Icma.az
close
up
RU
Deputatın hörməti və hünəri Vilayət Quliyev yazır

Deputatın hörməti və hünəri Vilayət Quliyev yazır

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Vilayət QULİYEV

Bəri başdan deyim ki, söhbət günümüzün deputat, yaxud millət vəkilindən deyil, XX əsrin əvvəlinin, necə deyərlər, Nikolay dövrünün deputatından gedir.

1905-ci il Birinci rus inqilabı və acı məğlubiyyətlə bitən rus-yapon hərbi Romanovlar sülaləsinin 300 illik hakimiyyətini sarsıtmışdı. Günü-gündən genişlənən etiraz dalğasının təsiri və təzyiqi nəticəsində 1905-ci ilin mayında sonuncu rus çarı II Nikolay (1868-1918) hakimiyyəti xalqın seçilmiş nümayəndələri ilə bölüşəcəyini, qanunverici orqan - Duma yaradacağını elan etdi. Həqiqətən də tezliklə "Bulıqin duması" (daxili işlər naziri A.Q.Buliqinin rəhbərliyi altında hazırlanmışdı - V.Q.) kimi məşhurlaşan sənəd layihəsi ictimai fikrə təqdim edildi. Yeni qurum çarın yanında yalnız məşvərətçi orqan funksiyası daşımalı idi. Qanunların qəbul edilməsi və hökumətin fəaliyyətinə nəzarət baxımından heç bir səlahiyyəti yox idi.

Təbii ki, inqilab dalğasında köklənmiş cəmiyyət yarımçıq təklifi qəbul etmədi. Oktyabrda bütün ölkəni bürüyən etiraz hərəkatı nəticəsində çar 17 Oktyabr Manifestini imzalamaq məcburiyyətində qaldı. Bu manifestə görə artıq müstəqil qanunvericilik hüququna və hakimiyyətə nəzarət mexanizminə malik ilk rus parlamenti - adını boyar dumalarından götürmüş Dövlət Duması yaradılırdı.

Bu dövrdə Azərbaycan türklərinin şəksiz siyasi lideri kimi tanınan Əlimərdan bəy Topçubaşov Duma təsisi ilə bağlı rəsmi xəbər yayılan kimi Peterburqa səfər etmişdi. Keçirdiyi görüşlərdə və mətbu çıxışlarında Bakı quberniyasına əsas əhali qrupları kimi aralarında rus, "müsəlman" və erməni təmsilçilər olmaqla üç deputat yeri ayrılması təklifini irəli sürmüşdü. İlk baxışdan Əlimərdan bəyin ruslara və ermənilərə "canıyananlıq" etməsi qəribə görünə bilər. Əslində isə bu, yaxşı düşünülmüş taktiki gediş idi. Rus və ermənilərin "qayğısına" qalarkən o, ilk növbədə soydaşlarının -Azərbaycan türklərinin yaddan çıxmaması barəsində fikirləşirdi.

Dövlət Dumasının fəaliyyətə 1906-cı il aprelin 27-də başlasa da, Bakı quberniyasında seçkilər mayın 31-də keçirilmişdi. Həm də gecikmə yalnız sənaye şəhəri Bakıda deyil, türk-müsəlman əhali yaşayan əksər bölgələrdə müşahidə olunmuşdu.  Hətta Türküstan və Sibirin bir çox yerlərində Duma qovulana, yəni iyulun 9-na qədər seçkilər baş tutmamışdı. Təbii ki, bu, hər hansı fors-major vəziyyətlə bağlı deyildi. Məqsədyönlü şəkildə həyata keçirilən düşünülmüş siyasət idi. Bu yolla bir tərəfdən müsəlmanlara Dumada onları heç kimi gözləmədiyi ilə bağlı siqnallar ötürülür, digər tərəfdən də hökumətin xüsusi əhəmiyyət vermədiyi qanunverici qurumdan dərdlərinə bir əlac gözləməmələri fikri aşılanırdı.

Dumaya seçkilər açıq və birbaşa deyil, iki mərhələli idi. Əvvəlcə əhali öz iradələrini ifadə etmək üçün seçənləri (vıborşik) müəyyən edirdilər. Yalnız onlar səsvermə hüququna malik idilər. Məsələn, bütün Bakı quberniyası üzrə Əlimərdan bəy Topçubaşovun seçkisində 81 nəfər seçən iştirak etməli idi. Amma mayın 31-də  seçənlər yığıncağına onların yalnız 74 nəfəri gəlmiş, səsverməyə isə 71-i qatılmışdı. Əlimərdan bəy yeganə namizəd deyildi. Seçkidə Bakı əhalisinin yaxşı tanıdığı, fəaliyyətinə yüksək dəyər verdiyi azərbaycanlı ictimai xadimi rəqibi Bakı dəmiryol deposunun maşinisti, gürcü əsilli Q.Mamulayşvili idi.

Ötən əsrin əvvəlində seçkilərdə gözümüzün öyrəndiyi  bülletenlərdən istifadə olunmurdu. Əvəzində isə seçənlərə ağ və qara rəngli kiçik şarlar verilirdi. Aydın məsələdir ki, ağ rəng "lehinə", qara rəng "əleyhinə" anlamını ifadə edirdi.

Seçkidən əvvəl Bakı şəhər rəisi vəzifəsini icra edən Kamil bəy Səfərəliyev (1868-1920) seçənlərə müraciətlə demişdi: "Hörmətli seçənlər, mən bu günü həyatımın ən xoş günlərindən biri sayıram. Bakı şəhərindən Dövlət Dumasına üzv seçəcəyiniz əlamətdar gündə sizi salamlamaq şərəfinə nail olduğum üçün sevinc və xoşbəxtliyimi ifadə etməyə söz tapa bilmirəm. Sizə bu gün yerinə yetirməli olduğunuz vəzifənin böyüklüyünü və əhəmiyyətini izah etməyə ehtiyac yoxdur - bir çox keyfiyyətləri özündə birləşdirəcək şəxsi seçməlisiniz; təkcə biz yox, bütün şəhər hər birinizdən gənc parlamentimizdə rütbə və zümrəsindən asılı olmayaraq şəhərimizin bütün millətlərdən olan sakinlərinin maraqlarını səmimi və qətiyyətli şəkildə, özünü əsirgəmədən, şəxsi mənafeyini bir kənara qoyub onların maraqlarını müdafiə etməyi, eyni zamanda azadlıq mübarizəsi aparan insanlara dəstək verməyi bacaran şəxsi seçmənizi gözləyir. Seçəcəyiniz şəxs "meydanda bir nəfər döyüşçü deyil" kəlamını birdəfəlik unutmalı, çox vaxt bir nəfərin də qələbəyə nail ola biləcəyini yadda saxlamalıdır. Elə isə gəlin Uca Yaradandan yardım diləyək və əvvəlcə qeydlər üzrə namizədləri müəyyənləşdirək, sonra isə səsvermə yolu ilə yekun seçkiyə başlayaq. Qoy səs verəcəyiniz şəxs yenilik istəyənlərin tam əsasla ümid bağlaya biləcəyi əsl "seçilmiş" şəxs olsun".

Gizli səsvermə nəticəsində 51 ağ şar qazanan Ə.Topçubaşov böyük üstünlüklə Bakı quberniyasından I Dövlət Dumasına seçilmişdi. Rəqibi isə yalnız 20 nəfər seçənin səsini qazana bilmişdi. Əlimərdan bəyin qələbəsi böyük ruh yüksəkliyi şəraitində elan edilmişdi. "Kaspi" qəzetinin yazdığına görə, əslində əvvəldən də gözlənilən bu nəticə uzun müddət kəsilmək bilməyən alqışlarla qarşılanmışdı.

Əslində seçkinin nəticəsi bir neçə dəqiqədən sonra, elə yerindəcə bəlli olmuş və elan edilmişdi. Çünki 70 şarı saymaq o qədər də uzun vaxt aparmadı. Ona görə də mayın 31-də Bakı şəhər dumasının binasına toplananlar yalnız deputat seçməmişdilər. Həm də onunla görüş keçirmiş, proqram nitqini dinləmiş, gələcək fəaliyyəti ilə bağlı arzu və təkliflərini bildirmişdilər. Şəhər başçısı K.Səfərəliyev nəticəni elan edib ictimaiyyət adından təbrik sözlərini söyləyəndən sonra seçicilər, yaxud seçənlər qarşısında söz demək növbəsi Ə.Topçubaşova çatmışdı.

Yüksək etimada səmimi təşəkkür sözləri ilə cavab verən Əlimərdan Dumada Bakının nümayəndəsi kimi qarşısına qoyduğu vəzifələrdən danışaraq demişdi: "Bu gündən etibarən Bakı şəhərinin əhalisi Rusiyada azadlıq hərəkatı naminə başladılan işlərdə fəal iştirak edəcək. Dövlət Dumasını böyük işlər gözləyir. Bu, qanunverici qurumun atdığı ilk addımlardan da görünür. Dövlət Duması öz proqramını taxt-tac nitqinə məşhur cavabında təqdim edib. Mən də nümayəndəniz kimi, həmin proqrama qoşularaq onu bütün qüvvəmlə dəstəkləməyə, həyata keçirməyə və tətbiq etməyə çalışacağam. İrəli sürülən proqramı özüm üçün məcburi sayıram və Dövlət Şurası kimi eybəcər qurumun ləğvindən tutmuş, xalqın mənafeyi naminə fəaliyyətə başlamağım üçün şərait yaradan şəxslərə tam əfv tələbinədək onun heç bir bəndinin icrasından geri çəkilməyəcəyəm. Dumanın proqramını həyata keçirmək üçün ilk növbədə ölkədə konstitusiya əsaslarının təsis edilməsi zəruridir. Yalnız konstitusiya əhaliyə qanunvericilik fəaliyyətində iştirak etmək, illik gəlir və xərclər planını müəyyənləşdirmək, eləcə də istər ali səviyyəli, istərsə də yerlərdəki idarəetmənin fəaliyyətinə real nəzarət imkanı verə bilər".

Deputat fəaliyyətində qarşısına qoyduğu mühüm hədəfləri açıqlayan Əlimərdan bəy Mirzə Cəlil demişkən, "qan iyi gələn" məsələ - Qafqazın muxtariyyəti və yerli xalqların özünüidarə hüququ üzərində ayrıca dayanaraq demişdi:  "Əsas hədəf şəxsən mənə, eləcə də bura toplaşanların hər birinə son dərəcə əziz olan və böyük sevgi bəslədiyimiz Qafqazın maraqlarıdır. Rusiya imperiyasının ayrılmaz hissəsini təşkil edən diyarımız yalnız yerli idarəçiliyi öz əlimizə aldığımız zaman mədəni tərəqqiyə qovuşa bilər. Bu baxımdan Qafqazda tam və geniş özünüidarə tərəfdarıyam. Yerli işlər yerli insanlara! - Qafqazdakı bütün xalqlara eyni dərəcədə ünvanlana biləcəyini düşündüyüm şüar budur. Xalqın mənafeyi ilə bağlı yerli işləri ümumimperiya qurumlarının sərəncamına verməyə ehtiyac yoxdur. Deyərdim ki, bu, hətta zərərlidir. Qoy hər bölgə yerli əhalinin maraqları naminə öz daxili problemləri ilə özü məşğul olsun. Onların birləşməsi üçünsə bütün Qafqazın ehtiyaclarının müzakirə edilə biləcəyi, bütün xalqların seçilmiş nümayəndələrinin təmsil olunduğu Ümumqafqaz nümayəndəliyi (Seym) yaradılmalıdır".

Necə deyərlər, niyyətin hara, mənzilin ora. Məhz belə cəsarətli və prinsipial düşüncə tərzi Əlimərdan bəyi Birinci Dövlət Dumasının imperiya idarəçiliyinə qarşı ən radikal qurumlarından birində - Muxtariyyətçilər İttifaqında yer almağa vadar etmişdi. Polyak deputat A.R.Lednitskinin rəhbərlik etdiyi ittifaqda azərbaycanlı Ə.Topçubaşov və ukraynalı İ.L.Şraq sədrin müavinləri, gürcü B.Gelovani isə katib idi. Anonsunu 1906-cı ildə verdiyi Zaqafqaziya Seymi isə 1918-ci ildə yaradılmışdı.

"Yalnız müqəddəs təhsil ocağı xalq kütlələrini siyasi və vətəndaş azadlığının əsaslarını dərk etməyə və həyata keçirməyə hazırlaya bilər" - düşüncəsini paylaşan Əlimərdan bəy deputat kimi xalq maarifi məsələlərini, xüsusilə də rejimin aşkar bir etinasızlıqla "yadsoylu" və "yaddinli" deyə ögey övlad kimi yaxına buraxmadığı müsəlman əhalinin müasir və keyfiyyətli təhsil alması üçün kompleks tədbirlər görülməsini Dumadakı fəaliyyətinin başqa bir mühüm istiqaməti sayırdı.

Əlimərdan bəyin gurultulu alqışlarla müşayiət olunan proqram nitqinin ardından çıxışlar başlanmışdı. İlk söz alan Bakı dumasının qlasnısı Kərbəlayı İsrafil Hacıyev Dövlət Dumasının deputatına müraciətlə demişdi: "Mən həm seçici, həm də vətəndaş kimi sizi qələbə münasibətilə təbrik edirəm. Seçkilər gözlənilməz deyildi, biz buna çoxdan hazırlaşırdıq. Biz hətta neçə səs alacağınızı da əvvəlcədən bilirdik və gözlədiyimiz kimi də oldu. Bu, sizin əhali tərəfindən demək olar ki, yekdilliklə seçildiyinizi sübut etmirmi? İndi sizdən çox şey gözləyirik və ümidlərimizi doğruldacağınıza ürəkdən inanırıq. Bakının Dövlət Dumasındakı nümayəndəsi müxtəlif səbəblərə görə xüsusi mövqe tutur. Ümidvarıq ki, bu mövqedən məharətlə istifadə edəcəksiniz. Qafqazımızın, xüsusən də dindaşlarımızın necə atılmış, unudulmuş vəziyyətdə olduğunu yada salmağa ehtiyac yoxdur. Siz bütün bunları çox yaxşı bilirsiniz və inanırıq ki, düşdüyümüz vəziyyətdən qismən də olsa çıxa bilməyimiz üçün səylərinizi əsirgəməyəcəksiniz. Bu, qarşınızdakı ümdə vəzifədir. Deyirlər ki, müsəlmanlar ümumi azadlıq hərəkatına laqeyddirlər. Doğru deyil. Biz də digər xalqlar kimi haqsızlıqlara məruz qalmışıq. Odur ki, daha yaxşı gələcək uğrunda mübarizəmiz də ümumi olmalıdır. Əhalinin üzərinizə qoyduğu bu vəzifəni yerinə yetirmək üçün sizə Allahdan güc və qüvvə arzulayırıq".

Bakı Dumasının digər qlasnısı, 1919-cu ildə Əlimərdan bəyin rəhbərliyi altında Azərbaycan Cümhuriyyəti nümayəndə heyətinin üzvü kimi Parisə yollanacaq Məhəmməd Həsən Hacınski radikal ruhlu çıxışında deputatın proqram nitqini təqdir etməklə yanaşı, qarşısında konkret tələb qoymağı da vacib saymışdı: "Biz burada Dövlət Duması üzvündən xeyli xoş sözlər eşitdik. Eşitdiyimiz sözlər, heç şübhəsiz, cəmiyyətin qabaqcıl üzvlərini sevindirilməlidir. Biz möhtərəm Əlimərdan bəyin var hamımız üçün müqəddəs olan idealların müdafiəsində var qüvvəsi ilə dayanacağı barədə vədini dinlədik. Amma təəssüf ki, vədlər bəzən yerinə yetirilməyə bilər. Bu gözəl sözlərin müxtəlif səbəblərə görə yalnız söz olaraq qalmağından qorxuruq. Ona görə də seçilmiş nümayəndəmizdən belə bir vəd eşitmək istərdik: "Mən mübarizə aparacağam, bütün gücümü müəyyən olunmuş proqramın müdafiəsinə sərf edəcək, lazım gəlsə, bunun üçün canımı da əsirgəməyəcəyəm. Amma qarşıya qoyduğum məqsədə nail ola bilməsəm, Dumanı tərk edən qrupa qoşulacağam". Mən məhz bu sözləri eşitmək istəyirəm. Bizə yarımçıq vədlər lazım deyil: ya hər şey - ya heç nə!"

Əlimərdan bəy kifayət qədər kəskin, güzəştsiz tələb qarşısında qətiyyən özünü itirməmişdi. Birgə fəaliyyətdən yaxşı tanıdığı çılğın və qətiyyətli M.H.Hacınskinin bəlkə də bir qədər provakativ səslənən çıxışına eyni prinsipiallıqla cavab verərək demişdi: "Çox şadam ki, əhalinin seçənləri arasında məndən proqram tələb edənlər var. Cənablar! Mən orada hər kəs üçün dəyərli olan ümumi iş naminə çalışacağam. Bütün qüvvəmi müəyyən olunmuş vəzifələrin tam  şəkildə yerinə yetirilməsinə səfərbər edəcəyəm. Əminəm ki, mətbuatın və cəmiyyətin bəlli hissəsinin hücumlarına baxmayaraq, Dövlət Dumasının indiki tərkibi heç bir güzəştə getməyəcək. Mənə elə gəlir ki, Duma geri çəkilməyəcək. Əmin ola bilərsiniz ki, nümayəndəniz sizdən aldığı bayrağı daim yüksəkdə tutacaq və Duma daxilində güzəştə getməyənlərin sırasında yer alacaq".

Bir neçə dəqiqə əvvəl nəfəsini içinə çəkib azərbaycanlılar arasından ilk Dövlət Duması deputatının sərt tələbə necə reaksiya verəcəyini gözləyən salon gurultulu alqış səslərindən titrəmişdi.

Əlimərdan bəyin sözünün ağası olduğunu isə uzun müddət gözləmək lazım gəlməmişdi. 1906-cı il iyulun 9-da II Nikolay hakimiyyətin əmrlərinə tabe olmayan Dumanın buraxılması haqda manifest yayanda mütləqiyyətin özbaşınalığına qarşı xalqı vətəndaş itaətsizliyinə çağıran "Vıborq bəyannaməsini" imzalayan 200 nəfərə yaxın keçmiş Duma üzvü arasında "Bakı nümayəndəsi" Əlimərdan bəylə soydaşı, Yelizavetpol (Gəncə) quberniyasından seçilmiş İsmayıl xan Ziyadxanov da vardı...

Həmin vaxt Ə.Topçubaşovun Dumanın Müsəlman fraksiyasının sədri olduğunu nəzərə alsaq, bu həm də imperiyanın 20-25 milyon nəfərlik müsəlman əhalisi adından bildirilən etiraz idi.

lll

Əlimərdan bəyin Bakıda Dövlət Dumasının deputatı kimi baş çəkdiyi ilk yer doğma "Kaspi"  redaksiyası olmuşdu. 8 il ərzində rəhbərliyi altında imperiya maraqlarını qoruyan ruspərəst nəşrdən "müsəlman Kaspi"sinə çevrilmiş qəzet son vaxtlara qədər özlərini Qafqazda yeganə söz sahibi sayan ermənilərin qorxulu yuxusuna çevrilmişdi. İndiki Sabir bağı ərazisində yerləşən, 1918-ci ilin Mart soyqırımı zamanı daşnakların yəqin ki, köhnə "haqq-hesabları" göz önün gətirərək birincilər sırasında darmadağın etdikləri redaksiya-mətbəə binasında onu "Kaspi" və "Həyat" qəzetlərinin 150 nəfərə yaxın işçisi alqışlarla qarşılamışdı. Redaksiyanın böyük salonunda improvizə olunmuş görüş-mitinq keçirilmişdi.

Birinci söz alan "Kaspi" mürəttibi, tanınmış mətbəə işçiləri ailəsindən çıxmış Solomon Kuinci Əlimərdan bəyə müraciətlə demişdi: "Siz bundan sonra yalnız özünüz üçün yaşamayacaqsınız. Dövlət Dumasındakı bütün söz və hərəkətləriniz sizi seçənlərin arzularına uyğun gəlməlidir. Maraqlarınız Bakı əhalisinin maraqları ilə üst-üstə düşməlidir. İstisnasız olaraq hər bir xalq üçün tam bərabər hüquqlar uğrunda çalışmalısınız. Əminik ki, Dövlət Dumasında layiqli mövqe tutacaq, əmək və kapital arasında fərq qoymayacaq, həmişə doğrunun, haqqın, ədalətin tərəfində dayanacaqsınız. Ümid edirik ki, hamımız üçün azadlığa nail olacaqsınız. Vətənimizin rifah və tərəqqisinin ağır zəhmətləri üzərində qurulduğu əzabkeş fəhlələri unutmayın. İnanırıq ki, bərabər hüquqlar veriləcəyi təqdirdə bölgəmizin var gücü ilə inkişaf etməyə qadir olduğunu məhz siz sübuta yetirəcəksiniz".

Sonra növbə ilə "Kaspi" qəzetinin çoxillik əməkdaşı, Ukrayna əsilli publisist N.Q.Bayzdrenko, fəal ictimaiyyətçi kimi tanınan şəhər sakini A.F.Senitski söz almışdılar. Bayzdrenko səmimi nitqini "Yaşasın azadlıq! Yaşasın azadlığın burada, qarşımızda dayanan ilk müjdəçisi - Əlimərdan bəy Topçubaşov!" - sözləri ilə bitirmişdi. Sonuncu natiq isə göz yaşlarını boğa bilməyərək Əlimərdan bəyi Duma üzvü səlahiyyətindən "alçaldılmış və təhqir olunmuş" insanların dərdlərinə çarə qılmağa çağıraraq demişdi: "Çoxsaylı şəhər əhalisi arasında tək siz şəxsi toxunulmazlıq hüququna maliksiniz! Bu böyük şərəf yalnız sizin payınıza düşüb. Odur ki, arzularımızda yaşatdığımız azadlıq naminə qazamatlarda, Sibir çöllərində əzab çəkən zavallı insanları unutmayın. Onlar üçün də azadlıq tələb edin!"

Bir az əvvəl seçki yığıncağında da həyəcanlı anlar yaşadığını deyən Əlimərdan bəy illər boyu çiyin-çiyinə çalışdığı insanlar arasında daha çox təsirləndiyini etiraf etmişdi: "Lakin indi sizinlə birlikdə yaşadığım hisslər o qədər təsirlidir ki, onları ifadə etməyə çətinlik çəkirəm. Unutmayın, yoldaşlar, bu gün göstərdiyiniz etimad tək mənim haqqım deyil, siz də o haqqa şəriksiniz. Çünki cəmiyyətin etimadına görə rəhbəri olduğum quruma, yəni hamımızın qüvvə sərf etdiyimiz işə borcluyam. Odur ki, indi keçirdiyim hissləri məhz sizinlə bölüşmək xüsusilə xoşdur. Bizi uzun illər boyu birləşdirən mənəvi bağların heç zaman qırılmayacağına, əbədi olaraq qalacağına ümidvaram".

Əlimərdan bəy konstitusiyalı idarəçiliyin qızğın tərəfdarı kimi "vətəndaş azadlığı və siyasi azadlıq prinsipləri əsasında qurulmuş həyat nizamının bərqərar olması" uğrunda mübarizə aparacağını bəyan etmiş,  "bu nizama mane olan hər bir şey xalq mənafeyi, zəhmətkeş kütlələrin maraqları naminə aradan qaldırılmalıdır" - deyə rəhbər tutacağı mövqeyi bir daha vurğulamışdı.

"Kaspi" qəzetinin 2 iyun 1906-cı il sayında Dövlət Dumasının üzvü kimi Ə.Topçubaşovun rəsmi tərcümeyi-halı dərc edilmişdi. Qəzet xüsusi vurğulamışdı ki, "cənab Topçubaşov özünün siyasi və ictimai-mədəni baxışlarını dəfələrlə məqalə və nitqlərində bəyan etdiyi, habelə gündəlik fəaliyyəti ilə göstərdiyi üçün burada yalnız bioqrafiya səciyyəli qısa məlumatı verməklə kifayətlənirik". Bakı, Kazan, Ufa, Orenburq və s. şəhərlərdə çıxan qəzetlər də xəbərə birinci səhifədə yer ayırmışdılar. Hətta "Molla Nəsrəddin" jurnalı da azərbaycanlı Duma üzvü haqda qısa bioqrafik oçerk vermişdi. Amma həmişəki ənənəsinə sadiq qalan Mirzə Cəlil yüngülvarı sancmağı da yaddan çıxarmamışdı: "Əlimərdan bəy özünün nöqteyi-nəzəri siyasiyyəsini keçən mayın 26- Tiflisdə qurulan ruhani məclisində izhar etdi. Belə ki, hər bir molla ağzını açmamış Əlimərdan bəy "bəli-bəli" deyib heç bir kəsi özündən bir tük qədər də incitmədi". Təbii ki, bu bir çimdik istiot olmasaydı, Mirzə Cəlil də zəmanənin və təbiətin yaratdığı qoca Molla Nəsrəddin olmazdı...

"Kaspi" qəzeti 2 iyun tarixli sayında onu da yazırdı ki, "Bakı şəhərinin müxtəlif millətlərdən olan sakinləri dünən və srağagün şəxsən və telefon vasitəsilə Əlimərdan bəyi Dövlət Dumasına seçilməsi münasibətilə təbrik ediblər. Onların arasında Topçubaşovun yanına özünün xüsusi tapşırıqlar üzrə məmurunu göndərən Bakı qubernatoru V.V.Alışevski də var. Cənab qubernatorun eyni təbrikini Dövlət Dumasının üzvləri Məmmədtağı Əliyev və Əsədulla bəy Muradxanov da alıblar. Dünən isə Ə.Topçubaşovun adına Yelizavetpol, Tiflis, Peterburq, Dərbənd və Bağçasaray şəhərlərinin müsəlmanlarından təbrik teleqramları daxil olub".

Teleqramların arası növbəti günlərdə də kəsilməmişdi. Zaqafqaziya müftisi Hüseyn Əfəndi Qayıbov, "Tərcüman"ın redaktor-naşiri İsmayıl Qasprinski, Gəncə, Kazan və Ufa quberniyalarından Dumaya üzv seçilən İsmayıl xan Ziyadxanov, Şakir Rameyev, Şaheydər Sırtlanov, İranın Bakıdakı keçmiş baş konsulu və b. teleqram göndərənlər arasında idilər. Tiflis azərbaycanlıları isə H.Z.Tağıyevin adına belə bir teleqram ünvanlamışdılar: "Həmyerlimiz Əlimərdan bəy Topçubaşovun Dövlət Dumasına üzv seçilməsinə görə Bakı şəhərindəki müsəlman qardaşlarımıza dərin minnətdarlığımızı bildirir, onun bütün Qafqaz müsəlmanlarının mənafelərinin həqiqi müdafiəçisi olacağına əminliyimizi ifadə edirik. Tiflis müsəlmanları".

Təbrik mövzusunu davam etdirən "Kaspi" 8 iyun 1906-cı il tarixli sayında yazırdı: "Dövlət Dumasının üzvü Ə.Topçubaşova qəzetimizin dünənki sayında dərc olunan təbriklərdən əlavə, aşağıdakı teleqramlar da göndərilib. Peterburqdan mühəndis Sultanovdan: "Oyanmaqda olan İslamın mədəni arzularının həyata keçirilməsi yolunun dahisi Əli bəyi xalqın etimadını qazanmış şəxs kimi salamlayıram". İran şahzadəsi, polkovnik Şahrux Şedirdən: "Ən böyük arzumuz həyata keçdi. Səmimi qəlbdən təbrik edirəm".

Zaqafqaziyanın müxtəlif şəhərlərinin müsəlman cəmiyyətlərindən, tanınmış ictimai xadimlərdən, şəxsi tanışlardan da çoxlu teleqramlar alınmışdı.  Teleqramlarda əhalinin öz seçimində layiqli namizəd üzərində dayandığı qeyd olunur və Ə.Topçubaşova ümumilikdə ölkənin, xüsusən də Qafqazın ağır siyasi-iqtisadi vəziyyətinin yaxşılaşdırılması üçün qarşıya qoyulan bütün vəzifələri uğurla həyata keçirməsi arzulanırdı. Müsəlman cəmiyyətləri adından göndərilən teleqramlarda artıq oyanmaqda olan islam toplumunun tam ayılmasının, vətənin rifahı naminə onların həyatlarına mədəni və quruculuq yönümlü fəaliyyətlərin daxil edilməsinin vacibliyi vurğulanırdı. Xüsusilə də qanunvericiliyin müxtəlif sahələrində təxirəsalınmaz köklü islahatlar aparılmasının zəruriliyi, müsəlmanlara münasibətdə tətbiq olunan müstəsna qərarların vacibliyi qeyd edilirdi. Qəzet daha sonra yazırdı: "Demək olar ki, eyni fikirlər Duma üzvü Ə.Topçubaşovla şəxsi görüşlər zamanı nüfuzlu müsəlmanlar tərəfindən də ifadə olunub. Bütün təbriklərə cavab verən Əlimərdan bəy bildirib ki, Duma üzvü adını üzərinə götürməklə şəxsi həyatından imtina edib. Özünü əzabkeş ölkənin mədəni inkişafı üçün son dərəcə zəruri olan islahatların həyata keçirilməsi kimi ağır, lakin nəcib işə həsr etmək qərarına gəlib. Ə.Topçubaşov çıxışlarını daim bu sözlərlə tamamlayırdı: "Əlimdən gələni əsirgəmədən var gücümlə çalışacağam, qalanı isə Allahın əlindədir".

İyunun 4-də "Kaspi" əməkdaşları "Metropol" (indiki Nizami muzeyi) otelinin restoranında Əlimərdan bəyin şərəfinə ziyafət vermişdilər. "Masa arxasında onu 9 il ərzində qəzetin təcrübəli rəhbəri, hər cəhətdən humanist, nəcib və ədalətli insan kimi xarakterizə edən bir çox hərarətli çıxışlar dinlənmişdi".

Əlimərdan bəy Bakını tərk etmək ərəfəsində - iyunun 6-da, axşam saat 7-də vidalaşmaq üçün "Kaspi" və "Həyat" qəzetlərinin redaksiyasında olmuşdu. Əvvəlcədən söhbət formatı seçilməsinə baxmayaraq, bu görüş də nəticə etibarı ilə sonda kiçik mitinqə çevrilmişdi. Artıq bizə tanış olan mürəttib Kunici mətbəə fəhlələrinin öz aralarında pul yığıb Əlimərdan bəyi şam yeməyinə dəvət etmək istədiklərini, lakin son anda fikirlərini dəyişdiklərini bildirərək demişdi: "Qərara gəldik ki, zəhmətlə qazandığımız qəpikləri toplayıb lazım bildiyiniz qaydada  işsizlərə və ehtiyacı olanlara paylamaq üçün sizə verək".

"Həyat" qəzetinin Nərimanov soyadlı metranpajı Azərbaycan türkcəsində son dərəcə məzmunlu və təsirli vida nitqi söyləmişdi: "Hörmətli Əlimərdan bəy, bu gün böyük ideyanızın həyata keçdiyi və xalqımızın maariflənməsi üçün "Həyat" adlı müsəlman qəzetinin nəşrə başladığı günün ildönümüdür. Eyni gündə hamımıza Dövlət Dumasına üzv seçilməyiniz münasibəti ilə sizi yenə təbrik etmək səadəti nəsib olub. İnanırıq ki, orada da bütün məzlumların hüquqlarını eyni əzm və sədaqətlə müdafiə edəcəksiniz. Üzərinizə böyük vəzifə qoyulub. O vəzifə  ağır olsa da, İsa Məsihin insanların xilası naminə çiynində daşıdığı xaçdan ağır deyil. Odur ki, siz də İsa Məsih kimi, milliyyət fərqi qoymadan hamının hüquqlarını müdafiə etməlisiniz. Sizə möhkəm inamımın ifadəsi kimi bir səfərqabağı arzumu çatdırıram: yaxşı yol, Əlimərdan bəy, Qafqaz xalqlarının can atdığı məqsədə tam şəkildə nail olaraq qalib kimi geri dönün".

Nəhayət, hazırlıq işləri başa çatdırılmış, ziyafət və görüşlər arxada qalmış, iyunun 7-də səhər saatlarında Əlimərdan bəy ekspress qatarla Bakıdan Peterburqa yola düşmüşdü. Dövlət Dumasının daha iki azərbaycanlı üzvü - Məmmədtağı Əliyevlə Əsədulla bəy Muradxanov da onunla birlikdə idi.

"Kaspi" müxbirinin yazdığına görə (8 iyun 1906), "hələ səhər tezdən Bakı sərnişin stansiyası xalq nümayəndələrinin gəlişini gözləyən insanlarla dolub-daşırdı.

Bakının polismeysteri poruçik İzbaş,, Bakı qazısı Mir Məhəmməd Kərim ağa Cəfərzadə və bir qrup müsəlman ruhanisi, şəhər başçısı Kamil bəy Səfərəliyevin rəhbərliyi ilə müxtəlif millətləri təmsil edən şəhər nümayəndələri, dəmiryolunun rəhbər işçiləri, "Kaspi" və "Həyat" qəzetləri redaksiyası və mətbəəsinin bütün əməkdaşları, eləcə də fəhlələrin çağırdığı Salyan alayının orkestri Ə.Topçubaşovu yola salmaq üçün Bakı stansiyasının vağzalına toplaşmışdı".

(Davamı gələn sayda)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://525.az
archiveBu xəbər 11 Sentyabr 2026 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri