“Düşünürəm ki, artıq 6 ay istirahət edə bilərəm” futboldan qovulan klub rəsmisi
Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.
2-ci liqada çıxış edən “Şəki”nin icraçı direktoru Elgün Hüseynovun AFFA İntizam Komitəsi tərəfindən ağır cəzaya məruz qaldığını xəbər vermişdik.
Xatırladaq ki, klub rəsmisi bəzi futbolçuların sənədlərini düzgün təqdim etmədiyinə görə 6 ay müddətinə futbolla bağlı fəaliyyətdən məhrum olunub.
Bu barədə fikirlərini öyrənmək üçün Elgün bəyə müraciət etdik. O, “Football-plus.az”a açıqlamasında həqiqətən də səhvə yol verdiyini etiraf etdi:
“Söhbət arayışlardan gedir. Klubda sənədləri sistemə daxil edən şəxs mənəm. Əməkdaşın göndərdiyi sənədləri yoxlamadan sistemə daxil etmişəm. Bu, mənim səhvimdi. Günahkaram. Apellyasiya Məhkəməsinə müraciət etmək niyyətində deyiləm. 7 ilə yaxındı fasiləsiz çalışıram. Düşünürəm ki, artıq 6 ay istirahət edə bilərəm. O başqa məsələ ki, evdə oturmayacam. Xarakterim buna imkan vermir. Başqa işlərlə məşğul olacam. Daha böyük motivasiya ilə qayıdacam. Klubda sponsor, yeni əməkdaşlar var. Vəzifəmi müvəqqəti olaraq başqa əməkdaş – Zamin Əsədullayev icra edəcək”.


