Kiçik sahibkarlara 5 illik vergi güzəşti
Icma.az, 525.az portalına istinadən məlumat yayır.
Məlum olduğu kimi, kiçik sahibkarlıq subyektləri üçün yeni güzəşt müəyyənləşir. Bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, kiçik sahibkarlıq subyekti kateqoriyasında ən azı iki il müddətində fəaliyyət göstərən, vergi borcu olmayan və əvvəlki ilə münasibətdə dövriyyəsi 30 faizdən çox azalmayan müvafiq sahibkarlıq subyektlərinə vergi ili üzrə əmək münasibətlərinin pozulmaması şərti ilə gəlir/mənfəət vergisi məbləğinin 25 faizi həcmində güzəştin 5 il müddətinə tətbiqi nəzərdə tutulur.
Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərlinin sözlərinə görə, qanunvericiliyə edilən dəyişiklikdən 10 min şəxs faydalanacaq: "Biznes mühitinin yaxşılaşdırılması və investisiyaların təşviqi istiqamətində olan dəyişikliklər mikro və kiçik sahibkarlığın dəstəklənməsini, vergi öhdəliklərinin vaxtında yerinə yetirilməsinin stimullaşdırılmasını əhatə edir. Layihədə kənd təsərrüfatında yeni vergitutma mexanizminin tətbiqi, ayrı-ayrı sektorların inkişafına yönəlmiş tədbirlər, eləcə də bir sıra vergi güzəştlərinin müddətinin uzadılması nəzərdə tutulur. Növbəti il üçün təklif olunan mühüm dəyişikliklərdən biri də mikro və kiçik sahibkarlığın inkişafının stimullaşdırılmasına, fəaliyyətlərinin dayanıqlılığının təmin edilməsinə və uzunmüddətli böyümə imkanlarının genişləndirilməsinə yönəlib".
Xidmət rəisinin sözlərinə görə, azı iki il kiçik sahibkar olan vergi ödəyicilərinə müəyyən şərtlərlə gəlir və ya mənfəət vergisi üzrə 5 illik güzəştin tətbiqi planlaşdırılır: "Hesablamalara əsasən, yalnız bu dəyişiklikdən təxminən 10 min vergi ödəyicisi faydalanacaq".
İqtisadçı ekspert Xalid Kərimli hesab edir ki, vergi yükünün azaldılması istənilən halda müsbət addımdır: "Bu, sahibkarların fəaliyyətini şəffaflaşdırmağa, vergidən yayınmaq meylini azaltmağa və sahibkarlığın inkişafına müsbət təsir göstərə bilər. Amma düşünmürəm ki, mənfəət vergisinin 20 faizdən 15 faizə endirilməsi çox ciddi dəyişikliklərə gətirib çıxaracaq. Yəni bu addımın sahibkarlıq mühitində köklü dəyişiklik yaradacağını güman etmirəm. Bununla belə, hökumət bu addımla kiçik sahibkarlara dəstək vermək istədiyini göstərir. Sahibkarlara daha az vergi ödəyəcəkləri mesajı verilir. Eyni zamanda, onların fəaliyyətinin şəffaflaşdırılması, gəlirlərinin və xərclərinin düzgün uçotunun aparılması üçün əlavə stimullar yaradılır. Məqsəd dövriyyənin gizlədilməsinin qarşısını almaq, vergi güzəştlərindən yararlanmaq istəyən sahibkarları fəaliyyətlərini qanunvericiliyə uyğun qurmağa, işçilərini rəsmiləşdirməyə təşviq etməkdir".
İqtisadçının sözlərinə görə, burada bir neçə mühüm şərt var: "Təkcə kiçik sahibkar statusuna malik olmaq güzəştdən yararlanmaq üçün kifayət etmir. Birinci şərt dövriyyənin əvvəlki illə müqayisədə 30 faiz və daha çox azalmamasıdır. Biznes fəaliyyətində dövriyyənin 10-15 faiz azalması baş verə bilər və bu, müəyyən mənada başadüşüləndir. Amma dövriyyənin 30 faizdən çox azalması bütün sahibkarlar üçün xarakterik ola bilməz. Güman edirəm ki, hökumət bu şərti dövriyyənin gizlədilməsinə meyli azaltmaq məqsədilə müəyyənləşdirib. Yəni sahibkar dövriyyəsini olduğundan az göstərməklə güzəştdən yararlanmağa çalışmasın. İkinci mühüm məqam əmək qanunvericiliyinin tələblərinə əməl olunması və vergi borcunun olmamasıdır. Bu o deməkdir ki, sahibkar güzəştdən yararlanmaq üçün işçilərini rəsmiləşdirməli, onların əmək hüquqlarını və qanunvericiliklə müəyyən edilmiş şərtləri pozmamalıdır. Əmək qanunvericiliyinin pozulmasına görə sanksiyaların tətbiqi də güzəştdən yararlanmağa mane ola bilər".
Yeni güzəştin ən böyük üstünlüyü onun ədalətli prinsipə əsaslanmasıdır. Dövlət ilk dəfə olaraq kiçik biznesə açıq mesaj verir: "Sən işçini rəsmi işlət, vergini vaxtında ödə, biznesini sabit saxla, mən də sənə güzəşt edim". Xüsusilə əmək münasibətlərinin pozulmaması şərti kiçik biznesdə rəsmiləşmənin artmasına səbəb olacaq. Artıq sahibkar üçün işçini rəsmi qeydiyyata almaq sadəcə öhdəlik deyil, həm də qazanc mənbəyinə çevrilir. Bu, həm işçinin sosial hüquqlarını qoruyacaq, həm də biznesin gələcəkdə daha böyük layihələrə çıxışını asanlaşdıracaq. Bu dəfə güzəşt 5 il müddətinə nəzərdə tutulur. Bu isə o deməkdir ki, sahibkar qənaət etdiyi vəsaiti inkişafa - yeni avadanlığa, yeni iş yerinə, yeni məhsula yönəldə biləcək. İqtisadçıların fikrincə, 5 illik proqnozlaşdırıla bilən güzəşt kiçik biznesin böyüməsinə birbaşa təsir edəcək
Xalid Kərimliyə görə, minlərlə müəssisə bu imkanı əldə edə bilər: "Çünki şərtlərdən biri də müəssisənin ən azı iki il kiçik sahibkarlıq subyekti kimi fəaliyyət göstərməsidir. Bu müddət ərzində fəaliyyət göstərən kifayət qədər müəssisə var. Təbii ki, onların güzəştdən yararlanması üçün vergi borcunun olmaması, fəaliyyət göstəricilərinin müəyyən edilmiş tələblərə uyğun gəlməsi və digər şərtlərə əməl etməsi vacibdir. Dövlət dövriyyənin 30 faizdən çox azalmaması şərtini də məhz vergi dövriyyəsinin gizlədilməsinin qarşısını almaq üçün müəyyənləşdirib. Belə güzəştlər sahibkarlar üçün əlavə stimuldur. Vergi yükünün nə qədər az olması arzuolunandırsa, digər tərəfdən dövlət büdcəsinin gəlirlərinin təmin edilməsi də vacibdir. Ona görə də hökumət zəruri hesab etdiyi sahələrdə və müəyyən müddət ərzində vergi güzəştləri tətbiq etməklə bu iki məqsəd arasında tarazlıq yaratmağa çalışır".
Bu iqtisadiyyata nə xeyir verəcək sualına gəlincə, ekspert bildirib ki, dövriyyəsi sabit qalan, vergi borcu olmayan şirkətlərin sayının artması bütövlükdə iqtisadiyyat üçün faydalıdır. Güzəşt sayəsində daha çox şirkət kölgə iqtisadiyyatından çıxacaq, daha çox işçi rəsmi əmək müqaviləsi ilə işləyəcək, büdcəyə daxilolmalar isə uzunmüddətli dövrdə daha sabit olacaq. 2 illik fəaliyyət tələbi də təsadüfi deyil. Bu, güzəştin real işləyən, bazarda özünü doğrultmuş bizneslərə getməsini təmin edir. Beləliklə, dövlət dəstəyi sadəcə kağız üzərində qalmır, həqiqi iqtisadi dəyər yaradanlara çatır.
Yeni güzəşt kiçik sahibkar üçün sadə bir mesajdır: dürüst işlə, böyü, dövlət də sənin yanında olacaq. Vergidə 25 faiz güzəşt kiçik görünə bilər, amma 5 ilə vuranda bu, bir sahibkar üçün yeni filial, yeni avadanlıq və ya bir neçə yeni iş yeri deməkdir. Məhz buna görə də bu təşəbbüs kiçik biznesin inkişafında yeni mərhələnin başlanğıcı hesab olunur".
Sevinc QARAYEVA
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 13 Noyabr 2026 19:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















