Hatay yenidən doğulur “Əsrin fəlakəti”ndən sonra yeni bərpa modeli qurulub + FOTOLAR
Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Hatay valisi Mustafa Masatlı bu gün Azərbaycandan olan bir qrup media nümayəndələri ilə görüşüb.
O, görüş zamanı 6 fevral 2023-cü ildə Hatayda baş verən dəhşətli zəlzələdən sonra bölgədə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesi barədə ətraflı məlumat verib.
Vali bildirib ki, Hatay bu gün təkcə fiziki olaraq yenidən inşa edilmir, eyni zamanda sosial, iqtisadi və institusional baxımdan başdan-başa yenidən qurulur.
Masatlı çıxışında Hatayın tarixi kimliyinə xüsusi toxunaraq vurğulayıb ki, bu şəhər əsrlər boyunca saysız sınaqlardan keçsə də, hər dəfə tarixindən güc alaraq ayağa qalxmağı bacarıb. Onun sözlərinə görə, 6 fevral 2023-cü ildə baş verən və “əsrin fəlakəti” kimi tarixə düşən zəlzələ Hatayın üzləşdiyi ən ağır sınaqlardan biri olub. Bu fəlakət təkcə minlərlə binanın dağılması ilə deyil, eyni zamanda “coğrafiyanı dəyişən zəlzələ” anlayışının ədəbiyyata daxil olması ilə də yadda qalıb.
Vali Masatlı xatırladıb ki, zəlzələnin ilk günlərində Türkiyənin müxtəlif bölgələrindən, eləcə də xarici ölkələrdən, o cümlədən Azərbaycandan gələn yardım qrupları Hatayda böyük həmrəylik nümayiş etdiriblər. “Sizlərin həmin günlərdə bu torpaqlarda olaraq yaşanan ağrıya şahidlik etməyiniz bizim üçün ayrıca önəm daşıyır”, – deyə o bildirib.
Vali qeyd edib ki, zəlzələdən dərhal sonra Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyə dövləti tərəfindən dünyada analoqu olmayan miqyasda bərpa və yenidənqurma prosesi başladılıb. Bu prosesə bütün dövlət qurumları, yerli idarəetmə strukturları, vətəndaş cəmiyyəti, eləcə də beynəlxalq təşkilatlar və xarici dövlətlər cəlb olunub.
Masatlının sözlərinə görə, Hatay bu gün ayağa qalxmasının hekayəsini özü yazır və şəhərin taleyi yenidən formalaşdırılır. Artıq minlərlə ailə əvvəlkindən daha möhkəm zəmində, daha təhlükəsiz, daha planlı və müasir standartlara cavab verən yaşayış evlərinə köçürülüb. Yeni binalar zəlzələyə davamlılıq prinsipləri əsasında inşa olunur və şəhərsalma baxımından əvvəlki dövrlərlə müqayisədə daha sistemli yanaşma tətbiq edilir.
Vali Masatlı diqqətə çatdırıb ki, Hatayda yalnız üst infrastruktur – yaşayış binaları və ticarət obyektləri deyil, eyni zamanda alt infrastruktur da demək olar ki, yenidən inşa edilir. Su, kanalizasiya, elektrik, qaz və yol şəbəkələri müasir tələblərə uyğun şəkildə qurulur.
Vali Masatlı çıxışında xüsusi olaraq “Fəlakət Hatay modeli”nin əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, bu model təkcə böhran anlarında reaksiya verən deyil, sahəni düzgün oxuyan, insanı mərkəzə alan, qurumlararası koordinasiyanı təmin edən və gələcəyi planlaşdıran Türkiyəyə məxsus idarəetmə yanaşmasını əks etdirir.
“Hatay bu gün sadəcə yenidən tikilən bir şəhər deyil. Bu şəhər böhranlardan güclənərək çıxmağı bacaran dövlət ənənəsinin canlı yaddaşıdır”, – deyə vali bildirib.
O əlavə edib ki, dövlət burada yalnız inşa edən tərəf kimi deyil, eyni zamanda vətəndaşı dinləyən, anlayan və qərarvermə prosesinə daxil edən bir aktor kimi çıxış edir.
Masatlının fikrincə, Hatayda ortaya çıxan mənzərə onu göstərir ki, Türkiyə böyük fəlakətlər qarşısında təkcə yaralarını sarıyan ölkə deyil, eyni zamanda özünü yenidən dizayn edə bilən güclü dövlətdir. Bu proses Prezident Ərdoğanın rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı bərpa strategiyasının nəticəsi kimi dəyərləndirilir.
"AzPolitika.info"


Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 04 Fevral 2026 12:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















