İran malları bahalaşacaq? Gərginliyin Azərbaycan bazarına təsiri və alternativ yollar
Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.
Çinarə Ağayeva
Biznes məsləhətçi
Son günlər İranda müşahidə olunan ictimai-siyasi gərginlik və dərinləşən iqtisadi problemlər region ölkələrinin bazarlarında narahatlıqlar doğurur. Xüsusilə Azərbaycan üçün bu məsələ aktualdır, çünki İran uzun illərdir ki, ölkəmizin əsas ticarət tərəfdaşlarından biri olaraq qalır. Bəs, İranda baş verən hadisələr Azərbaycan bazarına necə təsir göstərəcək? İran mallarının bahalaşması qaçılmazdır? İranda davam edən sosial narazılıqlar, milli valyutanın sürətli dəyərdən düşməsi, yüksək inflyasiya və beynəlxalq sanksiyalar iqtisadi sabitliyi xeyli zəiflədib. Daxili bazarda istehsal xərcləri artır, logistika və maliyyə əməliyyatları çətinləşir. Bu isə ixrac olunan malların maya dəyərinin yüksəlməsinə səbəb olur. Nəticədə İran istehsalçıları və ixracatçıları qiymətləri artırmaq məcburiyyətində qalır. Bu artım birbaşa idxalçı ölkələrin bazarlarına ötürülür.
Azərbaycan İrandan əsasən kənd təsərrüfatı məhsulları, meyvə-tərəvəz, quru meyvələr, bəzi ərzaq məhsulları və sənaye xammalı idxal edir. Bu məhsullar gündəlik istehlak səbətində mühüm paya malikdir. Azərbaycan ilə İran arasında ticarət dövriyyəsi 2024-cü ildə əvvəlki ilə nisbətən 25 faiz artaraq 647 milyon dollara çatıb. 2023-cü ildə bu göstərici 487 milyon dollar idi. 2025-ci ilin ilk 10 ayında isə ölkələr arasında 510 milyon dollarlıq ticarət dövriyyəsi qeydə alınıb. Azərbaycanın İrandan İdxalı558,7 milyon dollar təşkil edir. İran Azərbaycanın ən çox məhsul idxal etdiyi ölkələr siyahısında ilk 10-luqda, 9-cu yer) qərarlaşıb. Əsas idxal etdiyimiz mallar, kənd təsərrüfatı və ərzaqdır, 23-25 mln dollar dəyərində kərə yağı, süd məhsulları, meyvə-tərəvəz, xüsusilə kartof və sitrus meyvələri gətiririk. Sement, şüşə və şüşə məmulatları 22,5 mln. Dollar dəyərində tikinti materialları, keramik məmulatlar, 41 mln. Dollar dəyərində plastmass və ondan hazırlanan məmulatlar, 104 milyon dollar dəyərində qara qara metallar və onlardan hazırlanan məmulatlar idaxl edirik.
Mövcud gərginlik fonunda bir neçə əsas risk ön plana çıxır
Logistika xərclərinin və istehsal xərclərinin yüksəlməsi İran mallarının Azərbaycanda bahalaşmasına gətirib çıxara bilər. Sərhəd və tranzit proseslərində yaranan fasilələr bazarda müvəqqəti mal qıtlığı yarada bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz bazarında İran məhsullarının payı nəzərə alınarsa, qısa müddətdə qiymət dalğalanmaları artıq hiss olunmağa başlaya bilər.
İrandan idxal olunan kərə yağı, düyü, portağal, kartof, soğan və pendir kimi məhsullarda bahalaşma ehtimalı var. Azərbaycanın sement, şüşə və keramik məmulat tələbatının əhəmiyyətli hissəsi İrandan gəlir. İranda enerji və nəqliyyat xərclərinin artması bu materialların Bakı bazarlarında qiymətini 10-15% artıra bilər. Yuyucu vasitələr və təmizlik məhsulları bazarında İran məhsulları sərfəli alternativ kimi alıcılar tərəfindən dəyərləndirilirdi. İrandan idxalın azalması digər ölkələrdən gətirilən məhsulların qiymətini artıra billər.
Mövcud vəziyyət Azərbaycan sahibkarları üçün həm risk, həm də yeni imkanlar yaradır. Əsas çıxış yolu idxal mənbələrinin diversifikasiyasıdır. Bu ölkələrdən biri Türkiyədir. Bu, keyfiyyətli və stabil tədarük, logistika baxımından əlverişli bazar sayılır. MDB ölkələri də bəzi kənd təsərrüfatı məhsulları üçün uyğun alternativ bazar sayıla bilər. Sənaye malları və xammal üzrə perspektivli bazarlara gəlincə, Çin və Hindistanı qeyd etmək olar.
Bununla yanaşı, daxili istehsalın genişləndirilməsi də strateji əhəmiyyət daşıyır. Yerli fermerlərin və istehsalçıların dəstəklənməsi idxaldan asılılığı azalda və qiymət sabitliyinə töhfə verə bilər.
Maraqlıdır ki, İranla bağlı iqtisadi gərginliyin bazara təsiri dərhal deyil, adətən mərhələli şəkildə üzə çıxır. İlk mərhələdə bu təsir topdansatış bazarlarında hiss olunur, lakin pərakəndə satış qiymətlərinə keçməsi müəyyən zaman alır. İdxalçıların mövcud anbar ehtiyatları qısa müddətli təsirə malikdir və bu da qiymət artımını ləngidir. Lakin ehtiyatlar tükəndikcə yeni partiyalar artıq daha yüksək maya dəyəri ilə bazara daxil olur.
Digər tərəfdən, bazarda psixoloji faktor da az rol oynamır. Gərginliklə bağlı yayılan xəbərlər bəzən real çatışmazlıq yaranmamışdan əvvəl belə qiymət gözləntilərini dəyişir. Bu isə bəzi məhsullar üzrə süni bahalaşma riskini artırır. Məhz bu səbəbdən ekspertlər qiymət dəyişikliklərinə emosional deyil, real tədarük və tələb göstəriciləri əsasında yanaşmağı tövsiyə edirlər.
Qarşıdakı aylarda vəziyyətin necə inkişaf edəcəyi həm regional siyasi proseslərdən, həm də bazar iştirakçılarının davranışından asılı olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 17 Yanvar 2026 15:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















