İlham Əliyev missiyası
Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.
Azərbaycanda müstəqil dövlətçilik uğrunda mübarizə ideyası müxtəlif mərhələlərdən keçərək zaman-zaman inkişaf etmiş, nəhayət, XX əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin timsalında gerçəkləşdirilmişdir. Xüsusən, Azərbaycan XVIII əsrdə xanlıqlara parçalandıqdan sonra ayrı-ayrılıqda fəaliyyət göstərməklə mövcudluğunu itirmək qorxusu vahid milli dövlət ideyasını qüvvətləndirmişdir. XIX əsrdə çar Rusiyasının Azərbaycanı işğal etməsi ilə, müəyyən müqavimət hərəkatı olsa da, müstəqil dövlətçilik ideyası bir qədər arxa plana keçirilmişdir.
Nəhayət, Mirzə Fətəli Axundzadənin dram əsərlərinin və Həsən bəy Zərdabinin “Əkinçi” qəzetinin oyatdığı milli-mənəvi özünüdərk prosesləri ilə milli oyanış və azadlıq ideyaları yenidən ziyalı fikrinin gündəminə daxil olmuşdur. Lakin XX əsrin əvvəllərində müstəqil dövlətçiliyin formaları ətrafında fikir müxtəlifliyi olsa da, konfederativ, sosialist, demokratik respublika dövlət quruluşları ideyaları müzakirə mövzusuna çevrilsə də, nəhayət, Azərbaycan Xalq Cümhuriyyətinin timsalında müstəqil demokratik respublika ideyası qalib gəlmişdir. Təəssüf ki, 1917-ci ildə Rusiyadakı sosialist inqilabının qələbəsi ilə bolşevizm ideyası genişlənmiş, özünü fəhlə-kəndli hökuməti adlandıran sosialistlər aşağı kütlənin dəstəyini qazanaraq, XI qızıl ordunun köməyi ilə ölkəmizdə hakimiyyəti zəbt etmişlər. Beləliklə, Azərbaycanda 1920-1991-ci illərdə sovet hakimiyyəti ömür sürə bilmişdir.
XX əsrin yetmişinci illərindən etibarən Azərbaycanda yenidən milli azadlıq və müstəqil dövlətçilik ideyaları meydana çıxmış və tədricən genişlənmişdir. Müstəqil dövlətçilik tarixinin nadir hadisəsi kimi bu dəfə milli ziyalıların dövlət müstəqilliyi uğrunda apardığı mübarizə müxtəlif vasitələrlə sovet Azərbaycanının rəhbəri, görkəmli dövlət xadimi Heydər Əliyev tərəfindən dəstəklənmişdir. Daha doğrusu, təcrübəli dövlət xadimi Heydər Əliyev özü də milli azadlıq ideyalarını vətənpərvər ziyalıların mübarizəsinə şərait yaratmaqla həyata keçirmişdir. Məhz Heydər Əliyevin açdığı imkanlar hesabına XX əsrin yetmiş-səksəninci illərində Azərbaycanda vətənpərvərlik hərəkatı geniş miqyas almış, azərbaycançılıq təliminə çevrilmişdir. Ümummilli lider Heydər Əliyevin dövlət rəhbəri kimi həyata keçirdiyi məqsədyönlü tədbirlər, atdığı düşünülmüş addımlar respublikada milli düşüncəni dərinləşdirmiş, vətənpərvərlik ideyalarını azərbaycançılıq hərəkatı səviyyəsinə çatdırmışdır.
Azərbaycan dilinin dövlət dili kimi 1978-ci ildə Sovet Azərbaycanının Konstitusiyasında öz əksini tapması görkəmli dövlət xadimi Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı mühüm xidmətlərindən biridir. Çətin siyasi-ideoloji sistem daxilində milli ideyaların daşıyıcısı olan vətəndaş ziyalıların nəinki fəaliyyətinin dəstəklənməsi, hətta toxunulmazlığının təmin edilməsi işini sovet rəhbərləri arasında yalnız Heydər Əliyev həyata keçirməyi bacarmışdır. Ümummilli ideyaların əsas hərəkətverici vasitəsi olan elm, ədəbiyyat və incəsənətin inkişaf etdirilməsi Heydər Əliyevin azərbaycançılıq konsepsiyasının ana maddələridir. Eyni zamanda, azərbaycançılıq uğrunda mübarizədə millilik anlayışı ilə millətçilik psixologiyasını bir-birindən ayıraraq, lideri olduğu doğma xalqını sağlam vətənpərvərlik və müstəqil dövlətçilik ruhunda istiqamətləndirməsi də Heydər Əliyev dövlətçilik təliminin üstünlüyünün əyani təzahürüdür. Beləliklə, Heydər Əliyev Azərbaycan xalqını hələ sovet hakimiyyəti illərində müstəqil dövlətçilik uğrunda mübarizəyə hazırlamışdır. Milli dövlətçilik şüurunun inkişaf etdirilməsi baxımından keçmiş sovet respublikaları arasında Azərbaycan ən qabaqda olan bir respublika idi. Bir çox müttəfiq respublikalarda millilik deyil, radikal millətçilik baxışları ilə önə çıxmış qüvvələr son nəticədə separatçı adı ilə damğalandıqları halda, Azərbaycanda vətənpərvərlik, milli-mənəvi özünüdərk ideyaları ilə yetişmiş xalq dövlət müstəqilliyi uğrunda mübarizədə birləşə bilmişdir.
SSRİ-nin süqutundan sonra yeni müstəqil dövlətlərin qurulduğu illərdə hansı dövlət quruluşunun seçilməsi nəticəsində yenə də müxtəlif baxışların ideoloqları meydana çıxmış, onlardan hərəsi daxildən və xarici ölkələrdən dəstək tapa bilmişlər. Müstəqilliyin ilk illərində separatçılığın, radikal dinçiliyin, utopik turançılığın ideoloqlarından hərəsinin bir tərəfdən Azərbaycanı bölməyə, müxtəlif qüvvələrin vassalına çevirməyə doğru atdıqları addımların yaratdığı təhlükələr yaxın tarixi keçmişin acınacaqlı səhifələridir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin yenidən siyasi hakimiyyətə gəlməsi ilə ölkəmizi parçalamağa çalışan, dövlət müstəqilliyini itirməyə aparan bütün radikal və separatçı qüvvələrə birdəfəlik son qoyulmuşdur. Ona görə də Azərbaycan xalqı ölkəmizdə bazar iqtisadiyyatına əsaslanan hüquqi-demokratik dövlət quruluşunun bərqərar olması üçün görkəmli dövlət xadimi Heydər Əliyevə əbədi minnətdardır. Ulu öndər 1993-2003-cü illərdə Azərbaycanda müstəqil dövlətin siyasi-hüquqi və iqtisadi-mədəni təməllərini yaratmış, demokratik dövlət quruluşunu müəyyən etmiş, azərbaycançılıq ideologiyasını formalaşdırmışdır. Bütün bunlar Azərbaycanın dövlətçilik tarixinin Heydər Əliyev salnaməsinin pozulmaz səhifələri kimi əbədi yaşayacaqdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizin tarixində və taleyində, bu günündə və sabahında müstəsna dərəcədə böyük xidmətləri vardır. Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, İlham Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsi ilə ölkəmizdə siyasi varislik təmin olunmuş və beləliklə, heç bir separatçı qüvvəyə və ya demokratiya adı ilə xalqın və dövlətin üzərində eksperimentlər aparanlara nöqtə boyda olsa da, yer qalmamışdır.
İkincisi, Ulu öndərin Azərbaycan xalqına ünvanladığı tarixi müraciətdə deyildiyi kimi, görkəmli dövlət xadimi Heydər Əliyevin başladığı bütün işlər Prezident İlham Əliyev tərəfindən ən yüksək səviyyədə başa çatdırılmış və tamamlanmışdır. Bu, Azərbaycan xalqına və müstəqil Azərbaycan dövlətinə böyük fayda vermiş, ölkəni inamla irəliyə doğru aparmağa xidmət etmişdir. Böyük sərmayələr yatırılmış Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz layihələri kimi transmilli proqramların uğurla davam etdirilməsi iqtisadi böhrandan yenicə çıxmış ölkəmizi hər hansı bir yeni layihəyə sıfırdan sərmayə qoymaq riskindən xilas etmişdir. Prezident İlham Əliyevin apardığı düşünülmüş siyasi varislik siyasəti xalqımıza və dövlətimizə inkişaf edərək möhkəmlənmək üçün vaxt və maliyyə imkanları qazandırmışdır. Başqa respublikalarda hər gələn yeni iqtidarın özündən əvvəlki rəhbərliyin apardığı işlərin üstündən xətt çəkib, yenidən fəaliyyətə başlamaq oyunları Azərbaycanda keçərli olmamışdır. Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası möhkəm və etibarlı bünövrə olaraq qəbul edilmişdir.
Yeni epoxanın yeni lideri İlham Əliyev Heydər Əliyevin müstəqil dövlətçilik təlimini müasir dünyanın yeni çağırışları və ölkədaxili inkişafın özünəməxsus dinamikası əsasında daha da zənginləşdirərək inkişaf etdirmiş, yeni mərhələ səviyyəsinə çatdırmışdır. Bu mənada Prezident İlham Əliyev, sadəcə, davamçı deyildir, əksinə, möhkəm siyasi-ideoloji təməllərə, saslanan möhtəşəm başlanğıcdır. İlham Əliyev özünəqədərki siyasi-tarixi prosesləri tamamlamaqla yeni tarixi dövrə meydan açmışdır. Hətta Prezident İlham Əliyevin siyasətində yeni tarixi dövr anlayışı da müxtəlif mərhələləri əhatə edir. Fikrimizcə, Prezident İlham Əliyevin 2003-cü ildən başlanan yeni tarixi dövr epoxasını ən azı iki mühüm mərhələyə ayırmaq olar. Birinci mərhələ Azərbaycan Respublikasının Qarabağın işğalı altında olduğu illəri əhatə edir. Bu tarixi dövrün öz məqsədləri, idealları və çağırışları vardır. Prezident İlham Əliyev 2003-2020-ci illərdə daha çox qazanılmış atəşkəs fürsətindən ağıllı surətdə istifadə etməklə respublikamızda ordu quruculuğunu bacardıqca inkişaf etdirmiş, iqtisadiyyatın bütün sahələrində ciddi dönüşə nail olmuşdur.
II Qarabağ müharibəsi ərəfəsində Azərbaycanda ordu quruculuğunun inkişaf səviyyəsi dünyanın inkişaf etmiş ordularının səviyyəsinə qaldırılmışdır. Azərbaycan Respublikasının sosialyönlü və hərbi ağırlıqlı formatında qəbul olunan dövlət büdcəsi Ermənistanın büdcəsi ilə müqayisə edilməyəcək qədər bir neçə dəfə artmışdır. Ölkəmizin, sadəcə, hərbi xərclər ayrılmış büdcə vəsaiti Ermənistanın bütün sahələr üzrə büdcəsindən çox olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev beynəlxalq aləmdə də Qarabağ məsələsində ölkəmizin haqlı olduğunu isbat etmişdir. Vaxtilə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin keçdiyi “coğrafiya dərsi”nin üzərinə İlham Əliyev “tarix dərsi”ni də əlavə etməklə qəti şəkildə “Qarabağ Azərbaycandır!” devizini bütün dünyada dillər əzbərinə çevirmişdir. Bütün bunlar İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qələbə qazanacağına böyük inam yaratmışdır. Müzəffər Ali Baş Komandanın ali missiyası ona Ulu öndər tərəfindən əmanət olunmuş müstəqil Azərbaycanın işğal edilmiş torpaqlarını hansı yol ilə olursa olsun, geri qaytarmaq və ölkəmizin ərazi bütövlüyünü təmin etməkdən ibarət idi.
Müzəffər Ali Baş Komandanın Dəmir Yumruğu ətrafında birləşən Azərbaycan xalqı və qəhrəman ordumuz Qarabağ ərazisində ədaləti bərpa etməklə, müharibəni tarixi Zəfərlə başa çatdırmaqla, üzərinə düşən Ali Missiyanın əsas maddəsini yerinə yetirmişdir. Müqəddəs “Ata vəsiyyətini” və Müzəffər Ali Baş Komandan funksiyasını yüksək səviyyədə yerinə yetirən Prezident İlham Əliyevin 1752-ci ildə Pənahəli xanın saldığı tarixi Şuşa şəhərində qaldırdığı üçrəngli Azərbaycan bayrağı Qarabağda Zəfər müjdəsinin rəmzinə çevrilmişdir. İkinci Qarabağ – Vətən müharibəsi Müzəffər Ali Baş Komandanın sərkərdəlik və diplomatiya məharətini bütün dünyaya bəyan etmiş oldu. Ali Baş Komandan olaraq döyüş meydanında və ölkə rəhbəri kimi informasiya cəbhəsində göstərdiyi misilsiz məharət İlham Əliyevi Qalib xalqın Qalib lideri miqyasında bütün dünyaya tanıtmışdır. Son yarım əsrdən artıq bir müddətdə dünyada gedən müharibələrin hələlik heç birinin zəfərlə başa çatmadığını nəzərə alsaq, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan olaraq İlham Əliyev dünya ölkələrinin rəhbərləri arasında ədalətli müharibənin qalibi olaraq dünya rekordu qazanmışdır.
Bundan sonra 2023-cü ilin sentyabr ayında aparılmış bir günlük hərbi əməliyyat nəticəsində torpaqlarımızın bütövlükdə separatçı qüvvələrdən tamamilə təmizlənməsi ilə Azərbaycanın çoxəsrlik tarixi ərzində ilk dəfə olaraq Azərbaycanın ərazi bütövlüyü təmin olunmuşdur. Bu yüksək Ali Missiyanın yerinə yetirilməsi də Müzəffər Ali Komandanın – İlham Əliyevin tarixi zəfəridir. Beləliklə, Prezident İlham Əliyev Azərbaycanın əsas problemi olan Qarabağın işğaldan azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün təmin olunması kimi tarixi missiyaları şərəflə yerinə yetirmişdir. Bu, Azərbaycan xalqı qarşısında misilsiz tarixi xidmətdir. Bu, əslində, sözün böyük mənasında İlham Əliyevin Qarabağda yazdığı Zəfər tarixidir. Hazırda böyük sürətlə davam etdirilən Böyük Qayıdış hərəkatı da Azərbaycanın yeni tarixinin misilsiz hadisəsidir.
Müzəffər Ali Baş Komandan olaraq Qarabağda işğaldan azad etdiyi torpaqlara Prezident İlham Əliyev həyat nəfəsi bəxş edir. Böyük Qayıdış və məskunlaşma hərəkatı da Prezident İlham Əliyevin adı ilə bağlı olan zəfərlərdir. Prezident İlham Əliyev Böyük Qayıdış hərəkatının yaradıcısı və rəhbəri kimi də əsl liderlik nümunəsi göstərməkdə davam edir. Bu ali missiyanı da Azərbaycan Respublikasının Prezidenti uğurla həyata keçirməyin əsl nümunəsini göstərir. Prezident İlham Əliyevin 2025-ci ili Konstitusiya və Suverenlik İli elan etməsinin və uğurla başa vurmasının əsas səbəblərindən biri ölkəmizin ərazi bütövlüyünün artıq təmin olunması ilə əlaqədardır. Bu mənada Konstitusiya və Suverenlik İli Qalib xalqın Qalib lideri İlham Əliyevin apardığı uğurlu siyasətin, qazandığı böyük qələbələrin, həyata keçirdiyi şərəfli missiyaların təntənəsi deməkdir. Prezident İlham Əliyev bu təntənəni, bütövlük duyğusunu doğma xalqına yaşatmaqla xoşbəxt lider missiyasına da imza atmışdır. Nəhayət, 8 avqust 2025-ci il tarixdə Amerika Birləşmiş Ştatlarında, Vaşinqtonda, Ağ Evdə Prezident Donald Trampın şəxsən iştirakı ilə Azərbaycan-Ermənistan münaqişəsinə son qoyulmasının elan olunması, sülh müqaviləsinin müddəalarının paraflanması kimi Ali Missiyanı da Prezident İlham Əliyev Qalib lider olaraq gerçəkləşdirmişdir. Beləliklə, Qarabağın işğaldan azad edilməsindən sonra Prezident İlham Əliyevin fəaliyyətində yeni tarixi dövrün yeni mərhələsi başlanmışdır.
Hazırda Ermənistanla aparılan danışıqlar, atılmaqda davam edən düşünülmüş addımlar Sülh müqaviləsinə imza atmaq missiyasını da İlham Əliyevin həyata keçirəcəyinə tam inam yaradır. Bu fonda Zəngəzur dəhlizinin açılması da əlçatmaz hadisə deyildir. Heç şübhə yoxdur ki, Qarabağda işğala son qoyaraq Zəfər bayrağı ucaldan, ölkəmizin ərazi bütövlüyünü təmin etməklə Azərbaycan bayrağını Azərbaycan Respublikasının bütün ərazisində dalğalandıran İlham Əliyev üzərində üçrəngli bayrağımız sancılmış Azərbaycan qatarını da Zəngəzur dəhlizi ilə Bakıdan – Zəngilana və Naxçıvana, oradan da qardaş Türkiyəyə və Avropaya yola salaraq “yaxşı yol” deyəcəkdir.
Beləliklə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev XXI əsrdə Azərbaycan xalqı üçün və geniş mənada beynəlxalq aləm, dünya xalqları üçün zəruri və faydalı olan bir çox çətin, məsuliyyətli, lakin şərəfli Ali Missiyaları uğurla həyata keçirmişdir.
Prezident İlham Əliyevin 3 noyabr 2025-ci il tarixdə Azərbaycan Milli Elmlər Akademiyasına tarixi səfəri zamanı etdiyi dərinməzmunlu proqram xarakterli nitqində Azərbaycan elminin və Milli Elmlər Akademiyasının, Azərbaycan ziyalılarının qarşısında ölkəmizin inkişaf etdirilməsində elmin dəstəyini daha da qüvvətləndirmək vəzifəsini yerinə yetirmək vəzifəsini qoymuşdur. Müstəqil Azərbaycanın inkişaf etmiş yeni tarixi mərhələsində Azərbaycan dilinin sözün əsl mənasında doğma ana dili və qüdrətli dövlət dili statusunda ucada tutulması Prezidentimizin arzusu, xalqımızın qüruru, ziyalıların, tədqiqatçıların vəzifəsidir. Azərbaycanın yeni tarixini Prezident İlham Əliyevin yaratdığı yeni tarixi reallıqlar əsasında yenidən yazmaq, Qalib xalqın Zəfər tarixini yaratmaq Milli Elmlər Akademiyasının borcu və öhdəliyidir. Süni intellektdən və rəqəmsal hesablamalardan baş çıxarmaq, ölkəmizin kibertəhlükələrdən qorunmasının təmin edilməsinə töhfə vermək hər bir elm adamı üçün müstəqil Azərbaycan dövlətinin ziyalı əsgəri vəzifəsini yerinə yetirmək deməkdir.
Prezident İlham Əliyev yeni tarixi dövrdə lideri olduğu doğma xalqını belə yüksək səviyyədə, bu mərtəbədə görmək üçün hazırlayır və istiqamətləndirir. Bunlar isə Azərbaycanda yaxın dövrün vəzifələri və uzaq gələcəyin hədəfləridir. Dünya liderləri içərisində xüsusi yeri, böyük nüfuzu, ad-sanı olan Prezident İlham Əliyev təkcə öz xalqına yox, bütövlükdə dünyaya sülh, ədalət, zəfər, əməkdaşlıq, həmrəylik bəxş etmək yollarında qətiyyətlə irəliyə doğru addımlayan xoşbəxt liderdir. O, bu gün doğma xalqı ilə bir olmağın, ədalətli dünya ilə həmrəy olmağın xoşbəxtliyini yaşayır. Qarşıda isə Azərbaycan xalqının və bəşəriyyətin daha xoşbəxt gələcəyi naminə yeni tarixi dövrün lideri İlham Əliyevi daha şərəfli və məsuliyyətli missiyalar gözləyir. Bütövlükdə Azərbaycan xalqı, o cümlədən də Azərbaycan ziyalıları, Milli Elmlər Akademiyasının kollektivi Prezident İlham Əliyevin dönmədən, qətiyyətlə həyata keçirdiyi tarixi missiyaların mahiyyətini və əhəmiyyətini dərindən başa düşərək yüksək qiymətləndirir, bu şərəfli yollarda Qalib xalqın Qalib liderinə daha böyük uğurlar arzulayır.
İsa HƏBİBBƏYLİ,
AMEA-nın prezidenti, akademik
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:16
Bu xəbər 24 Dekabr 2025 11:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















