“Hər şey yaxşı olacaq...” Səma qurbanlarının əziz xatirəsinə elegiya
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 25 dekabr, AZƏRTAC
Adi bir qış səhəri idi. Üfüq həmişəki kimi sökülmüşdü, günəş Xəzərin üstündən həmişəki kimi boylanırdı. İşə tələsən, səfərə tələsən, yola çıxan kim…
25 dekabr səhəri…
Yeni ilin nəfəsi duyulurdu. Ömrümüzə-günümüzə daha bir il qədəm basmağa hazırlaşırdı.
Təyyarə ilə Bakıdan Qroznıya uçan ürəyi arzularla dolu 62 nəfər sərnişin ... Onlardan 37 nəfəri Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı idi. Bir də, sərnişinləri mənzil başına çatdırmağa tələsən 5 heyət üzvü...
Hamısı yol üstə idi. Səfərə çıxmışdılar. Təyyarə ilə Xəzərin sahilindəki aeroportdan havaya qalxdılar.
Təmiz Bakı səması təyyarəni qoynuna aldı. “Hava gəmisi”ndəki sərnişinlərin hamısı planlarını götür-qoy edirdilər: hava limanında qarşılamağa gələnlərlə görüş, sonrakı günlərdə bayram məclisləri, Yeni il süfrələri, doğmalarla ünsiyyət, bayramdan sonrakı günlərin qayğıları...
Ancaq bunlar elə xəyal, arzu olaraq qaldı. Bu səfər “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin sərnişinləri üçün həyatlarının ən ağır səfəri oldu. Xəzərin üzəri ilə Qazaxıstana üz tutan təyyarə səmada dövr etməli oldu. Qroznı hava limanı onu qəbul etmədi. Təyyarə Aktau şəhəri yaxnlığında qəza enişi etdi.
“Embraer 190” təyyarəsinin cəsur heyət üzvləri hər şeyin yaxşılıqla qurtarması üçün mümkün olan hər şeyi etdilər. “Hamı sakit olsun!... Hamı kəmərləri bağlasın! Hörmətli sərnişinlər, hamı təlimata uyğun hərəkət etsin. Hər şey yaxşı olacaq” - deyən Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin məzunu, 33 yaşlı stüardessa Hökumə Əliyevanın ürək-dirək verən çağırışları, əyləşdiyi yerdə kəlmeyi-şəhadətini oxuyan sərnişinin səsi...
Yeni ili Qroznıda qızı ilə keçirməyə gedən Nərmin İgidova, Xətai rayonundakı 27 nömrəli məktəbin səkkizinci sinif şagirdi Məhəmmədəli Yeganov, işləmək üçün əmisinin yanına gedən ailənin yeganə oğul övladı, ixtisasca elektrik olan 27 yaşlı Qoşqar Sadıqov, Qusarın Suduroba kənd sakinləri 19 yaşlı Xədicə və 22 yaşlı Əli Əlimirzəyev bacı-qardaşları, Bakı Avrasiya Universitetinin tələbəsi 20 yaşlı Mahmud Tutunçiyev... Hər birinin sinəsi arzularla dolu 62 sərnişin… Həyat eşqi ilə çırpınan 62 ürək…
Təəssüf ki, həmin sərnişinlərdən 38 nəfəri üçün bu, sonuncu uçuş oldu. Təyyarə pilotlarının peşəkarlığı nəticəsində 26 nəfər sağ qaldı. Sağ qalan 12 soydaşımızdan 9-u müalicələrini davam etdirmək üçün Bakıya gətirildi. Vəziyyəti ağır olan 3 soydaşımız Aktaudakı xəstəxananın reanimasiya şöbəsində müalicə olunandan sonra geri qaytarıldılar.
Hadisədən sonra Prezident İlham Əliyevin dekabrın 29-da imzaladığı Sərəncam ilə Kşnyakin İqor İvanoviç, Kalyaninov Aleksandr Georgiyeviç, Əliyeva Hökumə Cəlil qızı “Azərbaycanın Milli Qəhrəmanı” adı ilə, Əsədov Zülfiqar Sərdar oğlu, Rəhimli Aydan Vaqif qızı 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif edildilər.
Qazaxıstan ərazisində qəzaya uğramış “Azərbaycan Hava Yolları” sərnişin aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində olan və xəsarət alanların hər birinə 20 min manat, vəfat edənlərin hər birinin ailəsinə isə 40 min manat kompensasiya ödənilməsi müəyyən edildi. Bununla yanaşı, bütün sərnişinlərə müvafiq sığorta ödənişi təyin olundu.
Həlak olan ekipaj üzvlərinin xatirəsinin əbədiləşdirilməsi məqsədilə ölkəmizdə müxtəlif qurumlar tərəfindən fərqli tədbirlər həyata keçirildi.
Bakı səmasından səmaya qalxan, Qroznıdan geri dönən, Aktauda yerə məcburi eniş edən təyyarə qazasından bir il ötür. İndi də xatırlayanda qandonduran, tükürpədici mənzərə göz önünə gəlir: təyyarənin içərisində mobil telefonla çəkilən son görüntülər, hadisədən sonra fuzilyajı param-parça olmuş, söndürülmüş təyyarə hissələri... Qəza yerində qalan tək idman ayaqqabısı, yarısı salamat qalmış gödəkçə, dağılmış geyim və yük əşyaları, sərnişin oturacaqları, yerə dağılmış karandaşlar...
Baş verən faciəli hadisəni xalqımız dekabrın 26-da matəm günü kimi qeyd etdi. Faciə nəticəsində həyatını itirənlərin xatirəsi ölkəmizin hər yerində dərin kədər və hüznlə yad olundu, qəzanın qurbanları ehtiramla xatırlandı.
Amansız taleyin Bakı səmasından Aktau şəhəri yaxınlığında Xəzərin sahillərinə aparıb əbədiyyətə qovuşdurduğu səma qurbanlarının xatirəsi yaddaşlarda unudulmaz iz buraxdı. Onların əziz xatirəsi həmişə yad ediləcək və heç vaxt unudulmayacaq.
Hər şey yaxşı olmasa da...
Baxış sayı:89
Bu xəbər 25 Dekabr 2025 10:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















