“Burada insanlar çox mehribandır və həmişə kömək etməyə hazırdırlar”
525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Tacikistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İlxom Abduraxmonun “525-ci qəzet”ə müsahibəsini təqdim edirik.
- Cənab səfir, ilk növbədə sizi qarşıdan gələn 9 sentyabr Tacikistanın Müstəqillik Günü münasibətilə təbrik edirəm. İstərdim ki, əvvəlcə müstəqillik dövründə ölkənizin əldə etdiyi nailiyyətləri qısaca bölüşəsiniz.
-Təşəkkür edirəm. Müstəqillik illərində Tacikistanın əldə etdiyi ən mühüm və əlamətdar nailiyyəti müasir milli özünüdərkin formalaşmasına, birliyin möhkəmlənməsinə və siyasi sabitliyin təmin edilməsinə zəmin yaradan milli dövlətçiliyin uğurla qurulması olub. İlk illərin ciddi sınaqlarına baxmayaraq, tacik xalqı ölkənin ərazi bütövlüyünü qoruyub saxlamağa, əmin-amanlığı və sabitliyi bərpa etməyə, dövlətin gələcək inkişafını şərtləndirən genişmiqyaslı siyasi, iqtisadi və sosial transformasiyaların başlanmasına şərait yaratmağa nail oldu.

Müstəqilliyinin otuz ili ərzində Tacikistan özünü beynəlxalq birliyin tamhüquqlu və hörmətli üzvü kimi təsdiqləməyə müvəffəq olub. Bu gün ölkəmiz qlobal problemlərin həllinə konstruktiv töhfə verməyə hazır olan etibarlı tərəfdaş kimi tanınır. Tacikistanın su və iqlim dəyişikliyi məsələlərinə dair təşəbbüsləri xüsusi rəğbət qazanıb və nəinki aparıcı beynəlxalq təşkilatlar tərəfindən dəstəklənir, həm də beynəlxalq ictimaiyyətdə geniş əks-səda doğurur. Bu təşəbbüslər sayəsində Tacikistan böyük beynəlxalq konfranslar üçün platformaya, su problemləri və davamlı inkişaf üzrə qlobal dialoqun liderlərindən birinə çevrilib. Sosial-iqtisadi inkişafda mühüm irəliləyişlər əldə olunub: yoxsulluğun səviyyəsi 80%-dən 20%-ə qədər azaldılıb, təhsil, səhiyyə və mədəniyyət sahələri fəal inkişaf edir. Ölkədə irimiqyaslı infrastruktur layihələri həyata keçirilir, minlərlə kilometr yollar, körpülər və tunellər tikilib, bu da Tacikistana kommunikasiya dalanından çıxmağa və onu tranzit dövlətə çevirməyə imkan verib.
Enerji müstəqilliyinə xüsusi diqqət yetirilir - Rogun su elektrik stansiyasının tikintisi və digər su elektrik stansiyalarının modernləşdirilməsi davam edir. Bu gün Tacikistan quruculuq və inkişaf yolu ilə inamla irəliləyir, milli birliyi möhkəmləndirir, vətəndaşlarını layiqli həyatla təmin etməyə çalışır. Fəxr edirik ki, müstəqillik xalqımızın qarşısında geniş üfüqlər açıb, yeni nailiyyətlərin mənbəyinə çevrilib.
- Azərbaycan-Tacikistan münasibətləri barədə soruşmaq istəyirdim. Bu gün biz hansı mərhələdəyik, ikitərəfli əməkdaşlıq necə inkişaf edir?
- Tacik və Azərbaycan xalqlarını çoxəsrlik tarixi əlaqələr, mədəni və mənəvi yaxınlıq birləşdirir ki, bu da ölkələrimiz arasında dostluq əlaqələrinin və qarşılıqlı faydalı əməkdaşlığın inkişafı üçün möhkəm zəmin yaradır. Bu gün biz ikitərəfli əməkdaşlığın aktiv şəkildə möhkəmləndirilməsi mərhələsindəyik, bu da, onun rəsmi şəkildə strateji tərəfdaşlığa çevrilməsində öz əksini tapır. Ölkələr arasında çoxtərəfli formatda əməkdaşlıq uğurla inkişaf edir. Beynəlxalq və regional xarakter daşıyan bir çox məsələlərdə Bakı və Düşənbənin mövqeləri üst-üstə düşür. Onların beynəlxalq və regional təşkilatlardakı konseptual yanaşmaları Tacikistan-Azərbaycan əlaqələrinin dinamik və ardıcıl inkişafına daha çox töhfə verir.
Son illər biz ölkələrimiz arasında ikitərəfli əlaqələrin, o cümlədən müntəzəm yüksək səviyyəli görüşlərin əhəmiyyətli dərəcədə intensivləşməsinin şahidi oluruq. Bu silsilədə liderlərin qarşılıqlı dövlət səfərləri xüsusi yer tutur. 2023-cü il aprelin 5-də Azərbaycan Prezidenti İlham Əliyev Tacikistanda, 2024-cü il mayın 22-23-də isə Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycanda cavab səfərində olub.

Zirvə görüşləri zamanı ölkələrimizin prezidentləri ikitərəfli və çoxtərəfli əməkdaşlığın ən aktual məsələlərinə xüsusi diqqət yetirib, prioritet istiqamətləri və onun gələcək inkişaf perspektivlərini müəyyən ediblər. Əsas mövzular siyasi dialoq, ticari-iqtisadi əməkdaşlıq, elm, təhsil, mədəniyyət və humanitar mübadilə sahələrində birgə işlər olub. Tərəflərin bəyannamələrlə məhdudlaşmaması, münasibətlərə praktiki məzmun verməsi prinsipial əhəmiyyət kəsb edir: təkcə son səfərlər zamanı qarşılıqlı maraq doğuran müxtəlif sektorlarda əməkdaşlığa dair 28 sənəd imzalanıb. Bunun nəticəsidir ki, bu gün Tacikistan-Azərbaycan əlaqələri keyfiyyətcə yeni səviyyəyə yüksəlib ki, bu da təkcə dostluq əlaqələri ilə deyil, həm də ümumi maraqlara əsaslanan davamlı tərəfdaşlıq və gələcəyə strateji baxışla səciyyələnir.
- Hazırda iki ölkə arasında münasibətlərdə hansı sahələr prioritetdir?
- Bu gün Tacikistan-Azərbaycan əlaqələri siyasi, iqtisadi, mədəni-humanitar sahələri, eləcə də təhlükəsizlik, elm və texnologiya sahəsində əməkdaşlıq məsələlərini əhatə edən bir sıra prioritet istiqamətlər üzrə inkişaf edir. Münasibətlərin siyasi aspekti bütün digər sahələr üçün əsasdır. Prezidentlər, nazirlər, parlamentarilər və dövlət qurumlarının nümayəndələri arasında mütəmadi olaraq ikitərəfli təmaslar təkcə ölkələr arasında etimadın möhkəmləndirilməsinə deyil, həm də beynəlxalq və regional məsələlərə birgə yanaşmaların işlənib hazırlanmasına imkan yaradır.
İqtisadiyyat və ticarət əsas prioritet olaraq qalır. Ölkələr arasında ticarətin həcmi artır, lakin bu, kiçik həcmdədir. Balanslaşdırılmış və qarşılıqlı faydalı əsasda ikitərəfli ticarətin həcminin artırılması üçün əhəmiyyətli potensial mövcuddur. Bu məqsədlə tərəflər ticarətin əmtəə strukturunun genişləndirilməsi, maneələrin aradan qaldırılması və qarşılıqlı ixracın və investisiyaların dəstəklənməsi üçün yeni mexanizmlərin hazırlanması üzərində birgə işləyirlər. İqtisadi əməkdaşlıq üçün perspektivli sahələr alüminium, neft-kimya, yüngül və yeyinti sənayesi, kənd təsərrüfatı və aqrar-sənaye kompleksidir.
Tacikistan mallarının beynəlxalq bazarlara çıxarılması üçün xüsusilə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu və Bakı-Tbilisi-Qars dəmir yolu xəttindən istifadə kontekstində nəqliyyat-logistika layihələrinin həyata keçirilməsində birgə iş böyük əhəmiyyət kəsb edir.
Mədəni-humanitar əməkdaşlığın əhəmiyyətini də qeyd etməmək mümkün deyil. Mədəniyyət və təhsil xalqlar arasında birləşdirici halqadır. Biz elmi-tədqiqat müəssisələri, o cümlədən Milli Elmlər akademiyaları, ali təhsil müəssisələri və tələbə mübadiləsinin inkişafına, mədəni tədbirlərin, sərgilərin və festivalların keçirilməsinə böyük diqqət yetiririk. Beləliklə, prioritet sahələr geniş spektri əhatə edir – iqtisadiyyat və enerjidən tutmuş mədəniyyət və humanitar əməkdaşlığa qədər.
- Xüsusilə son illər iki ölkə arasında yüksək səviyyəli səfərlərin dinamikası artıb. Bu günlərdə Tacikistan Prezidenti Emoməli Rəhmon İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Xankəndi sammitində iştirak edib. Bu səfərlər ikitərəfli və çoxtərəfli formatda əlaqələrin inkişafına necə təsir edir?
- Yüksək səviyyəli səfərlər həmişə ikitərəfli münasibətlərin möhkəmləndirilməsində əsas vasitə olub və belə də qalır. Onlar strateji gündəliyi müəyyən edir, qarşılıqlı fəaliyyətin prioritet sahələrini müəyyənləşdirir və yeni təşəbbüslərin həyata keçirilməsi üçün başlanğıc nöqtəsinə çevrilirlər. Bu cür təmaslar siyasi dialoqu gücləndirməklə yanaşı, onu iqtisadiyyat, energetika, nəqliyyat, sənaye və humanitar sahədə praktiki məzmunla doldurmağa imkan verir. Tacikistan Prezidentinin İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndi Zirvə toplantısında iştirakı əsas beynəlxalq məsələlərdə ölkələrimizin mövqelərinin yaxın olduğunu bir daha göstərdi.

Bu sammitdə çıxış edən Tacikistan Prezidenti ECO-ya üzv dövlətlərlə ticari-iqtisadi və humanitar əlaqələrin inkişaf etdirilməsinin ölkənin xarici siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğuladı. Strateji əhəmiyyətli sahələrdə, o cümlədən enerji sektoru, yaşıl enerji və bərpa olunan mənbələr, sənaye, kənd təsərrüfatı və nəqliyyat sahələrində əməkdaşlığın gücləndirilməsinə xüsusi diqqət yetirib. Prezident, həmçinin regionun davamlı inkişafı ilə bilavasitə bağlı olan iqlim dəyişikliyi və təbii fəlakətlərin nəticələrinə qarşı birgə mübarizənin zəruriliyini vurğulayıb. Ərzaq təhlükəsizliyi, nəqliyyat proseslərinin rəqəmsallaşdırılması, sənaye müəssisələrinin inkişafı, mədəni-humanitar əlaqələrin genişləndirilməsi məsələlərinə böyük əhəmiyyət verilib. Emoməli Rəhmon sammitin yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkürünü bildirdi, onun nəticələrinin region dövlətlərinin ikitərəfli və çoxtərəfli əməkdaşlığının inkişafına, birliyinin və strateji tərəfdaşlığının möhkəmlənməsinə yeni təkan verəcəyinə əminliyini ifadə edib. Prezidentlər Emoməli Rəhmon və İlham Əliyevin görüşündə 17-ci sammitin gündəliyində duran əsas məsələlər və Tacikistan-Azərbaycan əməkdaşlığının genişləndirilməsi perspektivləri müzakirə edilib. Bu cür formatlarda keçirilən görüşlərin təsirindən danışarkən vurğulamaq lazımdır ki, onların kompleks təsiri var: liderlər arasında etimadı gücləndirir, praktiki əməkdaşlıq üçün yeni üfüqlər açır və uzunmüddətli qarşılıqlı faydalı tərəfdaşlıq üçün zəmin yaradır. Bu kontekstdə Tacikistan və Azərbaycanın regionda məsul aktorlar kimi rolu onların iqtisadi artımı, təhlükəsizliyi və davamlı inkişafı təşviq edən layihələri başlatmaq və dəstəkləmək qabiliyyətində özünü göstərir.
- İqtisadi əməkdaşlıq üçün perspektivli sahələri qeyd etdiniz, ayrıca nəqliyyat dəhlizləri sahəsində əməkdaşlığın perspektivləri, investisiya əlaqələri barədə də fikirləriniz maraqlıdır...
- İqtisadi əməkdaşlıq Tacikistanla Azərbaycan arasında münasibətlərin əsasını təşkil edir. Bu gün biz bu sahədə müsbət dinamikanı müşahidə edirik, lakin potensial istifadə olunmamış qalır. Əvvəla, qeyd etmək lazımdır ki, ölkələrimiz arasında ticarət dövriyyəsi artır, lakin bu, hələ ki, imkanlara uyğun deyil. Ticarətin həcminin artırılması, onun strukturunun genişləndirilməsi ümumi vəzifələrimizdən biridir. Bunun üçün əlverişli şərait yaradılır, birgə biznes forumlar keçirilir, sahibkarlar arasında birbaşa əlaqələr yaradılır.
Ayrı bir sahə nəqliyyat və logistika əməkdaşlığıdır. Azərbaycan Şərqlə Qərbi birləşdirən tranzit qovşağı kimi mühüm rol oynayır. Tacikistan Mərkəzi Asiyanın bir hissəsi kimi Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərindən, o cümlədən “Şərq-Qərb” beynəlxalq nəqliyyat marşrutundan səmərəli istifadə etməkdə maraqlıdır. Bu, malların tədarükünü optimallaşdırmaq, logistika xərclərini azaltmaq və yeni bazarlara çıxmaq üçün imkanlar yaradır.
Son illər Tacikistan hökuməti investisiya mühitinin yaxşılaşdırılmasına və xarici investorlar üçün cəlbedici şəraitin yaradılmasına yönəlmiş bir sıra kompleks tədbirlər həyata keçirib. 2025-ci ilin iyul ayında sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, dövlət-özəl sektor tərəfdaşlığının inkişafı və işgüzar fəallığın stimullaşdırılması tədbirlərini nəzərdə tutan 2040-cı ilə qədər investisiyaların cəlb edilməsi üzrə uzunmüddətli Strategiya təsdiq edilib. Eyni zamanda, bir çox sahələrdə hüquqi tənzimləmə sadələşdirilib, sahibkarlığın inzibati yükü azaldılıb, Vergi Məcəlləsinə yenidən baxılıb. İnvestorlar üçün geniş vergi və gömrük güzəştləri, o cümlədən əksər vergilərdən azadolma və 240-dan çox hüquqi təminat təmin edilib. Tacikistan 40-dan çox xarici ölkə ilə sərmayələrin qarşılıqlı təşviqi və qorunması haqqında müqavilələr imzalayıb ki, bu da xarici investorların etimadını artırır və riskləri azaldır. Ölkədə sadələşdirilmiş biznes prosedurlarının qüvvədə olduğu və üstünlüklərin verildiyi azad iqtisadi zonalar aktiv şəkildə yaradılır və inkişaf etdirilir. Bütün bu addımlar xarici investorlar üçün əlverişli şəraitin yaradılması, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və Tacikistanın davamlı iqtisadi inkişafının təmin edilməsi məqsədini daşıyır. Beləliklə, iqtisadi əməkdaşlıq bir sıra sahələrdə inkişaf edir: ticarət, nəqliyyat, investisiya, enerji. Əminəm ki, qarşıdakı illərdə biz münasibətlərimizin iqtisadi bünövrəsini möhkəmləndirəcək yeni böyük layihələrin şahidi olacağıq.
- Azərbaycan və Tacikistan arasında turizm sahəsində əməkdaşlıq nə yerdədir? Maraqlıdır, azərbaycanlı turist niyə Tacikistanı seçməlidir?
- Turizm Tacikistan və Azərbaycan arasında əməkdaşlığın ən perspektivli sahələrindən biridir. Hər iki ölkə təkcə regiondan deyil, dünyanın hər yerindən qonaqları cəlb edə biləcək zəngin turizm potensialına malikdir.

Azərbaycanlı turistlər üçün Tacikistan zəngin tarixi, unikal mədəniyyəti və mənzərəli təbiəti ilə maraq doğurur. Şəhərlər, qədim qalalar, memarlıq abidələri, o cümlədən mədəni ənənələr - məsələn, 5500 ildən çox yaşı olan “Sarazm” qədim yaşayış məskəni, tarixi Xücənd, Pəncəkənd, Xulbuk şəhərləri, Hisar qalası, dəniz səviyyəsindən 300-7495 metr hündürlükdə yerləşən Tacikistan Milli Parkı, eləcə də qədim bayramlar Novruz, Səda, Mehrqon və Tirqon taciklərin orijinal mədəniyyəti ilə tanış olmaq, regionun tarixinə dərindən qərq olmaq və mədəniyyətlərarası mübadilədə zəngin təcrübə qazanmaq üçün unikal imkan yaradır. Tacikistan dağ mənzərələrinin, tarixi şəhərlərin və mənəvi ənənələrin əsl xəzinəsidir. Pamir dağları, İsgəndərkül gölü, Samanilər dövrünə aid memarlıq abidələri unikal turizm məhsulu yaradır.
Ölkənin təbii müxtəlifliyi aktiv istirahət və ekoturizm həvəskarlarını cəlb edir: Pamir-Alay dağ silsilələri alpinizm, trekkinq, dağ turizmi, xizək və ekstremal idman növləri, çaylar və su anbarları isə su turizmi üçün imkanlar yaradır. Unikal landşaftlar, flora və fauna ekoloji marşrutların inkişafına kömək edir. Tacikistan hökuməti turizm sektorunun inkişafına fəal kömək edir. Qonaqların rahat istirahətini təmin edən müasir infrastruktur - otellər, yataqxanalar, sanatoriyalar, istirahət evləri və turist bazaları tikilir.
Tacik xalqının qonaqpərvərliyi, zəngin mətbəxi və mədəni tədbirləri turistlərin istirahətini zəngin və yaddaqalan edir. Turizm həm də iqtisadi əməkdaşlıqda mühüm amildir. Birbaşa uçuşların inkişafı, birgə turoperatorların yaradılması, mədəniyyət festivallarının təşkili bu sahənin inkişafına təkan verir.
Azərbaycan və Tacikistan turizmin təşviqi üzrə birgə layihələri, o cümlədən beynəlxalq sərgilərdə iştirak, turizm marşrutlarının birgə təbliği, hər iki ölkəni əhatə edən turların təşkilini fəal şəkildə müzakirə edirlər. Regionun digər ölkələri ilə əməkdaşlıq çərçivəsində xalqlar arasında mədəni-mənəvi əlaqələrin möhkəmlənməsinə töhfə verən birgə marşrutlar yaratmaq mümkündür. Tacikistan-Azərbaycan əməkdaşlığının turizm sahəsində böyük potensialını nəzərə alsaq, bu sahə iki ölkə arasında strateji tərəfdaşlığın mühüm elementi ola bilər.
- Tacikistan 2037-ci ilə qədər "yaşıl ölkə" olmaq niyyətindədir. Azərbaycan da fəal "yaşıl" siyasət həyata keçirir. İki ölkə arasında bu sahədə əməkdaşlıq imkanları nədən ibarətdir?
- Ekologiya və “yaşıl” iqtisadiyyata keçid məsələsi bütün dünya üçün ən aktual problemlərdən biridir. Tacikistan qarşısına iddialı məqsəd qoyub - 2037-ci ilə qədər "yaşıl ölkə" olmaq və bu istiqamətdə artıq konkret addımlar atılır. Bu məqsədi Prezident Emoməli Rəhmon Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) 29-cu Tərəflər Konfransının plenar sessiyasında Azərbaycanın COP29-a sədrliyi çərçivəsində fəal şəkildə təşviq etdiyi “yaşıl iqtisadiyyat”ın inkişafı strategiyasının müzakirəsi kontekstində çıxışı zamanı səsləndirib. Tacikistan liderinin çıxışında qeyd etdiyi kimi, ölkəmiz Yaşıl İqtisadiyyatın İnkişafı Strategiyası əsasında 2032-ci ilə qədər bərpa olunan mənbələrdən elektrik enerjisi istehsalını tam təmin etmək, 2037-ci ilə qədər Tacikistanı “yaşıl” ölkəyə çevirmək niyyətindədir. O, həmçinin vurğulayıb ki, bu gün elektrik enerjisinin 98%-i hidroenergetika, yəni “yaşıl enerji” hesabına istehsal olunur və istixana qazları emissiyasına görə Tacikistan dünyada ən aşağı həcmlə 130-cu yerdədir.

Ölkələrimizin bu sahədə əməkdaşlıq üçün əhəmiyyətli potensialı var. Tacikistan ekoloji cəhətdən təmiz elektrik enerjisi istehsalına imkan verən ən zəngin hidroenergetika ehtiyatlarına malikdir. Azərbaycan da günəş və külək enerjisi layihələrini fəal şəkildə inkişaf etdirir, “yaşıl zonalar” və “ağıllı şəhərlər” yaradır. Bu sahədə birgə işlərə bərpa olunan enerji sahəsində təcrübə və texnologiyaların mübadiləsi, su elektrik stansiyalarının və günəş elektrik stansiyalarının tikintisi üzrə birgə layihələrin həyata keçirilməsi, iqlim dəyişikliyi ilə mübarizə üzrə beynəlxalq təşəbbüslərdə iştirak, həmçinin “yaşıl” enerji sahəsində kadrların hazırlanması kimi sahələr daxil ola bilər. Beləliklə, ekoloji sahədə əməkdaşlıq Tacikistan-Azərbaycan münasibətlərinin yeni və perspektivli sahələrindən birinə çevrilə bilər.
- Artıq iki ildir ki, Azərbaycandasınız. Ölkəmizi, xalqımızı təsvir etməli olsaydınız, hansı ifadələri işlədərdiniz?
- İki ildən artıqdır ki, Azərbaycanda olduğum üçün ölkəni, onun mədəniyyətini, insanlarını daha dərindən tanımaq imkanım oldu. Təəssüratlarımı bir sözlə ifadə edə bilərəm - harmoniya. Azərbaycan zəngin tarixi irsinə hörmətin və gələcəyə can atmağın gözəl vəhdətidir. Bakının memarlığı bunun bariz nümunəsidir: qədim abidələrin yanında müasir göydələnlər ucalır, ölkənin dinamik inkişafını simvolizə edir. Azərbaycan xalqının qonaqpərvərliyi xüsusi təəssürat yaradır.
Buradakı insanlar açıq, mehriban və hər zaman kömək etməyə hazırdırlar. Bu, xüsusi bir atmosfer yaradır, bunun sayəsində özümü evdəki kimi hiss edirəm.
Azərbaycanın iqtisadiyyat və infrastruktur sahəsində əldə etdiyi nailiyyətləri də qeyd etmək istərdim. Son illər ölkə enerji, nəqliyyat, informasiya texnologiyaları sahələrində irimiqyaslı layihələr həyata keçirərək böyük sıçrayış edib. Bütün bunlar ölkə rəhbərliyinin strateji düşüncəsindən və gələcək inkişaf üçün yüksək potensialdan xəbər verir. Mənim üçün Azərbaycan adət-ənənələrin və müasirliyin harmoniya içində yaşadığı, xalqının müdrikliyi, açıqlığı və yaratmaq həvəsi ilə seçildiyi ölkədir. Bu, əlaqələrimizi daha da yaxın və perspektivli edir.

Pərvanə Sultanova

