Icma.az
close
up
RU
Ət bazarında bahalaşma ciddi narahatlıq doğurur

Ət bazarında bahalaşma ciddi narahatlıq doğurur

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Yerli istehsal artmır, idxal qiymətləri isə yüksəkdir

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2025-ci ilin yanvar – iyul aylarında diri çəkidə 335,3 min ton ət istehsal olunub. Keçən ilin müvafiq dövrü ilə   müqayisədə ət istehsalı vur – tut 1,2 faiz çoxalıb. Bəs belə olan təqdirdə son dövrlərdə ət və ət məhsullarının davamlı şəkildə bahalaşması (hazırda mal əti bölgələrdə 17 manat, Bakıda isə 20 manatdır) nə ilə bağlı olub? 

Sualın aydınlaşdırılması məqsədilə belə bir statistikaya da diqqət yetirək: Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, hesabat dövründə  ölkəmiz  55 milyon 116 min ABŞ dolları dəyərində 25 min 180 ton (ötən ilin eyni dövrü ilə müqayisədə 5 min 542 ton (18 faiz), 13 milyon 427 min dollarlıq (19,5 faiz) az ət idxal edib.

Respublikada ət istehsalı göstəricilərini idxal rəqəmləri ilə müqayisə etsək,  o zaman yenə də belə bir sual yaranır: İstehsal artırsa, idxalın azalması təbii hal sayılır. Bəs o zaman belə bir şəraitdə məhsulun bahalaşma  nə ilə bağlıdır? Sualı bir qədər də konkretləşdirib deyə bilərik ki, bir halda ki, ət istehsalında keçən ilin müvafiq dövrü ilə müqayisədə  cari ilin  yanvar – iyul aylarında 1,2 faiz artım qeydə alınıbsa, onda bahalaşmanın əsasında hansı amillər dayanır? 

Bu məqamda qeyd edək ki, hazırda ekspertlər tərəfindən ölkədə ət idxalının azalması müxtəlif səbəblərlə əlaqələndirilir. Məsələn, bir qrup  mütəxəssis idxaldakı azalmanı istehlakın aşağı düşməsi ilə bağlayır. Bildirilir ki, son 2 ildə heyvanların sayının 2 min 700 baş, xırda heyvanların sayının isə 1 milyondan çox azalmasını məhz bu məqam şərtləndirir. Başqa sözlə, ətin qiyməti yüksəldikcə, istehlak da azalır.  

Azərbaycanın ət istehsalı və ixracı üçün böyük potensialı var. Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində respublikamızda aqrar sahə özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Dövlət başçısının tapşırığı ilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ölkədə heyvandarlığın inkişafına dair hazırlanan Dövlət Proqramının əsas məqsədi isə ölkədə yeni təsərrüfatçılıq modellərini tətbiq etməklə heyvanların cins tərkibini yaxşılaşdırmaq, məhsuldarlığı yüksəltmək olub. Proqramın yerinə yetirilməsi nəticəsində heyvan mənşəli məhsulların istehsal həcmi artıb, yem ehtiyatları, örüş və otlaq sahələrindən daha səmərəli istifadə edilməyə başlanıb. Məhsuldarlığın artması fermerlərin gəlirlərinin çoxalması, onların rifahının yaxşılaşması ilə nəticələnib.  

Ölkəmizdə kənd təsərrüfatının inkişafı üçün dövlət səmərəli layihələr həyata keçirir. Xüsusilə bu sahəyə tətbiq edilən vergi güzəştləri, hər il ayrılan subsidiyalar, hətta kənd təsərrüfatı məhsullarına dövlət sığortasının tətbiqi deməyə əsas verir ki, ölkə fermerləri hərtərəfli qayğı ilə əhatə olunub. Statistik  məlumata görə, 2025-ci ilin yanvar – iyun aylarında həyata keçirilən 4 milyon 435 min manatlıq sığorta ödənişindən 4 milyon 246 min manat əkin sahələri üzrə, 189 min manat sığorta ödənişi isə heyvandarlıq təsərrüfatları üzrə reallaşdırılıb.  

İşğaldan azad olunan ərazilər də heyvandarlıq üçün hər cür əlverişli şərait var  və hazırda mövcud potensial hərəkətə gətirilərsə, respublikamız qonşu Türkiyəyə də ət ixrac edə bilər. Çünki  qardaş ölkədə ətin qiyməti Azərbaycandan iki dəfə bahadır, bu isə ixrac üçün geniş imkanlar deməkdir.

Aqroparklarda da bu sahənin inkişafına  xüsusi önəm verilir. İqtisadi Zonaların İnkişafı Agentliyinin məlumatına görə, ötən il ərzində heyvandarlıq üzrə ixtisaslaşmış 6 aqroparkda  32,4 min ton süd və 1,3 min ton ət istehsal olunub. Bütövlükdə isə il ərzində aqroparklarda istehsal olunmuş kənd təsərrüfatı məhsullarının ümumi dəyəri 150 milyon manata yüksəlib. 

Bahalaşmanın səbəbləri

Son illərdə Azərbaycanda ət və ət məhsullarının qiymətində davamlı artım müşahidə olunur. Ənənəvi olaraq, ölkə əhalisinin qida rasionunda xüsusi yer tutan ətin bahalaşması həm sosial rifah səviyyəsinə, həm də ümumi inflyasiya göstəricilərinə mənfi təsir göstərir. Bəs bu prosesin əsas səbəbləri nədir və hansı həll yolları var?

Bu sualın cavabı, ilk növbədə, yerli istehsalın məhdud imkanlarının araşdırılması ilə üzə çıxır. Belə ki, respublikada  kənd təsərrüfatının mühüm sahələrindən biri maldarlıqdır. Lakin statistik rəqəmlər göstərir ki, artıq 10 ildir ki, iri malın sayında ciddi artım qeydə alınmır. Əhalinin artımı və istehlak tələbatı ilə müqayisədə yerli istehsal potensialı nisbətən zəifdir. Bu da bazarda təklifin azalmasına və qiymətlərin yüksəlməsinə səbəb olur.

Bu məsələdə yemin davamlı bahalaşması da ciddi narahatlıq doğurur. Belə ki, ətin maya dəyərinin 60 – 70 faizini heyvan yemi təşkil edir. Son illərdə həm dünyada, həm də Azərbaycanda yem məhsullarının qiymətində bahalaşma müşahidə edilir. Bu isə mal-qara saxlayan fermerlər üçün əlavə xərc yaradır. Məsələn, arpa, qarğıdalı və digər yem komponentlərinin idxaldan asılı olması onun maya dəyərini artırır və nəticədə ətin satış qiymətini bahalaşdırır.

Ət və ət məhsullarının idxaldan asılılığına gəldikdə isə qeyd edək ki, Azərbaycan onun bir hissəsini xaricdən alır. İdxal olunan məhsulların qiyməti isə dünya bazarındakı tendensiyalardan, nəqliyyat xərclərindən, valyuta məzənnəsindəki dəyişikliklərdən birbaşa asılıdır. Xüsusilə son illərdə logistika xərclərinin artması və valyuta bazarındakı dalğalanmalar bu sahədə qiymət təzyiqini daha da gücləndirir.

Sözügedən bahalaşmaya təsir göstərən amillərdən biri də inflyasiya və istehlak zənciri ilə əlaqədardır. Belə ki, ət məhsullarının bahalaşmasında ümumi inflyasiya mənfi rol oynayır. Əməkhaqqı fondu, daşınma xərcləri, enerji daşıyıcılarının qiyməti və digər zəncirvari xərclər nəticə etibarilə ərzaq bazarında özünü qabarıq büruzə verir. Belə ki, əgər 2020-ci illərdə ölkədə ümumi illik inflyasiya 2 – 3 faiz civarında idisə, 2022 – 2023-cü illərdə bu göstərici 10 faizi keçərək hazırda  ət bazarında sabitliyi pozan əsas amillər sırasında yer alır.  

Ət bazarında qiymətlərin artmasına təsir edən amillərdən biri də mövsümi tələbatdır. Xüsusilə Qurban bayramı və ya qış mövsümü ərəfəsində bazarda qiymətlər kəskin şəkildə yüksəlir. Təklifin məhdud, tələbin isə yüksək olduğu dövrlərdə qiymətlərin bahalaşması təbii hala çevrilir.

O da qeyd edilməlidir ki, kölgə iqtisadiyyatı və inhisarçılıq da ət bazarında bahalaşmaya təsirsiz ötüşmür. Ekspertlərin fikrincə, bazarda ətin bahalaşmasının digər bir səbəbi də inhisarçılıq və qeyri-rəsmi fəaliyyətlərdir. Bəzi iri topdan satış subyektlətin qiymətləri süni şəkildə qaldırması, şəffaf olmayan dövriyyə və kölgə iqtisadiyyatı bazar mexanizmlərinin normal fəaliyyətinə mane olur.

Əlbəttə, bu məsələdə sosial təsirlərin də mənfi rolu müşahidə edilir. Buna görə də   ətin bahalaşması yalnız iqtisadi deyil, həm də sosial problemdir. Əgər orta aylıq əməkhaqqı ilə müqayisədə ətin qiyməti sürətlə artırsa, bu, əhalinin alıcılıq qabiliyyətini zəiflədir. Nəticədə, ailələrin gündəlik qida rasionunda ətin payı azalır, bu isə uzunmüddətli perspektivdə sağlamlıq göstəricilərinə də mənfi təsir göstərir.  

Bəs çıxış yolları nədədir? 

Birincisi, yerli istehsalın artırılması – fermerlərə güzəştli kreditlər, subsidiya və texniki dəstəyin genişləndirilməsi;

İkincisi, yem bazasında diversifikasiya – yerli istehsalın artırılması, idxaldan asılılığın azaldılması;

Üçüncüsü, logistika və idxal siyasəti – gömrük rüsumlarının optimallaşdırılması, yeni tədarük marşrutlarının yaradılması;

Dördüncüsü,  şəffaf bazar mexanizmləri – inhisarçılığa qarşı mübarizə, qiymətlərin süni artırılmasının qarşısının alınması;

Nəhayət, ətin bahalaşmasının qarşısının alınmasında əsas vasitə iqtisadi sabitlik və inflyasiya ilə mübarizədir. Bu sahədə dövlətin makroiqtisadi siyasəti çərçivəsində qiymətlərin balanslaşdırılması xüsusi yer tutur.

Beləliklə, göründüyü kimi, Azərbaycanda ət və ət məhsullarının bahalaşması kompleks amillərin təsiri altında baş verir. Burada həm qlobal bazardakı dəyişikliklər, həm də daxili istehsal və idarəetmə mexanizmlərində  çatışmazlıqlar ciddi rol oynayır. Problemin həlli isə yalnız istehsal potensialının gücləndirilməsi və bazar şəffaflığının artırılması ilə mümkündür.

Ət bazarı rəqəmlərin dili ilə

Vurğulandığı kimi, ətin bahalaşması həm istehlakçıların gündəlik xərclərinə, həm də ölkənin inflyasiya göstəricilərinə ciddi təsir edir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin ilk yarısında ət və ət məhsullarının qiyməti əvvəlki ilin eyni dövrü ilə müqayisədə təxminən 15 – 18 faiz bahalaşıb. Bu artım ümumi ərzaq inflyasiyasını 12 faizdən yuxarı səviyyədə saxlayan əsas amillər sırasında qərarlaşıb.

Rəsmi statistikaya əsasən 2023-cü ildə Azərbaycanda iri malın sayı 2,7 milyon baş, xırda malın sayı isə 8,5 milyon baş olub. 2015-ci ildə isə bu rəqəmlər müvafiq olaraq 2,6 milyon və 8,2 milyon səviyyəsində qeydə alınıb. Yəni son 8 ildə ciddi artım müşahidə edilməyib. Halbuki ölkə əhalisinin sayı bu müddətdə 1 milyon nəfərdən çox yüksəlib.     

Əhalinin adambaşına illik ət istehlakı isə orta hesabla 32 – 35 kiloqram təşkil edir. Bu göstərici dünya üzrə orta istehlak (44 kiloqram) və Avropa İttifaqının göstəricilərindən (65 kiloqram) xeyli aşağıdır.

Təbii ki, yem bazarında bahalaşma da ətin qiymətinə təsirsiz ötüşmür. Belə ki, ətin maya dəyərinin əsas hissəsini heyvan yemi təşkil edir. Azərbaycanın yem istehsalında özünü təminetmə səviyyəsi isə cəmi 45 – 50 faiz  civarındadır. Yəni arpa, qarğıdalı və soya məhsullarının əhəmiyyətli hissəsi idxaldan asılıdır.

Beynəlxalq Qida Təşkilatının məlumatına görə, 2021 – 2023-cü illərdə dünyada qarğıdalının qiymətləri 40 faizdən çox artıb. Azərbaycanda isə 2024-cü ildə yem qarğıdalısının qiyməti 1 ton üçün orta hesabla 420 – 450 manat təşkil edib ki, bu da 2020-ci illə müqayisədə təxminən, 70 faiz yüksəlib. Bu artım birbaşa ət bazarına öz mənfi təsirini göstərir.

Azərbaycanın ət idxalı indiyədək əsasən Braziliya, Ukrayna və Rusiya bazarlarından təmin olunub. 2023-cü ildə ölkəyə 25 min ton mal əti idxal edilib. Dünya bazarında qiymət dəyişiklikləri və nəqliyyat xərclərinin artması isə ölkədaxili qiymətləri bahalaşdırıb. Məsələn, 2022-ci ildən sonra Qara dəniz bölgəsində logistikanın çətinləşməsi nəticəsində Braziliya və digər uzaq ölkələrdən gətirilən məhsulların daşınma xərcləri ən azı 2 dəfə çoxalıb. Bu da idxal olunan məhsulun qiymətini yüksəldib.  

Əlbəttə, inflyasiya amili də vəziyyəti bir qədər ağırlaşdırıb. Məsələn, ­Azərbaycan Mərkəzi Bankının açıqlamasına görə, 2024-cü ilin ilk yarısında ərzaq inflyasiyası, ümumilikdə, 12,4 faiz təşkil edib. Ət məhsulları isə bu göstəricini aşaraq ən yüksək bahalaşma tempini şərtləndirib.

Bu fikri müqayisə əsasında bir qədər də konkretləşdirib qeyd edə bilərik ki, Türkiyədə 2024-cü ilin ilk yarısında ət məhsullarının qiyməti illik müqayisədə 50 faizdən çox artıb. Gürcüstanda bu göstərici 18 faiz, Qazaxıstanda isə 14 faiz təşkil edib. Beləliklə, Azərbaycan regional baxımdan orta səviyyəli bahalaşma tempinə malikdir, lakin alıcılıq qabiliyyətinə görə qiymət artımı əhali üçün daha həssas görünür.

Qeyd edək ki, ölkədə ət məhsulları istehsalını yüksəltmək üçün damazlıq və genetik inkişaf məsələsi də diqqətdə saxlanılmalıdır. Bunun üçün respublikaya yüksək məhsuldar damazlıq cinslərinin gətirilməsi və yerli fermerlərə güzəştli şərtlərlə verilməsi gerçəkləşdirilməlidir. Süni mayalanma mərkəzləri genişləndirilməlidir. Yerli cinslərin məhsuldarlığının artırılması məqsədilə  seleksiya proqramları təşkil olunmalıdır.  

Kiçik və orta emal müəssisələrinin dəstəklənməsi sayəsində emal sənayesi də genişləndirilməlidir. Eyni zamanda kənd təsərrüfatı kooperativlərinin qurulması diqqətdə saxlanılmalı, kiçik fermerlərin birləşib bazara çıxış imkanları  artırılmalıdır. Daxili bazarda “Made in Azerbaijan” ət məhsullarına üstünlük verilməsi üçün təşviq kampaniyaları da genişləndirilməlidir.

Bundan başqa, infrastruktur və logistika sistemi müasirləşdirilməli və  bu sahənin inkişafına mühüm önəm verilməlidir. Məhsulun saxlanması ilə bağlı problemin həlli məqsədilə soyuducu anbar və logistik mərkəzlərin bölgələrdə yaradılmasına da ən mühüm amil kimi yanaşılmalıdır.      

Nəqliyyat və bazara çıxış xərclərinin azaldılması istiqamətində layihələr həyata keçirilməlidir. Eyni zamanda ixrac imkanlarının genişləndirilməsi üçün  halal sertifikatlaşdırmaya və beynəlxalq standartların tətbiqinə üstünlük verilməlidir. Ən yaxın bazarlara (əsasən Körfəz ölkələri, Orta Asiya, qonşu dövlətlər) ixracın təşviqi genişləndirilməlidir. Təbii ki, qanunvericilik və  nəzarət prinsipi də diqqətdə saxlanılmalı, qanunsuz kəsimlərin qarşısını almaq üçün nəzarət daha da gücləndirilməlidir. 

Yeri gəlmişkən, veterinar xidmətlərin modernləşdirilməsi və fermerlər üçün əlçatan edilməsi zəruridir. Bir sözlə, istehsalı artırmaq üçün fermerlərin maliyyələşdirilməsi, üstəgəl yem bazasının gücləndirilməsi, damazlıq heyvanların yetişdirilməsi, emal və ixrac imkanlarının genişləndirilməsi bir – birini tamamlamalıdır.

Akif NƏSİRLİ, 
Liberal İqtisadçılar Birliyinin sədri 

Ölkədə daxili tələbatın, təxminən, yarısı idxal hesabına ödənilir. Buna görə də idxalın azalması yerli bazarda ət qiymətlərinin artmasına səbəb ola bilər. Çünki idxal hazırda yerli istehsalın qarşılamadığı tələbi kompensasiya edir. Əgər qısa müddətdə idxala çıxış məhdudlaşarsa, yəni istər logistika, istərsə də tariflərlə bağlı səbəblər yaranarsa, bu, bazarda təklifin azalmasını və qiymət artımını şərtləndirər.   Belə olan halda isə idxalın azalmasını yerli istehsalın artması ilə əlaqələndirmək düz deyil.

Bu tendensiyanın ilk əlamətləri artıq 2025-ci ilin əvvəlindən müşahidə olunmağa başlayıb. Həm miqdar, həm də dəyər baxımından idxalda azalma gedir, bunun fonunda isə ətin bahalaşması baş verir. Yəni idxalın azalması yaxın perspektivdə qiymətlərə təzyiq göstərə bilər.

Uzunmüddətli həll yolu kimi yerli ət istehsalının gücləndirilməsi, idxal mənbələrinin şaxələndirilməsi (məsələn, Gürcüstan, Türkiyə və İran kimi qonşu ölkələrdən daha çox tədarük) və logistika sisteminin dayanıqlığının artırılması zəruri hesab olunur.

Ət idxalının strukturuna nəzər saldıqda, 2023-cü ildə idxal olunan ət və ət məhsulları arasında quş əti və onun qalıqları ümumi idxalın 53 faizini (təxminən, 46 milyon dollar), dondurulmuş mal əti isə 32 faizini (təxminən, 28 milyon dollar) təşkil edib. Digər məhsullar – donuz, qoyun və keçi əti, digər yağlar və s. isə cüzi paya malik olub.

Dondurulmuş mal əti üzrə 2023-cü ildə idxalın dəyəri 28 milyon dollar olub və bu kateqoriyada ən böyük tədarük Ukraynanın payına düşüb (64 faiz). Daha sonra isə bu sırada Hindistan (17,6 faiz), Braziliya (11,2 faiz), Belarus və Rusiya kimi ölkələr gəlir.

Ümumilikdə,  2023-cü ildə ət idxalının əsas mənbə ölkələri arasında Ukrayna 35 milyon dollarla (41 faiz) birinci yerdədir. Sonrakı sıralarda Rusiya (18,3 faiz və ya 15,8 milyon dollar), Braziliya (8,8 faiz və ya 7,63 milyon dollar), Gürcüstan (8,67 faiz və ya 7,52 milyon dollar), Belarus (8,59 faiz və ya 7,45 milyon dollar) və Hindistan (5,72 faiz və ya 4,96 milyon dollar) yer alır.  

Azərbaycanda ət məhsulları istehsalını stimullaşdırmaq üçün həm dövlət siyasəti, həm də bazar mexanizmləri əsas rol oynaya bilər. Mövcud vəziyyətdə əsas problemlər yem bazasının zəifliyi, məhsuldarlığın aşağı olması, yüksək idxal asılılığı və kiçik fermer təsərrüfatlarının zəif maliyyələşdirilməsidir. Bunları nəzərə alaraq, stimullaşdırma yollarını aşağıdakı kimi diqqətə çatdırmaq istərdim: 

– maliyyə və subsidiya dəstəyinin göstərilməsi;

– fermerlərə yem, texnika və damazlıq heyvan alışı üçün güzəştli kreditlərin verilməsi;   

– subsidiyaların differensial ayrılması – məhsuldarlığı yüksək olan və keyfiyyətli ət istehsal edən təsərrüfatlara daha çox dəstəyin verilməsi;  

– heyvan xəstəlikləri və itkiləri zamanı fermerin riskini azaltmaq üçün aqrar sığorta mexanizmlərinin genişləndirilməsi zəruri məsələlər kimi diqqətdə saxlanılmalıdır.

Bütün bunlarla bərabər, respublikada ət məhsulları istehsalını stimullaşdırmaq üçün yem bazasının gücləndirilməsinə, otlaq sahələrinin bərpası və düzgün idarə olunmasına əsas şərtlərdən biri kimi yanaşılmalı, yem istehsalının stimullaşdırılması (qarğıdalı, arpa, yonca və s.) kimi vacib məsələlərə xüsusi əhəmiyyət verilməlidir. Eyni zamanda, daxili istehsalın artırılmasına dəstək məqsədilə yem idxalına tətbiq edilən rüsumlar azaldılmalıdır.

Vaqif BAYRAMOV 
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 Sentyabr 2025 10:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see200

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see187

2025 ci ilin ən sülhsevər ölkəsi bu ölkə oldu

01 Sentyabr 2025 23:20see178

Putinin “təhlükəsizlik” mesajının gizli tərəfləri: Kreml rəhbərinin əsl hədəfi kimlərdir? KONKRET

01 Sentyabr 2025 17:32see172

Dövrün bəlası: xroniki yorğunluq sindromu

02 Sentyabr 2025 12:28see161

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see156

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see139

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see135

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see132

İranın Azərbaycandakı səfirliyinə bir neçə XATIRLATMA VİDEO

02 Sentyabr 2025 20:43see131

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see130

“Bu səfər ölkəmizin beynəlxalq mövqelərini gücləndirməsinə kömək olacaq”

02 Sentyabr 2025 09:30see129

“Pezeşkian ŞƏT sammitində fərqlənib: ABŞ dollarına qarşı “ağıllı gediş“ və gözlənilməz jest“ “Tasnim“ agentliyi

01 Sentyabr 2025 22:57see126

Fransanın Marsel şəhərində bıçaqlı hücum baş verib

03 Sentyabr 2025 00:00see125

Kraliça Kamillanı dabanlı ayaqqabısı xilas edib Maraqlı hadisə

02 Sentyabr 2025 04:45see124

Ramzan Kadırova qiyabi ittiham irəli sürülüb

02 Sentyabr 2025 10:42see124

Quehi “Liverpul” yolunda

01 Sentyabr 2025 18:56see123

Xaçmazın Palıdlı kəndində anidən şiddətli YANĞIN BAŞLAYIB FOTO

01 Sentyabr 2025 21:50see123

Britaniya Fələstin dövlətini tanıyacaq

01 Sentyabr 2025 22:52see121

“Tyançjin Bəyannaməsi” qəbul olunub ŞƏT bütün münaqişələri pislədi, amma...

01 Sentyabr 2025 14:46see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri