Icma.az
close
up
RU
Əfqanıstandan Bakıya Heydər Əliyevin göstərişi ilə əsərləri 100 min tirajla nəşr olunan yazıçı

Əfqanıstandan Bakıya Heydər Əliyevin göstərişi ilə əsərləri 100 min tirajla nəşr olunan yazıçı

Kulis.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Kulis.az Vaqif Yusiflinin yazıçı Əlibala Hacızadənin anadan olmasının 90 illiyinə həsr etdiyi "O, bir insan və yazıçı kimi çox sevilirdi..." yazısını təqdim edir.

"Çox vaxt məndən soruşurlar ki, niyə səni uşaq da, cavan da, qoca da, qadın da, kişi də, bir sözlə, hamı belə çox istəyir? Mən uzun müddət bu cür sorğulara cavab vermirdim, ancaq bu sualları verənlərin çox olduğunu görüb indi deyirəm; çünki mən bütün insanları, sizin hamınızı ülvi, təmənnasız bir məhəbbətlə sevirəm; çünki mən sevənlə sevmişəm, ölənlə ölmüşəm, ac qalanla ac, susuz qalanla susuz qalmışam; ona görə siz məni belə çox sevirsiniz, sevməyə bilməzsiniz; çünki yazılmamış bir qanundu: sevməsən, sevilməzsən".

Bu sətirlərin müəllifi görkəmli yazıçı, ədəbiyyatşünas, Azərbaycan oxucularının sevimlisi Əlibala Hacızadə idi. O, yetmiş-səksəninci illərin ən populyar yazıçısı idi və bunu gizlətmək lazım deyil. Təkcə əsərlərinin geniş oxucu auditoriyası əldə etməsinə görə deyil, həm də bu yazıçının bir insan və sənətkar kimi sevilməsindəydi bu populyarlıq. "Mən çətin, əzablı, sıxıntılı bir ömür yaşamışam. Həyatım boyu gördüklərim, yaşadıqlarım, çəkdiklərim bəlkə də iki-üç insan ömrünə bəs edər". Bu sözləri Əlibala Hacızadə 70 yaşı olanda - iyirmi il əvvəl söyləmişdi. Təbii ki, əsl yazıçı ömrü başlanğıcdan sonadək belə əzablı, sıxıntılı keçir, dünyada fiziki ömrü "xoşbəxtlik" sözü ilə uyğunlaşan yazıçılara nadir hallarda təsadüf edərsiniz. Amma bu əzablı, sıxıntılı ömür yazıçının istedadı və şəxsiyyətinə heç bir xələl gətirməyib. "Ümumiyyətlə, həyatda nə istəmişəmsə, Tanrım verib, gec verib, amma verib. Əvvəl sınayıb, sıxıb, imtahana çəkib, dözdüyümü, naşükür, asi olmadığımı görüb istədiklərimin ən yaxşısını əta edib mənə" - bu etirafın müəllifi də Əlibala Hacızadədir.

Yazıçı neçə ildir ki, haqq dünyasına qovuşub. Amma nə özü unudulur, nə də onu unudulmağa qoymayan əsərləri, onunla bağlı ən şirin xatirələr.

Bir insan kimi çox mədəni, əsl Azərbaycan ziyalısıydı. Elə bir insan idi ki, qalmaqalı, kiminləsə çəkişməni, münaqişəni sevmirdi, lap elə incik düşdüyü (ya haqlı, ya haqsız) adamlarla da tezliklə dil tapa bilirdi. Bütün ömrü boyu bir iş yeri olub - Şərqşünaslıq İnstitutunda çalışıb (elmlər namizədi idi), yalnız beş il (1966-1970) Əfqanıstanda mütərcimlik edib. Bütün tanınmış yazıçılarla, alimlərlə dost idi, xasiyyətində elə cəhətlər vardı ki, heç kəs bu ürəyiaçıq, sözü-söhbəti duzlu insanla ünsiyyətdən çəkinmirdi. Amma ən çox oturub-durduğu, yol yoldaşı, süfrə yoldaşı olduğu, həqiqi dost deyə bildiyi beş-altı adam vardı: böyük alim Əkrəm Cəfər, şair Fikrət Qoca, yazıçılar - Nahid Hacızadə, Əlövsət Bəşirli, bir də Oqtay Rza. Hər bir yazıçı üçün hansı dövlət məmurundan, vəzifəli şəxsdən, nəşriyyat rəhbərindən, ya mesenatdan qayğı görmək heç vaxt unudulmur, çünki bu dünyada sözün sahibi olan insanlar o sözə qiymət verə biləcək adamların qayğısına ehtiyac duyurlar. Əlibala Hacızadəyə də belə qayğı göstərən insanlar olub. O, belələrini ehtiramla xatırlayırdı. 1980-ci ildə, yayın qızmar günlərinin birində ulu öndər Heydər Əliyev Saatlı rayonunda pambıqçı qızlar işləyən bir briqadaya gəlir, qızları başına yığıb onlara bu ağır zəhmətləri üçün təşəkkür edir və sonra soruşur ki, nəyə ehtiyacınız var, deyin, utanmayın. Qızlardan biri utana-utana qabağa çıxıb deyir ki, sağ olun, Heydər müəllim, bizim heç nəyə ehtiyacımız yoxdur. Amma bir xahişimiz var. Bu yaxınlarda bir "İtkin gəlin" kitabı çıxıb, ondan bizim kəndə cəmi bircə nüsxə gəlib çıxıb, qızlarımız onu oxumaq üçün növbəyə durublar, mən 23-cü adamam. Əgər mümkünsə, deyin, o kitabdan bir az çox buraxsınlar.

Ulu öndərin göstərişilə "İtkin gəlin" hərəsi 100 min tirajla iki dəfə nəşr edilir. Bu, sovet dönəmində bir Azərbaycan yazıçısı üçün ən yüksək bir tiraj idi. Əlibala müəllim "Gənclik" nəşriyyatının direktoru Əzizə xanım Əhmədovadan da razılıq edirdi ki, "İtkin gəlin"in birinci cildini 50 min tirajla nəşr etmişdi. 2000-ci illərdə isə Moskvada yaşayan bir xeyirxah insan - Gülağa Qənbərov Əlibala müəllimin əsərlərinin on cildliyini oxuculara ərməğan etdi.

Əlibala Hacızadənin ilk mətbu əsəri - "Mənim müəlliməm" hekayəsi 1956-cı ildə "Uşaqgəncnəşr"in buraxdığı "Gəncliyin səsi" almanaxında çap edilmişdi. İlk kitabı - "Heykəl gülür" hekayələr kitabı isə 1961-ci ildə işıq üzü gördü. Əlli beş illik yaradıcılığına hekayə ilə başladı, sonra bir-birinin ardınca povestlər qələmə aldı, yetmişinci illərdə isə ilk romanı - "Təyyarə kölgəsi" çap olundu. Sonra isə onu məşhurlaşdıran digər romanlar yazıldı. Bir sözlə, o, müasir Azərbaycan nəsrinə öz dəyərli töhfələrini verdi.

Onu qeyd-şərtsiz "altımışıncılar" ədəbi nəslinin nümayəndəsi saymaq olar. Y.Səmədoğlu, Anar, Elçin, İ.Məlikzadə, M.İbrahimbəyov, S.Azəri, F.Kərimzadə ilə yanaşı, Ə.Hacızadə də bu ədəbi nəslin etiraf olunan, "yeni nəsr"in parlaq nümunələrini yaradan görkəmli simalarına çevrildilər. Onların əsərlərində həyata realist baxış qüvvətləndi, adi insanların qeyri-adi dünyası ədəbiyyata yol tapdı, insanı bütün mürəkkəbliyi, "boyaların qatışığında" təsvir etmək prinsipi ön plana keçdi, şəxsiyyət başlanğıcına diqqət artdı, "qum dənəsində kainat"ı görmək, zəhmətkeş insanın təkcə əməyini deyil, ürəyini, mənəvi çırpıntılarını əks etdirmək bu ədəbi nəslin bədii düşüncəsinin əsasını təşkil edirdi. Əlibala Hacızadəni istedadlı bir nasir kimi tanıdan ilk əsər onun "İnam" povesti oldu. Bu povestin qəhrəmanı Bəhruz adi bir tikinti fəhləsiydi, yolda öz maşını ilə gedəndə bir sürücünün qəza törətdiyini görür, sürücü qaçır, Bəhruz isə vurulan adamı xəstəxanaya çatdırır, amma ondan şübhələnirlər, Bəhruz inamını itirmir. Povestdə aydın, səliqəli yazı texnikası, səlis, rəvan nəsr dili, obrazların xarakterinə uyğun danışıq tərzi ədəbiyyata istedadlı bir yazarın gəlişindən soraq verirdi və təsadüfi deyil ki, görkəmli tənqidçi Məmməd Arif Dadaşzadə məqalələrinin birində Ə.Hacızadənin bu əsəri haqqında rəğbətlə söz açmışdı.

Ə.Hacızadənin hekayə və povestlərinin mövzusu müasir həyatdan götürülürdü, yazıçı həm də uşaqlığının ən çətin və məşəqqətli keçən acı həqiqətlərindən söz açırdı. O, təkcə hadisələri təsvir etmək, təqdim etdiyi obrazların səciyyəvi xüsusiyyətlərini canlandırmaqla işini bitmiş hesab etmirdi, cəmiyyətdə baş verən mənəvi-əxlaqi prosesləri də bu əsərlərin süjetinə hopdururdu. Yəni onun təsvir etdiyi insanlar və hadisələr yaşadığı zamanın sosial-mənəvi atmosferini əks etdirirdi. Əlibala Hacızadə Azərbaycan nəsrində mənəvi-əxlaqi problemlərin bədii həllini canlandıran, müasir Leyli və Məcnunların hekayətlərini qələmə alan nasirlərdən biri olmuşdur. Onun "Təyyarə kölgəsi" və "Vəfalım mənim" romanlarında üç məkan təsvir olunur - biri elmi-tədqiqat institutudur, burada elmi məsələlər müzakirə edilir, ədəbi problemlərdən söz açılır, elmdə xaltura məsələləri pislənilir, təşkilatçılıq metodunda nəzərəçarpan karyerizm kəskin tənqid atəşinə tutulur. İkinci məkan ailədir: cəmiyyətə layiq insan necə tərbiyə olunmalıdır, kişi ilə qadın, valideynlə övlad arasında münasibətlər necə qurulmalıdır - bu məsələlər ailə və cəmiyyət müstəvisində öz həllini tapır. Ailədə pis tərbiyə almış oğul əsl vətəndaş ola bilərmi? Üçüncü məkanın ünvanı isə sevən ürəklərdir. Hər iki romanda məhz bu xətt diqqəti daha çox cəlb edir.

Əlibala Hacızadənin "İtkin gəlin", "Əfsanəsiz illər", "Ayrılığın sonu yoxmuş" roman-trilogiyası da Əfqanıstanda baş verən ictimai-siyasi hadisələrdən daha çox, lirik-sentimental məhəbbət macəralarını əks etdirir. Hər üç roman təsvir olunan hadisələrin dramatizmi, psixoloji məqamları ilə oxucuları cəlb edirdi və elə bu səbəbdən Azərbaycan oxucusu üçün həmin romanlar stolüstü əsərlərə çevrilmişdi. Romanlarda əfqanların yaşayış tərzi, milli əxlaqi səciyyələri, etnoqrafik aləmi dərin müşahidələrlə qələmə alınmışdı, hiss olunurdu ki, Ə.Hacızadə Əfqanıstanda beş il müddətində təkcə məişətini, adət-ənənələrini, dini baxışlarını diqqətlə müşahidə etmişdir. Qeyd edək ki, Azərbaycanda ilk serial-film Ə.Hacızadənin bu romanları əsasında qələmə alınmışdır.

Əlibala Hacızadəni bir romançı kimi səciyyələndirən özəl xüsusiyyətlər vardır. Onu çox vaxt Məmməd Səid Ordubadi ilə də müqayisə edirlər. O da Ordubadi kimi romanlarında maraqlı hadisələr qurmağı, xüsusilə macəraçılığa meyil etməyi, əsas hadisələri sevgi xətti ilə əlaqələndirməyi çox sevirdi. Ancaq fərq burasında idi ki, Ordubadi epik nəsrin, Əlibala Hacızadə isə lirik nəsrin yaradıcılarından idi.
Əlibala Hacızadə həm də şərqşünas alim və ədəbiyyatşünas idi. Onun "Fərruxi Yəzdinin poeziyası", "İran romanının tarixi", "Mirzadə Eşqi - vaxtsız söndürülmüş məşəl", "Sadiq Hidayət - hekayə ustası kimi" monoqrafiyaları, çoxlu sayda elmi-tənqidi məqalələri (bu yazıların əksəriyyəti müasir ədəbiyyatımızın tədqiqinə həsr olunub) var. Haçansa onun bu sahədəki fəaliyyəti də tədqiq olunmalıdır.

Və nəhayət, onun şeirləri haqqında. O, heç vaxt özünü şair adlandırmırdı. Ancaq yazdığı şeirləri də onun yaradıcılığından təcrid oluna bilməz, çünki bunlar sözün həqiqi mənasında şeirdir. Lirik, kövrək və həzin qəlb çırpıntılarını, romantik sevgi duyğularını əks etdirən şeirlər və heç də təsadüfi deyil ki, o şeirlərin bir çoxu xanəndələrin, müğənnilərin repertuarına da yol tapıb. Qoy bu yazını da ruhu bizimlə olan, xatirəsi ürəyimizdən silinib getməyən o gözəl insanın bir şeiri ilə sona yetirək:
Sən Allah, yuxuma girmə gecələr,
Qorxuram sevincdən öləm yuxuda.
Yaman istəyirəm hamıdan gizli
Mən özüm yuxuda gələm yuxuna.
Gələm tufan kimi, gələm sel kimi,
Öpəm gözlərindən, dodaqlarından.
Uyuyam qoynunda qızılgül kimi,
Nə səhər açıla, nə sökülə dan.
Sənə nəğmə deyəm incədən-incə,
Ürəyin qəşş edə xoşbəxtliyindən.
Sərxoş dodaqların hey pıçıldaya:
"Sənsiz neyləyirəm xoşbəxtliyi mən?"
Beləcə, yuxunda yaşayam sənin,
Görmək istəmirəm kimi-kimsəni.
Dünyanın xoşbəxti say özünü sən...
Mənimtək kim sevər axı, kim səni?

"Əylən, sənə çay demişəm..." - Günün şeiri Molla Vəli Vidadinin nəticəsi, dörd müharibənin şahidi, üçünün iştirakçısı olan azərbaycanlı general Britaniyalı aktyorun “Kreml sehrbazı” filmindən Putin obrazında fotosu yayıldı
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://kulis.az
archiveBu xəbər 31 Avqust 2025 12:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəzzada sülh yaxındır? ŞƏRH

15 Oktyabr 2025 15:34see330

İsrail də açıqladı: Qəzzada yenidən müharibə başlaya bilər!

16 Oktyabr 2025 00:55see176

Millimizin Şotlandiya ilə matç üçün START HEYƏTİ

14 Oktyabr 2025 19:08see167

AFB Bank 2025 ci ilin III rübünü sabit maliyyə artımı və sürətli böyümə ilə başa vurub

14 Oktyabr 2025 18:41see140

Dövlət Departamenti: Tramp səkkiz ayda səkkiz müharibəyə son qoyub

15 Oktyabr 2025 00:49see140

“Putinin Türkiyəni təhdid etməsi barədə iddialar həqiqətə uyğun deyil” AKP sözçüsü

14 Oktyabr 2025 18:30see139

Şəkər və yağdan daha pisdir...

14 Oktyabr 2025 21:37see139

Britaniya G7 ölkələri arasında ikinci ən sürətlə inkişaf edən iqtisadiyyata sahib olacaq

14 Oktyabr 2025 21:44see136

Vüqar Tofiqoğlunun 14.10.2025 ci il saat 16:00 da olan buraxılışı

14 Oktyabr 2025 18:39see136

Trampla Si Cinpinin görüş vaxtı artıq təyin olunub ABŞ rəsmisi

15 Oktyabr 2025 01:01see133

Tramp siyasi fəal Çarli Kirki ölümündən sonra Prezident Azadlıq Medalı ilə təltif edib

15 Oktyabr 2025 01:40see133

Yardımlının Şıxlar kəndində 4 şagird təhsilsiz qalıb? Rəsmi AÇIQLAMA

15 Oktyabr 2025 20:13see132

Burak mənfi 3 dərəcədə çəkiliş etdi

14 Oktyabr 2025 20:00see132

Direktor: Azad edilmiş ərazilərdəki yaşayış məntəqələri enerji səmərəliliyi tələblərinə cavab verməlidirlər

14 Oktyabr 2025 18:53see132

“Qarabağ”dan getmək üçün hərəkətə keçdi

14 Oktyabr 2025 20:15see131

Bank VTB nin aktivləri 6 faizə yaxın azaldı

14 Oktyabr 2025 17:16see130

ABŞ nin Nyu York ştatında ilk dəfə çikunqunya qızdırmasına yoluxma aşkar edilib

16 Oktyabr 2025 00:33see127

Azərbaycanlı kulturoloq UNESCO nun Sülh Mədəniyyəti İnstitutunun fəxri prezidenti adına layiq görülüb

14 Oktyabr 2025 17:27see124

Rusiya hakimiyyəti Vəfa Quluzadəni haqlı çıxardı KONKRET

16 Oktyabr 2025 15:04see121

ABŞ də şatdauna son qoymaq cəhdi növbəti dəfə nəticəsiz qaldı

15 Oktyabr 2025 04:46see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri