Bəlx Xanlığı siyasət, ticarət və mədəniyyət beşiyi
Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
XVI əsrin əvvəllərində Şeybanilərin Bəlxdə yaratdığı Özbək xanlığı tarix səhnəsinə ildırım sürəti ilə çıxaraq regionun siyasi mənzərəsini dəyişdirdi. Çöllərin döyüş ruhunu qədim şəhər mədəniyyəti ilə birləşdirən bu dövlət bir tərəfdən köçəri ənənələrin çevikliyini, digər tərəfdən isə oturaq dövlət idarəçiliyinin təcrübəsini özündə cəmləşdirdi. Bəlx yenidən taleyüklü qərarların verildiyi, orduların toplandığı və diplomatik münasibətlərin formalaşdığı bir mərkəzə çevrildi. Şeybani hökmdarlarının burada yaratdığı siyasi dayaqlar sonrakı əsrlərdə Türküstanın qüvvələr nisbətinə ciddi təsir göstərərək özbək dövlətçiliyinin möhkəmlənməsində mühüm rol oynadı.
Bəlxdə qurulan Özbək xanlığı Türküstanın siyasi tarixində mühüm dönüş nöqtələrindən biri oldu. Bu, sadəcə yeni bir hakimiyyətin təşəkkülü deyil, həm də uzun sürən siyasi çəkişmələrdən sonra türk-müsəlman dövlətçilik ənənəsinin yeni mərhələyə qədəm qoymasının təzahürü idi. Qədim Bəlx əsrlər boyu elm, ticarət və mədəniyyət beşiyi kimi tanınsa da Şeybanilərin hakimiyyəti dövründə, eyni zamanda, güclü siyasi iradənin və hərbi qüdrətin dayağına çevrildi.
XVI əsrin əvvəllərində Məhəmməd Şeybani xanın yürüşləri nəticəsində Bəlx Şeybanilər dövlətinin mühüm siyasi dayaqlarından birinə çevrildi. Şeybani xanın ölümündən sonra yaranmış mürəkkəb siyasi şəraitə baxmayaraq, özbək hakimiyyəti burada yenidən möhkəmləndirildi və Bəlx qısa müddətdə Şeybanilər sülaləsinin ən mühüm inzibati və hərbi mərkəzlərindən biri oldu. Xüsusilə Übeydulla xan və sonrakı Şeybani hökmdarları dövründə şəhər təkcə sərhəd qalası deyil, həm də Xorasan uğrunda mübarizənin əsas istinad nöqtəsinə çevrildi.
Bəlx Şeybanilərin dövründə qədim şöhrətini yenidən qazandı. Əsrlərin sınağından çıxmış bu şəhər bir daha böyük siyasətin mərkəzinə çevrildi. Burada qəbul edilən qərarlar təkcə Bəlxin deyil, bütün Mavəraünnəhr və Xorasanın taleyinə təsir göstərirdi. Karvan yollarının qovşağında yerləşən şəhər artıq yalnız elm və mədəniyyət məbədi deyil, həm də özbək dövlətçiliyinin qüdrətini nümayiş etdirən möhkəm siyasi istehkam idi.
Bəlxdə möhkəmlənən Şeybani hakimiyyəti köçəri özbək tayfalarının hərbi ənənələrini qədim şəhər dövlətçiliyi ilə uzlaşdıraraq yeni idarəçilik modeli formalaşdırdı. Bu model bölgədə siyasi sabitliyin bərpasına xidmət etməklə yanaşı, Şeybanilər dövlətinin uzun müddət Türküstanın aparıcı siyasi qüvvələrindən biri kimi qalmasına zəmin yaratdı. Məhz buna görə Bəlx yalnız 1 vilayət mərkəzi deyil, Şeybani özbək dövlətçiliyinin qüdrətini, siyasi iradəsini və tarixi iddiasını simvolizə edən şəhərlərdən biri kimi tarixdə öz yerini tutdu.
Görkəmli alimlərin elm mərkəzi
Bəlx şəhəri türk və farsdilli ədəbiyyatın inkişafında mühüm rol oynayıb. Şəhər bölgədə çalışan və digər yerlərdən gələn görkəmli alimlərin yaşadığı və işlədiyi elm və mədəniyyət mərkəzi idi. Burada yüzlərlə alim, tanınmış şair və yazıçı, siyasətçi, din xadimi və rahib yaşayıb. Bəlxdə belə tanınmış adamların yaşaması Türküstandan və Qacarlar dövlətindən olan alim və şairlərin bu qədim şəhərə gəlməyinə şərait yaradıb. Hökmdarın kimliyindən asılı olmayaraq burada yaradıcı adamlara münbit şərait yaradıldığından bu şəhər onları özünə cəlb edib.
Bəlxdə çoxlu kitabxana yaradılmışdı, xanların sarayında, mədrəsələrdə, müsəlman müqəddəslərin türbələrində, həmçinin elmə, poeziyaya meyilli şəxslərin evlərində fəaliyyət göstərirdi. Bəlxdə kitabxanaların çox olması əslində şəhərdə məşhur alim, filosof, ilahiyyatçı və şairlərin çox olması ilə bağlı idi. Xanın kitabxanası “Kitabdor-i xossa”, bir mədrəsənin kitabxanası “Kitabdor-i mədrəsə-i ali” adlanıb. Təbii ki, xan kitabxanası zəngin idi və qonşu dövlətlərdən buraya kitablar göndərilirdi. Mədrəsə kitabxanası heç də xanın kitabxanasından geri qalmırdı, belə ki, alimlər, ilahiyyatçılar, şairlər bu kitabxanaya vaxtaşırı olaraq kitablar hədiyyə ediblər.
Bəlx hökmdarı Nadir Məhəmməd xan şəhərdə tikdirdiyi və öz adını daşıyan mədrəsənin kitabxanasına 2000 cildlik kitab hədiyyə etmişdi. O dövrdə Sübhanqulu xanın kitabxanası məşhur idi, əmir Kulbab Kukeldaş, Allayar Divanbəyinin Bəlxdəki fərdi kitabxanaları da tanınırdı və bu elm mərkəzlərinə də çoxlu adam gəlirdi.
Xan, sultan və mədrəsə kitabxanalarında katiblər, naşirlər, redaktorlar, miniatürçü rəssamlar, müəlliflər, bununla bağlı olan digər peşə sahibləri işləyirdi. Nadir Məhəmməd xan və Sübhanqulu xanın kitabxanalarında məşhur əsərlərin üzünü köçürən adamlar fəaliyyət göstərirdi. XVII əsr tarixçisi Mahmud ibn Vəlinin "Bəhr əl-Əsrar" (1634-1641) kitabının üzü dəfələrlə köçürülmüş və yayılmışdı. Bu əsərin Nadir Məhəmməd xanın kitabxanasında Şah Kasım tərəfindən üzünün köçürüldüyü məlumdur.
Maraqlıdır ki, xanın kitabxanaçısı, eləcə də mədrəsə, türbə və divan kitabxanaçıları xan tərəfindən təyin edilib və xüsusi hörmət edilən, ən etibarlı adamlar sırasında olub.
X-XI əsr filosofu və alimi, erkən müasir tibbin atası Əbu Əli ibn Sinanın ata yurdu Bəlx olub, atası Abdullah Bəlxdə yaşayıb, XIII əsr astroloq, astronom və filosofu, Bağdaddakı Abbasilər sarayının aparıcı astroloqlarından biri olan Əbu Məşar əl-Bəlxi, XI əsr həkimi, İbn Sinanın tələbəsi, Bəlxdə onun yanında təcrübə keçən Əli ibn Yusif əl-İlaki, XII əsr Xorasanlı riyaziyyatçı və Bəlxdə işləyən Əl-İsfizari və digər tanınmış alimlərin fəaliyyəti bu şəhərlə bağlı olub.
Dövlət xadimləri, VIII əsrdə Abbasilər xilafətinin vəziri və görkəmli Bərməkilər ailəsinin üzvü Xalid ibn Bərmək, VIII əsr Abbasilər hərbi sərkərdəsi və Xorasanın valisi, Hartama ibn Ayan və digər siyasətçilərin həyatı Bəlxlə bağlı olub.
Bəlx şairləri
XIII əsr şairi Mövlana Cəlaləddin Rumi Bəlxdə anadan olub.
Əmir Xosrov Dehləvinin ata Vətəni Bəlx olub, ancaq Hindistanda yaşayıb, atası Əmir Səifuddin Bəlxdən olan XIII əsr şairi idi.
Rəbiyə Bəlxi X əsrdə Bəlxdə yaşayan ilk qadın şair kimi tanınıb.
Sani Bəlxi həmin əsrdə rübai janrında yazan şairlərdən idi.
Ünsuri Bəlxi və Mənuçihri Damğani XI əsrdə Mahmud Qəznəvinin sarayında yaşayan şairlərdən olublar.
Rəşidəddin Vətvat XI əsr şairi və filoloqu idi.
Ənvəri, XII əsr şairi və alimi, Bəlxdə yaşayıb və orada da vəfat edib. Vasif Bəxtari Bəlxdə anadan olub, müasir əfqan şairi, yazıçısı və ziyalısı, Şer-e Nimai (“Nimean poeziyası”) əsəri ilə məşhurdur.
Bu hələ Bəlxdə yaşamış məşhur din xadimləri, alimlər, filosoflar, şairlərin tam siyahısı deyil. O da məlumdur ki, Bəlxdə yaşayan filosof, alim, şairlərin böyük bir hissəsi Qacarlar dövlətindən–Təbrizdən, Ərdəbildən və digər şəhərlərdən bu torpaqlara gələn türklərdir.
Həyatı Bəlxlə bağlı olan məşhurlar və din xadimləri:
Viştaspa, Bəlxin qədim kralı və Zərdüştün erkən tərəfdarı,
Diodot I, bizim eradan əvvəl III əsrdə Bəlxdə hökmranlıq etmiş yunan kralı olub.
Sabuq Təkin, Qəznəvilər sülaləsinin banisi, Bəlxdə vəfat edib.
Əmir Teymur, Teymurilər imperiyasının banisi, 14-cü əsr fatehi, Bəlxdə tacqoyma mərasimi keçirilib.
Zərdüşt, bir sıra alimlər tərəfindən Bəlx ilə əlaqələndirilən qədim peyğəmbər.
Mövlana Cəlaləddin Rumi Bəlxi XIII əsr şairi, Bəlxdə anadan olub.
Məhəmməd ibn Hüseyn əl-Xatibi əl-Bəlxi, həmçinin Bəhaəddin Vələd kimi də tanınır, Bəlxdən olan məşhur ilahiyyatçı, hüquqşünas və mistik, Cəlaləddin Rumi Bəlxinin atası.
Muqatil ibn Süleyman əl-Bəlxi VIII əsrdə məşhur Quran rəvayətçisi və təfsirçisi.
İbrahim ibn Ədhəm Bəlxi, Bəlx hökmdarı, VIII əsrdə yaşamış sufi müqəddəsi.
Hivi əl-Bəlxi, IX əsrdə Buxarada yaşamış yəhudi Bibliya təfsirçisi.
Əbu əl-Ceyş əl-Bəlxi, X əsrdə yaşamış şiə alimi və hədisçisi.
Bəlx əvvəl Şeybanilər xanlığınlın varisi kimi fəaliyyət göstərib.
XVI əsrin əvvəllərində Bəlx Teymurilər dövlətinin tərkibində olub. Teymurilər sülaləsindən olan şahzadə Bədi əl-Zaman Mirzə 1497–1506-cı illərdə Bəlx valisi idi. Moğol imperatoru Şah Cahan 1641-ci ildə Bəlxi öz nəzarətinə keçirib. Bəlx gəncliyində Baburi şahı Övrəngzibin də iqamətgahı olub. Bu torpaqlarda zaman-zaman müxtəlif dövlətlər və xanlıqlar fəaliyyət göstərib.
1590-cı ildən başlayaraq Bəlx valisi Buxara hökmdarının varisi kimi hakimiyyətə gəlib və yarımmüstəqil siyasət yürüdüb. Bu dövlət əslində Buxaradakı Şeybani xanlığının inzibati ərazisi hesab edilirdi.
Xanlığın paytaxtı Bəlx şəhəri, dini İslam, dili özbək dili, əhalisi özbək və türkmənlərdən ibarət idi. Bəlx xanlığının ərazisi Hissar vilayəti ilə Hindiquş dağları, qərbdən şərqə Murqab çayı və Bədəxşan arasında şimaldan cənuba uzanan geniş bir ərazini əhatə edib. XVII əsrdə Balx xanlığı Bamyan, Toxaristan, Bədəxşan, Çağaniyan, Xuttalyan və Bəlx kimi böyük vilayətlərdən ibarət idi. Bəlxdən başqa Akça, Şibirğan, Andxud, Məymanə, Fəryab, Çeçektu, Katnam, Parvard, Derzab Bəlx xanlığıını ən böyük şəhərləri idi.
Şeybani xan Bəlxi ələ keçirir
1503-cü ilin payızında Şeybani xan Bəlxi 3 ay mühasirədə saxladıqdan sonra məğlub olur. Şeybani xan qüvvəsini artırdıqdan sonra şəhəri yenidən mühasirəyə alır, 4 aylıq mühasirədən sonra Bəlx fəth edilir, özbəklər Məhəmməd Şeybaninin komandanlığı altında Bəlxə daxil olurlar. Bəlx 1506-cı ildə ətraf torpaqlarla birlikdə Buxaradakı Şeybanilər dövlətinə birləşdirilir. Bundan sonra Şeybani xan Bəlx vilayətini kiçik oğlu Xürrəmşah Sultana hədiyyə edir və o, keçid dövrü üçün hakimiyyətə gətirilir.
Mərv döyüşündə Səfəvilər özbək qoşunlarını məğlub etdikdən sonra 1510-cu ildə özbək torpaqları qısa müddətə Səfəvilərin nəzarətinə keçir. Baburilər 1511-ci ildən 1512-ci ilə qədər Səfəvilərin vassalı kimi Bəlxdə hökmranlıq edir. Səfəvilər dövründə Şah I İsmayıl müttəfiqi Bayram Xanı (1511–1513) qısa müddətə Bəlx, Fərab, Meymana, Şibirqan, Talikan və Andxoy şəhərləri də daxil olmaqla, Məvaraünnəhrlə həmsərhəd olan geniş bölgənin hərbi komandanı təyin edir. 1513-cü ildə isə Ubeydullah xanın rəhbərlik etdiyi Şeybani qoşunları Qızılbaşları məğlub edir, Gicduvan döyüşündə Səfəvilərin Bəlxdəki valisi qətlə yetirilir.
Bu zaman Bəlx, Şibirxan və Andxud sakinləri Şeybani xanın əmisi oğlu Canibəy Sultan tərəfindən Amudəryanın sağ sahilinə köçürülür.
Bəlx 1598-ci ildən 1601-ci ilə qədər Səfəvi hakimiyyəti dövrü istisna olmaqla, Buxara hakimiyyəti altında qalır.
1736-cı ildə Bəlx yenidən Nadir Şah tərəfindən fəth edilir. 1747-ci ildə Nadir şah sui-qəsd nəticəsində öldürüldükdən sonra yerli özbək Hacı xan Meymana xanlığının hakimiyyəti altında Bəlxin müstəqilliyini elan edir.
Əhməd şah və Teymur şah Durranilərin Bəlx uğrunda mübarizələri
Əfqan şahı Əhməd Şah Durraninin 1747–1772-ci illərdəki hakimiyyəti dövründə Durrani imperiyası Yaxın Şərqin ən böyük dövləti idi.
1750-1752-ci illər arasında Əhməd Şah Durrani Hindiquş dağlarının şimalındakı kiçik Bəlx, Şibirxan, Andxoy, Kunduz və Meymana özbək xanlıqlarını özünə tabe edir, 1751-ci ildə Bəlx Durrani imperiyasının hökmdarı Əhməd Şah Durrani tərəfindən ələ keçirilir və Bəlxə Əfqan valisi göndərilir. Əhməd Şahın Amudəryanın sol sahilindəki özbək xanlıqları üzərindəki hakimiyyəti sabit deyildi, xüsusən də 1755-ci ildə bu bölgələrə güclü Əfqan ordusunun göndərilməsi bunu sübut edir.
18-ci əsrin sonlarında xarici siyasi vəziyyəti Əhməd Şahın hakimiyyəti ilə müqayisədə xeyli dəyişmişdi. Durrani imperiyasının qonşuları daha da güclənmişdi. İlk əmir Şahmuradın (1785–1800) dövründə Buxara Əmirliyi nisbətən sabit siyasi güc qazanır, iqtisadi və hərbi cəhətdən güclənirdi.
1790-cı ildə digər Əfqanıstan şahı Teymur Şah Durrani (1772–1793-cü illərdə hakimiyyətdə olub) Bəlxə yürüş edir. 1790–1791-ci illərdə Buxara əmiri Şahmurad Amudəryanın sol sahilindəki keçmiş Buxara mülkləri uğrunda Teymur Şah Durrani ilə müharibə aparır. Amudəryanın sol sahilindəki Özbək xanlıqlarında Əfqan şahının hakimiyyəti faktiki olaraq heçə endirilir. Bu torpaqlardan xəzinələrinə pul daxil olmur. Şimala doğru apardığı böyük yürüş ona heç bir yeni ərazi qazandırmır və Amudəryanın sol sahilindəki faktiki hakimiyyətini gücləndirmirdi, baxmayaraq ki, Buxara əmiri Şahmuradla bağlanan sülh müqaviləsinə əsasən, formal olaraq Amudərya çayı bir daha Durani dövləti ilə Buxara Əmirliyi arasında sərhəd xətti kimi tanınmışdı.
Xanlığın yaranması
Bəlx Xanlığı 1526-cı il iyulun 2-də Cənubi Türküstanın (Əfqanıstan) ərazisində yaradılır və Şeybanilərdən olan Kistin Qara Sultan hakimiyyətə gətirilir.
Dövlət qurulduqdan sonra Bəlx əvvəl Şeybanilər, sonra Həştərxanilər dövlətinin tərkib hissəsi kimi fəaliyyət göstərir. Bəlx Xanlığı ərazilərinin genişləndirilməsi istiqamətində də mühüm işlər görür. Belə ki, əvvəl Toxaristan və Bədəxşanı, sonra indiki Əfqanıstanın dağlıq bölgələrini, hazırda Özbəkistan ərazisi olan Qaşqadərya vadisini və Tacikistanın Qulyab ərazisini və Türküstanda bir sıra torpaqları ələ keçirir.
Bəlx xanlığı Buxara hakimiyyətinin varisi kimi 1526-cı ildən 1702-ci ilədək fəaliyyət göstərib. 1702-ci ildən 1850-ci ilədək, əfqanlar tərəfindən işğal olunan günədək xanlıq tam müstəqil siyasət yürüdüb.
Məhəmməd xan Bəlxi özünə tabe edir
Əfqanıstanın şərqində və cənub-şərqdə uğurlu əməliyyatlara ümidini itirən Əmir Dost Məhəmməd xan şimalda aktiv siyasətə keçir. O, Kiçik Türküstanı, yəni Bəlxi fəth etmək məqsədilə oraya böyük hərbi ekspedisiya göndərir.
Onu da deyək ki, Əfqan Əmirliyinin banisi Dost Məhəmməd xanın anası Əfqanıstandakı Cavanşir elinin tanınmış nümayəndələrindən biri, qarabağlı Musa Xan Cavanşirin qızı Zeynəb Bəyim Cavanşir olub ki, bu ailə də Nadir şahın Əfqanıstanda məskunlaşdırdığı nüfuzlu Qızılbaş ailəsindən biridir. (Əmir Dost Məhəmməd haqqında ayrıca söhbət açılacaq).
Əmir Dost Məhəmməd xan 1793-cü il dekabrın 23-də Dürranilər imperiyası dövründə Qəndəharda doğulub. Dost Məhəmməd xan ilk Əfqan Əmiri, Barakzay Xanədanının qurucusu və banisi hesab edilir.
Bəlx Xanlığının məmurları və əhalisinin müstəqillik uğrunda mübarizəsi uzun müddət davam etsə də, 1850-ci ildə ingilislərin dəstəyi ilə Əmir Dost Məhəmməd xan Bəlxi özünə tabe edir. Əvvəl Buxara xanlığı əmiri Nəsrulla xan, ondan sonra hakimiyyətə gələn Müzəffər xanın əfqanlara qarşı mübarizədə yerli əhaliyə güclü dəstək verməsinə baxmayaraq, bu mübarizə məğlubiyyətlə nəticələnir.
Beləliklə,1850-ci ildə Dost Məhəmməd xanın ərazilərinə artıq yeni bir vilayət daxil edilmişdi, bu, Əfqan Türküstanı-Bəlx idi və Əmir Dost Məhəmməd böyük oğlu Məhəmməd Əfzal xanı bu qurumun canişini təyin etmişdi.
Bundan sonra Əfqan əmirlərinin qoşunları tərəfindən Amudərya çayının sol sahilinin fəthi başlayır və bu, uzun illər davam edir. XIX əsrin ortalarında Gündüz xanlığı da daxil olmaqla bütün Cənubi Türkistan Buxara Əmirliyinin nəzarəti altında idi. O vaxtdan etibarən Amudərya çayının sol sahilində yerləşən kiçik özbək xanlıqları Əfqan qoşunları tərəfindən bir-birinin ardınca ələ keçirilir. Uzun müddət Əfqan əmirlərinin şimaldakı dominantlığının əsas qalaları Bəlx, Məzari-Şərif, Akça və Daş-Kurqandakı qarnizonlar idi.
Əmir Dost Məhəmməd Əfqanıstanda mərkəzləşmiş dövlət yaratmağa çalışırdı və yerli hakimlərin müqavimətinə baxmayaraq, 1850-ci ildə Bəlxdən başqa Taşqurqanı, 1855-ci il Akça daxil olmaqla daha 4 qərb xanlığını, o cümlədən 1859-cu ildə Kunduzu öz torpaqlarına qatır.
Əmir Dost Məhəmmədin şimaldakı hücum siyasəti Buxara Əmirliyi ilə münaqişələrə səbəb olur. Amudəryanın sol sahilindəki xanlıqların hökmdarları əvvəllər vassal idilər. Kabul əmirinin Bəlx şəhəri üzərində hakimiyyətinin ilk rəsmi tanınması İngiltərə tərəfindən olub və bu, İkinci Peşəvər Müqaviləsində öz əksini tapıb.
1860-cı ildə, hakimiyyətinin son günlərində Buxara əmiri Nəsrullah xan Cənubi Türküstana doğru irəliləyir və hətta Kərki bəyliyinin yaxınlığında qoşunları ilə Amudərya çayını keçir, lakin sonra gözlənilmədən Buxaraya qayıdır. Rusiyanın Qaşqardakı baş konsulu N.F. Petrovskinin məlumatına görə, Buxara əmiri Nəsrullah xan (1827-1860) ilə Əfqan əmiri Dost Məhəmməd xan (1834-1839 / 1842-1863) arasında 1847-ci ildə yanvarın 26-da imzalanan müqaviləyə əsasən, Amudərya çayı ölkələr arasında sərhəd olur.
1873-cü ildə imzalanan İngilis-Rusiya müqaviləsi ilə Bəlx daxil olmaqla, bütün Cənubi Türkistan Əfqanıstanın nəzarətinə keçir.
Şeybanilərdən olan Bəlx hökmdarları:
Hürrəmşah Sultan, Şeybani xanın oğlu, keçid dövrü hökmdarı, 1506–1511-ci illər...
Kistin Qara Sultan, Canıbəy Sultanın oğlu, 1526–1544…
Qılıç Qara Sultan, Kistin Qara Sultanın oğlu, 1544–1545-ci illər Bəlx, 1552-də Kərşi sultanı.
Pirməhəmməd xan, Canibəy Sultanın oğlu, Bəlx Sultanı 1546–1566, Buxara Sultanı 1550–1551, Mavəraünnəhr xanı 1556–1561…
Süleyman Sultan, Canibəy Sultanın oğlu, 1566–1566…
Din Məhəmməd Sultan, Pirməhəmməd xanın oğlu, 1566–1573…
Əbdülmömin xan Şeybani, II Abdulla xanın oğlu, 1582–1583-cü illər Bəlx sultanı, Bəlx xanı 1583–1598, Mavərəünnəhr xanı 1598…
Əbdələmin xan, İbadulla Sultanın oğlu, Bəlx xanı 1598–1601…
Məhəmməd İbrahim Sultan, Tursun Məhəmməd Sultanın oğlu 1601…
Həştərxanilərdən olan Bəlx hökmdarları
Vəli Məhəmməd, Canıbəy Sultanın oğlu 1602–1605…
Nadir Məhəmməd, Nadir Məhəmməd Sultanın oğlu, 1612–1642, 1645–1651…
Sübhanqulu xan, Nadir Məhəmmədin oğlu, 1652–1680…
İskəndər xan, Sübhanqulu xanın oğlu, 1680–1683…
Əbül-Mənsur xan, Sübhanqulu xanın oğlu, 1683…
Siddiq Məhəmməd Xan, Sübhanqulu xanın oğlu, 1683–1687…
Əbül Müzəffər Məhəmməd Mukim Xan, İskəndər Xanın oğlu, 1687–1707…
Abdulla xan, Vəli Məhəmmədxanın nəvəsi, 1711–1712…
Səncər xan, Abdulla xanın oğlu, 1712–1717…
Məhəmməd xan, Səncər xanın əmisi oğlu, 1717–1720…
Onu da demək lazımdır ki, 1737–1747-ci illərdə Bəlx xanlığı Nadir şahın, 1748–1751-ci illərdə Buxara Xanlığının, 1752–1793-cü illərdə Dürranilərin, 1793–1826-cı illərdə Buxara Əmirliyinin, sonra isə Əfqan Türkistanının hakimiyyəti altında olub.
Son olaraq deyək ki, Bəlxdə Şeybanilər hakimiyyətinin bərqərar olması təsadüfi siyasi hadisə deyil, XVI əsrdə Türküstanda qüvvələr nisbətini müəyyən edən başlıca geosiyasi proseslərdən biri idi. Bu hadisə özbək dövlətçiliyinin möhkəmlənməsində, Səfəvi–Şeybani rəqabətinin xarakterinin müəyyənləşməsində və Türküstan ilə Xorasan arasındakı siyasi münasibətlərin inkişafında mühüm rol oynadı. Məhz buna görə Bəlx Şeybanilər dövründə yalnız regional inzibati mərkəz deyil, həm də özbək siyasi iradəsinin, hərbi qüdrətinin və dövlətçilik ənənələrinin rəmzi kimi tarixə daxil olmuşdu.
Beləliklə, Cənubi Türküstanda 324 il yaşayan, alimləri, siyasətçiləri, ilahiyyatçıları, şairləri, yazıçıları ilə məşhur olan Bəlx özbək xanlığı süqut edib və tarixin səhnəsindən silinib.
Qulu KƏNGƏRLİ,
XQ-nin Türküstan müxbiri
Daşkənd
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:188
Bu xəbər 29 İyul 2026 12:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















