Ermənistan Rusiya ilə barışıq yolu axtarır hay xisləti
Xalqcebhesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İrəvan Vaşinqtondan əlini üzüb; ermənilər yenə də “nicat yolunu” şimal qonşumuzda görürlər?
Ermənistan hökuməti parlamentə, Xarici İşlər Nazirliyinə, eləcə də Rusiya ilə əlaqələri olan digər strukturlara və nazirliklərə bu istiqamətdə əlaqələrin mümkün qədər gücləndirilməsi ilə bağlı tapşırıqlar verib. Bu barədə erməni mətbuatı yazıb (Haqqin.az).
“Müvafiq strukturlara aidiyyəti sahələr üzrə keçirilən bütün görüşlərdə fəal iştirak etmək, işgüzar səfərlər və görüşlərə başlamaq tapşırılıb. Yəni münasibətləri normallaşdırmaq. Bütün bunların nədən qaynaqlandığını söyləmək çətindir, amma pərdə arxasında söz-söhbətlər də gəzir ki, hakimiyyət xarici siyasət cəbhəsində kəskin dəyişikliklərin nə siyasi, nə də iqtisadi baxımdan yaxşı heç nəyə gətirib çıxarmayacağını anlayıb”, - məlumatda deyilir.
Ermənistan parlamentinin mətbuat xidməti isə xəbər verib ki, spiker Alen Simonyan MDB Parlamentlərarası Assambleyasının iclasında iştirak etmək üçün Rusiyaya gedəcək. Qeyd edək ki, Moskva ilə İrəvan arasında münasibətlərin kifayət qədər gərgin olduğu dövrdə Simonyan assambleyanın iclaslarında iştirak etmirdi - adətən Ermənistanı bu forumlarda spiker müavini təmsil edirdi. Amma indi Rusiyaya qarşı barışmaz mövqeyi ilə məşhur olan Simonyan martın 6-da Sankt-Peterburqda baş tutacaq tədbirdə şəxsən iştirak etmək qərarına gəlib.
Bəs Paşinyan hökuməti Putinlə “körpüləri” bərpa edə biləcəkmi və o halda Azərbaycan-Rusiya əlaqələrinə hansı təsirlər mümkündür?
Niyaməddin Orduxanlı
Ədalət, Hüquq və Demokratiya Partiyası sədrinin müavini, politoloq Niyaməddin Orduxanlı “Yeni Müsavat”a bildirdi ki, Ermənistan hökumətinin XİN-də və parlamentdə Rusiya ilə əlaqələrinin gücləndirilməsi ilə bağlı verdiyi tapşırıqlar birbaşa erməni hiyləsindən irəli gələn addımdır: “Artıq ermənilər Amerikanın indiki Tramp hakimiyyətindən əllərini üzüblər. Paşınyan Trampın Putinə olan münasibətini çox yaxşı bilir. Bəlkə də Trampın qalib gəlməməsini ən çox arzulayan dövlət Ermənistan idi. Aktiv siyasi fəaliyyətlə məşğul olan ağıllı adamlar əvvəlcədən də bəyan edirdi ki, Tramp prezident seçiləndən sonra dərhal Vladimir Putinin maraqlarından çıxış edəcək və onun tapşırıqlarını icra edəcək. Bir neçə gün bundan qabaq Amerikada Zelenski-Tramp görüşü bütün deyilənləri əyani sübut etdi. Tramp az qalırdı ki, Putinə görə Zelenskini şillə-təpiyin altına salsın. Ermənistan artıq Ukraynanın aqibətindən dərs alıb. Ermənilər bilirlər ki, ABŞ Ermənistana Co Bayden hakimiyyəti dövründəki dəstəyi verməyəcək. Bu səbəbdən də Rusiyanın könlünü almağa başlayıblar. Paşinyan MDB dövlət başçılarının zirvə toplantısına qatılmır, Rusiyanı KTMT-dən çıxmaqla şantaj edirdi. İndi xeyir ola Rusiyaya qarşı bu cür addımlar atırlar? Bütün bunlar məqsədli şəkildə baş verir. Ermənistanın Rusiya qarşı bu cür yaxınlaşmasının Azərbaycan-Rusiya əlaqələrinə təsir etmək imkanlarına gəlincə, düşünürəm ki, Putin ağıllı siyasətçidir və Ermənistanın bu hiyləsini yaxşı bilir. Rusiyanın ağır dövrlərində Azərbaycanın dəstəyini və mərdliyini görən Putin yəqin ki, yaxın bir neçə ildə baş vermiş hadisələri tezliklə unutmaz”.

Şəhla Cəlilzadə
Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadənin sözlərinə görə, Ermənistan 2022-ci ildən sonra xarici siyasətində qərbyönümlü irəliləyişlərə nail ola bilmək üçün Rusiyadan uzaqlaşma görüntüsü yaratmağa çalışırdı: “Halbuki ticarət əməkdaşlıqları sürətlə inkişaf etməyə davam edərək 2019-cu ildə iki ölkə arasında ticarət dövriyyəsi 2 milyard dollardan 2024-cü ildə 12 milyarda çatmışdı. Buna baxmayaraq, ötən 2 ildə Ermənistan Rusiyanın rəhbərlik etdiyi təşkilatlar olaraq nə KTMT, nə də MDB çərçivəsində fəaliyyətlərə demək olar ki, qoşulmadı. Məsələn, 2023 və 2024-cü illərdə KTMT-nin keçirdiyi hərbi təlimlərdə Ermənistan iştirak etmədi, əksinə, 2024-cü ildə ABŞ-la birgə bir neçə hərbi təlim keçirdi. Ötən ilin fevralında Ermənistanın Baş naziri Paşinyan rəsmi olaraq bəyan etdi ki, ölkəsinin KTMT-də üzvlüyü de-fakto dondurulub. Həmçinin Ermənistan parlamentinin sədri Alen Simonyan ötən il iyulda Sankt-Peterburqda baş tutan MDB PA görüşündə iştirak etməmiş, ötən ilin oktyabrında MDB-nin xarici işlər nazirləri səviyyəsində keçirilən görüşdə qəbul edilən bəyanata Ermənistan qoşulmamışdı. Bütün bunlar Ermənistanın Azərbaycan qarşısında məğlubiyyətindən sonra Rusiya ilə münasibətlərdə "mövqe göstərişi" olmaqla yanaşı, həm də Qərbdən daha çox dividentlər əldə etmək üçün atılan addımlar idi. Çünki bu addımlar atılmalı idi ki, Ermənistan Avropa İttifaqı və ABŞ-dan iqtisadi-siyasi və hərbi dəstək ala bilsin. Təsadüfi deyil ki, bu siyasət nəticəsində Ermənistan 2024-cü ildə Avropa Sülh Fondundan 10 milyon avroluq hərbi dəstək, 2025-ci ilin 14 yanvarında ABŞ-la imzaladığı strateji tərəfdaşlıq sazişi ilə isə Amerikanın dəstəyini qazandı. Həmçinin parlamentin gündəliyinə Aİ üzvlüyü məsələsi salındı. 2022-ci ildən etibarən başı Ukrayna ilə savaşa qarışan Rusiyanın bütün bunları görməzdən gəlməyəcəyi aydın idi. Məhz Ermənistanın ABŞ-la sazişi və Aİ üzvlüyü məsələsi gündəmə gələndən sonra Rusiya baş nazirinin müavini Aleksey Overçukun dili ilə Ermənistanı təhdid etdi. O belə deyib: “Ermənistanın Aİ-yə üzvlüyü onlara vizasız hərəkət imkanı və əhalisizləşmə bəxş edəcək, eyni zamanda Ermənistanın ixracı 80% azalacaq, enerji və qida məhsullarının qiyməti isə qalxacaq. Bu, Titanikə bilet almağa bənzəyir”. Başqa sözlə, Rusiya Ermənistanı iqtisadi və enerji sanksiyalarına məruz qoyacağını, “Titanik” gəmisi kimi batıra biləcəyini açıq bəyan etdi. Məhz bu təhdidlər fonunda, həmçinin Ukraynanın Rusiya ilə mübarizədə məğlubiyyət faktoru aydın olandan sonra Ermənistan siyasət dəyişikliyinə getməyi düşünür. Odur ki, 17-18 aprel tarixlərində keçiriləcək növbəti MDB PA görüşündə Alen Simonyan da iştirak edəcəyini bildirib. Paşinyan daha öncə bəyan etmişdi ki, Ermənistan həm Avrasiya İqtisadi Birliyi, həm də Avropa İttifaqında mövcud ola bilər. Lakin bu, mümkünsüzdür. Təsadüfi deyil ki, MDB PA görüşü ərəfəsində Rusiya Ermənistandakı səfirinin dili ilə “Ya AİB ya da Aİ. Seçim edin” deyərək Ermənistana tərəfini müəyyən etmək əmri verib. Simonyanın keçiriləcək görüşə qatılması Ermənistanın “balanslaşdırma” siyasətinin sonu deyil, sadəcə, Rusiya ilə münasibətlərin “normallaşmasıdır”. Bu, həm də Ermənistanın qərbyönümlü siyasətinin əsasən Azərbaycana qarşı kirli oyunlarda Qərbin dəstəyini əldə etmək üçün həyata keçirildiyini deməyə əsas verir. Lakin işğal siyasətlərinin fiaskosu kimi, bu “maskalanma” da ifşa olunacaq. Həmçinin onu əlavə etmək olar ki, adətən beynəlxalq görüşlər çərçivəsində ikitərəfli yan görüşlər də keçirilir. Ehtimal ki, MDB PA görüşü çərçivəsində Azərbaycan və Ermənistan spikerləri yenidən görüşə bilər. Bu, Azərbaycan və Ermənistan sülh prosesinin regional əməkdaşlıq yolu və Rusiyanın vasitəçiliyi ilə reallaşdırıla biləcəyinə işarədir. Beləliklə, Rusiyanın Ukraynadakı müharibəni sonlandırmasından sonra Qafqaz siyasətinin aktivləşəcəyi gözlənilir".

Kənan Novruzov
Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov Ermənistanın heç zaman tamamilə Kremlin təsir dairəsindən çıxa bilməyəcəyini söylədi: “2018-ci ildə Ermənistanda Nikol Paşinyan hakimiyyətə gələndən bəri İrəvan tədricən Moskvadan uzaqlaşmaq yolunu tutdu. Bunun nəticəsidir ki, Ermənistan artıq uzun illərdir "iki stulda oturur". Ermənistanla Rusiya arasında münasibətlərin son zamanlar soyuqlaşdığı hiss olunurdu. Buna səbəb kimi İrəvan İkinci Qarabağ müharibəsi dövründə Rusiyadan və KTMT-dən gözlədiyi dəstəyi görmədiyini deyirdi. Buna baxmayaraq, tərəflər arasında qarşılıqlı ticarət həcminin artması və Paşinyanın tənqidlərinə rəğmən, Kremlin hələ də onu cəzalandırmaması müəyyən şübhələr də yaradır. Tərəflər arasındakı “sərin küləklərin” sadəcə şou olduğunu iddia edənlər də var. Bu, ola da bilər, olmaya da. Dəqiq olan budur ki, Ermənistan tamamilə Rusiyanın təsirindən çıxa bilməz. Birincisi ona görə ki, Ermənistan iqtisadiyyatı xeyli dərəcədə Rusiyadan asılıdır. İkincisi, Ermənistan daxilində Rusiyanın təsir imkanları kifayət qədərdir. İstənilən an hakimiyyət əleyhinə aksiyalar başlana, Paşinyanın həm iqtidarı, həm də şəxsi təhlükəsizliyi üçün təhdid yarana bilər. Ermənistanın Rusiyadan asılılığını göstərən başqa məqamlar da var. Son zamanlar beynəlxalq geosiyasi müstəvidə ciddi proseslər baş verir. Rusiyanın Ukrayna ilə müharibədə üstünlüyü qoruması və ABŞ-ın yeni hakimiyyətinin Kremlə loyal münasibəti rəsmi İrəvanı narahat etməmiş deyil. Ermənistan başa düşür ki, Rusiya bu müharibədən qalib gəlsə, növbəti hədəf özü ola bilər. Mümkündür ki, həm də bu səbəbdən preventiv addımlar atır, Rusiya ilə münasibətləri normallaşdırmaq istəyir".

