Azərbaycanın qürur doğuran reallığı xalqlar və etiqadlar arasında milli mənəvi həmrəylik mühiti
Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Yüksək inkişaf göstəricilərinə malik olan Azərbaycan özünü dünyaya hər cəhətdən müsbət reallıqlara malik ölkə kimi təqdim edir. O cümlədən respublikamızdakı tolerantlıq mühiti beynəlxalq birlik üçün gözəl nümunə sayıla bilər. Azərbaycan elə bir məkandır ki, burada etiqad azadlığı təmin edilir, insanların inanclarına dərin hörmətlə yanaşılır.
Ölkəmizdə hər il müqəddəs Milad bayramının qeyd olunması da bunun əyani təsdiqidir. Hər zaman dünyaya multikulturalizm çağırışları edən Prezident İlham Əliyev bu müqəddəs bayram münasibətilə pravoslav xristian icmasına təbrik məktubu ünvanlayıb. Azərbaycanın bütün xristian icmasına xoş arzularını çatdıran dövlətimizin başçısı təbrik məktubunda ölkəmizin nümunəvi multikultural mühitinə diqqət çəkib. “Azərbaycanda yüz illərdir ki, ayrı-ayrı xalqlar və etiqadlar arasında qarşılıqlı hörmət və etimada, mehriban dostluq və qardaşlığa əsaslanan milli-mənəvi həmrəylik mühiti hökm sürür”, - deyə məktubda vurğulanır.
Tarixdən gələn zəngin tolerantlıq ənənələri
Hazırda sivilizasiyanın yüksək mərhələsinə çatan bəşəriyyət eyni zamanda bir sıra ciddi sınaqlarla üzləşib. Dünyada müşahidə edilən mənzərə heç də ürəkaçan deyil. Dünyanın olduqca narahat mənzərəsinin ən diqqətçəkən amillərindən biri də mədəniyyətlərarası dialoqla bağlıdır. Bir sıra hallarda sivilizasiyalararası qarşıdurmaların müşahidə edilməsi son dərəcə kədərli təəssüratlar oyadır. Bəşəriyyət sanki geridönüş edir və ayrı-ayrı məkanlarda dinlər, etiqadlar, irqlər arasında qarşıdurmalar açıq müstəviyə keçir. Ən qorxulu cəhət ondan ibarətdir ki, mədəniyyətlərarası dözümsüzlük əksər hallarda müəyyən qüvvələr, hətta dövlətlər səviyyəsində təşviq edilərək qızışdırılır. Bütün səmavi dinlər bəşəriyyəti bərabərliyə və humanizmə çağırır. Təəssüf doğuran haldır ki, bugünkü Avropada hətta dini dəyərlər belə manipulyasiya peredmetinə çevrilib. Tam qətiyyətlə deyə bilərik ki, hazırda öz dəyərlərindən və ənənələrindən uzaqlaşan “qoca qitə”də bir sıra hallarda dini təəssübkeşliyə çağırışlar edilir, islamofobiya həyat normasına çevrilir. Son illərdə Yaxın Şərqdə alovlanan münaqişələrin və müharibələrin ssenariləri bir qayda olaraq Qərb dairələrində hazırlanır. Sadə, günahsız insanlar aclıqdan, səfalətdən, dağıntılardan xilas olmaq naminə Avropaya üz tuturlar. Burada isə onların üzünə qapılar bağlanır. Bir sıra Qərb ölkələrində hətta liderlər səviyyəsində multikulturalizmin iflasa uğradığı bildirilir.
Dünyadakı belə kədərli mənzərə ilə müqayisədə respublikamızın reallıqları tamam fərqli rakursdan diqqət çəkir. Başqa dinlərə, mədəniyyətlərə sayğılı münasibət bəslənilməsi Azərbaycanda oturuşmuş bir ənənədir. Tarix boyunca respublikamızın ərazisində müxtəlif inanclara məxsus insanlar əmin-amanlıq şəraitində yaşayaraq öz gələcəklərini qurublar. Tarixdən gələn ənənələr bu gün də yaşayır. Azərbaycan çoxkonfessiyalı dövlətdir. Hazırda ölkə əhalisinin 96 faizini müsəlmanlar, 4 faizini xristian, yəhudi və digər dinlərin nümayəndələri təşkil edirlər. Lakin belə fərqlilik ölkəmizdə əsla ayırıcı xətlər yaratmır. Azərbaycanın fərqli nümunəsinə diqqət çəkən Prezident İlham Əliyev “Zəngin tolerantlıq ənənələri ilə tanınan Azərbaycanda bu gün hər kəs mədəni özünüifadə imkanlarına malikdir. Dilindən, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq, ölkəmizin bütün vətəndaşlarına, o cümlədən xristian icmasına etnik-mədəni özünəməxsusluğunu qoruyub saxlamaq və daha da inkişaf etdirmək üçün hərtərəfli demokratik-hüquqi şərait yaradılmışdır”, - deyə vurğulayıb.
Azərbaycanda xristian həmvətənlərimiz inanclarına uyğun ayin və mərasimləri sərbəst şəkildə həyata keçirməklə öz adət-ənənələrini layiqincə yaşadırlar. Pravoslav xristian icmasının hər il yanvarın 7-də ənənəvi olaraq Milad bayramını təntənəli şəkildə qeyd etməsi bunun daha bir təsdiqidir. Milad bayramı yanvarın 6-dan başlayır. Pravoslavlara görə bu, 40 günlük orucun son günüdür. Milad orucu 12 yağsız yeməyin düzüldüyü və onların hər birindən dadılması zəruri sayılan şam süfrəsi ilə bitir: yanvarın 7-də bütün məhdudiyyətlər aradan qaldırılır və artıq əsl bayram ziyafəti təşkil etmək olar. Prezident İlham Əliyev vurğulayıb ki, Milad bayramı yeniliyi, paklığı, mərhəmət və xeyirxahlıq kimi ülvi hissləri özündə təcəssüm etdirir.
Dövlət siyasətinin prioritet istiqamətlərindən biri
Azərbaycanı fərqləndirən cəhət həm də ondan ibarətdir ki, ölkəmizdə multikulturalizm dövlət tərəfindən ardıcıl şəkildə dəstəklənir. Prezident İlham Əliyev dünyada multikulturalizmə davamlı şəkildə çağırış edən azsaylı liderlər sırasında yer alır. “Cəmiyyətimizdə yüksək birgəyaşayış mədəniyyətinin, mənəvi-əxlaqi normaların, multikultural dəyərlərin və dözümlülük prinsiplərinin təbliği və təşviqi həyata keçirdiyimiz dövlət siyasətinin prioritet xəttini təşkil edir”, - deyə dövlətimizin başçısı bildirib.
Onilliklər ərzində qonşu dövlətin işğalçılıq siyasətindən əziyyət çəkmiş Azərbaycanın hazırkı narahat dünyada sivilizasiyalararası dialoqa, multikultural dəyərlərin qorunmasına verdiyi töhfələr xüsusilə diqqətəlayiqdir. Azərbaycan öz üstünlüyünü ölkənin çoxmədəniyyətli və çoxkonfessiyalı olmasında görür. Respublikamızda İslam dininə aid tarixi-dini abidələrin bərpasına dövlət vəsaiti ayrıldığı kimi, digər dinlərlə bağlı abidələrə də eyni yanaşma tətbiq olunur. Məsələn, ölkəmizdə dövlət həmçinin rus pravoslav, katolik, alban kilsələrinin tikintisinə və bərpasına da öz dəstəyini göstərib. Əlamətdar haldır ki, Prezident İlham Əliyev həmin abidələrin bərpadan sonra açılışına şəxsən qatılaraq xeyir-duasını və tövsiyələrini verir.
Son illərdə Azərbaycan qlobal iqtisadi əhəmiyyət daşıyan, eyni zamanda multikultural dəyərləri təbliğ edən tədbirlərin keçirildiyi məkana çevrilib. Bakıda ardıcıl olaraq İlham Əliyevin təşəbbüsü ilə əsası qoyulan Mədəniyyətlərarası Dialoq və Humanitar forumlar baş tutur. Artıq bütün dünyada tanınan Qlobal Bakı Forumu Azərbaycan Prezidentinin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 2013-cü ildən keçirilir. Ölkəmiz xalqımızın xoş məramına uyğun olaraq bu kimi tədbirlərə məmnuniyyətlə ev sahibliyi etməklə hazırda dünya üçün böyük önəm daşıyan dəyərlərin qorunmasına sanballı töhfəsini verir.
Azərbaycanın əlverişli coğrafi mövqedə yerləşməsi və çoxkonfessiyalı cəmiyyətə malik olması ölkəmizin sivilizasiyalararası dialoqda rolunun artmasını şərtləndirir. Hazırda əksər Avropa təsisatlarının üzvü olan Azərbaycan eyni zamanda İslam Əməkdaşlıq Təşkilatının da üzvüdür. Dünyanın iki yüzdən artıq ölkəsini əhatə edən Avropa və Asiya təşkilatlarının üzvü olmaq respublikamızın sivilizasiyalararası əlaqələrin gücləndirilməsində, körpülərin yaradılmasında rolunu daha da artırır.
Əlamətdar haldır ki, ölkəmizdə geniş əhatə dairəsinə malik olan multikulturalizm siyasətinin həyata keçirilməsində Cənubi Qafqaz coğrafiyasının ən böyük ictimai təşkilatı olan Heydər Əliyev Fondu da fəal şəkildə iştirak edir. Fond indiyədək qurumun rəhbəri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə paytaxt Bakıda və regionlarda həm İslam dininə, həm də digər mədəniyyətlərə aid tarixi abidələrin bərpasını uğurla həyata keçirərək inanclı insanların istifadəsinə verib. Heydər Əliyev Fondu, həmçinin dünyanın ayrı-ayrı ölkələrində, o cümlədən də Vatikanda bir sıra tarixi-dini abidələrin bərpasını öz üzərinə götürərək onlara ikinci həyat bəxş edib.
Mübariz FEYİZLİ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 08 Yanvar 2026 11:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















