Əvvəl deyilirdi ki, raketlər Ukraynaya veriləcək, indi isə... ABŞ Kiyevə dəstəyi dayandırır?
Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.
Ukrayna Prezidenti Volodimir Zelenski və Amerika Prezidenti Donald Tramp arasında baş tutan görüş zamanı Tramp birbaşa və açıq şəkildə Zelenskiyə Kiyevin hələlik Vaşinqtondan uzaqmənzilli raketlər almayacağını açıqlayıb.
Redaktor.az-a danışan politoloq Zeynal Əmrəliyev bildirdi ki, Donald Trampla Rusiya Prezidenti Vladimir Putinin arasında bir telefon danışığı olub və Budapeştdə görüşün keçirilməsi gözlənilir:

"Görünür ki, Vladimir Putin Donald Trampı müəyyən məsələlərlə bağlı razı salmağı bacarıb ki, Tramp Ukrayna məsələsində bir müddət əvvəl sərgilədiyi mövqedən tamamilə fərqli mövqe sərgiləməyə başlayıb. "Tomahawk" raketlərinin verilməsi ilə bağlı məsələdə də Amerika Birləşmiş Ştatları artıq geri çəkilmə missiyasını həyata keçirir. Əvvəl deyilirdi ki, raketlər Ukraynaya veriləcək, indi isə deyirlər ki, bu raketlər ABŞ-nin özünə lazımdır və buna görə də Ukraynaya verilə bilməz. Bu, açıq şəkildə göstərir ki, Ukrayna məsələsində Amerika Birləşmiş Ştatları artıq tamamilə fərqli bir yöndə siyasət aparmağa başlayıb. Eyni zamanda Zelenskinin də yenidən Avropa ölkələri ilə yaxınlaşmasının şahidi oluruq. Bu yaxınlarda Ukrayna prezidentinin Avropa turuna çıxması ehtimalı da var. Artıq Amerika Birləşmiş Ştatlarının fərqli siyasət aparması Ukrayna tərəfində də nəzərə alınır".
Aytəkin TOFİQQIZI


