“Bu hal yalnız cəmiyyətin sosial iqtisadi baxımdan aşağı təbəqəsinə deyil, eləcə də yuxarı təbəqəsinə aiddir”
Icma.az bildirir, Bizimyol portalına istinadən.
Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına uzman psixiatr Azər Bağırov bildirib ki, bu hal insan psixologiyasında qədim zamanlardan mövcuddur: “Ümumiyyətlə, ölkəmizdə falçılara getmək, gələcəklə bağlı informasiya almaq istəyi çox yayılmış bir tendensiyadır. Bu hal yalnız cəmiyyətin sosial-iqtisadi baxımdan aşağı təbəqəsinə deyil, eləcə də yuxarı təbəqəsinə də aiddir. Yəni cəmiyyətin bütün təbəqələrindən insanlar falçılara müraciət edirlər.
Əlbəttə, bu sahədə fəaliyyət göstərən falçılar da artıq müəyyən “peşəkarlıq” qazanıblar. Onlar psixoloji manipulyasiya bacarıqları ilə, ümumi və təskinlik verən cümlələr quraraq qarşısındakı insanda bir növ rahatlıq hissi yaradırlar. Əslində isə konkret heç bir informasiya vermirlər. Sadəcə, qeyri-müəyyənlik içində çırpınan insan üçün “bir şey söylənməsi” belə bir növ tutunacaq mənbəyə çevrilir.
Bu hal insan psixologiyasında qədim zamanlardan mövcuddur. Qədim Misirdə Nil çayının arada bir daşması insanlarda qorxu yaradırdı. Daşmanın nə vaxt baş verəcəyini bilmədikləri üçün “Nil tanrısı qəzəbləndi” deyərək ona qurbanlar təqdim edir, müxtəlif ayinlər icra edirdilər. Əslində isə nə tanrı vardı, nə də təqdim edilən qurbanların kimə getdiyi bəlli deyildi. Amma insanlar buna inandıqda, içlərindəki təşviş və qorxu azaldığı üçün özlərini daha rahat hiss edirdilər.
Ona görə də biz nə qədər desək ki, bu acı və acınacaqlı bir vəziyyətdir, falçılara inanmaq zərərlidir, insanlar bu vərdişi davam etdirəcəklər. Çünki bu, onlara müvəqqəti rahatlıq verir. Bunun azalmasının yeganə yolu isə insanların ümumi təhsil səviyyəsinin deyil, məhz dini və zehni maariflənmə səviyyəsinin artmasıdır. O zaman daha rasional yanaşma bacarığının formalaşması mümkün olar”.
Azər Bağırov
Azər Bağırov qeyd edib ki, insanlar inandıqları üçün, rahatlamağa ehtiyac hiss etdikləri üçün bu davranışı davam etdirirlər: “İnsan rasional düşündükcə qərarları da daha məntiqli olur. Məsələn, bəziləri inanır ki, “əncir ağacını kəsmək bədbəxtlik gətirir.” Bir nəfər deyib ki, filankəs əncir ağacını kəsdi, sonra başına bədbəxtlik gəldi. Bu, sadəcə fərdi təcrübəyə əsaslanan inamdır. Mən belə hallarda izah etməyə çalışıram ki, bir hadisə ilə ümumiləşdirmə aparmaq olmaz. Elm belə işləyir: bunun üçün 100 nəfər 100 ağacı kəsməli, sonra həmin insanların neçə faizinin başına nə gəlib, nə qədər müddətə gəlib - bunlar ölçülməlidir. Yəni real nəticə statistik məlumatlarla sübut olunmalıdır. Amma insanlar bu tip inanclarda sübuta ehtiyac duymurlar. Sadəcə inandıqları üçün, rahatlamağa ehtiyac hiss etdikləri üçün bu davranışı davam etdirirlər. Falçılar da bunu yaxşı anlayırlar və insanlara həqiqəti yox, eşitmək istədikləri şeyləri deyirlər. “Alan məmnun, satan məmnun” şəklində davam etdirilir”.
Günel Həsənova, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:28
Bu xəbər 12 Yanvar 2026 13:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















