Icma.az
close
up
RU
Gərçək jurnalistikanın dəyərini kim qaytaracaq?

Gərçək jurnalistikanın dəyərini kim qaytaracaq?

Ayna portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dəyişməməli bir sərhəd var: jurnalistikanın alətləri yenilənməli, iş etikası əski qalmalıdır

Bir vaxt bilgi yaymaq çətin idi. Qəzet üçün mətbəə, televiziya üçün böyük texniki qurğu, radio üçün tezlik, bütün bunların arxasında isə redaksiya lazım idi. Jurnalistin qarşısında redaktor, redaktorun arxasında peşənin yazılmış və yazılmamış ölçüləri dayanırdı. O sistem qüsursuz deyildi. Amma jurnalist olmaqla sadəcə danışmaq arasında aydın bir sərhəd vardı.

Sonra internet gəldi və bilgi yayımçılığını inanılmaz dərəcədə asanlaşdırdı. Bu, insanlığın böyük qazanclarından biridir. Bilik əlçatan oldu, uzaqlar yaxınlaşdı, əvvəllər səsini geniş auditoriyaya çatdıra bilməyən insan danışmaq imkanı qazandı. Ardınca sosial media, indi isə süni intellekt bu imkanları daha da böyütdü.

Ancaq hər böyük texnoloji dəyişmə kimi bunun da yan təsirləri oldu. İnternet seli gəldi, özü ilə öncə çör-çöp də gətirdi. Sosial media əlaqə yaratdığı qədər ekran asılılığını, bilgi verdiyi qədər yanlış bilgini, yeni səslərə meydan açdığı qədər səs-küyü də böyütdü. UNESCO da rəqəmsal platformaların biliyə və ifadəyə çıxışı demokratikləşdirməklə yanaşı dezinformasiya, qütbləşmə və başqa sistemli risklər yaratdığını vurğulayır. Əsas dəyişiklik isə məncə, başqa yerdə baş verdi: internet jurnalistikanı öldürmədi, bilgi yayımçılığını jurnalistikadan ayırdı.

Bu gün telefonunu çıxarıb hadisəni çəkən insan onu jurnalistdən əvvəl milyonlara çatdıra bilər. Bunun ictimai dəyəri də ola bilər. Amma son illərdə geniş yayılan “vətəndaş jurnalistikası” anlayışı barədə bir sual verməliyik: hadisənin şahidi olmaq jurnalist olmaq üçün yetərlidirmi?

Məncə, yox. Çünki jurnalistika görüntünü yaymaqdan artıq bir şeydir. Jurnalist gördüyünü yoxlamalı, mənbəni araşdırmalı, qarşı tərəfi dinləməli, hadisəni səbəb və nəticələri ilə anlamalı, ictimai maraqla şəxsi marağı ayırmalı və ən əsası, yaydığı sözün məsuliyyətini daşımalıdır. Hər yayımçı jurnalist deyil, hər informasiya da jurnalistika deyil.

Sosial media bu fərqi daha da bulanıqlaşdırdı. Hamı danışmağa, göstərməyə, öyrətməyə başladı. Hamı görünmək, eşidilmək, duyulmaq, bəyənilmək, tanınmaq istəyir. Bunlar insani ehtiyaclardır. Yenilik ondadır ki, platforma iqtisadiyyatı bu ehtiyacları ölçülə bilən göstəricilərə - baxışa, bəyənməyə, paylaşıma, izləyiciyə, ekran qarşısında keçirilən vaxta çevirdi. Beləcə “nə dəyərlidir?” sualının yanına daha güclü bir sual gəldi: “nə diqqət çəkir?”

Bir format baxış gətirirsə, alqoritm onu önə çıxarır. Başqaları görür və yamsılayır. Eyni başlıq, eyni fikir, eyni davranış yüzlərlə hesabda təkrarlanır. Paylaşmağa yeni sözü olmayan belə, paylaşmağa davam edir. Bilgi istehsalı artır, amma yeni dəyər eyni sürətlə yaranmır. Biz informasiya qıtlığından çıxıb diqqət qıtlığına düşdük.

“Reuters Institute”in 2025-ci il araşdırması bunu media davranışında da göstərir: 48 bazarda sosial video ilə xəbər istehlakı 2020-ci ildəki 52 faizdən 2025-ci ildə 65 faizə yüksəlib və institusional jurnalistika getdikcə yaradıcılar, influenserlər və şəxsiyyət mərkəzli xəbər mühiti ilə rəqabət aparır.  “Pew”in ABŞ araşdırmasında isə xəbər influenserlərinin 77 faizinin xəbər təşkilatlarında keçmiş və ya indiki iş bağlantısı olmadığı müəyyənləşdirilib.

Problem həmin insanların danışması deyil. Problem nüfuzla məşhurluğun eyni şeymiş kimi ölçülməsidir. Alimlə özünü alim kimi göstərən, jurnalistlə informasiya dəllalı, düşüncə yaradıcısı ilə diqqət yaradıcısı eyni ekranda, eyni alqoritmin qarşısında yarışır. “Texnofeodalizm” adlandırılan mübahisəli yanaşmanın diqqət çəkdiyi məsələlərdən biri də bu güc münasibətidir: platformalar sadəcə meydan deyil, meydanda kimin görünəcəyini müəyyənləşdirən sistemlərdir. UNESCO hətta platforma alqoritmlərinin diqqəti tutmağa yönəlməsinin klikləri doğruluq və sübutdan üstün tuta biləcəyini ayrıca xəbərdarlıq kimi göstərir.

Bunun toplumun duyğusal sağlığına təsirini də düşünməliyik. Qorxu, qəzəb, qalmaqal və faciə diqqəti daha asan tutursa, diqqət uğrunda yarış bunların istehsalını da təşviq edə bilər. “Reuters Institute”in eyni araşdırmasında insanların 40 faizi xəbərlərdən bəzən və ya tez-tez yayındığını söyləyir; 2017-ci ildə bu göstərici 29 faiz idi.

Deməli, jurnalistin sualı yalnız “buna baxacaqlarmı?” olmamalıdır. Başqa bir sualı geri qaytarmalıyıq: Bunu niyə göstərirəm və bunun insana nə edəcəyini bilirəmmi?

Bütün bunların çözümü isə internetdən, sosial mediadan və süni intellektdən qaçmaq deyil. Əksinə, gərçək jurnalist yeni texnologiyanı informasiya dəllalından daha yaxşı bilməlidir. Alqoritmin necə işlədiyini çözməli, süni intellektdən yararlanmalı, rəqəmsal doğrulama vasitələrini, məlumat araşdırmasını, yeni görüntü və anlatım dilini öyrənməlidir. Çünki yeni çağın alətlərini bilməyən jurnalist doğru bilgi istehsal etsə belə, onu insanlara çatdırmaqda geri qala bilər.

Amma burada dəyişməməli bir sərhəd var: jurnalistikanın alətləri yenilənməli, iş etikası əski qalmalıdır. Peşəyə sayğı, biliyə sayğı, əməyə və həmkara sayğı əski qalmalıdır. Mənbəni yoxlamaq, doğru olmaq, səhv edəndə düzəltmək, başqasının əməyini öz adına çıxmamaq, ictimai marağı şəxsi qazancdan üstün tutmaq əski qalmalıdır.

Alqoritmi öyrənməliyik, amma alqoritmə çevrilməməliyik. Bununla belə, tək-tək yaxşı jurnalistlərin olması artıq yetmir. Əgər alqoritm şəbəkə təsirini mükafatlandırırsa, gərçək jurnalistlər də bir-birinin yaratdığı dəyəri görünən etməlidirlər. Yaxşı araşdırmanı paylaşmaq, dəyərli müsahibəni önə çıxarmaq, peşəkar həmkarın işini dəstəkləmək, istedadlı gəncin səsini böyütmək jurnalistikanın yeni çağdakı həmrəylik biçiminə çevrilməlidir.

Bu, bir-birimizin səhvini örtmək deyil. Əksinə, bir-birimizdən daha yüksək peşə ölçüsü tələb etməkdir. Rəqib ola bilərik, fərqli düşünə bilərik, bir-birimizi tənqid də edə bilərik. Amma jurnalistikanın dəyərinin qorunmasında tərəfdaş olmalıyıq.

Azərbaycan Jurnalistlər Birliyinin yeni çağdakı önəmli işlərindən biri də belə bir dəyər çevrəsi yaratmaq ola bilər: yeni alətləri birlikdə öyrənən, alqoritmləri çözən, təcrübəsini bölüşən, gəncləri yetişdirən və keyfiyyətli jurnalistikanı informasiya selinin içində görünən edən peşə şəbəkəsi. Çünki bilgi artıq qıt deyil, güvən qıtdır.

Bəlkə gələcəyin jurnalistikasının ən qiymətli məhsulu da artıq xəbər deyil, məhz güvəndir. İnsan bir jurnalistin imzasını görəndə yenidən “bunu o yazıbsa, deməli araşdırıb, yoxlayıb və sözünün arxasında dayanır” deyə bilməlidir. Bu güvəni nə keçmiş geri qaytaracaq, nə alqoritm, nə də yeni texnologiya. Gərçək jurnalistlər onu yeni çağın alətləri ilə, jurnalistikanın əski dəyərləri üzərində yenidən qurmalıdırlar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:88
embedMənbə:https://ayna.az
archiveBu xəbər 18 Avqust 2026 13:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see320

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see315

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see299

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see295

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see293

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see293

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see287

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see281

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see281

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see270

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see256

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see251

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see247

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see244

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see238

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see236

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see233

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see232

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see220

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri