Icma.az
close
up
RU
İQTİSADİ BÖHRAN QAPIMIZI DÖYÜR! Dünya iqtisadiyyatı resesiyaya yaxınlaşır, bəs Azərbaycan?

İQTİSADİ BÖHRAN QAPIMIZI DÖYÜR! Dünya iqtisadiyyatı resesiyaya yaxınlaşır, bəs Azərbaycan?

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

Beynəlxalq Valyuta Fondu 2025-ci ilin oktyabr ayına olan qlobal iqtisadi tendensiyaların icmalını dərc edib. Rəqəmlər və proqnozlar heç də ürəkaçan deyil. Aparıcı iqtisadiyyatlar inkişaf tempində ciddi azalmalar göstərməkdədir. 

Çini çıxmaq şərtilə, böyük iqtisadiyyatların əksəriyyətində iqtisadi artım ya olduqca cüzidir, ya durğunluq səviyyəsindədir, ya da ümumiyyətlə azalmaya doğru gedir. Çinin özündə iqtisadi artım sürəti digərlərinə nisbətən yüksək olsa da, ciddi şəkildə yavaşlayır. Belə ki, Çində bu əsas makroiqtisadi göstərici keçən il 5%-dən bu il 4,8%-ə enib. 2026-cı ildə isə 4,2%-lik artım proqnozlaşdırılır. Son zamanlara qədər ikirəqəmli sürətlə böyüyən Çin üçün bu, ciddi həyəcan siqnalıdır. Baxmayaraq ki, Si Cinpin hələ 2020-ci ildə ölkə iqtisadiyyatını 2030-cu ilə qədər ikiqat artırmaq göstərişi vermişdi. Hazırkı durumda buna nail olunması olduqca problemli, hətta mümkünsüz görünür…

BVF-nin analitikləri qlobal artımın 2024-cü ildəki 3,3%-dən 2025-ci ildə 3,2%-ə və 2026-cı ildə 3,1%-ə kimi azalacağını proqnozlaşdırırlar. Lakin dünya iqtisadiyyatının aparıcı lokomotivlərinin durumu ortalama göstəricidən xeyli aşağıdır. Belə ki, aparıcı iqtisadiyyatlar keçən il 1,8%-lə müqayisədə bu il və gələn il cəmi 1,6% artacaq. Bu isə artım yox, resesiya deməkdir. Çünki 2 faizə qədər iqtisadi böyümə durğunluğa bərabər tutulur. ABŞ-nin özündə iqtisadi artımın əhəmiyyətli dərəcədə azalacağı gözlənilir: 2024-cü ildəki 2,8%-dən 2025-ci ildə 2% və 2026-cı ildə 2,1%-ə qədər.

Avropada vəziyyət daha acınacaqlıdır. Burada iqtisadi artım göstəricisi 2024-cü ildəki 0,9%-dən bu il 1,2%-ə qalxsa da, gələn il üçün 1,1% səviyyəsində proqnozlaşdırılır. Hətta Avropada ən yüksək artım göstərən İspaniyada belə, proqnoz 2024-cü ildəki 3,5%-dən bu il 2,9%-ə düşüb, 2026-cı ildə isə cəmi 2% proqnozlaşdırılır.

BVF analitikləri qeyd edirlər ki, Trampın tarif müharibəsi həyəcanverici gözləntilərin əksinə olaraq, hələ ki, qlobal iqtisadiyyata ciddi təsir göstərməyib, lakin perspektivdə əhəmiyyətli qeyri-müəyyənlik yaradıb. Bir sıra ölkələrdə, xüsusən də ABŞ-də sərt immiqrasiya siyasəti iqtisadi artıma mənfi təsir göstərə bilər. ABŞ-nin özü üçün işçi qüvvəsi çatışmazlığı son nəticədə ÜDM-in 0,3-0,5%-i itkisi ilə nəticələnir. Nəticədə immiqrantların işçi qüvvəsinin böyük hissəsini təşkil etdiyi tikinti, istehlak xidmətləri və kənd təsərrüfatı kimi bəzi sektorları digərlərinə nisbətən daha böyük inflyasiya təzyiqi ilə üzləşə bilər.

Potensial problemlərin digər mənbəyi ABŞ fond bazarında yüksək texnologiyalı şirkətlər və süni intellektlə bağlı yaşanan təlatümdür. Bu sahəyə G7 ölkələri böyük sərmayələr qoyur. Lakin bu investisiyalar gözlənilən gəlirləri verə bilməsə, ani və kəskin bazar korreksiyası baş verəcək ki, bu da əhəmiyyətli itkilərə səbəb ola bilər.

Dünya iqtisadiyyatındakı mənfi tendensiyaların Ukraynadakı müharibəni başlamaqla əsas səbəbkarlarından sayılan Rusiyanın özündə vəziyyət daha acınacaqlıdır. Belə ki, müdafiə sektoruna nəhəng investisiyalar qoyulması sayəsində ötən il iqtisadi artım sürəti 4,3%-ə çatan işğalçı ölkədə birdən-birə kəskin eniş yaşanmaqdadır. Belə ki, 2025-ci ildə iqtisadi artım 0,6%-ə enib. Gələn il üçün isə ən yaxşı halda, maksimum 1% nəzərdə tutulur.

Rusiyanın Milli Rifah Fondu artıq demək olar ki, “əriyib”, 300 milyard dollar faktiki müsadirə olunub, büdcəsində fantastik – 5 trilyonluq kəsir yaranıb və sair. Bu səbəbdən ölkədə vergilər artırılır, böyük şirkətlərlə yanaşı, orta və kiçik sahibkarlıq vergi tədbirlərilə sıxışdırılır, büdcəyə böyük məbləğdə cərimə proqnozları salınıb. Bununla da büdcə kəsirini azaltmağa və müharibəni maliyyələşdirməyə çalışırlar.

Gələk Azərbaycana. Təəssüf ki, Azərbaycan iqtisadiyyatında da Rusiyanınkına bənzər tendensiyalar müşahidə olunur. Bizdə də büdcəyə böyük məbləğdə cərimə proqnozları salınır, vergi güzəştləri ləğv olunur, sahibkarların vergi və gömrük xərcləri, problemləri artır. Bir sözlə, hökumətin iqtisadi bloku öz yarıtmaz fəaliyyətinin yükünü əhalinin, sahibkarın belinə yükləyir. Baxmayaraq ki, ölkəmiz Rusiyadan fərqli olaraq, möhtəşəm qələbəsindən sonra heç kimlə müharibə aparmır. Rusiya kimi 30 minə yaxın sanksiya altında deyil, işçi qüvvəsi sarıdan problemi yoxdur, ölkəmizin xarici borcu dünya üzrə qəbul olunan səviyyədən xeyli aşağıdır, Neft Fondunda 10 milyarlarla dollar vəsaiti var, zəngin təbii sərvətlərə və tranzit imkanlarına, turizm üçün möhtəşəm təbiətə və s. malikdir. Yəni, iqtisadi artım səviyyəsinə görə bütün dünyaya nümunə ola biləcək imkanlarımız var. Lakin xarici siyasət, hərbi və təhlükəsizlik sahəsində parlaq nümunə olan ölkəmiz iqtisadi sahədə yumşaq desək, “axsayır”…

Azərbaycan Maliyyə Nazirliyinin 2026-cı il dövlət büdcəsinin ilkin parametrləri və 2026–2029-cu illər üzrə makroiqtisadi göstəricilərinə nəzər yetirdikdə yaxın zamanda bizi yaxşı heç nə gözləmədiyi qənaəti yaranır. Hələ bunlar hökumətin optimist yanaşmasının göstəriciləridir, reallıq isə daha acınacaqlı ola bilər. Hökumətin 2026–2029-cu illər üzrə ÜDM artımı proqnozu belədir: 2026-cı ildə 2,9 %, 2027-ci ildə 3,3 %, 2028-ci ildə 3,1 %, 2029-cu ildə isə 4,8 %. Lakin əlbəttə ki, hətta bunlar da yumşaq desək, şişirdilmiş rəqəmlər və arzular aləminə səyahətdir. Çünki hökumət 2025-ci ildə də ÜDM artımını 3 % proqnozlaşdırmışdı, lakin real artım 1 faizin də altında olub. Bu reallıqdan çıxış etsək, deməli, heç nə dəyişməsə, növbəti illərdə də artım tempi 1 faiz civarında olacaq ki, bu da inkişaf yox, durğunluq, hətta geriləmədir.

2026-cı ilin büdcə proqnozlarına baxanda da vəziyyətin ürəkaçan olmadığını sezmək çətin deyil. Gələn il dövlət büdcəsinin gəlirləri 38 milyard 423 milyon manat proqnozlaşdırılır. Bu, 2025-ci illə müqayisədə cəmi 67 milyon manat və yaxud 0,2 % çoxdur. Son illərdə büdcə gəlirlərində bu qədər zəif artım olmamışdı. Eynilə də xərclər cəmi 0.3 faiz(141 milyon manat) artaraq 41 milyard 548,6 milyon manat proqnozlaşdırılır. Bunun adı “yerində saymaqdır”.

Onu da qeyd edək ki, hətta bu büdcənin özü də optimist proqnozlar əsasında hazırlanıb. Belə ki, Maliyyə Nazirliyi yaxın 4 il üçün büdcə parametrlərində neftin orta qiymətini 65 dollar götürür və hesablamalarını bu qiymətlə aparır. Lakin hər şey tamamilə fərqli ola, qiymətlər enə bilər. Yaxın illərdə neft qiymətlərinin ortalama 60 dollardan aşağı olması ehtimalı çox yüksəkdir. Büdcəmiz isə hökumətin iqtisadi blokunun “səyləri” nəticəsində hələ də birmənalı olaraq neft başda olmaqla, enerji daşıyıcılarından asılıdır. Qeyri-neft sektorunun xüsusi çəkisinə görə, qonşu Gürcüstandan, hətta Ermənistandan da qat-qat geri qalırıq. 2026–2029-cu il proqnozları isə göstərir ki, iqtisadiyyatımızda ciddi problemlər var və onlar getdikcə ağırlaşacaq.

Lakin bütün bunlar iqtisadiyyata sadəcə, mühasib gözü ilə baxan, heç bir elmi, kreativ, texnoloji yenilikləri, iqtisadi sərbəstliyi yaxın buraxmayan, məqsədi yalnız plan doldurub raport vermək olan hökumətin iqtisadi sektorunun vecinə də deyil.

İosif Stalin bir zamanlar deyirdi ki, hər bir problemin konkret adı və soyadı var. Bu, bizim ölkənin iqtisadiyyatına da aiddir. Uzun illərdir hökumətin iqtisadi blokunu idarə edənlər və orada təmsil olunanlar Azərbaycan iqtisadiyyatındakı problemlərin ad və soyadını daşıyırlar. Yəni, konkret məmurlar, nazirlər bu problemlərə görə öz adları, vəzifələri ilə ilk növbədə xalq, sonra isə parlament və Prezident qarşısında hesabat verməli, məsuliyyət daşımalıdır. Lakin biz bunu xüsusilə də xalqa münasibətdə görmürük. Bu nazirliklərin və nazirlərin mövcudluğu yalnız qiymət, cərimə, vergi artımı zamanı gündəmə gəlir. Məsuliyyət və hesabatlılıq indiki səviyyədə qaldıqca isə iqtisadi inkişafımız və güzaranımız da bundan artıq olmayacaq.

Elxan Qüdrətoğlu

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 16 Oktyabr 2025 14:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəzzada sülh yaxındır? ŞƏRH

15 Oktyabr 2025 15:34see344

Nəticələr Türkiyənin Suriyada möhkəmlənməsinə xidmət edəcək

16 Oktyabr 2025 10:26see264

Rusiya hakimiyyəti Vəfa Quluzadəni haqlı çıxardı KONKRET

16 Oktyabr 2025 15:04see245

İsrail də açıqladı: Qəzzada yenidən müharibə başlaya bilər!

16 Oktyabr 2025 00:55see176

“Mən onun nə istədiyini bilirəm”

15 Oktyabr 2025 00:45see146

Dövlət Departamenti: Tramp səkkiz ayda səkkiz müharibəyə son qoyub

15 Oktyabr 2025 00:49see141

Trampla Si Cinpinin görüş vaxtı artıq təyin olunub ABŞ rəsmisi

15 Oktyabr 2025 01:01see140

Tramp siyasi fəal Çarli Kirki ölümündən sonra Prezident Azadlıq Medalı ilə təltif edib

15 Oktyabr 2025 01:40see138

Yardımlının Şıxlar kəndində 4 şagird təhsilsiz qalıb? Rəsmi AÇIQLAMA

15 Oktyabr 2025 20:13see132

ABŞ nin Nyu York ştatında ilk dəfə çikunqunya qızdırmasına yoluxma aşkar edilib

16 Oktyabr 2025 00:33see128

Üçüncü Azərbaycan Milli Şəhərsalma Forumunun iştirakçıları Şuşa şəhərinə gəliblər

15 Oktyabr 2025 18:02see126

10 minədək taksinin icazəsi ləğv ediləcək? Video

16 Oktyabr 2025 07:03see125

Ağsuda yollar təmir ediləcək

16 Oktyabr 2025 14:54see124

Bu bürcün qadınları asan ram olmur

16 Oktyabr 2025 03:21see123

7 milyard ayrıldı, Ukraynada 500 sığınacaq qurulur

15 Oktyabr 2025 01:22see122

Şarm əl Şeyx sammiti: Yaxın Şərq üçün yeni tarix

15 Oktyabr 2025 12:20see122

ABŞ də şatdauna son qoymaq cəhdi növbəti dəfə nəticəsiz qaldı

15 Oktyabr 2025 04:46see121

Finlandiyalıların bir çoxu erkən pensiyaya çıxmaq arzusundadır

16 Oktyabr 2025 04:03see120

Leyla və Arzu Əliyeva beynəlxalq incəsənət sərgisinin açılışında FOTO

15 Oktyabr 2025 09:54see119

ABŞ Senatı respublikaçıların maliyyə qanun layihəsini səkkizinci dəfə rədd edib

15 Oktyabr 2025 03:14see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri