizamının meydana çıxması və bu mərhələdə qarşıda duran vəzifələrlə bağlı oldu.
Prezidentin cavablarının bir istiqaməti Ermənistanla münasibətlərin normallaşdırılması, sülh sazişi ətrafında gedən müzakirələrlə bağlı oldu. Dövlət başçısı Ermənistanın sülh prosesinə problemlər yaratması, habelə silahlanlması ilə bağlı məsələrin çox dəqiq təhlilini verdi. Bu sırada həm Ermənistana, həm də onun havadarlarına yönəlik xəbərdarlıqlar və mesajlar da müsahibədə öz əksini tapdı.
Bütövlükdə cənab Prezidentin müsahibəsində qeyd olunan bütün məsələlər bir-biri ilə bağlıdır və ya bir-birini tamamlayır. Azərbaycanın siyasi-ictimai və sosial-iqtisadi həyatında elə bir məsələ yoxdur ki, ona toxunulmasın. Dövlətimizin başçısının hər bir sualla bağlı cavabı özündə Azərbaycanın yüksəlişini, nailiyyətlərini, müstəqil və qətiyyətli siyasətini təcəssüm etdirdi. Bu cavablar həm də proqram xarakterli idi, dövlətimizin qarşısında dayanan vəzifələrin və milli prioritetlərin nədən ibarət olduğunu bununla ictimaiyyətə çatdırldı.
- Ötən ilin sosial-iqtisadi göstəriciləri barədə nə deyə bilərsiniz?
- Əlbəttə, Azərbaycanın inkiaşfının əsas göstəricisi iqtisadi sferada əldə olunan nailiyyətlərdir. Prezident İlham Əliyevin zamanın çağırışlarına cavab verən düşünülmüş iqtisadi siyasəti milli iqtisadiyyatda sürətli inkişafı təmin edib. Bunun nəticəsidir ki, bir neçə il əvvəl dünyada baş verən iqtisadi böhranlar zamanı da Azərbaycanda iqtisadi çətinlik yaşanmamışdı. Son illərdə isə respublikamız iqtisadi müstəvidə yeni müsbət göstəricilərə nail olur. Nəzərə alsaq ki, bu iqtisadi göstəricilər Vətən müharibəsinin başa çatmasından və pandemiyanın sərt dövrünün geridə qalmasından dərhal sonra əldə edilir, o zaman Prezident İlham Əliyevin iqtisadi siyasətinin nə qədər mükəmməl olduğunu görə bilərik.
Sosial-iqtisadi inkişafla danışarkən cənab Prezident müqayisəli şəkildə Azərbaycanın sosial-iqtisadi inkişaf istiqamətlərini qeyd etməklə bərabər həmçinin əsas makroiqtisadi göstəricilərə toxundu. Cənab İlham Əliyevin 2024-cü ilin iqtisadi göstəriciləri ilə bağlı açıqladığı rəqəmlər göstərir ki, iqtisadi artım davamlı və dayanıqlıdır. Ötən il ümumi daxili məhsulun 4 faizdən çox, qeyri-neft sektorunun 6 faizdən çox, qeyri-neft sənayesinin isə 7 faizdən çox artması olduqca mühüm iqtisadi uğurlarımızdır. Azərbaycanın xarici borcu məsələsinin, valyuta ehtiyatlarımızın artmasını, sənayenin inkişafını, dövlət büdcəsinin xərclərinin yüksəlməsini dövlət başçısı xüsusi olaraq vurğuladı. Bütün bunlar göstərir ki, Azərbaycanda iqtisadi sferada qarşıda duran bütün vəzifələr icra olunur, iqtisadi siyasət öz effektiv bəhrəsini verir. Elə bunun nəticəsidir ki, bu ildən minimum əməkhaqqı və minimum pensiya artırıldı.
Onu da qeyd etməliyik ki, Azərbaycan məhz özünün maliyyə imkanları hesabına Qarabağ və Şərqi Zəngəzuru bərpa edir. Prezident İlham Əliyev müsahibəsində bununla bağlı bildirdi ki, üç il ərzində 10 yaşayış məntəqəsinə keçmiş köçkünlərin qayıdışı təmin edilib. Bu il isə daha 20-yə yaxın yaşayış məntəqəsinə qayıdış planlaşdırılır. Beləliklə, göründüyü kimi Böyük Qayıdış proqramı sürətlə həyata keçirilir və 2025-ci il bu baxımdan növbəti uğurlu mərhələ olacaq.
Cənab Prezident Bakı şəhərində yeni 10 metro stansiyasının inşa ediləcəyini də bildirdi. Bunlar böyük maliyyə tutumu olan layihələrdir. Lakin dövlətimizin artan maliyyə imkanları istənilən layihəni həyata keçirməyə imkan verir. Bütün bunlar həm də göstərir ki, Azərbaycanda həyata keçirilən dövlət siyasətinin mərkəzində məhz insan amili dayanır.
- Mübariz müəllim, bu gün Azərbaycanın əsas məqsədlərindən biri regionda dayanıqlı sülhün təmin edilməsidir. Prezident İlham Əliyev bununla bağlı ətraflı söz açdı, sülhdən yayınan Ermənistana və ona dəstək verən havadarlarına xəbərdarlıq etdi, ciddi mesajlar verdi...
- Bəli, Azərbaycan hər zaman sülhə tərəfdar olub. Məlum olduğu kimi 44 günlük müharibədən sonra məhz Azərbaycan ilk olaraq sülh təşəbbüsü ilə çıxış edərək, beynəlxalq hüquqa söykənən müvafiq prinsipləri Ermənistana təqdim edib. Amma ötən dövr ərzində Ermənistanın bütün davranışları sülh prosesinin irəliyə doğru aparılmasına ciddi maneçiliklər yaradıb.
Prezident İlham Əliyev hələ bir müddət əvvəl Rusiya televiziyasına müsahibəsində Ermənistanla sülh sazişi ətrafında gedən müzakirələrə toxunmuşdu və qeyd etmişdi ki, saziş layihəsində 17 bənddən 15-i razılaşdırılıb, 2 bənd üzərində iş gedir. O cümlədən dövlət sərhədində delimitasiya və demarkasiya işləri davam etdirilir. Lakin bizim şərtlərimiz var. Sülh sazişinin imzalanması üçün Ermənistan özünün konstitusiyasından Azərbaycanın ərazilərinə olan iddiaları silməli və ATƏT-in Minsk qrupunun hüquqi ləğvinə təşəbbüs göstərməlidir. Eyni zamanda bizim hələ də Ermənistan tərəfindən zəbt olunmuş ərazilərimiz var və onlar da azad edilməlidir.
Eyni zamanda, məlum olduğu kimi Ermənistanda son dövrlərdə Fransa və digər dövlətlərdən yeni silah və texnikalar almağa başlayıb. Silahlanma isə heç bir halda sülhə xidmət edə bilməz. Bu baxımdan Prezident İlham Əliyev müsahibəsində Ermənistana xəbərdarlıq etdi. O cümlədən Ermənistanın havadarlarına mesajlar verildi. Prezident onların qarşısında şərt qoydu: əgər Ermənistan silahlanmanı dayandırmasa, sülh prosesində Azərbacanın tələblərini yerinə yeriməsə Azərbaycan buna seyrçi qalmaqla kifayətlənməyəcək. “Bir daha demək istəyirəm ki, biz, sadəcə olaraq, müşahidəçi kimi buna tamaşa edəsi deyilik. Ermənistan silahlanmanı dərhal dayandırmalıdır. Ona silah verən Fransa və digər ölkələr o kontraktlara xitam verməlidir, ləğv etməlidir. Artıq Ermənistana göndərilmiş silahlar geri qayıtmalıdır. Bu, bizim şərtimizdir. İndi kim bunu necə istəyir elə də qəbul etsin. Mən sözümü deyirəm, onlar da bilirlər, onların arxasında duranlar da bilirlər ki, əgər biz nəyisə deyiriksə, deməli, artıq bu məsələyə çox ciddi yanaşırıq”, - deyə Prezident İlham Əliyev bildirdi.
Sülh müqaviləsinin imzalanmaması müharibə vəziyyətinin qalması hesab olunur. Cənab Prezidentin bununla da dediyi kimi əgər Ermənistan sülh istəmirsə, bu, heç bizə də lazım deyil. Amma gəlin görək bundan kimi itirəcək, əlbəttə Ermənistan. Çünki Ermənistanın vəziyyəti elədir ki, sülh demək olar ki, ona lazımdır. Ermənistanın arxasında duran dövlətlərin özləri belə problemlər içindədirlər və onların Ermənistana hansısı dəstək verəcəklərini düşünmək sadəlövhlükdür.
Cənab Prezident Azərbaycanın dövlət büdcəsində hərbi xərclərin nədən 8,4 milyar manata çatdırılmasının səbəblərini izah etdi. Qeyd olundu ki, Ermənistanın silahlanma yarışı, bizim də maliyyə resurslarımızı əsas məsələlərdən başqa hərbi məsələlərə cəlb etməyə məcbur edir. Əgər Ermənistan silahlandırılmasa və sülh prosesinə sadiq olsa, Azərbaycanın müdafiə xərcləri bu qədər olmazdı və bu xərcin bir hissəsi digər məsələlərə yönəldilərdi.
Amma buna baxmayaraq Prezident İlham Əliyevin qeyd etdiyi kimi Azərbaycan dövləti bütün sosial proqram və layihələri tam şəkildə həyata keçirir.
Ermənistanla münasibətlərin normallaşdırılması həm də buradan deportasiya olunmuş soydaşlarımızın hüquqlarının bərpası, Zəngəzur dəhlizinin açılması ilə birbaşa əlaqəlidir. Cənab Prezident çox düzgün şəkildə qeyd etdi ki, yaxşı olardı, Ermənistanın baş naziri Qərbi Azərbaycan İcmasının nümayəndələrini qəbul etsin. Prezident İlham Əliyev bunu demokratiya ilə təsadüfi əlaqələndirmədi. Çünki Ermənistan özünü Avropa demokratiyası yolu ilə gedən ölkə kimi təqdim edir. Bu mənada əgər Ermənistanın baş naziri Qərbi Azərbaycan İcmasının nümayəndələrini qəbul etməsə, hansı Avropa demokratiyasından söhbət gedə bilər? Ermənistandakı ata-baba torpaqlarından qovulmuş soydaşlarımız öz torpaqlarına qayıtmaq hüququna malikdirlər. Qərbi Azərbaycan İcması da bu istiqamətdə mühüm işlər görür və bütün bunlar Azərbaycanın şərtlərinə uyğun olaraq Ermənistanı müvafiq tədbirlər həyata keçirməyə məcbur edəcək.
- Prezident İlham Əliyev müsahibədə konkret olaraq «erməni faşizmi məhv edilməlidir» tələbini ortaya qoydu. Bu tələb ona dəlalət edirmi ki, Ermənistan faşizm ideologiyadan əl çəksə, sülhə gedən yol daha qısa olar?
- Faşizm etnik təmizləmədir, militarizmdir, başqa dövlətlərin ərazilərini işğal etmək məqsədidir. Faşizm moneetnik dövlət deməkdir, öz millətini başqalarından üstün tutmaq deməkdir. Faşizmin mahiyyətini göstərən məsələlər heç bir halda bəşəri dəyərlərlə üst-üstə düşə bilməz.
Erməni faşizmi XIX-XX əsrlər boyu özünü açıq şəkildə göstərib. Azərbaycan torpaqları hesabına bugünkü Ermənistanın yaradılması, Zəngəzurun işğal edilməsi, 1905, 1918-20-ci illərdə azərbaycanlılara qarşı soyqırımlarının həyata keçirilməsi, 1948-1953 və 1988-1991-ci illərdə azərbaycanlıların Ermənistandan deportasiyası və bu zaman onların qətliamlara məruz qalmaları məhz faşizmin təzahürləridir. Müsəqilliyimizin ilk illərində ərazilərimizin 20 faizinin işğalı, Xocalı, Qaradağlı, Başlıbel soyqırımları erməni faşizminin göstəriciləridir.
Ona görə Prezident İlham Əliyevin Ermənistanın və onun keçmiş rəhbərlərinin faşist ideologiyasının daşıyıcıları olması barədə dedikləri kifayət qədər əsaslıdır və tarixi gerçəkliklərə söykənir. Dövlətimizin başçısının Ermənistanın region üçün təhlükə olduğunu qeyd etməsi bu ölkəyə ciddi xəbərdarlıqdır.
Məlum olduğu kimi bu yaxınlarda Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın 1993-cü ildə Ağdamın işğalından sonra etdiyi çıxış internetdə yayılıb. Həmin çıxış bir daha təsdiq edir ki, Ermənistan dövləti və ona rəhbərlik edənlər hər zaman faşizm niyyətlərindən çıxış ediblər. Levon Ter-Petrosyandan sonra bu ölkəyə rəhbərlik edən Robert Koçaryan, Serj Sarkisyanın başçılığı altında Azərbaycan xalqına qarşı həyata keçirilən qanlı cinayətlər bir daha Ermənistanın faşist ölkə olduğunu göstərir.
Levon Ter-Petrosyan çıxışında deyir ki, 600 ildir bu ərazilərdə mübarizə aparırdıq. Əvvəla bu 600 il söhbətinin özü cəfəngiyyatdır. Digər tərəfdən əgər 600 ildən bəhs edirlərsə, deməli bu ərazilər bizim tarixi torpaqlarımızdır və buralarda heç vaxt ermənilərin tarixi izi olmayıb. Levon Ter-Petrosyanın bildirir ki, azərbaycanlılar Ermənistanın 3 bölgəsində üstünlük təşkil edirdilər və biz onları çıxarmasaydıq gələcəkdə bizə problemlər yarana bilərdi. Bütün bunlar Ermənistanın faşist mahiyyətini göstərir. Sonrakı illərdə Ermənistanın digər rəhbərləri də oxşar məzmunlu fikirlər səsləndiriblər. Serj Sarkisyan gənclərlə görüşdə deyirdi ki, biz Qarabağı aldıq, sonra isə Azərbaycanı, Türkiyəni işarə edərək bildirirdi ki, siz də digər əraziləri almalısız. Tamahları böyük idi. Onların bu niyyətlərini Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu Vətən müharibəsində və antiterror əməliyyatlarıda gözlərində qoydu.
Bu gün Ermənistanın baş naziri Nikol Paşinyan özünü demokrat kimi göstərmək istəyir. Lakin yaratdığı süni görüntülər onun demokrat olmasına dəlalət etmir. Paşinyan da elə faşist rejiminin törəməsidir, elementidir. Sadəcə erməni xislədi belədir ki, zəif olduğu zaman geri çəkilir, qınına girir, hiyləgərcəsinə məzlum görkəm alır. Bu gün Paşinyan və onun güruhu hiyləgərliklə məşğuldur, vaxt udmağa çalışır. Onları şirnikləndirən, təcavüzə həvəsləndirən dövlətlərdən aldıqları mesajlarla nəyəsə nail olduqlarına ümid edirlər. Cənab Prezident İlham Əliyevin dediyi kimi əgər Vətən müharibəsində havadarları Ermənistanı müdafiə edə bilməyiblərsə, bundan sonra da müdafiə edə bilməyəcəklər. Hansısa ölkə Ermənistanı şirnikləndirib təcavüzkarlığa sövq edirsə, bölgədə sülhün yaranmasına əngəl olursa, əslində onlar erməni xalqına böyük zərbə vururlar. Əslində erməni faşizmindən elə erməni xalqının özü də əziyyət çəkir. Ona görə erməni faşizmi məhv edilməlidir, faşizmin bütün elementləri silinməlidir. Ermənistan Prezident İlham Əliyevin irəli sürdüyü şərtlərə əməl etməlidir. Qalib Azərbaycan dövlətidir və Azərbaycanın şərtləri əsasında bölgədə sülh bərqərar olmalıdır.
- Mübariz müəllim, aydındır ki, Azərbaycanın geopolitik maraqları regionun sərhədlərini də aşır. Mövcud reallıqlar və çağırışlar xarici siyasət sahəsində hansı perspektivləri yaradır?
- Azərbaycanın artıq qlobal problemlərin həllində iştirak edən dövlət olması reallıqdır. Bunu respublikamızın müstəqil xarici siyasəti, bir sıra dövlətlərin enerji təhlükəsizliyinə verdiyi töhfələr, Qoşulmama Hərəkatına sədrliyi dövründə həyata keçirdiyi tədbirlər də təsdiq edir. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin hər bir beynəlxalq tədbirdə iştirakı böyük maraqla qarşılanır. Bütün bunlar Prezident İlham Əliyevin və dövlətimizin yüksək qlobal nüfuzundan xəbər verir. Ötən ilin noyabrında Bakıda keçirilən COP29, eləcə də dekabr ayında Azərbaycanın D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olması bir daha Azərbaycanın qlobal nüfuzunun təntənəsinə çevrildi. Prezident İlham Əliyevin müsahibəsində qeyd etdiyi kimi bu, ölkəmizin nüfuzunu, eyni zamanda, beynəlxalq aləmdə rolumuzu göstərir. Bu, bizim üçün həm böyük şərəfdir.
O cümlədən Fransanın müstəmləkəçilik siyasətinin ifşa edilməsi, bu ölkənin qlobal səviyyədə nüfuzunun ciddi şəkildə zədələnməsi Azərbaycanın həyata keçirdiyi siyasətin nəticəsidir. Maraqlıdır ki, Fransa prezidenti artıq ölkəsinin daxili problemlərinin «günahkarı» kimi Azərbaycanı görməyə başlamışdır. Prezident İlham Əliyevin müsahibəsində qeyd etdiyi kimi bu, onların acizliyinin etirafıdır.
Bəli, Azərbaycan qüdrətli dövlətdir. Bunun nəticəsidir ki, Fransa artıq Cənubi Qafqazdakı proseslərə təsir göstərə bilmir. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin müsahibədə toxunduğu məsələlərdən biri də hansısa dövlətlərin Cənubi Qafqazda proseslərə təsir etməsi ilə bağlı oldu. Həmin ölkələr öz problemləri ilə məşğul olsalar daha yaxşı olar. Uzaqdan Cənubi Qafqaza təsir etmək istəyən dövlətlərdən biri Fransadır. Fransa tarix boyu müstəmləkəçiliklə məşğul olub. İndi də bir sıra əraziləri müstəmləkə altında saxlayır. Amma bu gün Afrika dövlətləri Fransanın hərbi qüvvələrini ərazilərindən çıxarırlar. Ona görə ki, Fransa həmin dövlətlərin daxili işlərinə müdaxilə edir, hakimiyyət dəyişikliklərinə rəvac verir. Hər bir xalqın öz yolu var. Onun yoluna heç bir dövlət müdaxilə etməməlidir. Prezident bu məsələlərdən danışarkən yeni dünya nizamı ifadəsini təsadüfən işlətmədi. Doğurdan da dünya yeni nizama daxil olur. O cümldən Azərbaycan yeni dövrə dazil olub və bu mərhələnin də öz çağırışları var.
Cənab Prezidentin müsahibəsində Azərbaycan-Türkiyə münasibətlərindən ətraflı bəhs olundu. Türkiyə ilə Azərbaycanın maraqlarının eyni olduğu, iki qardaş dövlətin bütün məsələlərdə ortaq mövqedən çıxış etdikləri qeyd edildi. Həmçinin Yaxın Şərqdə baş verən hadisələr, İsraildə, Suriyada cərəyan edən proseslər fikir süzgəcindən keçirildi. Bildiyimiz kimi Əsəd rejimi hər zaman Ermənistana dəstək verirdi. Azərbaycanın Suriyadakı səfirliyi 12 il idi fəaliyyət göstərmirdi. İndi Suriyada vəziyyət dəyişib və Prezident İlham Əliyev bu ölkə ilə gələcək əməkdaşlığın prespektivlərini diqqətə çatdırdı
Prezident İlham Əliyev İranla da münasibətlərin vəziyyətinə yüksək siyasi-diplomatik tərzdə nəzər saldı, problemlərin nədən qaynaqlandığını zərgər dəqiqliyi ilə diqqətə çatdırdı. Məlum olduğu kimi İranda ali dini liderin nümayəndələrinin, əsasən də Ərdəbil mollasının səsləndirdiyi fikirlər iki dövlət arasındakı münasibətlərə kölgə salan hadisələrdəndir. Əgər Ərdəbil mollası bunu özbaşına edirsə, o cəzalandırılmalıdır. Yox, özbaşına etmirsə, deməli Azərbaycan-İran münasibətlərinin gərginləşdirilməsində birbaşa İran rəhbərliyi məsuliyyət daşıyır.
Bütövlükdə, Prezident İlham Əliyevin müsahibəsi göstərir ki, Azərbaycan yeni dünya nizamında güclü söz sahibi olan dövlətdir. Eyni zamanda Azərbaycanın yalnız regional deyil, geopolitik maraqları olan dövlətə çevrilməsi müasir tariximizin reallığıdır. Prezident İlham Əliyevin müsahibəsi həm də geniş bir proqramdır. Burada qarşıya qoyulan vəzifələr və gələcəyə yönəlmiş ideyalar öz əksini tapıb. Bunları əsas tutaraq Azərbaycan dövləti bundan sonra da özünün xarici və daxili siyasətini uğurla həyata keçirəcəkdir.