Kazino biznesi: yalnız əyləncə deyil, həm də iqtisadi fürsətdir...
Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Kazino biznesi dünya iqtisadiyyatının dinamik və gəlirli sahələrindən biridir. Qlobal miqyasda bu sektor yalnız əyləncə və turizm sahəsinin bir hissəsi deyil, eyni zamanda böyük vergi gəlirləri, yeni iş yerlərinin yaradılması və regionların iqtisadi dirçəlişi üçün mühüm vasitə kimi çıxış edir. Məsələn, ABŞ, Sinqapur, Monako kimi ölkələr kazino sənayesindən milyardlarla dollar gəlir əldə edir. Bu sahədə yüz minlərlə insan çalışır və geniş infrastrukturlar inkişaf etdirilir.
Milyardlarin tüğyan etdiyi biznes
Statistik göstəricilərə görə, qlobal kazino sənayesinin ümumi dövriyyəsi yarım trilyon dollardır və bu rəqəmin ilbəil artması proqnozlaşdırılır. 2023-cü ildə bazar 540 milyard dollar olub, 2024-cü ildə isə 580 milyard dollar yüksəlib. 2028-ci ilə qədər dövriyyənin həcminin 745 milyard dollara çatacağı proqnozlaşdırılır. Artımın əsas səbəbləri arasında qumarın leqallaşdırılması, sürətli urbanizasiya, sosial medianın rolu, yeni texnologiyaların istifadəsi, mobil qumar xidmətlərinin artması və kriptovalyutaların qumar əməliyyatlarında istifadəsi göstərilir.
Texnologiyanın inkişafı ilə birlikdə onlayn kazinoların da bazar payı ciddi şəkildə artır. Dövlətlər bu sahəni qadağan etmək əvəzinə şəffaf şəkildə tənzimləyərək həm iqtisadi fayda əldə edir, həm də sosial riskləri minimuma endirirlər. Bundan başqa, qeyri-rəsmi və nəzarətsiz şəkildə fəaliyyət göstərən mərc və qumar platformalarının artması göstərir ki, yerli bazarda bu sahəyə real tələbat mövcuddur. Lakin bu tələbatın qanunsuz müstəvidə deyil, hüquqi və tənzimlənən şəkildə yönləndirilməsi daha təhlükəsiz və gəlirli bir model təqdim edə bilər.
Dünya ölkələrinin uğurlu təcrübələri
Hazırda dünyanın bir çox ölkəsi kazinoları leqallaşdıraraq bu sektordan böyük iqtisadi fayda əldə edir. Leqallaşma təkcə dövlət gəlirlərinin artmasına deyil, həm də yeni iş yerlərinin yaradılmasına, turizmin inkişafına və kriminogen risklərin azalmasına xidmət edir.
2005-ci ildə Sinqapur hökuməti kazinoları leqallaşdırmaq qərarına gələndə bu, ölkədə böyük ictimai müzakirələrə səbəb olmuşdu. Amma bu qərarın nəticələri çox keçmədən özünü doğrultdu. 2010-cu ildə açılan Marina Bay Sands və Resorts Vorld Sentoza kimi inteqrasiya olunmuş kazino-rezortlar Sinqapurun turizm sənayesinə milyonlarla əlavə turist gətirdi. Bu gün Sinqapur illik 6 milyard dollardan çox kazino gəliri ilə dünya üzrə bu sahədə ilk beşlikdə yer alır. Kazino sənayesi turizmi 30 faizə qədər artırıb və minlərlə vətəndaşa iş imkanı yaradıb.
Cırtdan dövlətlərdən sayılan Monako kazino əsasında qurulmuş iqtisadi modeli ilə tanınır. Monte Karlo kazinosu artıq 150 ildən çoxdur ki, təkcə Avropanın deyil, dünyanın ən məşhur oyun mərkəzlərindən biridir. Monako hökuməti yerli vətəndaşların kazinolarda oynamasını qadağan etməklə sosial riskləri minimuma endirib. Turistlərdən gələn gəlirlər isə dövlətin əsas maliyyə mənbələrindən birinə çevrilib.

ABŞ-da kazino sektoru müxtəlif ştatlarda fərqli tənzimləmələrlə inkişaf edib. Las Veqas və Atlantik Siti bu sahənin simvollarına çevrilib. Hazırda ABŞ-da minlərlə kazino fəaliyyət göstərir. ABŞ hökuməti kazino sektorunun inkişafını nəzarət altında saxlamaq məqsədilə problemli qumarçılığı izləmək və qarşısını almaq üçün müvafiq qurumlar və proqramlar yaratmışdır. Bu qurumlar qumar asılılığının qarşısını almaq üçün profilaktik tədbirlər görür.
Avstraliya qumar və kazino sənayesinin tənzimlənməsində müsbət nəticələr əldə edib. Burada hər bir ştat öz qumar qanunlarını müəyyən edir. Avstraliya qumar xidmətlərini rəsmi şəkildə tənzimləyən və qumar asılılığının qarşısını almağa yönəlmiş çox sayda sosial məsuliyyət proqramı tətbiq edən ölkələrdəndir. Melburn və Sidney kimi böyük şəhərlərdəki kazinolar həm yerli əhalini, həm də turistləri cəlb edir. Avstraliyanın kazino sənayesinin əsas üstünlüklərindən biri ondan ibarətdir ki, qumar asılılığının qarşısını almaq üçün ciddi sosial proqramlar və tənzimləmələr tətbiq olunur. Məsələn, kazino ziyarətçilərinə özlərini istisna etmə (self-exclusion) imkanı verilir və hər bir oyunçunun fəaliyyətləri mütəmadi olaraq monitorinq edilir.
Böyük Britaniya da qumar sənayesini qanuniləşdirmiş və tənzimləyərək iqtisadiyyata ciddi faydalar təmin edib. 2005-ci ildə qəbul edilən "Qumar Qanunu" bu sahənin hüquqi çərçivəsini müəyyən edirr. Qanun kazinoların fəaliyyətini tənzimləyir, qumar oyunlarının şəffaflığını təmin edir və sosial məsuliyyət prinsiplərini irəli sürür. Londondakı böyük kazinolar dünya səviyyəsində tanınır və turist axınına səbəb olur.
Malta qumarın leqallaşdırılmasının və tənzimlənməsinin mükəmməl bir nümunəsidir. Malta həm onlayn, həm də fiziki kazinoları tənzimləyən və sosial məsuliyyət tədbirləri tətbiq edən ölkələrdəndir. Malta bu sahədəki uğurları ilə həm iqtisadi fayda əldə edir, həm də qumar asılılığının qarşısını almağa yönəlik sosial proqramlar həyata keçirir. Onun yüksək tənzimləmə səviyyəsi və sərfəli vergi siyasəti ölkəni qumar biznesinin mərkəzinə çevirib.
Cənubi Koreya da kazino sənayesini leqallaşdıran və iqtisadiyyata fayda təmin edən ölkələrdən biridir. 2000-ci ildə qazanc məqsədilə kazinoların fəaliyyətinə icazə verən Cənubi Koreya,bu sektoru həm daxili bazarda, həm də xarici turistlər üçün genişləndirib. Cənubi Koreyada, həmçinin qumar asılılığının qarşısını almaq üçün proqramlar mövcuddur. Dövlət qumar oyunlarına olan marağı izləyir və bu sahədə tənzimləyici tədbirlər həyata keçirir.
Azərbaycanda potensial: reallıq və perspektivlər
Azərbaycan da bu qlobal trendlər fonunda yeni iqtisadi alət kimi kazino sənayesini nəzərdən keçirə bilər. Çünki, hər il yüzlərlə Azərbaycan vətəndaşı Gürcüstan və digər ölkələrə kazino turizmi məqsədilə səfər edir və ölkədən böyük həcmdə vəsait çıxır.
Qeyri-leqal kazinolar nəzarətdən kənardadır, heç bir vergi ödəmir və həm iqtisadi, həm də sosial baxımdan ciddi risklər yaradır. Bu cür fəaliyyətlər kölgə iqtisadiyyatını gücləndirir, vəsaitlərin nəzarətsiz dövriyyəsinə şərait yaradır və ictimai təhlükəsizlik üçün təhdidə çevrilir.
Kazino sənayesinin leqallaşdırılması şəffaflığın artmasına, vergi bazasının genişlənməsinə və qeyri-qanuni fəaliyyətlərin azalmasına səbəb ola bilər.
Azərbaycanda kazino biznesinin inkişafı həm qlobal iqtisadi meyillərlə ayaqlaşmaq, həm də yerli iqtisadiyyata yeni nəfəs vermək baxımından böyük əhəmiyyət kəsb edir.
İlk növbədə, kazino biznesi vergi gəlirlərinin artırılmasına böyük təsir göstərir. Dünyanın bir çox inkişaf etmiş ölkələrində kazino sənayesindən əldə edilən vergi gəlirləri dövlət büdcəsinin mühüm tərkib hissəsini təşkil edir. Azərbaycanda da bu sahənin inkişafı dövlət büdcəsinə əlavə gəlirlər gətirə bilər. Kazino biznesinin leqallaşdırılması yüksək vergi dərəcələri ilə tənzimlənərək iqtisadiyyata ciddi şəkildə gəlir axını təmin edə bilər. Bu gəlirlər gələcəkdə sosial xidmətlərə, təhsil və səhiyyə sahələrinə yönəldilə bilər.
Yeni iş yerlərinin yaradılması üçün geniş imkanlar
Kazino biznesinin mühüm müsbət təsirlərindən biri də işsizlik probleminin azaldılmasına yönəlməsidir. Kazinoların fəaliyyətə başlaması ilə ölkədə bir çox yeni iş yerləri yaradılacaq. Bu sahə həm birbaşa, həm də dolaylı olaraq müxtəlif peşə sahələrində məşğulluq imkanları yaradır. Birbaşa iş yerlərinə kazino operatorları, oyun nəzarətçiləri, müştəri xidmətləri əməkdaşları, barmenlər, restoran işçiləri və təhlükəsizlik heyəti daxildir. Eyni zamanda, bu sahə dolaylı olaraq da geniş məşğulluq sahələri yaradır – məsələn, təchizatçılar, marketinq agentlikləri, logistika və təhlükəsizlik xidmətləri kimi sahələrdə çalışanlar üçün yeni imkanlar açılır.
Kazino biznesinin digər əhəmiyyətli təsiri isə turizm sektorunda müşahidə olunacaq. Azərbaycanın turizm potensialı son illərdə artsa da, bu sahənin daha da güclənməsi üçün yeni təşəbbüslərə ehtiyac var. Kazinoların fəaliyyəti ölkəyə gələn turistlərin sayının artmasına və turizm gəlirlərinin yüksəlməsinə səbəb olar.
Turizmin inkişafı öz növbəsində otel, restoran, nəqliyyat və əyləncə sahələrinin də canlanmasına şərait yaradır. Bu da ölkə üzrə daha çox iş yerinin açılmasına və yerli əhalinin gəlir imkanlarının genişlənməsinə səbəb olacaq. Eyni zamanda, kazino sənayesi xarici sərmayədarların da diqqətini cəlb edə bilər ki, bu da ölkəyə əlavə investisiya axını ilə nəticələnə bilər.
Kazino biznesinin inkişafı təkcə iri şəhərlərlə məhdudlaşmamalı, eyni zamanda Azərbaycanın müxtəlif bölgələrində də iqtisadi canlanmaya təkan verməlidir. Regionlarda kazino kurortlarının yaradılması həm yerli iqtisadiyyatın inkişafı, həm də ölkə üzrə iqtisadi tarazlığın qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
Xüsusilə Xəzər dənizi sahilində və ya dağlıq turistik bölgələrdə inşa ediləcək kazino mərkəzləri həmin ərazilərin potensialını daha da artırar, regiona sərmayə cəlb edər və yeni iş yerlərinin yaradılmasına səbəb olar. Belə kurortlar yalnız təbii gözəllikləri ilə turistləri cəlb etməklə kifayətlənməz, həm də yerli əhalinin həyat səviyyəsinin yüksəlməsinə, sosial rifahın artmasına səbəb olar.
Kazino ilə əlaqəli xidmət sahələrinin - otellər, restoranlar, nəqliyyat, əyləncə və təhlükəsizlik xidmətlərinin - inkişafı bölgələrdə məşğulluğun artmasına və iqtisadi dövriyyənin genişlənməsinə şərait yaradacaq. Beləliklə, kazino kurortları regionların inkişafına uzunmüddətli töhfə verə və onların sosial-iqtisadi strukturunu gücləndirə bilər.
Kazino sənayesi yüksək ixtisaslı kadrların hazırlanmasını və müxtəlif sahələr üzrə peşəkar bacarıqların inkişafını tələb edir. Bu sahənin inkişafı ölkədə təhsil və təlim imkanlarının genişlənməsinə səbəb olur. Kazino menecmenti, oyun dizaynı və müştəri xidmətləri kimi sahələr üzrə ixtisaslaşmış təhsil proqramları vasitəsilə gənclər strateji idarəetmə, maliyyə, liderlik və kommunikasiya bacarıqları qazanırlar.
Oyun dizaynı sahəsi isə texniki və yaradıcı bacarıqların sintezi ilə seçilir. Bu proqramlaşdırma, qrafik dizayn və oyun inkişafı üzrə yeni iş sahələrinin yaranmasına zəmin yaradır. Eyni zamanda, müştəri xidmətləri sahəsində çalışanlar müştəri ilə effektiv ünsiyyət qurma və problemləri çevik şəkildə həll etmə bacarıqlarını inkişaf etdirirlər.
Texnologiyanın inkişafı ilə qumar fəaliyyəti artıq fiziki məkandan onlayn məkana keçib. Onlayn kazinoların bazar payı sürətlə artır və bu, Azərbaycan üçün də strateji tənzimləmə tələb edir. Onlayn qumar platformaları üçün dövlət lisenziyası, yerli server tələbi və elektron identifikasiya mexanizmləri tətbiq edilə bilər. Eyni zamanda, bu platformalarda istifadə olunan kriptovalyutalarla əməliyyatlar üçün ayrıca hüquqi baza və vergi mexanizmi hazırlanmalıdır.
Beləliklə, kazino sənayesinin leqallaşdırılması və effektiv idarə olunması Azərbaycanın iqtisadiyyatında yeni artım nöqtəsi kimi çıxış edə bilər. Bu, yalnız dövlət büdcəsinə əlavə vergi gəlirləri deyil, eyni zamanda turizmin, infrastrukturun, təhsil və insan kapitalının inkişafı baxımından da əhəmiyyətlidir. Artıq bu sahəyə olan tələbatın mövcudluğu tənzimlənmiş kazino sektorunun formalaşdırılmasını zərurətə çevirir.
Modern Təhlil və Araşdırma Qrupu


