Maliyyə nazirinin birinci müavini: Qlobal iqtisadiyyat bu gün bir sıra problemlərlə üz üzədir
Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Qlobal iqtisadiyyat bu gün bir sıra problemlərlə - bazar dəyişkənliyi, texnoloji yeniliklər və digər çağırışlar üz-üzədir".
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini Anar Kərimov 2-ci Azərbaycan Halal Biznes (AZHAB) Forumunda "İnkişaf etməkdə olan bazarlarda islam maliyyəsi üçün rəqabətli mühitin yaradılması: Müxtəlif regionlardan təcrübələr və öyrənilmiş dərslər" mövzusunda aparılan panel müzakirəsində deyib.
O bildirib ki, belə bir zamanda etik prinsiplər, şəffaflıq və sağlam idarəetmə maliyyə dayanıqlılığının əsas şərtləridir:
"İslam maliyyəsi, ədalətə və aktivlərə əsaslanan prinsiplərə söykənərək, həm etik, həm də sabit bir çərçivə təqdim edir. Bu sahə hazırda dünyada 4 trilyon dollardan çox dəyərə malikdir və hər il təxminən 10% artım nümayiş etdirir. Bu da göstərir ki, dürüstlük həm də yaxşı iqtisadiyyat deməkdir.
Azərbaycanda islam maliyyəsi ölkəmizin fiskal və maliyyə islahatları proqramını uğurla tamamlayır. Ölkə başçısının rəhbərliyi altında şəffaflıq, səmərəlilik, maliyyə intizamı və rəqəmsallaşma prinsiplərinə əsaslanan bir sistem qurmuşuq.
Azərbaycan hazırda Açıq Büdcə İndeksi üzrə 23-cü yerdədir - yəni dünyanın ən şəffaf büdcəyə malik ölkələrindən biridir. Xarici valyuta ehtiyatlarımız təxminən 80 milyard dollar, xarici dövlət borcumuz isə cəmi 5 milyard dollardır. Yəni ehtiyatlarımız borcdan 16 dəfə çoxdur.
Bu güclü fiskal vəziyyət "Moody"s", "Fitch" və "S&P" kimi üç əsas reytinq agentliyi tərəfindən də tanınıb - Azərbaycan bu agentliklər tərəfindən "sabit" və "müsbət" qiymətləndirilir".
Aygün Mirakif


