Kür qırağının gənc ali təhsil ocağı
Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.
Mingəçevir Dövlət Universiteti qlobal akademik məkana inteqrasiya yolu seçib
Artıq başa çatmış tədris ili Mingəçevir Dövlət Universitetinin inkişaf tarixində yalnız çoxsaylı tədbirlərin, yeni layihələrin və əməkdaşlıq sənədlərinin qeydə alındığı dövr kimi deyil, bir neçə il ərzində ardıcıl şəkildə formalaşdırılan strateji yanaşmaların real institusional nəticələrə çevrildiyi mərhələ kimi səciyyələnir. Bu dövrdə qarşımıza qoyduğumuz əsas məqsəd universiteti , sadəcə, ali təhsil diplomu verən qurum kimi yox, insan kapitalı yaradan, regionun sosial-iqtisadi və texnoloji inkişafına töhfə verən, əmək bazarı ilə birgə işləyən, elmi nəticə istehsal edən və beynəlxalq akademik məkanla inteqrasiya olunan müasir universitet modelinə çevirmək olub.
Universitetin uğuru yalnız gördüyü işlərin sayı ilə deyil, tələbənin öyrənmə keyfiyyətində, müəllimin elmi məhsuldarlığında, məzunun əmək bazarına çıxışında və regionun inkişafında yaratdığı ölçülə bilən dəyişikliklə qiymətləndirilməlidir.
Bu baxımdan tədris ili MDU-da keyfiyyət təminatı, rəqəmsal transformasiya, akademik insan kapitalı, elmi tədqiqat, beynəlxalqlaşma, universitet-sənaye əməkdaşlığı, tələbə innovasiyası və dayanıqlı inkişaf istiqamətlərinin vahid strategiya daxilində daha sistemli şəkildə birləşdirildiyi il oldu.
2025/2026-cı tədris ili üzrə bakalavriat qəbulunun nəticələri universitetə marağın və regional ali təhsil imkanlarına etimadın artdığını göstərən əsas göstəricilərdəndir. Qəbul planının 97 faizi dolub, II və III ixtisas qrupları üzrə isə plan yerləri tam təmin edilib. Regional universitet üçün bu göstərici proqramların məzmununa, tələbələr üçün yaradılan akademik və sosial mühitə, beynəlxalq mübadilə imkanlarına, karyera perspektivlərinə və universitetin son illərdə formalaşdırdığı institusional reputasiyaya artan marağın ifadəsidir.
Bu il Mingəçevir Dövlət Universitetinin 955 nəfəri bakalavr, 137 nəfəri magistratura səviyyəsi üzrə 1 092 məzunu ali təhsilini başa vurub. Bu rəqəm universitetin insan kapitalının formalaşdırılmasına verdiyi töhfəni göstərir. Tədris ilinin mühüm institusional nəticələrindən biri Mingəçevir Dövlət Universitetinin 5 il müddətinə institusional akkreditasiyadan keçməsidir. Belə ki, xarici qiymətləndirmə, ümumilikdə, universitetin tədris proqramlarını, daxili keyfiyyət təminatı sistemini, strateji idarəetməni, elmi fəaliyyəti, tələbə xidmətlərini, insan resurslarını və beynəlxalq əməkdaşlığı qiymətləndirib. Təhsil proqramlarının idarə olunması, tələbələrin öyrənmə nəticələrinin, professor-müəllim heyətinin fəaliyyətinin qiymətləndirilməsi, akademik və inzibati proseslərin ölçülməsi, tələbə məmnunluğu və strateji planlaşdırma mexanizmləri yenidən nəzərdən keçirilib. Bu baxımdan, 5 illik akkreditasiya daha yüksək keyfiyyət standartlarına keçid üçün başlanğıc nöqtəsidir.
Keyfiyyət təminatının universitet daxilində gündəlik idarəetmə praktikası kimi formalaşması üçün rəqəmsal alətlər də genişləndirilib. Fakültə və kafedralarda elektron jurnalın tətbiqi, mərkəzləşdirilmiş qiymətləndirmə mexanizmlərinin mərhələli şəkildə gücləndirilməsi və tələbələrin akademik nəticələrinin rəqəmsal izlənməsi bu istiqamətdə görülən işlərdəndir.
Xarici dil tədrisində Cambridge yanaşmasının mərhələli tətbiqi də keyfiyyət gündəliyimizin tərkib hissəsi olub. 2026-cı ilin yaz imtahan sessiyasında ingilis dili üzrə Listening, Reading, Writing və Speaking komponentlərinin qiymətləndirməyə daxil edilməsi ilə bu model daha tam formada tətbiq edilib.
Keyfiyyət müzakirələrinin universitet sərhədlərindən kənara çıxması üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə birlikdə “Təhsildə Keyfiyyət, Dayanıqlılıq və İnnovasiya Forumu – 2026” təşkil olunub. Forumda 29 ali təhsil müəssisəsinin, 36 ümumi və peşə təhsili müəssisəsinin, 24-dən çox şirkət və təşkilatın nümayəndələri iştirak edib, tədbir üçün 500-dən çox müraciət daxil olub. Belə platformalar keyfiyyət təminatını yalnız universitetin daxili proseduru kimi deyil, təhsil sektoru, iş dünyası və ictimai tərəfdaşların birgə müzakirə etdiyi inkişaf gündəliyinə çevirir.
Müasir ali təhsildə tələbənin yalnız nəzəri biliyə malik olması kifayət etmir. Əmək bazarı problem həlli, komanda işi, rəqəmsal savadlılıq, təqdimat, kommunikasiya, analitik düşüncə və konkret peşə alətlərindən istifadə bacarığı tələb edir. Bu səbəbdən, MDU-da tələbəyönümlülüyü sosial dəstək anlayışı ilə məhdudlaşdırmır, tələbənin tədris prosesinin aktiv iştirakçısına çevrilməsini və real iş mühitinə mümkün qədər erkən daxil olmasını əsas götürürük.
Turizm istiqamətində fəaliyyət göstərən “Tourism Skills Lab” tələbələrə rezervasiya, qonaqların qeydiyyatı, xidmətlərin idarə olunması, analitik hesabatların hazırlanması və hotel idarəetmə sistemləri ilə işləmək imkanları yaradır. “ElektraWeb”, “Opera” və digər peşəkar sistemlərin tədris mühitinə daxil edilməsi tələbələrin real sektorun istifadə etdiyi alətlərlə tanışlığına xidmət göstərir. Maliyyə və iqtisadiyyat ixtisaslarında “Birbank Fintech” laboratoriyası rəqəmsal bankçılıq və maliyyə texnologiyalarının praktiki öyrənilməsini dəstəkləyir. “Cisco Networking Academy” ilə əməkdaşlıq isə şəbəkə texnologiyaları, proqramlaşdırma, Linux, bulud təhlükəsizliyi, süni intellekt, data və kibertəhlükəsizlik üzrə beynəlxalq standartlara əsaslanan bacarıqlar formalaşdırır.
Enerji və mühəndislik istiqamətlərində “Azərbaycan İES”, “Mingəçevir SES Silsiləsi” və digər sənaye müəssisələri ilə əməkdaşlıq tələbələrin istehsal prosesini birbaşa müşahidə etməsinə, texniki fənlərdə öyrəndiklərini real avadanlıq və sistemlərlə əlaqələndirməsinə imkan yaradır. İş dünyasının nümayəndələrinin dərslərə, ustad dərslərinə, layihə müzakirələrinə və karyera tədbirlərinə cəlb olunması da auditoriya ilə real sektor arasındakı məsafənin azaldılmasına xidmət edir.
Əmək bazarının gələcək ehtiyaclarını daha elmi əsaslarla izləmək üçün Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya ilə əməkdaşlıq ayrıca əhəmiyyət daşıyır. Universitet hansı ixtisasların inkişaf etdirilməli olduğunu yalnız mövcud müraciət və vakansiya saylarına əsasən deyil, əmək bazarının struktur dəyişikliklərini, yeni peşələrin yaranmasını və regional iqtisadiyyatın ehtiyaclarını təhlil etməklə müəyyənləşdirməyə çalışır.
Tədqiqat yönümlü və beynəlxalq rəqabət qabiliyyətli universitet modelinə keçid, ilk növbədə, professor-müəllim heyətinin keyfiyyətindən asılıdır. 2025-ci ilin iyununda akademik kadrlar və sənaye təcrübəli mütəxəssislər üçün 165 fənn üzrə 63 vakant yerə açıq qəbul elan olunub. Aparılan seçimlərin nəticəsində 100-dən çox yeni müəllim universitetdə əmək fəaliyyətinə başlayıb. Bu yenilənmə bizim üçün yalnız vakant dərs yükünün doldurulması deyil, müxtəlif peşə təcrübələrinin, yeni elmi mövzuların və fərqli akademik yanaşmaların universitetə daxil olması deməkdir.
Elmi kadr hazırlığı üzrə formalaşan dinamika da diqqətəlayiqdir. Universitet əməkdaşlarından 11 nəfər elmlər doktoru, 34 nəfər isə fəlsəfə doktoru proqramları üzrə ölkəmizin və Türkiyənin ali təhsil, elmi-tədqiqat müəssisələrində doktorant və ya dissertant kimi fəaliyyət göstərir.
Akademik heyətin inkişafını gələcək dövrdə yalnız yaş və ştat göstəriciləri ilə deyil, elmi dərəcə, indeksli nəşr, beynəlxalq həmmüəlliflik, qrant təcrübəsi, peşəkar sertifikatlar, xarici dil kompetensiyası və tələbə nəticələrinə töhfə kimi indikatorlarla birlikdə izləmək niyyətindəyik. Universitetin institusional keyfiyyəti məhz müəllimin inkişaf imkanlarının nə qədər sistemli qurulması ilə müəyyən olunur.
Universitetin elmi inkişafını yalnız nəşr sayının artması ilə ölçmək yetərli deyil. Əsas məqsəd elmi fəaliyyətin keyfiyyətini, beynəlxalq görünürlüyünü, sitat təsirini və regionun ehtiyacları ilə əlaqəsini gücləndirməkdir. 2025-ci təqvim ili üzrə MDU tədqiqatçılarının 9 elmi məqaləsi “Web of Science”, 17 elmi məqaləsi isə “Scopus” bazasında indeksləşdirilib.
Elmi nəşr infrastrukturunun inkişafı da bu strategiyanın mühüm hissəsidir. Universitetin “Dayanıqlı inkişaf” multidisiplinar elmi jurnalının Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi elmi nəşrlər sırasında əhatəsinin genişlənməsi, eləcə də “The Journal of Scientific Vectors” beynəlxalq resenziyalı jurnalının fəaliyyətə başlaması MDU-da elmi kommunikasiyanın institusional əsaslarının gücləndiyini göstərir. Jurnalın rəqəmsal redaksiya mexanizmlərinin və rəsmi saytının təqdim olunması beynəlxalq müəllif və rəyçi şəbəkəsinin formalaşdırılması üçün yeni imkanlar yaradır.
Mərkəzi Aran iqtisadi rayonunda aparılan su ehtiyatlarının hidrokimyəvi monitorinqi universitet elminin regional missiyasını göstərən konkret nümunələrdəndir. Mingəçevir, Yevlax, Ağdaş, Ucar, Kürdəmir, Hacıqabul, Zərdab və Göyçay ərazilərini əhatə edən tədqiqatda suyun pH göstəricisi, elektrik keçiriciliyi, codluğu, minerallığı və kimyəvi tərkibi təhlil edilib. Belə tədqiqatların əhəmiyyəti yalnız akademik nəşrdə deyil, regionun resurs idarəçiliyi, ekoloji təhlükəsizliyi və dayanıqlı inkişaf qərarları üçün elmi məlumat bazası yaratmasındadır.
2025/2026-cı tədris ilində Mingəçevir Dövlət Universiteti beynəlxalq reytinqlərdə daha sistemli təmsil olundu. Universitet “UI GreenMetric 2025” nəticələrində dünya üzrə 897-ci, Azərbaycan üzrə 9-cu yerdə qərarlaşıb. Bir il ərzində 31 pillə irəliləyiş qeydə alınıb, ümumi nəticə 5 min 40 baldan 5 min 572,5 bala yüksəlib. Bu, 532,5 ballıq və təxminən 10,5 faizlik artım deməkdir. “GreenMetric” nəticəsi kampus infrastrukturu, enerji və iqlim dəyişmələri, tullantıların idarə olunması, su, nəqliyyat və təhsil-tədqiqat indikatorlarının birlikdə qiymətləndirilməsi baxımından dayanıqlı universitet modelinin inkişafını ölçməyə imkan verir.
“WURI 2026” reytinqində MDU sahibkarlıq mədəniyyəti və ekosistemi üzrə dünya universitetləri arasında 73-cü, tələbə dəstəyi və iştirakı üzrə isə 87-ci yerə yüksəlib. İki kateqoriya üzrə dünya Top-100-lüyünə daxil olmaq tələbəyönümlülük, sahibkarlıq və innovasiya ekosisteminin beynəlxalq səviyyədə tanınması baxımından əhəmiyyətlidir. “Round University Ranking”də universitet ilk iştirakında Azərbaycan üzrə 12-ci, dünya üzrə 1198-ci yerdə qərarlaşıb. “THE Impact Rankings 2026” nəticələrində isə ümumi mövqe 1001–1500 aralığında olub; məsuliyyətli istehlak və istehsal, eləcə də qurudakı həyat üzrə 301–400, təmiz su və sanitariya üzrə 401–600 aralığında nəticələr əldə edilib.
Beynəlxalqlaşmada əsas prinsipimiz memorandumların sayını artırmaq deyil, qurulan əlaqələri tələbə və müəllim üçün real akademik imkana çevirməkdir. Ötən ilin sonunda Orhun Mübadilə Proqramı çərçivəsində 6 tələbə və 5 müəllim Türkiyənin Hacettepe, Ege, İstanbul Ticarət, Karamanoğlu Mehmetbey və Anadolu universitetlərində mobillik imkanı qazanıb. Eyni dövrdə 2 tələbə Qazaxıstan universitetlərinə, bir müəllim isə Özbəkistana tədqiqat fəaliyyəti üçün yönəlib.
Bu ilin mayında proqram üzrə daha geniş nəticə əldə olunub: 56 tələbə və 12 müəllim olmaqla ümumilikdə 68 nəfər Orhun Mübadilə Proqramına qəbul olunub. Bu, universitetin proqram tarixində ən yüksək göstəricilərdən biridir.
Tədris ili ərzində beynəlxalq tərəfdaşlıq coğrafiyası Türk dünyası, Avropa, Mərkəzi Asiya və Cənub-Şərqi Asiya istiqamətlərində genişlənib. ODTU və Bahçeşehir Universiteti ilə əməkdaşlıq tələbə və müəllim mobilliyi, birgə akademik fəaliyyət və proqram mübadiləsi imkanlarını genişləndirir. Gürcüstan Texniki Universiteti ilə əməkdaşlıq təhsil, elm, rəqəmsal texnologiyalar və dayanıqlı inkişaf istiqamətlərini əhatə edir. Marmara Universiteti ilə imzalanmış memorandum ortaq elmi-tədqiqat və tədris laboratoriyalarının yaradılması, tələbə və əməkdaş mübadiləsi, süni intellekt, kibertəhlükəsizlik, data analitikası, yaşıl iqtisadiyyat və mümkün ikili diplom formatlarının dəyərləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Qazaxıstan istiqamətində əvvəlki illərdə Əl-Fərabi Qazax Milli Universiteti ilə qurulan institusional baza bu ilin aprelində daha 3 universitetlə genişlənib. Almatıda keçirilən Azərbaycan və Qazaxıstan rektorlarının II Forumu çərçivəsində Manas Kojabayev adına Şimali Qazaxıstan Universiteti, Akademik Y.A. Buketov adına Karaqanda Universiteti və Qorqud Ata adına Qızılorda Universiteti ilə əməkdaşlıq sənədləri imzalanıb. Bu, əlaqələrin ayrı-ayrı universitetlər səviyyəsindən ölkə üzrə daha geniş akademik şəbəkəyə çevrilməsinə imkan yaradır.
Beynəlxalqlaşmanın universitet daxilində dayanıqlı olması üçün xarici dil və metodiki hazırlıq da paralel şəkildə gücləndirilib. “British Council” və Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə 40 nəfərədək əməkdaş 6 ay ərzində 160 akademik saatı əhatə edən ingilis dili və müasir tədris metodikası proqramına cəlb olunub.
MDU-nun inkişaf modelində iş dünyası ilə əməkdaşlıq əlavə fəaliyyət deyil, təhsilin keyfiyyətini müəyyən edən əsas elementlərdəndir. 2025/2026-cı tədris ilinin sonunda universitetin tərəfdaş ekosistemi 450-dən çox dövlət qurumu, özəl şirkət, sənaye müəssisəsi, bank, turizm, İKT, enerji, logistika, media, təhsil və vətəndaş cəmiyyəti təşkilatını əhatə edib. Tərəfdaş sayının özü bizim üçün son nəticə deyil. Əsas məsələ bu şəbəkənin tələbə üçün təcrübəyə, məzun üçün vakansiyaya, müəllim üçün birgə layihəyə, universitet üçün isə tətbiqi tədqiqata çevrilməsidir.
Rəqəmsallaşma universitetdə yalnız texniki xidmətlərin elektronlaşdırılması kimi deyil, tədris, qiymətləndirmə, akademik fəaliyyət və idarəetməni birləşdirən institusional dəyişiklik kimi nəzərdə tutulur. Elektron jurnal, elektron imtahan modeli, Elektron Sənəd Dövriyyəsi Sistemi və Akademik Stimullaşdırma və İndeksləmə Sistemi – ASİS bu transformasiyanın müxtəlif komponentləridir.
ASİS professor-müəllim heyətinin “Web of Science” və “Scopus” nəşrləri, beynəlxalq və milli layihələri, patentləri, konfrans materialları, dərslik və dərs vəsaitləri, dil və peşəkar sertifikatları kimi akademik fəaliyyətlərini vahid platformada qeydə almağa imkan verir. Sistem akademik əməyin görünməsini və nəticə əsaslı qiymətləndirməni dəstəkləyir.
Elektron Sənəd Dövriyyəsi Sisteminə keçid sənədlərin hərəkətinin izlənməsi, icra intizamı, proseslərin sürətləndirilməsi və institusional yaddaşın qorunması baxımından yeni idarəetmə təcrübəsi formalaşdırır. Rəqəmsal transformasiyanın uğuru proqram təminatının mövcudluğu ilə deyil, həmin sistemlərin qərarvermə və xidmət keyfiyyətini nə qədər yaxşılaşdırması ilə ölçülməlidir.
Rəqəmsal iqtisadiyyatın sürətli inkişafı kibertəhlükəsizlik üzrə insan kapitalına tələbi artırır və regional universitetlərin bu sahədə rolu daha da əhəmiyyətli olur. 2026-cı ilin iyulunda Mingəçevirdə keçirilən V “Cyber Summer School” bu baxımdan diqqətəlayiq hadisə idi. Tədbirin ilk dəfə Bakıdan kənarda Mingəçevirdə təşkili regionda kibertəhlükəsizlik bacarıqları mərkəzinin formalaşdırılması üçün yeni imkan yaratdı.
Universitetdə İnformasiya təhlükəsizliyi ixtisası üzrə 118 tələbə təhsil alır. Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təşəbbüsü ilə fəaliyyət göstərən Kiber klubda isə 70 tələbə praktiki layihələr, yarışlar və komanda əsaslı öyrənmə üzərində çalışır. Bu fəaliyyətlərin məqsədi tələbəni yalnız nəzəri biliklə deyil, təhlükəsizlik analizi, şəbəkə və sistem mühafizəsi, OSINT, skriptləşdirmə və real kibertəhlükəsizlik ssenarilərində problem həlli bacarıqları ilə təmin etməkdir.
Universitet mühiti auditoriya, laboratoriya və imtahan nəticələrindən daha geniş anlayışdır. Tələbələrin sosial, mədəni, intellektual və fiziki inkişafı keyfiyyətli ali təhsilin ayrılmaz hissəsidir. Tədris ili ərzində tələbə təşkilatları, könüllülük, debat, sosial təşəbbüslər, karyera görüşləri, idman və müxtəlif layihələr üzrə iştirak genişləndirilib.
İdman sahəsində tələbələrin kollektiv nəticələri də diqqətəlayiqdir. MDU tələbələri Mingəçevirdə keçirilən yarışlarda 9 qızıl və 2 gümüş medal qazanıb, pauerliftinq, benç-press və kikboksinq üzrə respublika səviyyəli yarışlarda da yüksək nəticələr göstəriblər. Bu uğurlar tələbələrin fiziki inkişafı, intizamı və universitet həyatına bağlılığı baxımından vacibdir.
Gələcəkdə fərdi uğur hekayələrini daha sistemli məzun analitikasına çevirmək əsas hədəflərimizdəndir. Universitet üçün əsas sual yalnız neçə nəfərin məzun olması deyil, onların nə qədər müddətdə işə yerləşməsi, ixtisasına uyğun fəaliyyət göstərməsi, peşəkar inkişaf trayektoriyası və regional iqtisadiyyata verdiyi töhfədir.
2026/2027-ci tədris ili üçün bakalavriat səviyyəsində “Beynəlxalq ticarət və logistika” ixtisasına qəbulun təşkili, magistratura səviyyəsində “Beynəlxalq biznesin idarə edilməsi”, “Beynəlxalq iqtisadiyyat” və “Beynəlxalq maliyyə” ixtisaslaşmalarının genişləndirilməsi əmək bazarının və regional iqtisadiyyatın yeni ehtiyaclarına cavab vermək məqsədi daşıyır.
Bununla yanaşı, “Kompüter elmləri” və “Turizm işinin təşkili” bakalavriat proqramlarının, həmçinin “Beynəlxalq maliyyə” və “Turizm işi” magistratura istiqamətlərinin ingilis dilində tədrisinin təşkili universitetin beynəlxalqlaşma strategiyasında yeni mərhələdir.
Yeni proqramların və genişlənən tələbə kontingentinin keyfiyyətli şəkildə təmin edilməsi akademik heyətin də paralel inkişafını tələb edir. 2026/2027-ci tədris ili üçün 131 ştat vahidi üzrə professor, dosent, baş müəllim və müəllim vakansiyalarının elan edilməsi bu ehtiyacın sistemli şəkildə qarşılanmasına yönəlib.
Mingəçevir Dövlət Universitetinin gələcək inkişafını 3 əsas anlayış üzərində qururuq: keyfiyyət, təsir və etimad. Keyfiyyət təhsil proqramlarının, müəllim fəaliyyətinin və idarəetmənin beynəlxalq standartlara uyğun inkişafıdır. Təsir universitet fəaliyyətinin tələbənin həyatında, əmək bazarında, elmi mühitdə və regionun sosial-iqtisadi inkişafında real dəyişiklik yaratmasıdır. Etimad isə tələbənin, valideynin, müəllimin, məzunun, tərəfdaşın və cəmiyyətin universitetə olan inamıdır.
Biz MDU-nu regionun istedadlı gənclərinin öz potensialını reallaşdıra bildiyi, müəllim və tədqiqatçıların ideyalarının dəstəkləndiyi, müəssisələrin innovasiya və insan kapitalı ehtiyaclarına cavab tapdığı, beynəlxalq tərəfdaşların etibar etdiyi və dövlət üçün regional inkişafın bilik mərkəzlərindən birinə çevrilən universitet kimi görürük.
Anar EMİNOV,
Mingəçevir Dövlət Universitetinin rektoru, iqtisad üzrə fəlsəfə doktoru, dosent
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 14 Avqust 2026 12:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















