Kül altında köz qalan xalq: İranın oyanan yaddaşı ŞƏRH
Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.
İranda yenidən alovlanan etirazlar ölkənin siyasi nəbzinin hələ də sakitləşmədiyini göstərir. Etirazların miqyasının böyüməsi cəmiyyətdə uzun illər yığılıb qalan narazılıqların fəslinin dəyişmədiyini nümayiş etdirir.
Baş verən qarşıdurmalar İran hökumətinin əvvəlki illərdəki sərt taktikasından geri çəkilmədiyini bir daha ortaya qoydu. Tehran küçələri həm etirazçıların, həm də güc strukturlarının bir-biri ilə qarşı-qarşıya gəldiyi kritik bir məkana çevrilib. BMT İnsan Haqları Ofisinin açıqlamasına görə, yüzlərlə insanın öldürülməsi və minlərlə etirazçının saxlanılması durumun ciddiliyini təsdiq edir. Bu, İran hakimiyyətinin daxili legitimlik böhranını daha da kəskinləşdirən amillərdən biridir.
Etirazlarda güllə yaralanmalarının, xüsusilə də göz nahiyəsinə atəş açılmasının geniş yayılması repressiyanın nə qədər məqsədyönlü olduğunu göstərir. Bu, beynəlxalq medianın diqqətini İranın hüquq-mühafizə mexanizmlərinə yönəldib. "The Guardian" nəşrinin ortaya qoyduğu faktlar ölkədə insan hüquqlarının qorunmasının kritik səviyyədə olduğunu bir daha sübut etdi. Tehranın tibb müəssisələrinə üz tutan yüzlərlə yaralı dinc insanların hansı sərtliklə üzləşdiyini ortaya qoyur. İranın ədliyyə orqanlarının sürətli məhkəmələr və edam proseslərini işə salacağı barədə açıqlamalar isə vəziyyəti daha da gərginləşdirir. Bu, cəmiyyətə yönəlmiş psixoloji təzyiqin ən yüksək forması kimi xarakterizə olunur.
ABŞ-nin ardıcıl bəyanatları da regiondakı vəziyyətə beynəlxalq rəng qatdı. Donald Trampın “İran xalqına yardım yoldadır” mesajı Tehranda siyasi narahatlıq yaratdı. İran rəsmiləri bu çağırışları ölkənin daxili işlərinə müdaxilə kimi qiymətləndirir. Hökumətin ritorikası radikallaşdıqca etirazçıların da motivasiyası güclənir. Çünki xarici təzyiq Tehran üçün həm təhlükə, həm də daxili auditoriyaya yönəlik təbliğat vasitəsidir. Amma buna baxmayaraq, ölkədə narazılığın kökü sosial-iqtisadi böhrandan və uzun illər toxunulmamış demokratik tələblərdən qaynaqlanır.
İran iqtisadiyyatı sanksiyaların, inflyasiyanın və işsizliyin içində çöküb. Bu, əhalinin narazılığını həm sosial, həm də ideoloji müstəviyə daşıyır. Gənc nəsil hakimiyyətin dəyərlər sistemi ilə barışmır və dəyişiklik tələb edir. İnternet məhdudiyyətləri, informasiya blokadası və senzura belə bu dəyişikliyi ləngitmir. Əksinə, informasiya dövründə bu cür müdaxilələr narazılığı daha da gücləndirir.
Siyasi elita isə parçalanma əlamətləri göstərməyə başlayıb. Bəzi deputatların narazılıqları etiraf etməsi daxildə fikir ayrılığının böyüdüyünü təsdiqləyir. Bu, hakimiyyət piramidasında dayanıqlığın zəiflədiyini göstərən önəmli siqnaldır. İran daxilində həm sosial, həm siyasi, həm də ideoloji qütbləşmə dərinləşməkdə davam edir. Bu, potensial olaraq ölkənin siyasi sistemində transformasiya üçün zəmin yaradır.
Etirazların davam etməsi region üçün riskləri artırır. İranın sərhədlərindən kənara sızan gərginlik Yaxın Şərqdə onsuz da tarazlığı pozulmuş təhlükəsizlik mühitini daha mürəkkəbləşdirə bilər. ABŞ-İran qarşıdurmasının güclənməsi enerji bazarlarında qeyri-sabitlik yarada bilər. Körfəz ölkələrində gərginlik xətti genişlənə bilər. Tehran isə daxili böhranı ört-basdır etmək üçün regional mövqelərini sərtləşdirə bilər. Bu, həm Yəmən, həm İraq, həm də Suriya konteksində təsirli olacaq.
Etirazların bu dəfəki dalğası əvvəlkilərdən bir neçə mühüm cəhətlə fərqlənir. Birincisi, etirazlar daha çox şəhərlərdə cəmləşib və orta sinfin iştirakı artıb. İkincisi, qadınların iştirakı hələ də yüksəkdir, bu da 2022-ci il “Məhsa Amini” etirazlarının davam edən təsirini göstərir. Üçüncüsü, təhlükəsizlik aparatının əvvəlki nəzarət mexanizmləri artıq əvvəlki kimi işləmir. Cəmiyyət qorxu baryerini böyük ölçüdə aşmış kimi görünür.
İran rejimi isə hələlik güc tətbiqindən geri çəkilmək niyyətində deyil. Sistem struktur olaraq elastik deyil və güzəşt vermək mexanizmləri zəifdir. Bu, ölkənin siyasi gərginliyini daha da artırır. Repressiv siyasətin sərtləşməsi isə uzunmüddətli perspektivdə sistemi daha zəif hala gətirir. Çünki real sosial dəstəyi olmayan hər bir rejim güc tətbiqinin məhdud fayda verdiyini gec-tez anlayır.
Hazırkı vəziyyət göstərir ki, İran iki seçim qarşısındadır: ya daxili islahatlara başlayacaq, ya da davam edən repressiya sistemi yeni sosial partlayışlara yol açacaq. Etirazçıların tələb etdiyi azadlıq, ədalət və iqtisadi normal şərait tələbləri artıq təkcə siyasi şüarlar deyil, cəmiyyətin ümumi istəyinə çevrilib.
Hadisələr bir daha sübut edir ki, İran dərin transformasiya dövrünə daxil olub. Bu prosesin istiqamətini hakimiyyətin deyil, cəmiyyətin iradəsi müəyyən etməyə başlayır. Regiondakı güc balansı dəyişməkdədir, İran daxilindəki dinamika isə Yaxın Şərqin gələcək geosiyasi konturlarına təsir göstərə bilər. Bu, həm İran üçün, həm region, həm də qlobal siyasət üçün yeni mərhələnin başlanğıcı ola bilər.
İranda baş verənlər yalnız indiki böhranın yox, sistemin dayanıqlığının sınaqdan keçirildiyi daha geniş tarixi dövrün tərkib hissəsidir. Hər şey göstərir ki, bu proseslər ölkəni dərin siyasi dəyişikliklərə doğru aparır. Bu dəyişikliklərin forması isə qarşıdakı aylarda həm xalqın, həm də hakimiyyətin atacağı addımlarla müəyyən olunacaq.
Əli Hüseynov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 14 Yanvar 2026 13:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















