Huma quşu nun ümid töhfəsi
525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycanın istedadlı və vətənpərvər gənclərindən birinin - Humay Quliyevanın (1985-2021) xatirəsini yaşatmaq, xeyirxah fəaliyyətini davam etdirmək məqsədi ilə ailəsi tərəfindən təsis olunan "Huma quşu" Təhsilə Yardım Fondu 2022-ci ildən fəaliyyət göstərir. Bu müddət ərzində istedadlı, lakin kifayət qədər imkanı olmayan gənc oğlan və qızların ölkəmizdə və Azərbaycandan kənarda yüksək keyfiyyətli təhsilə cəlb etmək istiqamətində bir sıra işlər görülüb. Fondun prezidenti Humayın anası Şəhla Vəzirovadır. Onun və İdarə heyəti üzvlərinin birgə səyi ilə Fond aşkarlıq, şəffaflıq və kollegiallıq şəraitində fəaliyyət göstərir, istedadlı və bacarıqlı gənclərə maddi-mənəvi dəstək olmağa çalışır. Ölkəmizin populyar mətbu orqanlarından biri kimi tanınan, Azərbaycan, rus və ingilis dillərində nəşr olunan "Nərgiz" jurnalı bu il sentyabr sayında Şəhla xanımla Fondun yaranma tarixi, fəaliyyəti, iş prinsipləri və gələcəklə bağlı planları haqda geniş müsahibə dərc edib. Həmin müsahibənin mətnini "525" in oxucularına təqdim edirik.
- "Huma Quşu" Fondu hansı məqsədlə yaradılıb? Hədəfləri, prioritet istiqamətləri nədir?
- 2021-ci ilin mart ayında ailəmizə faciə üz verdi. Qızımız Humay Quliyevanı uzaq Kolumbiyada itirdik. Humay Beynəlxalq Qırmızı Xaç Komitəsində çalışırdı. Bu ölkənin Medellin şəhərində Komitənin mülki əhalinin müdafiəsi qrupunun rəhbəri idi. Bilikli, geniş dünyagörüşə malik, cəsarətli, vətənpərvər, həm də romantik təbiətli, macərasevər gənc idi. Ali təhsilini Türkiyənin Bilkent (bakalavr) və ABŞ-nin Kolumbiya universitetlərində (magistr) almışdı. Ailəmizin ən rəhmdil, ürəyiyumşaq - bir sözlə, ən humanist üzvü idi. Təbiətindəki bu xüsusiyyətlər də onu Beynəlxalq Qırmızı Xaç Komitəsinə gətirmişdi. Altı dildə sərbəst danışırdı, mürəkkəb vəziyyətlərdən baş çıxarırdı, insanlarla dil tapmaq qabiliyyətinə malik idi. Humay həmişə ailəmizin sevinc və nikbinlik qaynağı olmuşdu. Təbii ki, onu itirməyimiz həyatımızda yalnız böyük bir kədər deyil, həm də sonsuz bir boşluq yaratdı. Düşündük ki, belə parlaq ömür yolu, nəcib əməllər, xeyirxah niyyətlər yarıda qala bilməz. Humayın sevimli ifadəsi vardı. Deyirdi ki, "Sonda hər şey yaxşı olacaq. Hələ yaxşı deyilsə, deməli, son deyil". Qızımızın inandığı bu həqiqəti yaşatmaq üçün Humayın fəaliyyətini Humaysız davam etdirmək qərarına gəldik. Nəticədə Xeyriyyə fondu yaratmaq fikri meydana çıxdı. Humayın beynəlxalq təşkilatlarda çalışdığı dövrdə aldığı əmək haqqı bankların birində saxlanırdı. Onu bütünlüklə xeyriyyəçilik fəaliyyətinə yönəltməyi qərara aldıq. Humayın təhsilə, kitaba, biliklərə sevgisini nəzərə alıb təhsil sahəsini seçdik. Aztəminatlı ailələrdən olan istedadlı, bacarıqlı gənclərin ölkəmizdə və xaricdə təhsilinə dəstək verməyi qərara aldıq. Belə diqqət onlarda ümid yaradır, zəhmətlərinin hədər getmədiyinə, bacarıq və istedadlarının adekvat qiymət aldığına inandırır. Doğrusu, bu işi əvvəl yalnız qızlar üçün görmək istəyirdik. Sonra düşündük ki, gender bərabərliyi prinsipinə əməl edək, gənclər arasında fərq qoymayaq. Əsas meyar keyfiyyətli təhsilə can atan gənclərin maddi imkansızlığı, bir də onların istedadı, bacarığı, zəhmətsevərliyi olsun.

- Fond indiyə qədər hansı layihələri həyata keçirib? Hansı nəticələrə nail olub?
- Huma Quşu Təhsilə Yardım Fondu artıq üç ilə yaxındır ki, fəaliyyət göstərir. Bu müddət ərzində doqquz proqram üzərində işləmişik. İlk proqramımız İkinci Qarabağ müharibəsi iştirakçılarının informasiya texnologiyaları (İT) üzrə təhsilinə dəstək olub. Müasir dövrdə bu sahənin nə qədər vacib olduğunu hamı başa düşür. Müharibə alovlarından çıxmış gənclərin İT təhsilini maliyyələşdirərkən onların yüksək tələbat duyulan ixtisasa yiyələnib az da olsa, maraqlı, rahat və təminatlı həyat qura bilmələri amilini əsas götürdük. Digər proqram istedadlı tələbələrin çoxpilləli təhsilinə dəstək səciyyəsi daşıyır. Bu sahədə artıq müəyyən uğurlar var. Məsələn, üç ildən bəri Fondun maddi-mənəvi yardımı ilə Ankaranın Qazi universitetində tibb təhsili alan Ranal Qurbanov seçdiyi ixtisas üzrə Türkiyənin tibb tələbələri arasında ilk sıralara yüksəlib. Başqa bir təqaüdçümüz Əziz Pənah Almaniyanın Robert Şuman adına Ali Musiqi Məktəbində qaboy üzrə təhsil alır. Sevindirici haldır ki, tələbə olmasına baxmayaraq, bu yaxınlarda artıq Bavariya Dövlət Operasının orkestrinə işə qəbul edilib. Fondun ayırdığı təqaüdlə gənc soydaşımız Ayan Aslanova Almaniyada fortepiano üzrə təhsilini davam etdirir. Başqa bir proqramımız isə ADA universitetinin magistraturasında oxumaq istəyən gənclərə yardım məqsədi daşıyır. Həmin gənclərdən Bibixanım Səmədova iki ildir ki, burada magistratura təhsilini uğurla davam etdirir. Gələcəkdə elmi araşdırmalarla məşğul olmaq niyyətindədir. Qeyd etdiyim proqramın davamı kimi 2025-ci ildə "Humayın Təhsil ADA-sı" layihəsini həyata keçirməyə başlamışıq. Artıq üç nəfər gənc qız ölkəmizin bu seçkin ali məktəbində magistratura təhsili alacaqlar. Fond onların hər birinə 5000 manat qrant ayırıb. Həm də diqqətəlayiq haldır ki, gənc xanımlardan ikisi hazırda regionlarda, kənd məktəblərində müəllim kimi çalışır.
"Kiçik qrant" adlı proqram da uğurla davam etdirilir. Onun əsası 2023-cü ildə qoyulub. Layihə üzrə ildə iki dəfə - yaz və payız çağırışları, yaxud müsabiqələri keçirilir. Qaliblərə 2500 manat qrant ayrılır. Məbləğ ilk baxımdan böyük görünməsə də, bir sıra hallarda tələbələrin qarşılarına qoyduqları müəyyən məqsədlərə çatmasına ciddi dəstək olur. Bu amili nəzərə alaraq indi proqramın adını dəyişib "Humayın "Xəyaldan gerçəyə" proqram"ı qoymuşuq. İldə iki dəfə müsabiqə elan edirik. Namizədlərin sayı heç də az olmur. Bu il "Azercell"in maddi dəstəyi ilə Humayın "Qızların STEM-də yüksəlişi" layihəsini reallaşdırdıq. Əvvəlcə 5 nəfər qalibə qrant ayırmağı düşünürdük. Lakin müsabiqəyə qatılan bilikli, bacarıqlı, yüksək intellektual keyfiyyətlərə malik gənc qızlar o qədər çox oldu ki, təqaüdçülərin sayını iki dəfə artırmağı qərara aldıq. Yəni bu proqram üzrə 5 nəfərə deyil, 10 nəfərə 2500 manat həcmində qrant verdik. Odur ki, "Azercell"lə birlikdə Fond da eyni məbləğdə - 12500 manat vəsait ayırdı.
Biz həm də mentorluq proqramı həyata keçiririk. Tələbələrimizə seçdikləri ixtisas sahələri üzrə yardım göstərmək, lazımi istiqamət, yaxud məsləhət vermək məqsədi ilə mütəxəssisləri prosesə cəlb etmək qərarına gəldik. Bu məqsədlə sosial şəbəkələr vasitəsi ilə təcrübəli mütəxəssislərə üz tutub mentorluq proqramına qoşulmaları üçün çağırış etdik. İndiyə qədər artıq 50 nəfərə yaxın gəncə maddi dəstək göstərmişik. Maddi yardım öz yerində, biz onların hamısını həm də yüksək bilikli, təcrübəli və bacarıqlı mentorlarla təmin etmək istərdik.
Başqa bir maraqlı proqramımız Humayın "Cəsarət qrantı" adlanır. Bu qrant keyfiyyətli təhsil naminə çətinlikləri dəf edən, məqsədinə çatmaq üçün cəsarətli addımlar atan gənclərə təqdim edilir. Bu proqramın təsis ideyası Humayın 11 il əvvəl TEDx Bakıdakı "Cəsarətin vacibliyi" adlı geniş maraq doğuran çıxışından irəli gəlib. Humayın həyatı da biri-birindən cəsarətli addımlardan ibarət olub.

- Təqaüd proqramlarına əsas etibarı ilə kimlər müraciət edir? Hansı səbəblərdən bu proqramlara müraciət edirlər?
- Fondun saytında göstərilir ki, 16-35 yaş arasında Azərbaycan vətəndaşları bizə müraciət edə bilərlər. Təbii ki, akademik göstəricilər yüksək olmalıdır. Eyni zamanda hər ailə üzvünə 500 manat və daha az gəlir düşməlidir. Müraciət edənlər bakalavr, magistr və PhD pilləsində oxuyan, yaxud oxumaq istəyən gənclərdir.
Onların ehtiyacları müxtəlif olur: verdiyimiz vəsait bəzilərinə təhsil haqqını, bəzilərinə yaşayış xərclərini ödəməyə, yeni kompüter almağa, müxtəlif kurslara qatılmağa, sertifikatlar üçün imtahanlara girməyə, xaricdəki universitetlərə baş vurmağa, PhD tələbələri üçün müxtəlif konfranslarda iştiraka, məqalə və tezis çapına lazım olur. Məsələn, az müddət öncə tarix üzrə PhD təhsili alan Aişə Nərimanova adlı gəncin ABŞ-da təşkil olunmuş qrabar dili (qədim erməni dili) kurslarında iştirak etməsi üçün giriş vizası və təyyarə bileti almasına yardım göstərdik. Digər xərcləri isə dəvət edən tərəf ödədik.
Yaxud ötən il Harvard universitetinin təqaüdünü qazanmış Qəndab Məmmədovaya dəstək olduq. Məsələ belədir ki, tələbələrin həm də işləyərək təcrübə qazanmalarını əsas götürən universitet onlara proqramda nəzərdə tutulduğundan 3500 dollar az məbləğ ayırır və həmin vəsaiti təmin etməyi öz öhdələrinə buraxır. Qəndab Məmmədova birinci il hansı sahədə işləməyə çətinlik çəkdiyindən Fond pulu ödədi, bu yolla da onun yeni şəraitə adaptasiya olunmasına, təhsilinə daha çox diqqət yetirməsinə kömək etdi. O, həm "Kiçik qrant", həm də "Cəsarət qrantı" qazandı. Maraqlısı budur ki, Qəndab ailəsinin ilk ali təhsil alan üzvüdür.
- Təqaüdçülərin seçimi zamanı hansı meyarlara üstünlük verilir? Təqaüdçülər sırasına düşmək üçün sadəcə akademik göstəricilərin yüksək olması kifayətdirmi?
- Təqaüdçülərin seçimi bir neçə mərhələdən ibarətdir. İlk olaraq Fondun elektron ünvanına göndərilən sənədləri öyrənirik. Əgər sənədlər şərtlərə və tələblərə uyğundursa, o zaman sayt vasitəsi ilə göndərilən müraciətləri qiymətləndiririk. Bu işlə könüllülük prinsipi əsasında işləyən altı-yeddi nəfərlik ekspert qrupu məşğul olur. Ən yüksək bal toplayan ilk on iki nəfər müsahibəyə dəvət olunur. Müsahibə onlayn aparılır. Yekun qərar yalnız bu mərhələnin nəticələri əsasında çıxarılır. Kiməsə "çətin", yaxud "asan" sual verilmir, hamıdan eyni suallara cavab istənilir. Müsabiqə komissiyasının üzvləri hər bir iştirakçıya layiq bildiyi bal verir və sonda onlar tutuşdurularaq obyektiv orta qiymət müəyyən olunur.
Bizim üçün akademik göstəricələrlə bir sırada (bəlkə də onlardan daha artıq!) namizədlərin malik olduqları dəyərlər də vacibdir. Müsahibə zamanı verilən suallarla həmin dəyərləri aşkara çıxarmağa çalışırıq.
- Layihələrin icrasında tərəfdaş seçimini necə həyata keçirirsiniz? Bilmək istərdik: məsələn "Azercell"lə əməkdaşlığınız necə başladı?
- Fond təhsilə yardım məqsədi ilə təsis edildiyi üçün tərəfdaş seçimində ali məktəblərə üstünlük verilir. Elə ilk təqdimatı da ADA universitetində keçirdik. Bu həm də ictimaiyyət qarşısında ilk çıxışımız idi. Növbəti ildə isə yenə ADA-da "Bir ilin nəticələri" adlı hesabat tədbiri oldu. Sonrakı dövrdə "Xəzər", Slavyan, İqtisad, Pedaqoji universitetlərdə təqdimat mərasimləri təşkil etdik. Tədbirlərdən məqsəd tələbələri Fondun fəaliyyəti ilə tanış etmək idi. Eyni zamanda onların Fondun təqaüd proqramlarından fəal istifadələrinə kömək məqsədi daşıyırdı. Qeyd edim ki, interaktiv şəraitdə keçən təqdimat və görüşlər nəticəsində Fondumuza müraciət edənlərin sayı xeyli artıb. Oxşar təqdimat mərasimləri Azərbaycandan kənarda - Budapeşt və Vyanada da keçirilib. Əvvəla, hər iki şəhər Humayın həyatının müəyyən dövrü ilə bağlı olub. Digər tərəfdən, həm Budapeşt, həm də Vyana şəhərlərində çoxsaylı azərbaycanlı tələbələr təhsil alır. Şübhəsiz, Bakıda belə bir Fondun fəaliyyət göstərdiyini bilmək onlar üçün də maraqlı idi.

"Azercell"lə əməkdaşlığımız adi bir təsadüf nəticəsində başladı. Təsadüfən "Azercell"in "Həyatı daha dolğun edirik. Qadınlara dəstək proqramı" mövzulu elanı rastıma çıxdı. Elan bizə çox maraqlı, perspektivli göründü. Çünki dəqiq elmləri təşviq edirdi. Bu sahədə yaxşı nəticələr göstərmiş xeyli sayda gənc qızlar vardı. Fond olaraq "Azercell"ə müraciət etdik və həmin layihəni qazandıq. "Azercell"ə bağlı uğur hekayəmizin qısa məzmunu, yaxud tarixçəsi budur.
- Bu əməkdaşlıq çərçivəsində dəstəklənən "STEM-də qızlar" proqramı hansı məqsədi daşıyır? Ümumiyyətlə, STEM sahəsində qadınların iştirak və fəaliyyəti niyə bu dərəcədə aktualdır?
- Humayın "STEM-də qızların yüksəlişi" layihəsi gənc xanımlarımızı dəqiq elmlər, informasiya texnologiyaları ilə bağlı sahələrə yönəltmək məqsədi daşıyır. İndiyə qədər elə alınıb ki, Azərbaycanda İT sahəsində daha çox oğlanlar üstün mövqeyə malikdir. Biz bu disbalansı aradan qaldırmaq üçün qeyd etdiyim layihə üzərində işə başladıq. Yəni qızlarımızın riyazi təfəkkürünə və əqli potensialına bələd olduğumuz üçün onların haqlı mövqeyini özlərinə qaytarmaq istəyirik. İnformasiya texnologiyalarının sürətli inkişafı şəraitində digər məsələlərdə olduğu kimi, bu sahədə də gender bərabərliyi qorunmalıdır.
Halbuki indi hər yerdə vurğulanır ki, gələcəkdə insanların həyatında humanitar keyfiyyətlər daha yüksək qiymətləndiriləcək. Onların musiqi, ədəbiyyat, incəsənət sahələrindəki bacarıq və qabiliyyətləri ön plana çıxacaq.
- Təqaüd qazanmış gənclər haqda nə deyə bilərsiniz? İlkin nəticələr sizi qane edirmi?
- Təqaüd kollegial qərar əsasında verildiyindən təsadüfi adamların seçilməsi çətindir. Çünki bir nəfəri çaşdırmaq olar. Lakin 6-7 nəfəri yanlış fikrə salmaq mümkün deyil. Seçim müxtəlif sahələri təmsil edən ekspertlər tərəfindən aparılır. Onların çoxu Humayın yaxın dost, həmkar və rəfiqələridir. Humayı yaxşı tanıyırdılar. Bu işi də təmənnasız görürlər. Bir sözlə, yaxşıların yaxşısını seçməyə çalışırıq və güman edirəm ki, əksər hallarda buna nail oluruq. Təqaüd proqramının qalibləri yalnız seçdikləri ixtisas üzrə birinci deyillər. Onlar geniş bilik dairəsinə, əhatəli dünyagörüşünə, mütaliə mədəniyyətinə və analitik təfəkkürə malikdirlər. Mürəkkəb məsələlər barəsində sərbəst mühakimə yürütməyi, fikirlərinin arxasında dayanmağı bacarırlar. Vətənpərvər keyfiyyətləri, millət və xalq sevgisi ilə seçilirlər. Özlərini gələcəkdə ölkəmizin həyatına həsr etmək fikri ilə yaşayırlar. Ona görə də əminliklə deyə bilərəm ki, bəli, qane edirlər.
- "Huma Quşu" Fondu yaxın gələcəkdə hansı layihələri həyata keçirməyi planlaşdırır?
- Payızda Fondun Azərbaycan Tibb Universitetində təqdimatını keçirməyi düşünürük. Noyabrın 1-də Humayın "Xəyaldan gerçəyə" müsabiqəsinin payız çağırışını elan edəcəyik. Nəhayət, noyabrın 16-da, Humayın ad günü ərəfəsində Bakı Musiqi Akademiyasının Şövkət Məmmədova adına Opera Studiyasında ölkəmizin tanınmış incəsənət ustalarının iştirakı ilə böyük Xeyriyyə axşamı keçirməyə hazırlıq görürük. Bir il bundan əvvəl məşhur cazmen Salman Qəmbərov və Bakustik Yazz qrupunun iştirakı ilə belə bir Xeyriyyə axşamı Beynəlxalq Muğam Mərkəzində keçirildi. Qeyd edim ki, sənət adamlarımız bu tədbirlərdə təmənnasız iştirak edir, nəcib hərəkətləri ilə təhsilin inkişafına, istedadlı gənclərin arzularına çatmasına öz töhfələrini verirlər. Onlara dərin minnətdarlığımı bildirməklə bir sırada fürsətdən istifadə edib sizi və "Nərgiz" jurnalının çoxsaylı oxucularını noyabrın 16-da baş tutacaq Xeyriyyə axşamına dəvət etmək istərdim.


