Berlindəki Milad yarmarkasında “Chaikhana” guşəsi türk xalqlarının milli mətbəxini təbliğ edir FOTOLAR
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Berlin, 25 dekabr, AZƏRTAC
Almaniyada hər il təşkil olunan Milad yarmarkaları əsrlər boyu formalaşmış ənənə kimi təkcə alış-veriş məkanı deyil, həm də sosial ünsiyyət, mədəniyyət və bayram ovqatının paylaşılması üçün açıq platforma rolunu oynayır. Burada klassik alman Milad atributları – “Glühwein” adlanan ətirli isti şərab, şirniyyatlar, əl işi suvenirlər, taxta oyma fiqurlar, şamlar, Yeni il bəzəkləri, uşaq attraksionları və canlı musiqi proqramları təqdim olunur. Berlinin kosmopolit mühiti isə bu yarmarkalara fərqli xalqların mədəni elementlərini də əlavə edərək, onları çoxmədəniyyətli bayram məkanına çevirir.
AZƏRTAC xəbər verir ki, bu ənənənin parlaq nümunələrindən biri də Berlinin mərkəzi sayılan Aleksanderplats meydanında təşkil olunub. Buradakı Milad yarmarkası qışın soyuğuna baxmayaraq, paytaxt sakinlərini və minlərlə turisti bir araya gətirir. İşıqlarla bəzədilmiş pavilyonlar, Milad ağacları, musiqi səsləri və isti içkilərin ətri Berlinin Milad ruhunu bütün çalarları ilə hiss etdirir. Ailəvi gəzintilər, dost görüşləri, isti içkilər ətrafında söhbətlər və bayram musiqiləri yarmarkada Miladın əsas ideyası – bir araya gəlmək və paylaşmaq ruhunu ön plana çıxarır.
Yarmarkada həm yerli sakinlər, həm də müxtəlif ölkələrdən gələn turistlər eyni bayram ab-havasını bölüşürlər.
Aleksanderplatsdakı yarmarkada diqqət çəkən məkanlardan biri də “Chaikhana” adlanan guşədir. Burada Orta Asiya mətbəxinə aid yeməklərlə yanaşı, ümumilikdə türk xalqlarının milli mətbəxi, çay mədəniyyəti və qonaqpərvərlik ənənələri təqdim olunur. Pavilyonun üzərində dalğalanan türk dövlətlərinin bayraqları, o cümlədən Azərbaycanın üçrəngli Bayrağı qardaşlıq ruhunu nümayiş etdirir.
“Chaikhana” restoranının həmtəsisçisi Asadbek Xomidxonov AZƏRTAC-a açıqlamasında bildirib: “Berlində fəaliyyət göstərən “Chaikhana” restoranı olaraq ardıcıl üçüncü ildir ki, Milad yarmarkasında iştirak edirik. Məqsədimiz özbək mətbəxi ilə yanaşı, qardaş xalqların, o cümlədən Azərbaycanın milli mədəniyyətini də Almaniyada təbliğ etməkdir. Biz qardaş xalqların nümayəndələriyik, adət-ənənələrimiz kimi, milli mətbəximiz, yeməklərimiz də oxşardır. Şəhərdəki restoranımızda da qardaş türk dövlətlərinin adlarını, o cümlədən Azərbaycanın adını daşıyan guşələr yaratmışıq”.
Yarmarkanı ziyarət edən müxtəlif millətlərdən olan insanlar “Chaikhana” guşəsinə yaxınlaşaraq milli təamlarla tanış olur və türk xalqlarının zəngin mədəni irsi barədə məlumat əldə edirlər. İsti çaylar, milli yeməklər və səmimi ünsiyyət soyuq qış günlərində məkana xüsusi istilik qatır.
Vyetnamdan olan Nguyen Thi Mai təəssüratlarını bölüşərək deyib: “İndiyə qədər çoxlu yeməklər dadmışam, amma buradakı yeməklər həqiqətən möhtəşəmdir. Bütün yeməklər çox dadlıdır. Bu yeməkləri onu hələ dadmayan bütün avropalılara tövsiyə edərdim”.
Qazaxıstandan olan Lena Paşkova da fikirlərini belə ifadə edib: “Bu yeməklərlə tanış olmayan hər kəs onlardan mütləq damalıdır. Xəmiri də, əti də çox ləzzətlidir və biz onu böyük məmnuniyyətlə yeyirik”.
Beləliklə, Aleksanderplatsda qurulan Milad yarmarkası Berlinin yalnız alman ənənələrini deyil, müxtəlif xalqların mədəniyyətlərini bir araya gətirən canlı bayram məkanı olduğunu göstərir. Yarmarka Miladın əsas fəlsəfəsini - həmrəylik, paylaşmaq və mədəni müxtəlifliyə hörmət ideyasını aydın şəkildə əks etdirir.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 25 Dekabr 2025 11:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















