Icma.az
close
up
RU
Görünməyən mübarizələr Şahanə Müşfiq yazır

Görünməyən mübarizələr Şahanə Müşfiq yazır

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İnsanları tanıdığımızı düşünürük. Hər gün ünsiyyətdə olduğumuz doğmalar, gördüyümüz üzlər, eşitdiyimiz səslər, salamlaşıb keçdiyimiz adamlar bizə tanış görünür. Amma bu tanışlığın nə qədər səthi olduğunu çox vaxt unuduruq. Çünki hər insanın içində, heç kimin görmədiyi, eşitmədiyi, hiss etmədiyi bir həyat var. O həyat isə bəzən ən çətin döyüşlərin - görünməyən mübarizələrin getdiyi yerdir.

Görünən dünya ilə görünməyən dünya arasında böyük fərq var. Biz insanların davranışlarını, reaksiyalarını görürük. Amma onların düşüncələrini, qorxularını, narahatlıqlarını, keçmişdən gətirdikləri yükü görə bilmirik. Elə buna görə də çox vaxt hökm verməyə tələsirik. Kiminəsə "soyuqdur", "laqeyddir", "kobuddur" deyirik. Türkiyəli qardaşlarımız bunun dildəki təsvirini çox gözəl tapıblar: "Önyarqı". Bəli, çox zaman bu önyarqı bizə qarşımızdakı insanı tam anlamağa maneə olur. Halbuki o insan bəlkə də içində yorğunluqla, ümidsizliklə, qorxu ilə, ya da bizim bilmədiyimiz hansısa başqa çətinliklə mübarizə aparır.

Hər kəsin həyatında elə anlar olur ki, onları başqaları ilə bölüşmək mümkün olmur. Bəzən insan öz dərdini sözə çevirə bilmir. Bəzən sadəcə danışmaq istəmir. Bəzən isə danışsa belə, qarşı tərəfin anlamayacağını düşünür. Bu zaman mübarizə daha da dərinləşir. Çünki insan təkcə problemin özü ilə yox, eyni zamanda anlaşılmamaq hissi ilə də mübarizə aparır.

Müasir dövrdə bu görünməyən mübarizələr daha da artıb. Çünki biz "görünmək" üzərində qurulmuş bir dünyada yaşayırıq. Sosial şəbəkələrdə hər kəs özünün ən yaxşı halını, xoşbəxt anlarını, uğurlarını, gülüşünü paylaşır. Amma çoxları gecə saatlarında yaşadığı narahatlığı, səbəbsiz kədərini, içindəki boşluğu göstərmir. Beləliklə, hamı başqalarının həyatını ideal görür, özünü isə natamam hiss edir. Bu da "özünü başqaları ilə müqayisə etmək" adlı yeni bir mübarizənin başlanğıcı olur.

Görünməyən mübarizələrin ən çətin tərəfi odur ki, onlar görünmədiyi üçün çox vaxt dəyərsiz qalır. Fiziki ağrı gözlə görünür, xəstəlik analizlərlə təsdiqlənir. Amma ruhun ağrısı nə ölçülə bilir, nə də sübut olunur. Ona görə də bir çox insan öz hisslərini gizlətməyə məcbur qalır. "Keçər", "özünü yorma", "hamıda var", "bir az da döz" kimi sözlər isə bu mübarizəni daha da ağırlaşdırır. Çünki insan başa düşülmək əvəzinə, kiçildildiyini hiss edir.

Bəzən ən güclü görünən insanlar ən çox yorulanlardır. Çünki onlar öz zəifliklərini gizlətməyi öyrəniblər. Onlar ağlamamağı, şikayət etməməyi, hər şeyin öhdəsindən tək gəlməyi özlərinə borc bilirlər. Amma insan nə qədər güclü olsa da, dəmir deyil. İçində yığılan hər şey bir gün ya səssizcə çöküşə səbəb olur, ya da gözlənilməyən bir anda vulkan püskürməsi kimi üzə çıxır. O isti lavalar isə hər kəsdən öncə elə özünü yandırır.

Görünməyən mübarizələr yalnız fərdi səviyyədə deyil, sosial səviyyədə də mövcuddur. İnsanlar cəmiyyətin gözləntilərinə uyğunlaşmaq üçün özlərini dəyişməyə çalışırlar. Nəticədə insan öz həqiqi kimliyi ilə cəmiyyətin ondan gözlədiyi kimlik arasında sıxılıb qalır. Bu da uzunmüddətli daxili gərginlik yaradır.

Ailə daxilində belə bu mübarizələr çox vaxt görünməz qalır. Eyni evdə yaşayan insanlar bir-birinin daxili dünyasında baş verənləri bilməyə bilər. Valideyn övladının, övlad valideynin, həyat yoldaşları isə bir-birinin daşıdığı yükü tam anlamaya bilər. Çünki hər kəs öz rolunu oynayır: güclü valideyn, məsuliyyətli övlad, anlayışlı həyat yoldaşı. Bu rolların arxasında isə bəzən yorğun, çaşqın, köməyə ehtiyacı olan insanlar gizlənir.

Görünməyən mübarizələrin bir səbəbi də zəif görünmək qorxusudur. Axı cəmiyyət çox vaxt zəifliyi qəbul etmir. Halbuki zəiflik də insan olmağın bir hissəsidir. Hiss etmək, yorulmaq, bəzən köməyə ehtiyac duymaq təbii haldır.

Bütün bunlara baxmayaraq, görünməyən mübarizələr təkcə mənfi bir anlayış deyil. Onlar eyni zamanda insanı formalaşdıran, gücləndirən, dərinləşdirən prosesdir. İnsan yaşadığı çətinliklər sayəsində daha anlayışlı, daha həssas, daha empatik olur. Öz ağrısını tanıyan insan başqasının ağrısını da daha yaxşı anlayır. Bu isə cəmiyyət üçün çox vacib bir keyfiyyətdir.

Bəlkə də bu mövzuda ən vacib məsələ anlayışdır. Biz hər kəsin bir mübarizə apardığını qəbul etsək, insanlara münasibətimiz dəyişər. Daha az mühakimə edər, daha çox anlamağa çalışarıq. Birinin kobud davranışının arxasında yorğunluq, səssizliyinin arxasında kədər, əsəbiliyinin arxasında qorxu ola biləcəyini düşünsək, münasibətlərimiz daha sağlam olar.

Bəzən bir insanın həyatında böyük dəyişiklik yaratmaq üçün çox şey lazım olmur. Sadəcə dinləmək, anlayış göstərmək kifayət edə bilər. Çünki görünməyən mübarizələrin ən ürküdücü tərəfi tək qalmaq hissidir. İnsan anlaşıldığını hiss etdikdə bu yük bir qədər yüngülləşir.

Hər insanın içində görünməyən bir dünya var. Elə bir dünya ki, orada ən çətin mübarizələr, ən ölümcül müharibələr gedir. Biz bu mübarizələri görməsək də, onların mövcud olduğunu qəbul etməliyik. Çünki anlayış, empatiya və diqqət bu görünməyən döyüşlərin ən böyük dəstəyidir. Bəlkə də növbəti dəfə kiminsə davranışına görə onu mühakimə etmək istəyəndə bir anlıq dayanıb düşünmək lazımdır: "Görəsən, o, hansı mübarizəni aparır?" Bu sualın cavabını bilməsək də, onu özlüyümüzdə sorğulamaq belə bizi daha yaxşı insan edə bilər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:194
embedMənbə:https://525.az
archiveBu xəbər 10 Aprel 2026 20:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri