“Enerji, qida, ətraf mühit və iqlim təhlükəsizliyi sahəsində çağırışlar” mövzusunda beynəlxalq konfrans işə başlayıb
Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.
Oktyabrın 15-də Bakıda “Enerji, qida, ətraf mühit və iqlim təhlükəsizliyi sahəsində çağırışlar” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.
XQ xəbər verir ki, tədbir AR Elm və Təhsil Nazirliyi, Elm və Təhsil üzrə Dövlət Agentliyi və Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun birgə təşkilatçılığı ilə baş tutub.
Konfransı giriş sözü ilə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq tədbirin əhəmiyyətinə toxunub, belə bir nüfuzlu beynəlxalq konfransın məhz Azərbaycanda keçirilməsini tamamilə məntiqi və real addım kimi qiymətləndirib. O, konfransın mövzusunun ötən il Azərbaycanın yüksək səviyyədə ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP29) proqramının əsas müddəaları ilə səsləşdiyini qeyd edib. Həmçinin bugünkü tədbirin COP29-un ideya və məqsədlərinin elmi müstəvidə davam etdirilməsinə xidmət etdiyini vurğulayıb.
Akademik İsa Həbibbəyli Prezident İlham Əliyevin iradəsi, himayəsi və iştirakı ilə COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsinin dövlətimizin yaşıl iqtisadiyyata keçid strategiyasına, milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunmasına, iqlim dəyişmələrinin qarşısının alınması işinə verdiyi töhfənin məntiqi nəticəsi olduğunu bildirib. Onun sözlərinə görə, COP29 Azərbaycanda cəmiyyət həyatının müxtəlif sahələrinə, ictimai həyata, iqtisadiyyata təsir etdiyi kimi, elmi təfəkkürdə də yeniliklər yaradıb. Dünyamiqyaslı beynəlxalq COP29 tədbiri ölkəmizin tarixinə, qlobal mənada dünya elm tarixinə yazılmış önəmli səhifədir.
“Azərbaycanda COP29 tədbiri çərçivəsində və ondan sonrakı dövrdə “yaşıl iqtisadi zona”, “yaşıl enerji”, “yaşıl energetika”, “yaşıl texnologiya”, “yaşıl transformasiya” kimi anlayışlar artıq elmi istiqamətlər olmaqdan daha çox reallığın ifadəsinə çevrilmişdir”, - deyən AMEA rəhbəri Naxçıvan, Qarabağ və Şərqi Zəngəzur bölgələrində dövlətimizin başçısı tərəfindən elan edilmiş “yaşıl enerji” zonalarının öz fəaliyyətini uğurla davam etdirdiyini söyləyib.
Akademik İsa Həbibbəyli Azərbaycanda “yaşıl energetika”nın inkişaf etdirilməsi üçün mühüm Dövlət Proqramlarının həyata keçirildiyini vurğulayıb. O, alternativ enerji mənbələrindən istifadə üzrə Azərbaycanın təkcə Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrində deyil, dünyada qabaqcıl yerlərdən birini tutduğunu bildirib. Qeyd edib ki, alternativ və bərpa olunan enerji mənbələrindən istifadəyə Azərbaycanın daxili imkanları ilə yanaşı, dövlət siyasətinin tərkib hissəsi kimi xarici investisiyanın da geniş şəkildə cəlb olunması ölkəmizdə bu sahənin surətlə inkişafına təkan verəcək. Yaxın zamanlarda Azərbaycan dünyada neft-qaz ixracatçısı olmaqla bərabər, alternativ enerji mənbələrinin də ixracatçısı olacaq.
Onun sözlərinə görə, Prezident İlham Əliyev tərəfindən alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə müəyyən edilmiş Dövlət Proqramı ölkəmizi dünyada bu istiqamətdə zəngin potensiala malik bir dövlətə çevirəcək.
AMEA prezidenti əlavə edib ki, müxtəlif mədəniyyətlərin və qitələrin qovşağında yerləşən Azərbaycanda ən müxtəlif çeşidli enerji mənbələrinin istismarı, istehsalı, ixracı ilə yanaşı, bu sahələrin öyrənilməsi, tədqiqi və elmi cəhətdən əsaslandırılması ilə də məşğul olunub. Ölkəmizdə alternativ enerji mənbələrini, ekoloji problemləri, qida, ətraf mühit və iqlim təhlükəsizliyini öyrənən böyük elmi məktəblər formalaşıb, həyatını bu sahələrin inkişafına həsr etmiş gökəmli alimlər yetişib və bu istiqamətdə tədqiqatlar davam etdirilməkdədir. Elm və Təhsil Nazirliyinin bir sıra elmi-tədqiqat müəssisələrində yarım əsrdən çoxdur ki, bu problemlər öyrənilir, inkişaf etdirilir və Azərbaycan reallıqlarının elmi cəhətdən əsaslandırılması şəklində ictimaiyyətə təqdim olunur.
Çıxışının sonunda akademik İsa Həbibbəyli 14 ölkədən 140-dan çox alimin qatıldığı beynəlxalq konfransın Azərbaycan təcrübəsinin daha dərindən öyrənilməsinə, səmərəli elmi əməkdaşlıq əlaqələrinin qurulmasına, ortaq layihələrin və yeni ideyaların meydana çıxmasına təkan verəcəyinə əminliyini bildirib, tədbirin işinə uğurlar arzulayıb.
Sonra Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, AMEA-nın müxbir üzvü, professor Əminağa Sadıqov çıxış edərək ətraf mühit və iqlim təhlükəsizliyinin müasir dövrdə ən aktual elmi və praktiki problemlərdən biri olduğunu söyləyib. O, bu problemlərin həllinin qlobal səviyyədə dərin və fənlərarası yanaşmaların tətbiqini tələb etdiyini vurğulayıb. Bildirib ki, bu məqsədlə dünyanın bir sıra inkişaf etmiş ölkələrində müxtəlif elmi platformalar formalaşdırılır, genişmiqyaslı layihələr icra olunur.
Professor Əminağa Sadıqov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi, siyasi və mədəni sahələrlə yanaşı, elm və təhsil istiqamətində də mühüm beynəlxalq təşəbbüslərə ev sahibliyi etdiyini diqqətə çatdırıb. O, “Avrasiya Universitetlərinin Sammiti” kimi beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsini bunun bariz nümunəsi kimi dəyərləndirib.
Bildirib ki, Elm və Təhsil Nazirliyi son illərdə ölkəmizdə keçirilən beynəlxalq və respublika səviyyəli elmi konfransların təşkilati və elmi keyfiyyətinin yüksəldilməsi istiqamətində sistemli tədbirlər həyata keçirir. Nazirlik beynəlxalq standartlara və elmi tələblərə cavab verən konfransların keçirilməsini dəstəkləyir və görülən bu işlər sayəsində ölkəmizdə təşkil olunan elmi tədbirlərin nüfuzu və elmi nəticəliliyi əhəmiyyətli dərəcədə artıb.
Agentliyin direktor müavini vurğulayıb ki, Elm və Təhsil Nazirliyi dövlət siyasətinin prioritetlərinə uyğun olaraq dayanıqlı inkişafın təmin edilməsi, alternativ enerji mənbələrindən səmərəli istifadə, ekoloji problemlərin azaldılması və s. istiqamətlərdə kompleks tədbirlər planı həyata keçirir. Nazirlik bu məqsədlə elmi tədqiqat layihələrini, beynəlxalq və respublika səviyyəli konfransları, həmçinin müxtəlif təşəbbüsləri dəstəkləyir. Eyni zamanda, orta və ali təhsil sistemlərində dayanıqlı inkişaf prinsiplərinin tədrisə inteqrasiyası məqsədilə dərslik və tədris proqramlarında müvafiq dəyişikliklər edilir.
“Elm və Təhsil Nazirliyi son illərdə elmi fəaliyyətin stimullaşdırılması və prioritet istiqamətlər üzrə tədqiqatların təşviqi məqsədilə bir sıra layihələri maliyyələşdirib”, - deyə bildirən Əminağa Sadıqov Nazirlik tərəfindən Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu da daxil olmaqla, bir çox elmi qurumların ətraf mühit, iqlim dəyişmələri, süni intellekt və informasiya texnologiyaları kimi strateji sahələrdə həyata keçirdiyi tədqiqatlara maddi və institusional dəstəyin göstərildiyini vurğulayıb.
Professor Əminağa Sadıqov bugünkü konfransın elmi ictimaiyyət, dövlət qurumları və özəl sektor nümayəndələrinin birgə müzakirə və əməkdaşlığı üçün mühüm platforma rolunu oynadığını bildirib. O, konfrans çərçivəsində aparılan müzakirələrin enerji, qida, ətraf mühit və iqlim təhlükəsizliyi sahəsində yeni elmi yanaşmaların formalaşmasına və praktiki tövsiyələrin hazırlanmasına imkan yaradacağını söyləyib.
Tədbirdə konfransın həmsədri, ABŞ-nin Auburn Universitetində çalışan azərbaycanlı alim professor Rəşad Kərimov çıxış edərək beynəlxalq tədbirin mövzusunun müxtəlif elm sahələrini əhatə etməsinin təsadüfi olmadığını bildirib. Müasir dövrümüzdə qeyd edilən problemlərin yalnız bir elmi istiqamətin vasitəsilə həll edilməsinin mümükünsüz olduğunu vurğulayan natiq multidissiplinar tədqiqatların vacibliyinə diqqət çəkib. O, konfransın yüksək səviyyədə təşkilinə görə AR Elm və Təhsil Nazirliyinin rəhbərliyinə, akademik İradə Hüseynovaya və onun komandasına təşəkkürlərini bildirib.
Daha sonra konfransda ABŞ-ın Emory Universitetinin Emerson Elmi Hesablamalar Mərkəzinin direktoru professor Camal Musayev, Almaniyanın Osnabruk Tətbiqi Elmlər Universitetinin professoru Ali Naz, Koreyanın Soqanq Universitetinin professoru, Bitki Gen Tənzimlənməsi Laboratoriyasının müdiri Byeong-ha Lee, Türkiyənin Ege Universitetinin professoru Aziz Eftekhari və Özbəkistan Milli Elmlər Akademiyasının Mikrobiologiya İnstitutunun direktor müavini professor Şahlo Miralimova çıxış edərək aktual mövzularda müzakirələrin aparılması və səmərəli nəticələrin əldə olunması baxımından beynəlxalq konfransın elmi əhəmiyyətini vurğulayıb, təşkilatçılara təşəkkürlərini bildiriblər.
Sonda AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru akademik İradə Hüseynova çıxış edərək bildirib ki, konfransın əsas məqsədi elmi tərəfdaşlıq üçün strateji planların hazırlanması, gələcək tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsi, “yaşıl enerji” və təmiz mühitə keçidə xidmət edən innovativ həllərin paylaşılması, həmçinin cəmiyyətin və iqtisadiyyatın dayanıqlılığını təmin edən yeni elmi ideyaların meydana çıxmasıdır.
“Burada səslənəcək fikirlər və təqdim olunacaq nəticələr beynəlxalq əməkdaşlığa, birgə layihələrin və regional innovasiya mərkəzlərinin yaradılmasına təkan verəcək. Elm yalnız texnoloji deyil, həm də mənəvi dəyər daşıyır. Bioloji, enerji, ərzaq və iqlim təhlükəsizliyi istiqamətində həllər tapmaq bəşəri məqsədlərə xidmət edən ən ali elmi missiyadır”, – deyə alim əlavə edib.
AMEA-nın vitse-prezidenti konfransın proqramında mühüm məqamlardan birinin sonuncu gün böyük alim və ictimai-siyasi xadim, akademik Cəlal Əliyevin xatirəsinə həsr olunmuş növbəti “Cəlal Əliyev qiraətləri”nin keçirilməsi olduğunu bildirib. O, “Cəlal Əliyev qiraətləri”nin beynəlxalq tədbirin elmi və mənəvi dəyərini daha da artıracağını vurğulayıb.
Konfransın həm də Azərbaycan elmi tarixində mühüm hadisə olan – AMEA-nın 80 illiyinə həsr olunduğunu vurğulayan akademik İradə Hüseynova bu elm ocağının yubileyinin yüksək səviyyədə keçirilməsinin ölkəmizdə elmin təşkili, idarə olunması və inkişafında, eləcə də milli intellektual potensialımızın formalaşmasında AMEA-nın əvəzsiz rolunu bir daha təsdiqlədiyini bildirib.
Akademik İradə Hüseynova beynəlxalq konfransın 14 ölkədən 140-dan çox məruzə müəllifinin iştirakı ilə qlobal elmi əməkdaşlığın mühüm platformasına çevrildiyini söyləyib. Vurğulayıb ki, “yaşıl enerji”, “ərzaq və qida təhlükəsizliyi”, “bio- və ekoloji təhlükəsizlik”, “sağlam ətraf mühit” və s. kimi sahələrdə mövcud problemlərin həlli yalnız texnologiya və kapitalın deyil, həm də bilik və elmi inteqrasiyanın nəticəsində mümkün ola bilər: “Əgər biz yaşıl gələcəyə doğru inamla irəliləmək istəyiriksə, multidissiplinar mühitdə, komanda halında çalışan alimlərin, mühəndislərin, aqrar və biotibbi mütəxəssislərin vahid elmi platformada birləşməsi mütləqdir”.
Vitse-prezident diqqətə çatdırıb ki, dünyanın müxtəlif ölkələrində aparılan tədqiqatlar süni intellekt, maşın öyrənməsi, bioinformatika, sintetik biologiya və nanotexnologiyaların enerji, ərzaq və iqlim sabitliyinin təmin olunmasında getdikcə daha mühüm rol oynadığını göstərir.
O, Azərbaycanda son illər dövlətin dəstəyi ilə bioiqtisadiyyat, “yaşıl texnologiyalar” və biotexnoloji tədqiqatlar sahəsində əldə olunmuş mühüm elmi və praktiki nailiyyətlərdən də bəhs edərək bildirib ki, Qarabağ və Şərqi Zəngəzurda formalaşdırılan “yaşıl bölgə” modeli enerji və ekoloji təhlükəsizliyin təminində unikal yanaşma kimi beynəlxalq maraq doğurur. Hazırda ölkə üzrə aqrobiotexnologiya, torpaq və su ehtiyatlarının idarə olunması, eləcə də iqlim modelləşdirməsində süni intellektə əsaslanan yeni metodoloji yanaşmalar formalaşmaqdadır.
Konfransın elmi fikir mübadiləsi, yeni tərəfdaşlıqlar və dayanıqlı inkişaf baxımından mühüm mərhələyə çevriləcəyinə inamını ifadə edən akademik İradə Hüseynova, bütün iştirakçılara səmərəli müzakirələr və yeni elmi nailiyyətlər arzulayıb.
Daha sonra tədbir öz işini plenar sessiya ilə davam etdirib.
Qeyd edək ki, beynəlxalq konfrans oktyabrın 17-də başa çatacaq.


