Icma.az
close
up
RU
İrəvan mətbuatının məşhur imzası

İrəvan mətbuatının məşhur imzası

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Mirzə Cabbar Əsgərzadə Azərbaycan mətbuatının fədakar qələm ustadıdır 


XX əsrin əvvəllərində İrəvanda azərbaycanlı ədəbi simalar içərisində mətbuatla daha sıx əlaqəsi olan bir neçə sənətkardan biri də Mirzə Cabbar Əsgərzadədir. O, İrəvanda yaşadığı dövrdə, mətbuat aləminə gəldiyi ilk gündən ömrünün sonuna qədər təkcə Cənubi Qafqazda deyil, Yaxın Şərqdə çıxan mətbuat orqanları ilə əlaqə saxlayıb, bir sıra nəşrlərin, redaksiya heyətinin üzvü və İrəvanda təmsilçisi kimi fəaliyyət göstərib. 

Mətbuat səhifələrində cəmiyyətdə həlli vacib olan problemlərə dair davamlı bədii, publisistik yazılar nəşr etdirib. “Molla Nəsrəddin” jurnalında “Kəblədostu xala”, “Məhkəmə pişiyi”, “Gülgəz”, “Eşşək dağlayan”, “Zənbur” jurnalında “Qurbağa”, “Noxtalı”, “Lək-lək” jurnalında “Lək-lək”, “Hoş-hoş”, “C.Ə.zadə”, “Məlumat” qəzetində “C.Aciz”, “Şəlalə” jurnalında və “Tuti”də “Məhkəmə pişiyi”, “Babayi-Əmir” jurnalında “Müdir-Əyyar”, “Kəlniyyat” jurnalında “Molla haray”, “Yeni irşad” qəzetində “Cabbar” imzaları ilə çıxış edib. Cabbar Əsgərzadənin gizli imzaları və iştirak etdiyi mətbuat orqanları yuxarıda adlarını çəkdiklərimizlə bitmir. Onun İrəvanda yaşadığı dövr yaradıcılığının, xüsusilə də mətbuat fəaliyyətinin araşdırılmasına böyük ehtiyac var. Həmin dövrdə İrəvanda Azərbaycan ədəbi-mədəni, ictimai mühitində geniş fəaliyyət göstərib, yüzlərlə şeir, felyeton və məqalələr yazan Mirzə Cabbar Əsgərzadə maddi imkanlarının məhdudluğu üzündən hələ səmərəli fəaliyyət göstərə bilmədiyini dəfələrlə etiraf edib. Bu barədə onun 1913-cü ildə yaxın dostu Məmmədəli Sidqiyə yazdığı epistolyar nümunələrdə də rast gəlirik. Epistolyar nümunələrin birində (20 yanvar 1913-cü il) bir parça çörək qazanmaq xatirinə gah bənnalıq, gah da qəhvəçilik etdiyini bildirir.

İrəvan ziyalılarının, o cümlədən Mirzə Cabbar Əsgərzadənin müntəzəm çıxış etdiyi ədəbi jurnallar sırasında Bakıda nəşr edilən “Tuti” (1914-1917) jurnalını xüsusi qeyd etmək lazımdır. Azərbaycan jurnalistikası, ədəbiyyatı, ictimai fikir tarixində görkəmli yer tutan “Tuti”də Cabbar Əsgərzadənin gizli imzalarından əlavə “Cik-cik”, “Müsəlman qəbiristanlığı”, “Yatağan”, “Danaburan” və başqa imzalarla da İrəvandan yazılar dərc olunub. “Tuti” jurnalı səhifələrində Cabbar Əsgərzadənin Naxçıvan və Ordubad haqqında da felyetonlarına rast gəlirik.

Mirzə Cabbar Əsgərzadənin müdiri olduğu “Lək-lək”in səhifələrində olduğu kimi “Tuti” jurnalında Mirzə Ələkbər Sabirin satirik üslubuna bənzəyən xeyli şeirləri dərc olunub. “Tuti” jurnalının 1915-ci il 4-cü nömrəsində “Ər deyil” adı ilə çap olunan mənzumə Sabirin “Molla Nəsrəddin” jurnalının 26 aprel 1909-cu il sayında dərc edilən “Çatlayır Xan bacı, qəmdən ürəyim” sözləri ilə başlanan məşhur satirasını xatırladır.

Mirzə Cabbarın “Tuti” jurnalının 1915-ci ildə çap olunan 15-ci nömrəsində “Məhkəmə pişiyi” imzası ilə “İllər xəstəsi” adlı satirik şeiri tamamilə Əli Nəzminin “Evlənim, evlənməyim” şeirinin həm formaca, həm də məzmunca təsiri altında yazılıb. Əli Nəzmi köhnə adətləri tənqid atəşinə tuturdusa, Mirzə Cabbar “İllər xəstəsi” adlı şeirində isə savadsız ara həkimlərini, baş alıb gedən xəstəliklərin əhalini əldən salmasını, səhiyyə xidmətinin olmamasını kəskin yumorla ifadə edərək yazır:


Tuti, mənə eyləgilən mərhəmət,

Var ili həm ağrılıdır bədənim.

Yaz açılır, hansı olar məsləhət,

Qan aldırım, ya ki, zəli saldırım?

Gözlərimin suyu axır, dərdi var,

Çırpınaraq qəlbim olur biqərar.

Fırlanıyor başıma yer dər-divar,

Bilməyirəm indi zəli saldırım,

Ya ki gedib dəlləyə qan aldırım?

Göründüyü kimi, Mirzə Cabbar yeni ideoloji şəraitdə öz böyük potensialı, bədii-ekspressiv imkanlarından cəsarətlə və bacarıqla istifadə edir.

M.C.Əsgərzadənin “Tuti” jurnalının 1915-ci il 22-ci sayında Sabirin “Nə yazım” adlı şeirinin həm formaca, həm də məzmunca təsiri altında “Lövhə” adlı şeiri dərc olunub. Şeir Sabirə nəzirə səciyyəsi daşımasa da, burada şairin təsvir vasitələri, üslub və məzmun keyfiyyətləri qabarıq şəkildə özünü göstərir.


Bilmirəm yarəb yenə hardan, hayanlardan deyim,

Yeddi yerdən başlayım, ya asimanlardan deyim?

Başlayım ya İrəvanda tazə qətl-mətlidən,

Ya naçotnik, ya maçotnik, baş-bacağı ətlidən,

Ya deyim ərbab kimi qeyrətlidən, meyrətlidən,

Qalmasın bir kimsənə düzdən, yalanlardan deyim.

Qeyd edək ki, həmin dövrdə İrəvanda da satirik şeirə üstünlük verilirdi. Bu, o dövrdə “Molla Nəsrəddin”dən gələn təsir qüvvəsinin həmin ədəbi məktəbin ənənələrinin getdikcə şaxələndiyini və ətrafına daha çox ardıcıllar topladığını göstərir. Bu səpkili şeirlər həmin dövrdə həm öz mənasına, həm də ideya istiqamətinə görə çox böyük əhəmiyyət kəsb edirdi. İstər “Tuti”, istər “Molla Nəsrəddin”, istərsə də “Babayi-Əmir”də M.Cabbara məxsus olan şeirlərin mövzu dairəsi çox geniş idi. Bu baxımdan onu Mirzə Ələkbər Sabirin ləyaqətli xələfi saymaq olar. Belə ki, Mirzə Cabbarın mövzular silsiləsində dövrün bütün ictimai, iqtisadi, elmi, mədəni vəziyyəti və problemləri öz əksini tapıb. Mirzə Cabbarın yazdığı felyetonların mənası və siyasi istiqaməti bir daha onun mütərəqqi dünyagörüşə, kamil biliyə malik olduğunu göstərir. Mirzə Cabbarın bu sahədəki yaradıcılığında həm də dövrün inqilabi-demokratik mətbuatının təsiri də özünü göstərir.

M.C.Əsgərzadənin jurnal və qəzetlərdə çap etdirdiyi yazıların coğrafiyası çox geniş idi. Onun Azərbaycanın və Yaxın Şərqin bir sıra şəhərlərinə dair şeirləri və felyetonları vardır. Şair bu coğrafiyaların hər birinin mənzərəsinin təsvirini real boyalarla çox böyük sənətkarlıqla təsvir edə bilib.

Mirzə Cabbarın “Tuti” jurnalında “Noxtasız” imzası ilə çap etdiyi felyetonları daha maraqlıdır. Onun “İrəvanda” adlı felyetonunda bu bölgənin mürtəce şeyxləri, cahilləri istehzalı şəkildə tənqid olunur. Həmin yazılarda geriliyə qarşı mübarizəyə, etiraz etməyə olan eyhamlar daha çox diqqəti cəlb edir. Hətta onun bir sıra yazılarında istehza və rişxənd elementləri çox kəskin şəkildə özünü göstərir.

1915-ci ildə Bakıda Əliabbas Müznib Mütəllibzadənin redaktorluğu ilə nəşr edilən “Babayi-Əmir” jurnalında da İrəvan ziyalılarının və şairlərinin xeyli yazıları çap olunub. “Molla Nəsrəddin” ideyalarına sadiq bir jurnalda da satirik yazılar geniş yer tuturdu. “Babayi-Əmir” jurnalında müntəzəm iştirak edən İrəvan ziyalılarından biri də Mirzə Cabbar Əsgərzadə idi. “Babayi-Əmir” jurnalının 1915-ci il 13-cü nömrəsində M.C.Əsgərzadənin iki mənzuməsi çap olunub. Həmin yazıların birində İrəvan şəhərində ictimai asayişin olmadığını, insanların dincliyinin pozulduğunu, 1915-ci ildə ermənilərin tökdükləri qanları şeirində belə ifadə edir:


Baxırsan iki gündə bir qan olur,

Biri qatil və zibi-zindan olur.

Qapı bağlanır, xanə viran olur, 

Səfalət, rəzalət, fürəvan olur.

“Babayi-Əmir” jurnalını ardıcıl izlədikcə bu mətbu orqanda Mirzə Cabbarın “Məhkəmə pişiyi”, “Noxtasız” imzaları ilə çap etdirdiyi satiraların bədii cəhətdən kamil şeir nümunələri olduğunu görürük. “Babayi-Əmir” jurnalının 1916-cı ildə çıxan birinci nömrəsində M.C.Əsgərzadənin “İran səyahətindən bir nəbzə” adlı yazısı dərc olunub. Bu satira Mirzə Ələkbər Sabirin “Kiçik felyeton” adlı şeirinin təsiri altında yazılıb. Mirzə Ələkbər Sabirin bu şeirində ərbabın kəndliyə rəzil münasibətindən bəhs edilirsə, Mirzə Cabbarın həmin şeirində isə Cənubi Azərbaycanda bir müəllimin öz şagirdi ilə düzgün olmayan rəftarından bəhs edilir. Müəllif bu yazısında köhnə təlim-tərbiyə üsulunu, fiziki cəza tədbirlərini kəskin tənqid edir. 

Mirzə Cabbarın “Babayi-Əmir” jirnalının 1916-cı il 8-ci sayında çap olunan “Səbətə protest” adlı satirası Cəfər Cabbarlının həmin jurnalın 1916-cı ildəki 6-cı nömrəsində dərc olunmuş “İtil get” adlı şeirinin təsiri altında yazıldığını onun məzmun yaxınlığı da təsdiq edir. Hər iki şeirdə millətin tərəqqisi naminə çalışmayan, yalnız öz maraqlarını üstün tutan mürtəce ziyalılar tənqid edilir. Mirzə Cabbar Əsgərzadə “Babayi-Əmir” jurnalında da cəsarətlə çıxış edib. Onun “Babayi-Əmir” jurnalının 1915-ci ildəki 14-cü sayında “Məhkəmə pişiyi” imzası ilə dərc olunmuş “Qan eyləyir” adlı şeirində İrəvandakı hadisələr, soydaşlarımızın başına gətirilən faciələr poetik dillə ifadə olunur:

Mirzə Cabbarın bu səpkili şeirlərində İrəvanda azərbaycanlıların üzləşdiyi müsibətlərin əks-sədası kimi səslənən həmin bu poetik nümunələr olduqca əhəmiyyətlidir.

M.C.Əsgərzadənin 1912-1913-cü illərdə Bakıda nəşr olunan “Kəlniyyat” jurnalında da yazıları dərc olunub. “Kəlniyyat”ın səhifələrini də ardıcıl izlədikdə M.C.Əsgərzadənin burada dərc olunan yazılarında qadın hüquqsuzluğu, insanların elmə, təhsilə biganəliyi, əhalinin ağır həyatına dair söylədiyi təsirli fikirlərə rast gəlirik. “Kəlniyyat” jurnalının əməkdaşları müxtəlif məfkurə sahibləri olsalar da, bu mətbu orqan da “Molla Nəsrəddin” ənənələrinə sadiq qalmağa çalışıb. Bu jurnalın ətrafına toplaşmış Əliqulu Qəmküsar, Əli Razi Şəmçizadə, Salman Mümtaz kimi qələm sahibləri ilə bir sırada M.C.Əsgərzadə də səmərəli fəaliyyət göstərib.

Mirzə Ələkbər Sabir ədəbi məktəbinə mənsub olan M.C.Əsgərzadənin Bakıda Haşım bəy Vəzirovun naşirliyi və redaktorluğu ilə çıxan “Məzəli” jurnalında da mühüm sosioloji problemlərdən bəhs edən yazıları çap olunub. O, “Məzəli”də əsasən “Məhkəmə pişiyi” imzası ilə çap olunub. Başqa mətbuat orqanlarında olduğu kimi M.C.Əsgərzadənin “Məzəli” səhifələrində dərc olunmuş şeirləri də mövzu etibarı ilə rəngarəngdir. “Məzəli” jurnalının 1915-ci il 10-cu nömrəsində çıxan yazıda M.Cabbar soydaşlarımızın ağır həyatı barədə acı kədər hissi ilə danışaraq böyük imkana malik olan varlıların insafsızlığından söhbət açır.

M.C.Əsgərzadə “Füyuzat”, “Tartan-partan” jurnallarında çap etdirdiyi yazılarla da özünəməxsus yer tutub. Bu jurnallarda da o, gizli imzalarla çıxış edib.

M.C.Əsgərzadə “Zənbur” jurnalı səhifələrində də çap etdirdiyi yazılarında ifşa kəskinliyini qoruyub saxlamağa çalışıb. Həmin dövrdə İrəvanda Azərbaycan həyatının elə bir sahəsi yoxdur ki, Mirzə Cabbar öz satirik şeirlərində ona bu və ya digər dərəcədə toxunmasın. Xüsusilə cəmiyyət hadisələrinə qarşı yazılarda onun daha kəskin mövqe tutduğu qabarıq şəkildə özünü göstərir. Həmin dövrdə M.C.Əsgərzadənin şeirləri dövrün digər satirikləri Mirzə Ələkbər Sabir, Əli Nəzmi və başqalarının yaradıcılığı ilə səsləşirdi. Bu şeirlərdə kəskin satira ilə yanaşı qəm-qüssə, kədər motivləri də aydın sezilir. O, şeirlərlə yanaşı xeyli sayda məqalə və felyetonların müəllifidir ki, bu yazılarda dövrün ən aktual məsələlərinə toxunulub. Mirzə Cabbarın “İqbal” qəzetinin 1914-cü ildə nəşr olunan 719, 720, 721 və digər saylarında dərc etdirdiyi silsilə yazılarında klassiklərimizin əsərlərinin nəşri haqqında da yüksək fikirləri vardır. Bu məqalələr tariximizi, dövrün ictimai-siyasi proseslərini öyrənmək baxımından olduqca əhəmiyyətlidir.


Cəlal Allahverdiyev,

filologiya üzrə fəlsəfə doktoru, dosent

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://sherg.az
archiveBu xəbər 01 İyun 2025 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

KƏND HƏYATINDA UŞAQ SEVİNCİ... FOTOLAR

31 May 2025 23:11see133

“Vəfa” yenidən səhnədə

01 İyun 2025 01:08see130

Hakimlik haqda nəsə demək istəmirəm Elvin Cəfərquliyev

31 May 2025 22:58see130

Şəhərin mərkəzində atışma 2 ölü, 1 yaralı

01 İyun 2025 15:32see127

NASA və Harvard qurban seçildi Tramp nəyi dəyişmək istəyir?

31 May 2025 22:36see124

Mələksima Qumru quşu

01 İyun 2025 01:19see122

Cənubi Koreyada seçkilərə şok qərar: namizədlərdən biri geri çəkildi

01 İyun 2025 19:55see118

Cəzaçəkmə müəssisəsinin damı uçdu, məhkum xəsarət aldı

01 İyun 2025 22:14see117

Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib

02 İyun 2025 09:33see115

Ərdoğan İrana səsləndi, Poqosyan narahat oldu Fikirləşin, niyə?

02 İyun 2025 04:14see114

Gördük o “ekspertlərinizi”, 5 günə 1 sualı düz yaza bilməyiblər DİM ə ETİRAZ

02 İyun 2025 04:16see113

Niyə şorba ikinci gün daha dadlı olur? CAVAB

01 İyun 2025 13:21see113

Naxçıvanda aksiya çərçivəsində 300 dən çox uşaq tibbi müayinədən keçib

02 İyun 2025 00:25see113

Bəzi vitaminlərin çox qəbulu orqanizmə belə ziyan VURUR

02 İyun 2025 05:01see113

Bu şəxs Polşanın yeni prezidenti oldu

02 İyun 2025 07:11see113

Havalar isinir, amma qrip təhlükəsi artır nə etməli?

02 İyun 2025 01:01see113

Rusiya və Ukraynanı bir araya gətirmək üçün... Ərdoğan

31 May 2025 22:59see112

Azərbaycan özündən 4 dəfə balaca Antalyadan geridə qalır: Niyə? İqtisadçı

01 İyun 2025 08:02see112

Ağ Ev: ABŞ İrana nüvə proqramı ilə bağlı “məqbul təklif” təqdim edib

01 İyun 2025 07:07see112

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri