Bu halda həm şagirdlər, həm müəllimlər, həm də valideynlər rahat nəfəs ala biləcək Əməkdar müəllimdən nazirliyə TƏKLİF
Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bildiyimiz kimi, hazırda məktəb ləvazimatları satılan mağazalarda ən çox tələbat olan məhsullardan biri test kitablarıdır. Bu kitabların qiymətləri isə hər zaman münasib olmur və demək olar ki, hər il yenilənir. Lakin yenilənmiş nəşrlərdə əksər hallarda ciddi dəyişikliklərə rast gəlinmir.
Bəs ümumilikdə bu prosesi necə tənzimləmək olar ki, vahid test kitabı nəşr edilsin və onun tez-tez yenilənməsinə ehtiyac qalmasın?
Əməkdar müəllim Sona Əliyeva Redaktor.az-a açıqlamasında bildirdi ki, bu məsələ uzun illərdir müzakirə olunur və səbəbi də sadədir:
"Test kitabları bazarı əsasən kommersiya prinsipi ilə fəaliyyət göstərir. Yəni bu kitabları hazırlayan nəşriyyatların əsas məqsədi tədris keyfiyyətini artırmaqdan daha çox satış dövriyyəsini qorumaqdır. Halbuki bu kitablar dövlət tədris proqramı ilə birbaşa əlaqələndirilmədiyindən, məzmun müxtəlif nəşriyyatlarda fərqli formada təqdim olunur. Nəticədə eyni fənn üzrə onlarla fərqli test kitabı çap edilir, lakin hamısı faktiki olaraq eyni məqsədə xidmət edir. Bu prosesi tənzimləmək üçün vahid test kitabı modelinin yaradılması məsələsi gündəmə gətirilməlidir. Problemin həlli sistemli və məqsədyönlü dəyişikliklər tələb edir".
Əməkdar müəllim təklif edir ki, ilk olaraq Elm və Təhsil Nazirliyi tərəfindən vahid test bazası və standartlar hazırlanıb, bütün fənlər üzrə eyni qiymətləndirmə meyarları tətbiq olunsun:
"İkincisi, dərsliklər elektron və açıq formatda təqdim edilməlidir ki, şagirdlər və müəllimlər onlara pulsuz və asan şəkildə çıxış əldə edə bilsinlər. Üçüncüsü, test kitablarının yenilənməsi hər il deyil, yalnız proqram və metodoloji dəyişikliklər baş verdikdə həyata keçirilməlidir. Bu yanaşma həm təhsildə vahid tədris proqramından kənara çıxmaların qarşısını alar, həm də valideynlərin əlavə xərclərini azaldar".
Müsahibimiz əlavə etdi ki, mövcud reallıqda Elm və Təhsil Nazirliyinin bu istiqamətdə qərar verəcəyinə inam azdır:
"Şübhəsiz ki, dərsliklərin elektron formada əlçatan olması olduqca müsbət addım olardı, lakin nəşriyyatların biznes maraqları baxımından bu, arzuolunan hesab edilmir. Halbuki Finlandiya və Estoniya kimi ölkələrdə dərsliklər açıq resurs kimi təqdim olunur və hər kəs həmin materiallara onlayn və pulsuz şəkildə çıxış əldə edə bilir. Türkiyədə EBA platforması, Cənubi Koreyada "E-learning Korea" sistemi, ABŞ-də isə "Open Textbook Network" kimi layihələr dərslik və test resurslarını dövlət səviyyəsində tənzimləyir və mütəmadi olaraq yeniləyir. Bu platformalarda kitabların məzmunu milli təhsil proqramına uyğun şəkildə, elmi ekspertlər tərəfindən hazırlanır və müəllimlər üçün interaktiv tədris materialları ilə dəstəklənir. Aparılan araşdırmalar göstərir ki, açıq elektron dərslik modelləri həm tədris keyfiyyətini artırır, həm də sosial bərabərliyi qoruyur. Belə ki, istər paytaxtda, istərsə də bölgələrdə yaşayan bütün şagirdlər eyni resurslara çıxış imkanı əldə edirlər. Bu yanaşma ailələrin üzərindəki maliyyə yükünü də əhəmiyyətli dərəcədə azaldır. Valideynlər hər il eyni məzmunlu, lakin fərqli üz qabıqlı kitablar almağa məcbur qalmırlar. Bunun əvəzində şagirdlər vahid, yenilənə bilən elektron dərslik və eyni test bazası üzərindən tədris prosesində iştirak edirlər".
Onun sözlərinə görə, bu gün test kitablarının tez-tez dəyişdirilməsi təkcə təhsil məsələsi deyil, həm də sistemli tənzimləmə problemidir:
"Əgər biz təhsildə bərabərlik, şəffaflıq və keyfiyyət istəyiriksə, vahid test kitabı siyasətinin formalaşdırılması zəruridir. Dövlət bu sahədə nəzarəti gücləndirməli, rəsmi və pulsuz elektron dərslik platforması yaratmalıdır. Bu halda həm şagirdlər, həm müəllimlər, həm də valideynlər rahat nəfəs ala biləcək. Təhsil kommersiya predmeti deyil, ictimai dəyər kimi qorunmalıdır. Çünki əsas məqsəd test satmaq yox, bilik qazandırmaqdır".
Sona Əliyeva əlavə etdi ki, ölkədə olan yeganə özünə məxsus açıq resurs olan saytlardan istifadə etmək şagirdlərin işini daha da asanlaşdırar.
Həmin açıq resursları təqdim edirik: https://eduroom.az/ , http://testonline.az/
Xədicə BAXIŞLI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:32
Bu xəbər 13 Yanvar 2026 20:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















